Üfüqlərin əlçatan uzaqlığında

“Sankt-Peterburq və Moskva… Rusiyanın qalan hissəsi qarlarla örtülmüş Nigeriyadır”.

                                                                                                                 Şimon Peres

“Yoldaş kapitan, evlərə fikir verin, görün necə də istehkamsayağı üslubda qarmaqarışıq tikilib. Sanki, hər şey gözlənilməz düşmənin yolunu gözləyir burda” – atlarının yüyənindən tutub palçıqlı yolla arxalarınca dartan, onlara bələdçilik edən silahlı axsaq kəndlinin dalınca asta-asta yeriyən, gah uzaqda dumana bürünüb soyuq zəhmlə dünyaya göz qoyan Kiçik Qafqaz dağlarının quldur qaşı kimi çatılmış zirvələrinə tamaşa edən, gah da müsəlman övrətləri kimi bir-birilərinin arxasına qısılmış örtülü palçıq evlərin, indicə çıxıb atəş açacaq, qara qoyun dərisi geyinmiş canavar sifətli qaçağı gizləyən əyri-üyrü divarlarına, yastı damlarına göz gəzdirən on Birinci Qızıl Ordunun iki zabitindən rütbəcə kiçik olanı, nəhayət, ilk müşahidə üçün ayrılmış ümumi vahiməni pozdu.  Yaşlı zabit Yuri Kerjakovun rütbəsi ştabs-kapitan olsa da, kapitan vəzifəsini icra edirdi və kiçik rütbəli zabitlər öz aralarında onu “kapitan” deyə xitab etməklə, bir növ, hərbi ehtiram göstərirdilər; əgər havada uçan bu xitabın – dimdiyində çiyinlərə paqon daşıyan bu hərbi iyerarxiya  quşunun yuvasındakı isti hörmət yumurtalarını kimsə bir-bir qulağına tutub dinləsəydi, içlərindəki cücələrin gələcəkdə aşağıları yuxarılara sevdirəcək ilk yaltaq civiltilərini eşidərdi.                               

Bayaqdan onların başı üzərində qanad çalmadan geniş dövrələr vuran yorğun bir qartal caynağındakı tısbağanı göydən buraxıb çilik-çilik etmək üçün yerdə zalım bir daş axtarırdı.

“Sənə deyim ki, qaçaqlar indi dağlardadır, Yaşin, – yaşlı zabit, rütbəsi praporşik olan köməkçisini soyadı ilə çağırırdı, –  bizim yolumuzu orada gözləyirlər. – çənəsini uzadıb dağları göstərdi –  İndi kəndlərdə ancaq iş-güc adamları yaşayır, amma qafqazlıların çox qəzəbli itləri olur! Bir də onu sənə deyim ki, biz ruslar Qafqazlarda elə dağlarla döyüşürük, buraların kişiləri igidliyi bax o qaşqabaqlı dağlardan öyrənir!” – yaşlı zabit rütbəsinə haqq qazandıran peşəkar bir müdrikliklə köməkçisinə hələlik bu qədər məlumat verməyin faydası olacağını düşünüb susdu.

Başındakı üstü şalla örtülmüş dolu tabaqdan ətrafa isti çörək qoxusu yayan balacaboy bir qadın iti addımlarla onları, atlı piyadaları arxadan ötüb keçdi. Atlar qızarmış çörəklərin qoxusunda dincələn dadlı arpanın ruhunu hiss edib dodaqlarını pırıldatdılar. Yol palçıq olsa da, qadın əllərini tabaqdan çəkib yelləyə-yelləyə qısa və yüngül addımlarla yeriyir, başında yükdən çox, iri tac kimi saxladığı çini tabağın aşa biləcəyindən  qətiyyən ehtiyat etmirdi, sanki, illərin peşə vərdişlərinə arxalanan bir sirk aktyoru idi.  

Ara-sıra uzaqda göy gurlayırdı; elə bil, soyuqlamış dağlar öskürürdü. Yuxarıda, buludların arxasında müharibəni uduzmuş  allahın sağ qalan əsgərləri son mərmilərini topa qoyub hara gəldi atırdılar.  Həyətlərdə səs-səsə verib bir-birilərini döyüşə çağıran xoruzlar banlayır, bir azdan örüşə qovulacaq inəklərin axşamdan-axşama üzünü gördükləri, boynunu-boğazını doyunca yalaya bilmədikləri buzovlarına “axşam görüşənədək” deyən yanıqlı böyürtüsü eşidilirdi. Allahı kəşf etməmişdən əvvəl, ağaca, daşa, heyvana, bir sözlə, özündən başqa hər şeyə – hərçənd insan elə allahı da özünə inanmadığı üçün kəşf etdi – inanan əcdadların qara günlərin elçisi adlandırdıqları bayquşlar kimsəsizlikdən büzüşüb tövləyə dönmüş dul evlərin damında qiyyə çəkib, dünyanın ilkin xaraba dincliyinə, yiyəsiz sakitliyinə qovuşması üçün bütün insanlara ölüm arzulayırdılar. Dünən gecədən şaqqıldayan ildırımların bombardmanından sonra buludlar kəndin vücudundan qopub göy üzünə yapışmış  palçıq ləkələrinə oxşayırdı. Sanki, impressionst bir rəssam yorğun bir fonda tutqun boyalarla zamanın və məkanın döyüşünü təsvir etdiyi tabloda havadan asılan geniş düzəngahın müxtəlif yerlərində üst-üstə qalaqlanmış əsgər cəsədlərinin qaraltılarını çəkmişdi. Və zamanla məkanın bu kor-koranə müharibəsindən yalnız səhər xəbər tutan tanrı gecə baş verən bu qardaş qırğınının izlərini itirmək üçün  döyüş meydanını – çöllüyə oxşayan göy üzünü tez-tələsik çirkli döşəmə şəlpəsi ilə silib təmizəlmişdi, amma hər yerdə qaliblərin ayaq, məğlubların əl izi qalmışdı.

“Burda hər şey palçıqdandır, yoldaş kapitan, həyətlərdəki adamların üst-başına fikir verin, elə, bil, səhər-səhər yorğan-döşəkdən yox, palçıq qəbirlərdən çıxıblar…” praporşik, az qala, çəkmələrini dartıb ayağından çıxarmaq istəyən palçığı ağır metal ərintisi kimi yoğura-yoğura çətinlikdən qorxmadığını göstərən bir zarafat da etdi.- “elə mən də bu palçığın içində mürəbbə ləyəninə düşmüş qarışqa kimiyəm!”

“Sənə deyim, onlar, onsuz da, palçıqdan yaradıldıqlarına və gec-tez palçığa dönəcəklərinə inanırlar, – yaşlı zabit gözünü müsəlman qaçaqlarına oxşayan qara dağların önündə ağ libaslı dul gəlinlərlər kimi dərdli-dərdli süzən dümanlardan çəkmədən dedi. – Orda, dağın başında yaşayan işsiz-gücsüz bir Tanrı var idi, təklikdən əzab çəkirdi, bir gün vaxt tez keçsin deyə torpaqdan öz heykəlciyini yaratdı, bu onu əyləndirdi, ancaq torpaq ovulub töküldü, sonra torpağa bir az su qatıb, yoğurdu, bu dəfə də o, yumşaq oldu, tez əzildi. Onda Tanrı od qaladı, öz heykəlciyini odda qurutdu, amma indi də o, çox ağır oldu, nəhayət, Tanrı dodaqlarını onun dodaqlarına söykəyib yüngül olsun deyə əlindəki quru torpaq bədənə öz nəfəsini üfürdü. Balaca heykəl yüngülləşdi, Tanrının ovcunda tərpəndi, Tanrı onu bağrına basdı, çünki Tanrı insanı yaradandan sonra Tanrı, yəni yaradan  olduğunu kəşf etdi, ancaq balaca oxşarına onu tənhalıqdan və əziyyətdən yaratdığını demədi. Sonra da… sonra da bütün bu baş verənlər oldu… Tanrının tənhalığı və əziyyəti insanın canında əzaba çevrildi. –  Hardansa oxuduğu insanın yaranışı haqqındakı məşhur dini rəvayəti öz ovqatının əfsanəsi kimi söyləyən ştabs-kapitan yenə də bu rütbənin ona havayı verilmədiyini göstərən bir cavab verdi, ancaq köməkçisinin palçıqla çox əlləşdiyini görüb təcrübəsinə uyğun ərklə onun daha bir məsləhətə ehtiyacı olduğunu hiss etdi. – Sənə deyim, palçıq da, qum kimi, qadın kimidir, onunla nə qədər çox əlləşib-vuruşsan, o qədər tez məğlub olarsan, gərək özünü hiss etdirməyəsən. İstənilən düşmənə qalib gəlməyin əsas şərti budur!”

Atların quyruqlarını düyünləmişdilər. Müharibələr görmüş, ölkələr ayaqlamış atlar yalnız göy gurultusuna yarpaq qulaqlarını şəkləyir, sağa-sola çevirib təhlükənin uzaqda olduğunu kəsdirəndən sonra yenidən ağızlarındakı dəmir yuyənləri narazı-narazı gəmirməyə davam edirdilər.

Uzaqda qaralan dağlar kəndin yuxarı başında bardaş qurub oturmuş, gözləri yol çəkən nəhəng qaşqabaqlı kişilərə bənzəyirdilər. Yaşlı zabit gözlərini qorxmağa başladığı zəhmli dağlardan çəkmədən köməkçisinə dilucu əmr etdi ki, bələdçiyə onları birbaşa hadisə yerinə aparmasını söyləsin. Gənc hərbçi əmri türkcə və ucadan bələdçiyə eşitdirdi, başındakı ulduzlu papaqdan və belindəki mis toqqalı gön qayışdan başqa heç nəyi ilə sadə kəndlidən fərqlənməyən bələdçi geri çevrilib başı ilə yaşlı zabitə “oldu” dedi. Həyətlərin birindən dördayaqlı məhbusa oxşayan zəhmli, üst-başı palçıqlı ağ bir it çıxıb başında tabaq aparan qadını qarşıladı, ərklə arxasına keçib onu çəpərdəki çubuqlardan hörülmüş qapıdan içəri ötürdü. Yad adamlara kinli-kinli baxsa da, yollarına  lal-dinməz davam etdikləri üçün onlara hürməyi özünə və üzvü olduğu evin əxlaqına yaraşdırmadı, sadəcə, çəpərin dibində oturub kinli gözlərlə keçib getmələrini gözlədi.

Hər iki zabit ölü ilan kimi kəndin ortasında düşüb qalmış əyri-üyrü palçıqlı yolun tən yarısından dönüb, qaratikan şaxları ilə çəpərlənmiş həyətlərin arası ilə çiy kərpicdən tikilmiş, üstü küləşlə, gəndalaşla örtülmüş ərzaq mağazasının qarşısında üzüqoylu düşüb-qalmış kişi meyitinin yanına gəldilər. Bələdçi qonaqların əlindən sinələri, baldırları palçıq içində olan atlarının yüyənlərini alıb mağazanın arxa divarına söykədilib, onu illərdir aşmağa qoymayan yoğun şalbana bağladı. Yaşlı zabit qabaqda, köməkçisi arxada asta-asta addımlayaraq meyitə yaxınlaşıb biri sağında, biri solunda dayandı. Üst-başı, saçı, sir-sifəti palçıq içində olan meyitə baxan kimi sezilirdi ki, o, yerdə, palçığın içində ağrıdan qıvrıla-qıvrıla ölub və ölərkən gücü yalnız üstündə can verdiyi torpağın palçığını, otunu cırmaqlamağa yetib. Meyitin hər iki yumruğunda kökündən qoparıb qəzəblə ovcunda sıxdığı palçıqqarışıq miskin otlar titrəşirdi. Gənc zabit əyilib yaralara baxsa da, yaşlı zabit qəddini pozmadı və yuxarıdan-aşağı “yaxın məsafədən vurublar” deyib çənəsi ilə meyitin kürəyində kürkünü çürük kələm kimi dağıdan yaraya işarə etdi. “Osmanlı tüfənginin yarasına oxşayır”.  Bu vaxt bələdçi də onların yanına gəldi. Gənc hərbçi yaşlı zabiti gözləmədən ilk sualı özü verdi: “Kimdir bu?” Bələdçi sarı rəngli sırıqlısının ətəyini belindəki qayışın altında dartıb özünə hərbi görkəm verməyə çalışaraq şəstlə cavab verdi: “Əlicanbəyin meyitidir! – Və sinəsini palçıq qoxuyan hava ilə doldurub bütün vücudu ilə əlavə etdi, – bizimkilər öldürüb!”

“Pis adama oxşamır” – meyitin yerdə yana əyilmiş sifətində üfüqlərə dikilən və bir ölüdən çox, kiminsə yolunu ümidlə gözləyən bir qocanı ifadə edən açıq gözlərinə baxan yaşlı zabit bələdçinin kəndli qürurunda, əlinə intiqam almaq üçün tarixi fürsət düşən cahiliyin cırtqoz canfəşanlığını üzünə baxmadan peşə fəhmi ilə duyub gözünü meyitdən ayırmadan portsiqarını çıxardı. Bələdçi pərt halda yenidən sırıqlısını ora-bura dartışdırdı, səhv iş tutduğunu anlayıb, cəzadan sıyrılmaq üçün özünü əvvəlki sadə, məsum kəndli görkəminə qaytarmağa çalışdı, sanki, bu görkəmlə “mən kiməm ki, haranın qoduğuyam ki, adam öldürüm” demək istədi. Ancaq bu hərəkəti onun hərbi qəhrəmanlıq əvəzinə kəndli nadanlığını üzə çıxarmış tələskənliyini ört-basdır etmək üçün yetmədi, ixtiyarsız halda əyilib yerdən bir daş götürdü və sinəsindən önünə basdırılmış dirəyə bağlanan, kürəyini arxasına maili basdırılmış başqa bir dirəyə söykəyən, qədim məqbərə kimi yarıyacan toprağa batmış əyri-üyrü kənd mağazasının yanında quyruq-quyruğa dayanıb, sevgi hissindən çox bir-birilərinə çarəsizcəsinə məhkum olduqlarını miskin bir vəziyyətdə gizləməyə çalışan dal-dala yapışmış iki aşiq-məşuq itə tolazladı ki, gedib başqa yerdə sevişsinlər, kəndin adını batırmasınlar. Daş itlərə yox, yerə dəysə də hər iki it bərkdən zingildədi; görünür, onların bu nümayişkaranə sevgisi çox daşın hədəfi olmuşdu və arıq qancıq dişini anaya çevirən qarşısıalınmaz ilahi bir hökmlə sözün həqiqə mənasında arxasına bağlayıb özüylə birlikdə avara elədiyi köpəyi, içindəki ailə sədaqəti inadkarlığıyla  sürüyə-sürüyə oradan uzaqlaşdırdı. Köpək dartınıb ondan qopmaq istəsə də bu, mümkün olmadı və başını bir anlıq bəyin meyitindən ayırıb itlərə baxan yaşlı zabitə elə gəldi ki, qancığın arxasınca tərsinə sürüdüyü, acı-acı zingildəyən köpək ağrıdan deyil, xəcalətindən, düşdüyü vəziyyətin rəzilliyindən şikayətlənir; “bir də sevsəm, atabatama lənət!” Özünü bir anlıq köpəyin yerində gördü; imperiya olmaq istəyən Rusiya iyirmi iki il idi ki, onu da bax beləcə quyruğuna bağlayıb arxasınca əyalətdən-əyalətə, ölkədən-ölkəyə sürüyürdü; ancaq nə vətən ondan əl çəkir, nə o, vətənə birdəfəlik “yox” deyə bilirdi: “Sevəcəksən, sonra bir də özünü lənətləyəcəksən, sonra bir də sevəcəksən, sonra bir də, bir də … ta ölənə kimi! Sevginin yolunu heç bir lənət bağlaya bilməz!” Qancığın arxasınca sürüyüb apardığı köpəyin timsalında öz halına acıyan yaşlı zabit kəndlinin özünü itirdiyini görüb bığlarının altında gülümsündü və o, başa düşməsin deyə köməkçisinə rusca astadan dedi: – Sənə deyim ki, Yaşin, savadsızlığın, cahilliyin xəyal gücü zəkanın, ağlın xəyal gücündən çoxdur. İnsan kamilləşdiyi kimi, cahilləşə də bilir və cahilləşdikcə də öz gölməçəsində böyüyür. Hər bir cahilin inancı onu öz tanrısına, hər bir nadanın vətən sevgisi onu öz aləmində millət atasına çevirir. Və onlar öz kütbeyinlikləri hesabına öz aləmlərində özlərini ucaltdıqları ali məqamlardan həqiqi tanrıdan və həqiqi millət atasından fərqli olaraq ancaq  həzz alırlar. Bax bizim bu bələdçi kimi. Sənə deyim ki, bizim maymaq Rusiya da belələri ilə doludur və onlar heç də pis vəzifələrdə işləmirlər.

Gənc köməkçi gah əbədi dincliyə qovuşmuş meyitə, gah özünə öz vücudunda yer tapa bilməyən bələdçi kəndliyə baxa-baxa başı ilə deyilənləri təsdiqlədi.    

Allahdan və onun yer üzündəki yeganə övladı İsadan, əslində isə, at oğrusu Yefimin cadugər oğlu Rasputinin sayıqlamalarından güc alan keçmiş çap aristokratiyasının varisləri ilə, xalqın dedi-qodularına görə, şeytana, həqiqətdə isə alman markına və Böyük Fransa İnqilabının ruhuna sitayiş edən proletar inqilab arasında gedən siyasi mübarizə ürəkdən bədənə yayılan zəhər kimi paytaxtdan imperiyanın hər yerinə yayılaraq, bəndənin allahdan, oğulun atadan, cahilin müdrikdən qisas aldığı özünün ən qorxunc dövrünə qədəm qoyduğu bir gün idi.

Duman qatılaşırdı.  

Və bu dumanın qatılaşmasını fürsət bilib, dünyanı anadangəlmə aclara və toxlara bölən ilahi ədalətin ayrıseçkiliyinə qarşı baş qaldıran amansız qisas ruhu əlində İsrafilin qiyamət şeypuru Yelizavetpolun Yergöy mahalında kor atını minib köndələn çapmağa başlamış, Əlicanbəylə Qasımuşağı arasındakı çoxdan  yuxuya gedən qan davasını da öz şeypurunun sırtıq səsi ilə  yenidən oyadıb torpağın altından gün üzünə çıxarmışdı. Bir imperiyanın son yadigarı olan bir bəyi başqa bir imperiyanın nökərləri öldürmüşdülər.  

***

Düz altmış dörd il əvvəl Əlicanbəyin babası Sultan bəy bütün mahalda Yelizovetpol qubernatoruna ən yaxın şəxs sayılırdı və bunun yeganə səbəbi atasından miras aldığı Krım müharibəsini rüsvayçı sülh müqaviləsi ilə bitirib, tısbağa kimi arxası üstə düşüb qalan imperiyanı yenidən ayaqları üstə çevirmək üçün torpaqları tarixdə ilk dəfə ağalardan alıb kəndlilərə paylayan, ölkəyə dəmir ayaqlar düzəldəcək mühəndislər yetişdirməkdən ötrü ən ucqar quberniyalarda belə məktəblər açan çar II Aleksandrın siyasətinə dərin rəğbət bəsləyən, eyni zamanda yerli əhalinin müsəlman adətlərinə dini xurafatın tör-töküntüsü kimi baxan qubernator Nakaşidzenin təyin olunduğu hər yerdə Sultan bəy kimi din düşmənləri ilə dostluq etməsi və bu dostluqların onun şəxsi məncəbpərəstliyinə  gətirdiyi şöhrət və qazanc idi.

Bir il əvvəl Dağıstanda müsəlmanların üsyanını yatırandan sonra çarın şəxsi hörmətini qazanıb Yelizovetpol quberniyasına general-qubernator təyin edilən Nakaşidze Gəncəbasarın bütün bəylərini dişinə vurduqdan sonra yalnız Sankt-Peterburqda Hərbi Akademiyada eyni sinifdə oxuduğu və elə həmin ərəfədə paytaxtın siyasi çevrələrində dolaşan, çarın erməni keşişlərinə onun doğulduğu torpaqlarda erməni dövləti quracağına söz verdiyi xəbərini eşidib, belə bir xəyanətkar çarın zabiti olmaqdansa, mahalına qayıdıb öz xalqının qaçağı olmağı üstün tutan, hərbi təhsilini yarımçıq qoyub Gəncəbasara qayıdan və silaha sarılan Sultan bəyin lax olmadığına bir daha əmin oldu və işə girişdi. Çarın şəxsi fikri bu idi ki, Qafqaz müsəlmanlarının imperiyaya itaətsizliyinin səbəbi onların öz milli patriarxal adət-ənənələrinə sadiqliyində yatır və o, bu quberniyaya təyin etdiyi çinovniklərə Qafqaz patriarxalizmini xalqın gözündən salmaq, bu ənənələri məzhəkəyə çevirmək, məsxərəyə qoymaq üçün nə lazımdırsa etməyi şəxsən tapşırmaqla yanaşı, eyni zamanda paytaxtda rus-xristian ənənələrinin özünü belə ələ salan, çarla bərabər xalqı da köhnəfikirlilikdə qınayan müxalifətçi gəncləri, şair və yazıçıları da Qafqaza sürgünə göndərirdi. Atası I Nikolay kimi II Aleksandr da dünyanın nicatını dinlərin pravoslavizmə, xalqların ruslara tabe etdirilməsində görürdü. İsa Məsih aşiqi idi; gənc peyğəmbərin çəkildiyi çarmıxı siyasi alət kimi kullanırdı.  Və elə İsanın ölüləri diriltdiyinə olan avam inamı da bir gün onun öz ölümünə səbəb olacaqdı. Nakaşidze gürcü idi, bilirdi ki, Qafqaz xristianlarında patriarxal onurğa çox zəifdir, odur ki quberniyada ilk məzhəkəni müsəlman kişilərinin qürur mənbəyi olan tayfa dəyərlərinin başına açmaq istədi, ancaq siftəsi onu bütün Gəncəbasarda rüsvay etdi. Xalq yığıncaqlarının birində bütün Gəncəbasarda hamının hörmət etdiyi Əhməd bəyə yaxınlaşıb onun atını xeyli təriflədi və bu atı ona hədiyyə verməsini xahiş etdi. Nakaşidze bilirdi ki, qafqazlı müsəlman kişilərin ölümdən uca tutduqları müqəddəs üç şey var; at, arvad, silah. Bir qafqazlı üçün bu üçünü kiməsə güzəştə getməkdənsə, ölmək daha şərəflidir. Qan düşmənləri bir-birilərini təhqir etmək istədikdə həmişə bu üçlüyü hədəf alırdılar, bu düşmənliklərin qurbanı isə daha çox atlar və arvadlar olurdu. Əhməd bəydən bu qədər adamın arasında atını istəmək, yerli kişilik qanunlarına görə, əlbəttə, onu təhqir etmək demək idi, həm də xalqın gözü önündə… Bu istəyə əməl etmək cəhənnəm, cavabsız qoysaydı Qiyamətə qədər başındakı papağı ləçək, belindəki xəncəri tütək kimi gəzdirəcəkdi. Bu ənənəvi kişilik adətləri təhqirə ən yaxşı halda təhqirlə cavab verməyi tələb edirdi, bu da işə yaramasa, dünyanın bol ölümləri vardı. Sonu ölüm də olsa, Əhməd bəy bu təhqiri öz kişiliyindən yumalı idi, həm də elə indi, xalqın gözü önündə. Çünki tarixə Məhşər gününədək şahidlik edəcək xalq gözünü ona dikib cavab gözləyirdi. Əhməd bəy yaxşı bilirdi ki, indi bu at təkcə onun və ailəsinin yox, mənsub olduğu Gəncəbasar xalqın ləyaqətini təmsil edir; atı istəyirlərsə, deməli, ipi ləyaqətin, namusun başına keçiriblər. O, əlini atın yüyəninə uzadıb gözləyən general-qubernatorun qabağına keçdi, zəhmli baxışlarla onu çəkmələrinin ucundan başındakı furajkanın kokardasına qədər süzdü və hamının eşidə biləcəyi qalın bir səslə dedi: “Elimizin adətinə görə, mən bu atı ancaq sənin arvadınla dəyişə bilərəm!”. Nakaşidze sözünün hədəfə dəydiyini görüb məmnunluqla gülümsədi və ona öyrədilmiş siyasi nəzakət qaydalarına görə, indiki halda sözə sözlə cavab verməyin vacib olduğunu düşünüb özünü toparladı və dedi: “Mənim arvadım məndən üstün kişiyə layiqdir, o, isə belə bir kişinin olmadığına çoxdan əmindir”. General-qubernatorun sözləri sifətlərə çökmüş qorxunu səssiz gülüşlə əvəzlədi və bəy atını minib bundan sonra qarşılaşacağı təhlükələri gözləməyə, Nakaşidze isə bu təhqirin qisasını Gəncəbasar bəylərindən necə  alacağını fikirləşməyə getdi.

Tezliklə Sultan bəyin torpaqları çara itaətdə şübhəli bilindiyi üçün həbs, yaxud sürgün edilən, mülkü əlindən alınan, qan düşmənliyi adı altında, əslində isə muzdlu qatillərin əliylə aradan götürülən Əhməd kimi qara siyahıya salınmış bəylərin hesabına genişləndi, onun tövlələrində qoşun kimi bəslənən mal-qaranın sayı Finlandiyadan gətirilmiş burnundan buğ çıxan çöngələrlə utancaq cır kənd inəkləri çütləşdirilərək bu zorakı izdivacdan doğulan yeni buzovların hesabına çoxaldı. Onun torpaqlarında Avropadan alınan dəzgahların hesabına ilk yağ-pendir zavodu tikildi. Pendirin qoxusuna hardansa fransız tacirləri gəlib çıxdı və qubernator Sultan bəyin simasında III Napoleon Fransası ilə pendir, şor alverinə başladı. Daha sonra qubernator bəyin əlinə balta verib Zəngəzur dağlarındakı meşələrdə bitən qırmızı palıdların üstünə göndərdi; çünki fransızlar şərab çəlləkləri düzəltmək üçün bu ağacları göydə axtarırdılar. Əgər indi bu hekayəni oxuyan oxucumuzun yolu təsadüfən o dövrün Gəncəbasarına düşsəydi karvan yollarında at, qatır, kəl arabalarına yüklənmiş Yelizavetpol meşələrinin palıdlarından  doğranan taxta-şalbanın üstündə öturub, digər arabalara yüklənmiş motallardakı Yelizavetpol yağ-pendirini Yelizavetpol təndirlərində bişirilmiş lavaşın arasına doldurub yeyən sarışın çöhrəli, göy mahud pencəkli fransız tacirləri ilə qarşılaşardı. Mülkü-malikanəsi əlindən alınmış bəy ailələrindən biri də Qasımuşağı ailəsi idi ki, onlar meyiti Çalbayır uçrumundan tapılan və sonradan sənədlərdə şahidlərin ifadəsi ilə, guya, əkin sahəsinə baş çəkib qayıdarkən dumana düşüb uçruma yuvarlandığı təsdiqlənən ailə başçısı Bədir ağanın ölümündə Sultan bəyin barmağı olduğunu düşünürdülər və qisas almaq üçün macal axtarırdılar. Həm də bu iş elə görülməliydi ki, Sultan bəyin ölümü əcələ oxşasın, qubernator Qasımuşağından yox, Əzrayıldan şübhələnsin. Lakin qubernator da hərif deyildi; qafqazlılarda qan düşmənliyi adətinin anadangəlmə bir kin üzərində yaşadığını bilirdi, odur ki, Sultan bəyi və onun var-dövlətini qoruyan on-on beş atlıdan ibarət silahlı süvari dəstə yaratmışdı ki, bəyi, az qala, həyətdəki ayaqyoluna da bu dəstə aparıb gətirirdi. Ancaq Sultan bəy ağıllı adam idi, dünyada alınmaz qalanın olmadığını bilirdi; xalq arxayın olmalıydı ki, bəyin yaşadığı bu qala düşmən qalası deyil, odur ki, sağ əli ilə aldığını sol əli ilə mahal əhlinin xeyir-şərinə xərcləməyi, həm də xeyirxah bir övliya kimi xərcləməyi  unutmurdu. Sürülərini, ilxılarını otaranlar, naxırındakı saysız-hesabsız inəkləri sağanlar, meşələrində iri palıd ağacları ilə güləşənlər, yağ-pendir zavodlarında dəzgahların arxasında tər tökənlər onun verdiyi əməkhaqqı hesabına mahalın ən yaxşı yaşayan kəndliləri idi. Damarlarında axan bəy qanı ona uşaqlığından bu fəlsəfəni aşılamışdı ki, sadə adamlar allahdan və ağadan, sadəcə, alababat yaşamaq və öz əcəlləri ilə ölmək fürsətindən başqa heç nə istəmirlər. Yuxularına boş girməyəcək çörək təknəsi və əcdadların yanında yata biləcəkləri rahat məzar! – Sultan bəy öz əyalının bu iki ümidini hər gün bir az da gerçəyə çevirir, evi əyilənin dirəyi, məzarı çökənin başdaşısı olurdu. Onun qalmaqallı başı mahalın ağsaqqallarının, müəllim və həkimlərinin and yeri idi. Hətta ona bəslədikləri gizli düşmənliyi bilə-bilə Qasımuşağının da qapısına getməkdən çəkinmirdi, özünü elə tox aparırdı ki, Qasımuşağı nəslinin kişiləri onun mərd bir düşmən, yoxsa təvazökar bir dost olduğunu ayırd etməkdə girinc qalırdılar.

Sultan bəy yalnız gecədən-gecəyə canına birə kimi daraşan ölüm və inqilab haqqında suallara cavab axtararkən hər şeyi unudurdu; ölümün ədaləti və inqilabın ədalətsizliyi ona ipək üzlü yorğanın altında bir ucu Gəncəbasarın meşələrində başlayıb o biri ucu Parisin bazarlarında bitən bu həyatın gec-tez gözlənilməz və uğursuz bir sonluqla dağılacağını, həm də yumurta kimi köməksizcəsinə qəfildən düşüb tarixin çəkmələrinin altına yaxılacağını pıçıldayırdı. Ölüm qorxusu hər gecə onu yorğan-döşəkdən qaldırıb tuman-köynəkdə müsəlmanların müqəddəs kitabı “Quran”ı, inqilab qorxusu isə xristian imperiyasının paytaxtından göndərilən qəzetləri vərəqləməyə, öz aqibətinə allahın və padşahın verə biləcəyi bir ümid, bir işıq ucu  axtarmağa  məcbur edirdi. O həm “Quran”da, həm də padşahın qəzetlərində eyni şeyi axtarırdı; həyatda əbədi olaraq ağanın ağa, nökərin nökər kimi yerini biləcəyinə, ehtiyacın əbədi şah olacağına, insanların ədalətin gücünə yox, gücün ədalətinə sığındığı indiki zamanın davam edəcəyinə bəslədiyi ilahi və siyasi ümidi. Quran ona ağa, yəni allah tərəfindən  seçilmiş olduğunu və öz peyğəmbərinin şəriət qaydalarına əməl etdiyi, yetim-yesirə əl tutduğu, qazancından müqəddəs ruhların payını da ayırdığı halda bu rifahın öləndən sonra cənnətdə də daha asudə həzzlər içində əbədi davam edəcəyinə sahibi-zamanın öz adından zəmanət verirdi. Eyni zəmanəti rəsmi qəzetlər də padşahın adından vəd edirdi. Ancaq paytaxtdan gələn bəzi gizli qəzetlər bu ilahi və siyasi zəmanəti ələ salır, dinləri ağaların uyudurması, tanrını insanın içində gizlənmiş vəhşi qorxu adlandırır, xalqı həm padşaha, həm tanrıya inanmamağa çağırırdı.  Sultan bəy dinə bir o qədər inanan adam olmasa da Qurana kitab halına salınmış müdrik bir qoca kimi hörmət edirdi və bu hörmət  kitabı dərindən anlamaq üçün deyil, bəlkə də, anlamamaq, anlamadığı mətləblərin dərinliyindən qorxmaq üçün ona bütün müsəlmanlar kimi uşaqlıqdan yalnız əlifba olaraq öyrədilmiş ərəbcənin hesabına yaranmışdı. Başa düşməməyinin səbəbini kitabdakı mətləblərin dərinliyinə bağlayırdı. Dinin özünə gəldikdə isə o, hələ gənc ikən Sankt-Peterburqda Hərbi Akademiyada oxuyarkən, çarın rus xalqı üzərində avtoritor hakimiyyətinə son qoymağın yolunu xristian allahının rus insanın qəlbindəki taxtını devirməkdə görən demokratların yazdığı kitablardan bu nəticəni çıxarmışdı ki, polkovnik İbrahim siyasət meydanına atılmasıaydı, iudaizm, Roma imperiyası Yerusəlimdə dirənməsəydi, xristianlıq, Romanın parçalanmasından istifadə edən ərəblər dövlət qurmaq eşqinə düşməsəydilər, islam yaranmayacaqdı. Feyerbaxın ətəyində namaz qılan rus maarifçilərinin kitabları  dinin mənşəyinin tanrı yox, tarix olduğu fikrini onun gənc müsəlman beyninə əbədi həkk etmişdi.  “Narodnaya Volya” gizli terror təşkilatının Sankt-Peterburqda, Moskvada çar məmurlarını, polis və ordu generallarını, torpaq və mülk sahiblərini bir-bir aradan götürməsi, hətta çarın özünə qarşı onun yemək salonunda belə sui-qəsdlər təşkil etməsi haqqında qəzetlərin gətirdiyi xəbərlər Dəccalın artıq insanların azğınlaşmasını gözləməyə hövsələsi çatmayıb özünün nəhəng ağ eşşəyinə minib onların dalınca gəldiyinə işarə edirdi.

Nəhayət, Qurandan fərqli olaraq qəzetlərin yazdıqları həyatda öz təsdiqini tapdı; şişkin sifətindən gecədən səhərcən acqarına içdiyi üçün – yarımçıq şüşə və dolu qədəh hələ də masanın üstündəydi – içkinin və yuxusuzluğun təsiri ilə içindəki ümidsizlik tüklənmiş üzünə, dağınıq saçlarına, ruhundakı qorxu isə qızarıb bərəlmiş gözlərinə çıxan, yaşadığı şokdan rəsmi geyiminin qollarının, yaxasının düymələrini bağlamağı unutmuş, dövlət adamından çox, əyyaş və kasıb ataya oxşayan qubernator bir səhər əlləri əsə-əsə iş masasının üstündə qalaqlanmış qəzetləri, kağız-kuğuzları eşələyə-eşələyə qarşısında lal-dinməz oturmuş Sultan bəyə dünən axşam teleqramla aldığı xəbəri öz sözləri ilə çatdırdı. Bir gün öncə zati-alilərinin əsgəri bir mərasimdən qayıdarkən Katerina körpüsündə növbəti sui-qəsdə uğradığını, karetinə atılan dəsmala bükülmüş birinci bombanın partlaması ilə mühafizəçilərinin öldüyünü, bunu görən əlahəzrətin karetindən enərək, sürücüsünün: “burda dayanmaq olmaz, zati-aliləri, həyatınız təhlükədədir, dərhal saraya getməliyik” deməsinə fikir vermədən yerdə qan içində can verən mühafizəçilərinə yaxınlaşdığını, eynən İsa Məsihin özü kimi əyilib onların tikə-parça olmuş bədənlərini səliqəyəmi salmaq, ya ölümqabağı halallıqmı vermək istədikdə, ikinci bombanın çarın ayaqlarının altında partladığını və onu ölümcül yaraladığını söylədi. Bu yerə çatanda qubernatorun səsi titrədi və o, masanın üstündəki gürcü konyakından bir qədəh süzüb qüssə və qorxu dolu gözlərini pəncərənin önündə budaqları bir-birinə dolaşmış ağac skletlərinə zillədi, sanki, bu sükunətlə çarın ölüm xəbərini deyil, ölümünü yubatmaq istəyirdi. Qəfildən əsən əlində çalxalanan qədəhi son çarə kimi başına çəkdi. İçindəki dərd daha acı idi deyə konyakın acısı üz-gözünü turşutmadı, boş qədəhi qadınlara xas soyuqqanlılıqla əlində saxladı. “Partlayışdan sonra zati-alilərinin hər iki ayağı qopdu və o…” – qubernator susdu, sanki, gözlərinin önündə canlandırdığı qorxunc mənzərənin davamını deməyə cürəti çatmadı, eləcə şikəst kukla kimi hər iki ayağı qopumuş çarın, gözlərinin önündəki xəyali meyitinə ağzıaçılı baxa-baxa qaldı. Handan-hana Sultan bəy təkcə qubernatorun malikanəsinə deyil, bütün imperiyaya çökmüş sükutu pozaraq, hamının bir-birinə vermək istədiyi, ancaq ehtiyat etdiyi sualı qubernatorun halına acıdığını göstərən mağmın bir səslə dilinə gətirdi:

– İnqilab olacaqmı?

Qubernator bu suala, deyəsən, imperiyanın adından cavab vermək üçün keçib yerində oturdu və qədəhini doldura-doldura:

-İnanmıram, bəy, hakimiyyət kolunun tikanları ondan gizlənən hər bir ələ batmayınca, heç kim baltaya əl atmaz! Şükür allaha, imperiyanın yarısı bu tikan koluna canla-başla qulluq edir. – deyib iki gündür yadından çıxardığı hiyləgər təbəssümü yenidən əyri bığlarının yadına saldı.

Sualın qubernatora güc verdiyini, onu ümidsizliyin məngənəsindən bir anlıq da olsa, çıxardığını görən Sultan bəy ayağa qalxdı:

-İzninizlə mən gedim, cənab, siz isə yatıb dincəlin, yuxusuzluq qorxu yaradır.

-Bundan sonra həmişə belə olacaq, Sultan bəy, bizi yatmağa qoymayan ruhların biri də artdı. – Qubernator başını aşağı sallayıb, sağ əlini qaldıraraq onu yola saldı. – Sağlıqla qalın! Çar II Aleksandr pələnəg dərisi geyinmiş pəhləvan idi, bizim Şota Rustavellinin Tariyeli Nestaya görə özünü necə ölümlərin üstünə atırdısa, zati-aliləri də imperiyaya görə onun kimi canından keçməyə hazır idi və keçdi də! – sonra həmin əlini sinəsinə endirib xaç çəkdi.

***

Babası I Nikolayın Krım müharibəsindəki məğlubiyyəti ilə yarımçıq qalan, Rusiyanın bütün ortodoks xristianlarının xilaskarı olması arzusunu həyata keçirmək üçün yenidən bəhanə axtarışına başlayan II Aleksandr çox əziyyət çəkməli olmadı, bu bəhanənin yerini babası çoxdan ona göstərmişdi. Müqəddəslərin yığışdığı Qüdsə gedən yol İstanbuldan keçirdi, bu yolu isə müsəlman türklər kəsmişdi. Oğul çar türklərin başı üzərindən Rusiyaya çarmıxdan əl eləyən, şəxsən çarın özünü köməyə çağıran müqəddəs Məsihi gördü. Yoxa çıxmış ata allahın oğlu, sətəlcəmdənmi öldüyü, intiharmı etdiyi bilinməyən ata çarın oğlunu köməyə çağırırdı. Xristian peyğəmbər Qüdsü müsəlmanların, ortodoks xristianlarını türklərin, kilsəni isə katoliklərin zülmündən qurtarmaq üçün rus çarını müqəddəs müharibəyə səsləyirdi. Allahlar Yerusəlim prokuratorunun qərarı ilə edama məhkum olunmuş xristian peyğəmbərin əzab və işgəncədən sarsılmış siması ilə yeni qurbanlar istəyirdi. Çar bu istəyi öz dəftərinə peyğəmbərə olan müqəddəs borcu kimi qeyd etmişdi. Osmanlı imperiyasında yaşayan xristianların əzilən haqqları uğrunda Balkanlarda və Qafqazda türklərlə savaşa başlayan çar cəmi bir il döyüşə davam gətirdi və çarmıxda yol gözləyən Məsihin bu dəfə də “Ata, məni niyə tərk etdin” deməkdən başqa çarəsi qalmadı. Bu müharibə isə hər iki imperiyada yaşayan xalqlar arasında din düşmənliyini dərinləşdirdi; Balkanlardan və Qafqazdan gələn müsəlmanların böyük köçü Osmanlıya, Suriya və Anadoludan qaçan xristian ailələr isə Rusiyaya üz tütdü. Xristian erməni ailələrinin Qarabağa yerləşdirilməsi isə bu günəcən davam edən erməni-türk düşmənliyinin əsasını qoydu. Qüdsü ruslara bağışlamaq üçün yola çıxan çar Kiçik Qafqazın müsəlman kəndlərini ermənilərə bağışlamaqla İsaya olan borcunun kiçik bir hissəsini qaytarmaq fikrinə düşdü və yeni torpaqlarda silahlı erməni dəstələri yaradıb, yerli müsəlman əhalini öz evlərindən qovmaq üçün göstəriş verdi.

Nəhayət, Sultan bəy zabiti olmaqdan imtina etdiyi çarla axır ki, öz torpaqlarında üz-üzə gəldi və bu döyüşdə qubernator Nakaşidze dostlarının heç birinə arxa çevirmədi, həm çarın göstərişinə uyğun olaraq ermənilərin silahlanmasına, Qarabağda yerləşməsinə kömək etdi, həm də öz kəndləri, evləri uğrunda döyüşən müsəlmanlara osmanlı paşalarından silah-sursat alıb gətirən Sultan bəyin qatır karvanlarına göz yumdu.     

Bu üstüörtülü müharibə ta Romanovların sonuncu çarı II Nikolay ailəsi ilə birlikdə Yekatrinburqda gizləndikləri evin zirzəmisində bolşeviklər tərəfindən güllələndiyi, Azərbaycanda bolşevik hökuməti qurulduğu və kəndlilərin silahlandırılaraq bəylərə qarşı qətlima başladığı, kommunizmin allahı inkar yox, əvəz etməyə girişdiyi vaxtdan sonra meydanda tək qaldığı üçün İrana, oradan Türkiyəyə köçən Sultan bəyin öldüyü günəcən davam etdi.

İndi meyiti Qarapalçıq kəndinin əyri-üyrü mağazasının önündə üzüqoylu uzanmış Əlicanbəy Sultan bəyin bu mahalda yeganə nişanəsi idi, ondan damarlarında axan qanın qisası alınmışdı, lakin meyitinə yiyə durmağa hələ heç kim ürək etmirdi. Əlicanbəyin meyiti, deyilənə görə, onu güllələyən bolşevik qatillərin özlərinə qərargah etdikləri, sahibləri çoxdan sürgün olunmuş bir bəy evi ilə mərhumun babası Sultan bəyin qan düşmənləri hesab olunan Qasımuşağı nəslinin sonbeşiyi Xosrov bəyin evinin arasında qalmışdı. Səhər tezdən çubuğunu tüstülədə-tüstülədə səs-səsə verib banlayan xoruzların, bir-birilərinin qarasına hürən itlərin son xəbərdarlıqlarını məhəl qoymadan kəndin ortasında yol ölçərkən indi uzandığı yerdə evlərin birindən açılan atəşlə yerə yıxılan Əlicanbəyin qətlini Xosrov bəy öz gözləri ilə görmüşdü. Güllə açılandan və Əlicanbəy yerə yıxılandan dərhal sonra ulduzlu papağını əlində tutub yaxınlıqdakı qərargahdan qaça-qaça hadisə yerinə gələn qırmızıların başçısı əmrində olanlara mərkəzdən adam çağırmağı, adam gələnə qədər meyitə heç kimin yaxın getməməsini, gedənlərin isə bəylərə xoş münasibət bəsləməkdə şübhə doğurub özlərini güdaza verəcəklərini kənd əhlinə çatdırmağı dönə-dönə tapşırdığı vaxtdan etibarən aynabəndin qabağında dayanıb evindən aydın görünən meyitə baxır və bu işin necə başa çatacağını gözləyə-gözləyə düşünürdü.

Mərkəzdən gələn rus zabiti və köməkçisi isə meyitə baxandan sonra qərargaha girib çölə çıxmaq bilmirdilər. Kəndin ortasında atılıb qalan bu meyit qərargahdakılara görə, əhaliyə ibrət dərsi, kəndlilərə görə, tələ idi. İndi qərargahın pəncərəsi önündə siqareti-siqaterə calayan yaşlı zabit də bu tələyə düşəcək şikarın yolunu gözləyə-gözləyə düşünürdü. Qarşı-qarşıya baxan iki bəy evinin pəncərələrinin birində Xosrov bəy, o birində isə rus zabit bir-birilərini görməsələr də üz-üzə dayanmışdılar. Xosrov bəy babası Bədir bəyin ölümündə Qasımuşağının Sultan bəydən şübhələndiklərini düşündükcə, Əlicanbəyin ölümü ilə qan düşmənlərindən qısas alındığına sevinmək istəsə də, damarlarındakı qanın bütün bədəninə yaydığı bir duyğu buna imkan vermirdi. Birincisi, ənənəyə görə, kişinin qisasını gərək kişi özü alsın, əgər onun qisasını başqası alırsa, bu, o deməkdir ki, o, kişi deyil.  Əlicanbəyi isə başqası öldürmüşdi və bəlkə də, bu adam Qasımuşağına demək istəyirdi ki, babanızın gizli qətlindən sonra üç padşah dəyişdi, içinizdə bir kişi tapılmadı ki, bu vaxtacan onun qisasını alsın.  İkincisi, düşmən də olsa meyiti ortada qalan bəy nəslinin nümayəndəsi idi. İndi onun yerində Xosrov bəy özü də ola bilərdi. Bunları düşündükcə, özünü, babalarını təhqir olunmuş hiss edirdi. Bəy meyitinin ortada qalması həm də onun qorxaqlığına sübut deyildimi? Babası Bədir bəy gizli səbəbdən öləndə də elin qabağında bu ölümə görə bütün şübhələri öz üzərinə çəkmiş Sultan bəy getmirdimi? Düşmən də olsa, bəyin meyiti ilə bu cür rəftar etməyə heç kimin haqqı yox idi. Nə babası Bədir bəy, nə onun düşməni Sultan bəy bir-birilərinin meyitinə bu təhqiri yaraşdırardı.  

Qarşı pəncərədə isə rus zabitini fikir götürmüşdü ki, Rusiya artıq düşmənsiz yaşaya bilmir, ölkələrdən, dənizlərdən əli üzüləndə adi, sadə adamlarla dalaşır. Onun ölkəsi öz qüdrətinə inanmaq üçün düşməni axtara-axtara görə gəlib hara çıxıb? O boyda ölkənin işinə-gücünə bax; samanlıqda gizlənib silahsız adamlara atəş açır. Nə olacaq bu axmaqlığın axırı?

Xosrov bəyi bir yandan da qəzəbləndirən dünənə qədər  qapısında işləyən, əlləri dara düşən kimi bəyin, ağanın üstünə köməyə qaçan kəndlilərin indi bellərinə silah bağlayıb mahalda ağalıq etməsi idi, çörəyini yedikləri süfrələri ayaqlamaları idi. Qudurğanlığın, nankorluğun həddinə bax ki, bəyin birini öldürüb meyitini də kəndin ortasına atıblar, heç kimə də icazə vermirlər ki, aparıb basdırsın. “Əsl qisası adlarını proletar qoymuş bu gədələr alır bizdən” deyib xəncərini belində sağa-sola dartışdırırdı.

Yaşlı zabit Əlicanbəyin meyitinə baxa-baxa öz həyatını gözünün qabağına gətirir və fikirləşirdi ki, ax, Rusiya! Sən həmişə məni ölümün üstünə göndərdin, bütün ömrüm sənin düşmənlərinlə didişməklə keçdi, həmişə ölməyimi istədin, israrla öldürtmək istəndin məni öz xoşbəxtliyin uğrunda, ax ögey vətən! Kim bilir, buradan sağ qayıtsam, daha hansı düşməninin üstünə göndərəcəksən məni və kim bilir, bir gün saysız-hesabsız düşmənlərindən hansı biri mənim meyitimi də bu uzaq diyarların birində qurda-quşa yem edəcək?

Xosrov bəy düşünür, düşündükcə, əsəbiləşir və başının dəstəsini yığıb bir anın içində bu nadan yuvası olan qırmızı qərargaha hücum çəkmək, gülləbaran edib hər şeyə bir anda son qoymaq istəyirdi, ancaq gələcəkdə daha ağır günlərin olacağını anlayıb qəzəbini boğmağa çalışırdı. Boğulan qəzəb isə köksünü sıxıb, kürəyində ağrıya çevrilirdi. Ağrı isə ona çarənin yolunu göstərirdi – belə alçaldılmaqdansa, ölmək! Elə indicə Əlicanbəyin meyitini palçığın içində qoyan bu kaftar sürüsünə hücum edib, təpələrinə güllə yağdırmaq və bu təhqiri bəy qanı ilə yumaq! Ağrının qüdrəti də budur, ölüm qorxusunu son arzuya çevirmək!

Yaşlı zabit xidmətə başladığı gündən bu yana üzləşdiyi təhlükələri yadına salıb düşünürdü ki, həyatının ən gözəl illərində həyatı heç vaxt öz iradəsindən asılı olmayıb, o, həmişə Rusiyanın heç vaxt qandan doymayan zəli iradəsinə nökərlik edib, Rusiya onu öz siyasi ehtirasının kişi fahişəsi kimi saxlayıb bu vaxtacan və bu gün-sabah adını belə eşitmədyi torpaqlarda başına səfeh bir güllə dəysə, nə mənası olacaq bu həyatın? Heç nə! Vətənindən min kilometrlərlə uzaqda belə o, öz iradəsinin istəklərini yerinə yetirə bilməz. Buna görə onu sorğu-sualsız qazamata basarlar, hələ bəlkə, adını “vətən xaini” qoyub edam da edərlər. Yaşlı zabit bunu düşünəndə əsəbindən az qaldı tapançasını çıxarıb gicgahına bir güllə çaxsın. Ancaq dərhal xatırladı ki, vəzifə başındadır, öz iradəsinə uyğun heç bir hərəkət edə bilməz. Ölmək lazım olsa, onun əvəzinə başına silah dirəyənlər tapılacaq. Rusiya razı olmaz ki, onun zabiti vəzifəsindən kənar şəxsi qayğıları ilə əlləşsin.   

Gün batana kimi həm zabit, həm də Xosrof bəy içlərini yandıran bu düşüncələrlə pəncərələrin önündə var-gəl etdilər. Nəhayət, Xosrov bəy heç kimə bir söz demədən həyətə düşdü, atların tövləsinə girib ağ ayğırı çölə çıxardı, arabanın yanına gətirib xamıdı atın boynuna keçirdi. Nökərlərin lal baxışları altında at-arabanı hazırladı, arabaya saman döşədi və atın yüyənindən dartıb həyətdən çıxdı.

Yaşlı zabit ölü dağlar kimi yatan üfüqlərin başucunda kədərdən üzü allanmış sədaqətli qadın çöhrəsi ilə boylanan günəşin qüssə dolu son şüaları gözünə düşməsin deyə əlini alnına kölgənəcək edib meyitə yaxınlaşan at-arabanı görüncə silahını belində rahatladı və içəridə darıxmamaq üçün kart oynayan sıraviləri çağırdı. Hər kəs veriləcək əmrə hazır vəziyyətdə zabitin yanına qaçıb bir-birilərinin çiyni üstündən pəncərələrdən çölə boylanmağa başladı. Arabaçı meyitə yaxınlaşdı, əlində qamçı, ucadan söyüş söyə-söyə qəfildən meyitə bir təpik ilişdirdi. Sonra meyiti özü bərabərində dikəltdi, sanki, illərdir göydə axtarıb yerdə tapdığı düşməni kimi yaxasından yapışıb silkələdi və ucadan “İt oğlu, sənin meyitin də bu kəndə layiq deyil” deyərək çiyninə qaldırıb  arabaya tulladı. Qərargahda aydın eşidilsin deyə ucadan söyə-söyə yerdəki palçıqlı papağı götürüb yenidən meyitin başına keçirdi, özü də arabada yerini rahatlayıb dala-qabağa çevrilərək var gücüylə bir qamçı ata, bir qamçı arabada uzanmış Əlicanbəyin meyitinə vura-vura kənddən uzaqlaşdı. Qərargahdakılar bu anlaşılmaz mənzərəyə pəncərədən baxa-baxa donub qalmışdılar və at-arabanı qıyılmış gözləri ilə qürubun dərinliklərinə yola salan yaşlı zabitin əmrini gözləyirdilər. Yaşlı zabit isə getdikcə qana bələnən üfüqlərin əlçatan uzaqlığında kiçilib tabuta çevrilən at-arabaya baxır və arabir havaya qalxıb bir qamçı ata, bir qamçı arabadakı meyitə vuran əlin sahibinin hönkürtüsünü eşidilməz edən məsafələrə qəlbinin imperiyadan gizlədiyi özünə aid bircə nəfərlik küncündə lənət oxuyurdu…  

Aqşin YENİSEY

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: KOPYALANAMAZ!.. Dibace.Net yayınlanan tüm fikir ve yazıları korumaktadır! Lütfen site editörüne başvurunuz...