DÜŞÜNDÜRƏN NƏSR VƏ HÜZUR VERƏN ŞERİYYƏT

“Ağıl ağıldan üstündü” deyib dədələrimiz. Gözəl və dərin bir deyimdi, qəlibləşmiş və mükəmməl bir ifadədir. Ağıl demək, əslində insan deməkdir, çünkü ağıl insana məxsus olan bir olgudur. Həm müdrük, həm də mütəvazi olan dədələrimiz də ağıla görə mühakimə yürüdüblər və bu səbəblə də “insan insandan üstündü” deməyib, “ağıl ağıldan üstündü” deyiblər…

İnsan nə qədər oxumuş olsa da, nə qədər bu sirli və nataraz dünyanı öyrənmiş olsa da özündən yaşca və təcrübəcə böyük olanın fikrinə və yönləndirməsinə ehtiyac duymaqdadır.

Masamın üzərində Orhan Aras’ın “Kaşqar’dan Berlin’ə Portreler və Kitaplar”, “Ah Türkiyə Ah” və “Aşklar daha ölmədi” adlı kitabları durmaqdadır. Yuxarıda qeyd etdiyim nüansları bilavasitə bu kitabları oxurkən yaşadım. Axıcı bir üslubun, məntiqli, səlis və ağıllı mühakimələrlə dolu bir dilin var olduğunu fərq etdim Orxan Aras nəsrində! Və fikrimcə hər hansı bir nəsrin dilini mükəmməl və oxunaqlı edən mühim özəlliklərdən biri də məhz budur: məntiqli düşüncənin sonucu olan ağıllı mühakimə! Çünki dil deyilən ünsür ağıl və məntiqə tabedir. Mayasında ağıl və məntiq olmayan dil, nə qədər cilalı olsa da təsirsiz və təpərsiz sayılacaqdır!

Müşahidələrimiz göstərir ki, Orhan Aras şair və yazar olaraq, eyni zamanda bir araştırmacı və publisist kimliyi ilə Türk dünyası trayektoriyasında özünü və sözünü təsdiq etmiş ziyalıdır. Bu baxımdan Orhan Aras’ı geniş bir spektrdə təqdim etməyə lüzum görməyib onun söz konusu kitablarındakı bəzi fikir və təkliflərini, təhlil və mühakimələrini incələyəcəm.

Orhan Aras’ın 2013-cü ildə Ankara’da çap olunmuş “Kaşqar’dan Berlin’ə Portreler və Kitaplar” adlı əsəri “Söz başı” hissəsindən sonra nə az, nə çox, düz 74 başlıq altında toplanmışdır. Müəllif bu kitabında özəlliklə Türk dünyasının çeşidli yazar və şairlərinin, bilim və dövlət adamlarının əsərlərindəki ciddi xüsusları və yaşamlarındaki bəzi etüd və epizodları qələmə almışdır. Bu əsərin ön sözdən sonrakı hissəsi “Bozkırların oğlu Cengiz Aytmatov” adlanır. Bu hissədə Cingiz Aytmatov artıq bütün dünyaya səs salan bir yazar kimi qarşımıza çıxır. Almanya’da bəlirli bir oxucu kütləsi qarşısında “bozkırın oğlu” kimi danışan C. Aytmatov, “Manas”dan hissə söyləyir, sualları cavablandırır. Və Aytmatov’la canlı bir ünsiyyətdə bulunan Orhan Aras’ın həyəcanı belə bir cümləylə qəlibləşir: “O təmiz və romantik baxışlarda “Bəyaz gəmi”dəki adsız uşağı, “Dişi qurd”dakı talehsiz “Akbar”ı görmüşdüm” (Aras, 2013:11). Orhan Aras’ın sadəcə bu cümləsi, yazar Aytmatov’un əsərlərini heç bir zaman oxumamış insanda maraq oyadacaq xarakterdədir. Bu sərrast ifadə Aytmatov nəsrindən xəbərsiz olanı ona yönləndirib, onun dünyasıyla təmas qurmaqda mükəmməl bir təlqin sayıla bilər. C. Aytmatov’la görüşdə Orhan Aras bu ünlü yazara belə bir sual ünvanlayır: “Özbəkistan’da, Qırğızıstan’da zəhərli pambıq tarlalarında çalışdırılaraq daha 35 yaşına çatmadan ölən dünyanın ən gənc anaları olan gerçək “Akbar”lar haqqında nələr düşünürsünüz?” (Aras, 13). Təbii ki Orhan Aras’ın da yazdığı kimi C. Aytmatov bu sualı dəqiq olaraq cavablandırmayıb. Və qeyd edim ki, əslində C. Aytmatov bu suala cavab vermək istəsəydi belə, səmimi bir yanıt ortaya çıxmayacaqdı. Çünkü sovet “şinel”i hələ də Aytmatov’un üzərindəydi. Sovet əsarətindən qurtulduqdan sonra belə, Türk cümhuriyətlərinin yazar və şairlərinin əksər qismi hələ də Moskva’da əsərlərini çap etdirir və ya buna meyl edirdilər. Sovetlər birliyi dağıldıqdan sonra bu cəhd və meyletmə cizgisində sözün əsl mənasında sadəcə Azərbaycan yazar və şairləri yer almadı. Buna örnək olaraq şair Xəlil Rza Ulutürk xatırlana bilər. Onun yuxarıdakı xüsusa dair bir beytini yazıram:

                               Nə qədər ki, çocuk qanı pestisitlə[1] mayalanır,
                              Davam edir 37-i. Daha kəskin, daha ciddi… 

Bu misraları yazan şair bir sürə sonra rəsmi Moskva’nın qanlı əyləmlərinə etiraz etdi və Lefortova zindanında həbs həyatı yaşadı… Bu baxımdan söz konusu deformasiyaları yaşamayan hər hansı bir ədib və ya şair, rəsmi Kremlin basqı və cinayətlərinə dair irəli sürülən ciddi suallar qarşısında bəzən açıq cavablarla yer almayıb və ya dəstək gözlədiyi bir məkanda hansı xislət sahiblərinin olduğunu bildiyinə görə hər cür qıcıqlandırıcı ifadələrdən qaçmağa çalışıb. Lakin bütün hallarda Çingiz Aytmatov böyük bir Türk dünyası yazarı idi və Sovet dönəminin eybəcərliklərini mikrofonlar qarşısında söyləməkdən vaz geçmiş olsa belə, bunları əsərlərinin bir çoxunda üstüörtülü və bəzən də açıq bir şəkildə dilə gətirib.

“Bir könül adamı Əhməd Şimide” başlıqlı hissədə Orhan Aras özəlliklə Sovetlər birliyində qalan soydaşlarının durumuna dair xüsuslara toxunur, ortaq Türk bağının qırılmaması üçün nələr edilə biləcəyi, hansı addımlar atıla biləcəyi yönündə düşünür və bu düşüncələr fonunda Əhməd Şimide’nin bir yazısını oxumaqla təskinlik tapır. Bu yazıda Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadə anlatılır. Yazıdakı sətirlərdən aydın görünür ki, bu əvəzsiz qələm adamının şeirlərindən bəhs edilməsi Orhan Aras’ın bəzi təlaşlarına da son qoyur. Əhməd Şimide’nin bir Türkcə sevdalısı olduğunu yazan müəllif, onun bu sevdasının nəticəsini Azərbaycan və Türkiyə ədəbiyyatından tərcümələr edib ümum Türk ədəbiyyatını Alman toplumuna tanıtması ilə izah edir. Bu məsələdə də təbii ki, dil faktoru ön planda durur. Müəllif Avropa məkanında Türk dilinin yayılması, bu dilin möhtəşəmliyinin, ecazkarlığının Türk olmayan şəxsiyyətləri və hətta sıradan insanları belə ehtizaza gətirməsindən bəhs edir, bundan qürur duyduğunu, bu gerçəklikdən riqqətə gəldiyini özənəməxsus üslubla anlatır.

Kitabda “Bir Türkistan Süvarisi Baymirza Hayit” adlı başlıq da diqətimi cəlb etməkdədir və bu hissəni də oxumadan keçmək mümkünsüz görünür. Baymirza Hayit, çoxlarının tanıdığı və bildiyi və bir çoxlarının da xatırlamadığı dava adamı və yazardır ki, bu xüsusları müəllif bu bölümdə rəvan bir şəkildə açıqlayır. Müəllifin qeydlərindən bəlli olur ki, Baymirza Hayitlə görüşü yenə Almanya`da, Frankfurt şəhərində baş tutur. Bu görüş ortamında böyük dava və fikir adamının çıxışı orada bulunanları çox təsirləndirir, onun çıxışında işlətdiyi “Çin’dən başlayaraq Xəzər’in sahillərinə qədər çatan yerlər bizim on minillik vətənimizdir və adı Türkistandır!” (Aras, 2013: 24) nidası Türkistan sevdalısı olan, ancaq bu coğrafiyanı ömründə görməmiş gəncləri də hayqırmağa, şüarlar səsləndirməyə sövq edir. Əlbəttə ki, özdə və könüldə olan Türk kodu dünyanın harasında yaşamasından, hansı irq və toplumla qaynaşmasından asılı olmayaraq hər bir Türkün səfərbər olması yönündə gec və ya tez ciddi bir argumentə çevrilir.

“Birliyin elçisi Qaspıralı” adlı hissədə Türk dünyasının öndər fikir adamlarından biri – İsmayıl Bəy Qaspıralı haqqında fikirlər yer alıb. Müəllifin “İsmayıl Qaspıralı əsir bir ölkənin əsir bir mütəfəkkiri olmasına baxmayaraq eynilə Bilgə Kağan’ın yüz illər öncə daşlara yazdırdığı sözlər kimi elə bir şüar ortaya atmışdır ki, sadəcə bu şüar belə bütün dünya Türklüyünü yaşadığı müddətcə diri tutmağa qadir bir sözdür: Dildə, Fikirdə və İşdə Birlik!”(Aras, 2013: 31) kimi bir fikir irəli sürməsi, Qaspıralı haqqında bu günə qədər yazılan ən zövqlü, ən tutarlı və ən məntiqli fikirlərdən biridir deyə bilərəm. Bu fikirdə Çarlıq Rusyasının Türk nüfusunu əsarətdə saxlamaq üçün həyata keçirdiyi müstəmləkə siyəsətinin və bu siyəsətin uygulandığı məmləkəttə yaşayan, ancaq zülmə boyun əyməyən bir fikir adamının mücadələ və çırpıntıları, ümid və arzuları və nəhayətdə ortaya qoya bildiyi dahiyanə tezisinin dəqiq şərhi vardır. İ. Qaspıralı Tərcüman adlı qəzetində şüara çevirdiyi yuxarıdakı tezisiylə Türk dünyasının asimilə edilməməsi üçün gərəkən ortamı sağladısa da, özünün də yazdığı və müəllifin də aktardığı kimi “Çin Səddindən Ağ dənizə qədər yayılmış, parçalanmış Türk millətinin ortaq bir dili olmaması məni hər zaman rahatsız etmişdir” (Aras: 2013: 32) əndişəsiylə yaşadı və bu dünyadan köçdü. Və Orhan Aras’ın bu böyük şəxsiyyətlə bağlı yazdıqları da isbat etməkdədir ki, Qaspıralı’nın fikirləri unudulması mümkün olmayan və hər zaman dilimində istinad edili bıləcək ideyalardır.

“Azərbaycan’ın Dədə Qorqud’u Bəxtiyar Vahabzadə” başlığı altındakı hissədə şair Vahabzadənin hələ sovet dönəmindəki mövqeyinə, iman və inancının şeirsəl ifadəsinə, yazılan məktublara göstərdiyi ilgi və səmimiyyətə və şeirlərindəki dərin bədiiyyata dair təhlillər aparılır. Yazıda şair Vahabzadənin xalq şairi kimliyinə, vətəndaşlıq heysiyyətinə xüsusi diqqət yetirilir. Şairin 20 Yanvar 1990-cı ildə şəhidlərin xatirəsinə yazdığı “Şəhidlər” şeirindən örnək mısralar verilir, yüzlərlə Azərbaycan övladının Rus tanklarına sinə gərib şəhid olduğu bu qanlı olayların Vahabzadə poeziyasındakı yansımaları açıqlanır.

Orhan Aras bu yazısında da özünəməxsus isabətli cümlələr işlədərək şair Vahabzadənin bənzərsiz poeziyasından bəhs edir. B. Vahabzadə’nin “Axı dünya firlanır” şeirini incələyən müəllifin, sovet rejimində kultlaşdırılan siyasi bütlərdən Vahabzadə “…intikamını şeirləriylə alır” (Aras, 2013: 38) yazması və bu fikirini “Onun şeirlərində Yunus Əmrə coşqunluğu, Mövlana”nın xoş görüsü və Koroğlu”nun üsyanı yan yana idi” (Aras, 2013: 38) kimi sətirlərlə tamamlaması, Vahabzadə şeriyyətinə olan sevginin bariz təcəssümü kimi səciyyəvidir.

Əlavə olaraq qeyd edək ki, vətən şairi Vahabzadə, bilavasitə 20 yanvar olaylarıyla sovet rejiminin maskasının yırtılıb əsl simasının ortaya çıxdığını digər şeirlərində də bəyan etmişdir:

                      Nə ədalət, nə gerçək
                     Vallah yoxdu o gecə.
                     Zülüm, zalım əliylə
                     Haqqı boğdu o gecə. (Vahabzadə, 1999: 135)

Bu bənddə keçən zülüm kəlməsi ilə şair rəsmi Moskva və ya kremli ifadə edib. Zalım ifadəsi isə quduzlaşan və xalqı qətl edən rus-erməni zabit və əsgərlərinin adlandırmasıdır. 20 yanvar qətliamının dirijorluğunu edən Rəsmi Moskva’nın irəliləyən zaman dilimində artıq bir erməni havadarlığı nümayiş etdirməsi də şairin şeirlərində əksini tapıb:

                     Mərkəz dəyişdirir gündə rəngini,
                     Mərkəz məni görür heç onu görmür.
                     Bizdən yığışdırır ov tüfəngini
                     Amma erməninin topunu görmür. (Vahabzadə, 1999: 137)

Orhan Aras’ın kitabındakı başlıqlardan biri də belə adlanır: “Əsrimizin Rəsulzadəsi”. Bu bölümü oxuyarkən də hər bir Türk kimi istər istəməz özünə yaxın, dost bildiyin bir insanın yaşamını və bu yaşamdakı acı taleh yazısını da oxumuş olursan. Orhan Aras böyük ideoloq və lider Məmməd Əmin Rəsulzadə’nin portretini kəlmələrlə cizərkən, böyük mütəfəkkirin “Əsrimizin Səyavuşu” əsərinə də deyinir, bu əsərdəki əsas nüansları ön plana çəkir, Rəsulazadə’nin fəaliyyət və fədakarliqlarından, iki illik də olsa müstəqil və şərəfli bir dövlət quraraq dünya imperializminə qarşı meydan oxumasından da söz edir.

Və yenə də dil məsələsi. M. Ə. Rəsulzadə’nin Türk dilinə olan həssaslığı Orhan Aras’ın diqqətini çəkir, onun 1917-ci ildə Moskva’da düzənlənən Rusiya Müslümanları Qurultayındakı Türkcə danışmanın gərəkliliyi xüsusunda dilə gətirdiyi ifadəni qeyd edir: “Biz Türkük, və bu kürsüdə Türkcədən başqa bir dillə əsla danışmayacağam” (Aras, 2013: 50). Bu ifadədən sonra müəllif, çağımızın çox hörmətli aydınlarının belə, dil məsləsinə laqeyd qalmamalarına dair bir göndərmədə bulunur: “Ey Oljas Sülüymanov ey! Sən 85 il sonra belə Bakı`dakı Türklərlə dolu salonda, bir Türk qurultayında çıxıb da Rusça danışırsan, qulaqların cingildəsin!” (Aras, 2013: 50).

Göründüyü kimi, Rəsulzadə yaşamı, Rəsulzadə irsi bütün dövrlərdə belə ibrət alınacaq mənəvi mirasımızdır. Bu mənəviyyat etalonu, Çar Rusiya`sının boyunduruğunu qıran, şərq dünyasında ilk dəfə cümhuriyyət yaradan, daha sonra başlayan rus-erməni-bolşevik işğalına qarşı ömrünün sonunadək mübarizə aparan bir şəxsiyyətin-M. Ə. Rəsulzadə’nin bizlərə əmanət etdiyi dəyərləri əhatə edir. Bu baxımdan, Orhan Aras’ın qələmə aldığı bu böyük liderin fikir və ideyaları da düşündürücü və təqdirə layiq məsələlərdəndir.

Orhan Aras’ın bir sonrakı nəsr əsəri “Ah Türkiyə Ah” adıyla 2016-cı ildə Almanya’da çap olunub. Bu əsər “Ön söz”dən sonra 22 başlıq altında vücuda gəlmiş bir əsərdir. Bu başlıqlar sırasıyla belə adlanır: “Aydın vicdanı”, “Avropalı”, “Xoca Paşa”, “Böyük Türkiyə’mi?”, “Bilgisizlikmi?”, “Vəfasızmıyıq?”, “Kimik biz?”, “Türkcə bilirikmi?”, “Çox danışan Türkiyə”, “Bölünməkmi?”, “Barışın torpağı”, “Ah romantik Türkiyə”, “Öyrətmən-I”, “Öyrətmən-II”, “Ətrafımız”, “Ən doğru məzhəb bizim məzhəbdir!”, “Hansı örnək gənclik”, “Yeni şeylər söyləmək”, “Dövlət malı”, “Biz bizi bilirikmi?”, “Türkiyə’nin imicimi?”, “Mən”. Öncəliklə qeyd edək ki, bu başlıqlar altında toplanan bəzi yazıları oxuyub dərk edən günümüzün ziyalıları (özəlliklə batı dünyasını bilən, Avropadakı siyasi və ədəbi mühiti az-çox öyrənənlər) bir çox mürəkkəb məsələlərin həllinə də nüfuz edə bilərlər. Yəni ələ aldığımız bu yazılar, yönləndirici, adaptasiya edici və dünyada olub bitənlərə daha açıq bir gözlə baxmaq üçün ciddi mənada təkanverici mahiyyətdə olmasıyla önəmlidir. 

“Aydın vicdanı” adlı bölümdə öncəliklə batıdakı siyasi çaxnaşmalar işığında ziyalı və ya digər bir adıyla aydın kəsimin tuttuğu mövqe üzərində durulur. Bu bölümdə Almanya mühitində (siyasi ortamda) baş verən siyasi olumsuzluklara görə sıradan bir vətəndaşın verdiyi təpki səbəbiylə həbs olunması, aydın şəxsi və ya şəxsləri də hərəkətə keçirir. Aydın təbəqə təmsilçiləri bu mühitdə həbs olunan (əslində əzilən) vətəndaşın yanında yer alırlar və bu yandaşlıqlarını açıq jestlərlə bəlli edirlər. Bununla da həbsə məruz qalan vətəndaş mənəvi baxımdan gücünü itirmir, əksinə mənən daha da güclənir. Aydın olan şəxs də vicdanının səsini dinləməklə əzən və döyülənin deyil, əzilənin “hüquq müdafiəçisi” qismində çıxış edir. Və sadəcə bu fakt, Avropa’dakı kapitalizm tüğyanının önünü kəsən dilemmadır ki, bunun önəmsənilməsi də hava-su qədər gərəklidir! Müəllif bu xüsusa dair batılı yazarların romanlarındakı təsvirlərə diqqət çəkməyə çalışır: “…Camus, savaşdan sonra Avropa insanının kapitalizm bataqlığında necə yadlaşdığını Əcnəbi adlı romanında çox gözəl izah edir” (Aras, 2016: 9).

Bir yazarın öz əsərində anlatdıqları və ya hər hansı haqsızlıqlara qarşı etiraz səsini ucaltması ilə “vəhşilşən” kapitalizmin önünə incə və ya qalın bir “divar” çəkilir. Bu nüansla əzilənin haqqını qorumaq cəhdinin Avropa’dakı aydın kəsimin missiyasına çevrildiyini qeyd edir Orhan Aras! Və bununla da normal insan psixologiyasını kölə psixologiyasıyla əvəzləmək istəyən azğın kapitalizmin sürətinin və xofunun azaldığını vurğulayır.

Müəllif Avropada müşahidə etdiyi bütün ortamları eyni zamanda Türkiyə’dəki atmosferlə müqayisə edir. “Bəs bizdə?” sualıyla öz məmləkətindəki mənzərələrə nəzər salan müəllifin fikirləri tənqidi səpkidədir və bu tənqid sol və sağ ayrımında yer alan ziyalı təbəqəyə doğru yönəlmişdir. Bu sağ-sol paradiqmalarından qaynaqlanan baxış bucaqlarının incələnməsiylə bilavasitə aydın şəxslərin Türk cəmiyyətindəki rolu və vəzifələri müəyyənləşir.

“Xoca Paşa” adlı hissədə müəllif, Fatih Sultam Mehmet`in vəziri də olmuş alim Yusif Sina`ın və digər alimlərin (Xocazadə, Molla Lütfü, Ali Camal) sərbəst düşüncəli, cəsur, sözlərini söyləməkdən çəkinməyən, eyni zamanda yenilik tərəfdarı şəxsiyyətlər olduqlarını yazmaqdadır (Aras, 2016: 20). Bu alimlərin qeyd edilən özəllikləri bilavasitə Fatih Sultan Mehmed`in onları himayə etməsinə, onlarla hesablaşmasına səbəb olmuşdur. Osmanlı dönəmində alim sözünün dəyər və dərinliyi onun cəsur olmasına bağlı bir özəllik idi ki, Yusif Sinan`ın Maarifnamə əsərindən verilən bir sətirlik örnək fikirlə bu gerçəyə diqqət çəkilir: “Comərdlik xoşbəxtliyin nərdivanıdır” (Aras, 2016: 22). Məntiqli və doğru fikirdir! Qorxaqlıq deyilən mərəz, sərbəst düşüncənin, doğru sözün, elmi ideyaların önünü kəsən gilyotin bıçağı kimidir. Qorxaqlığın olduğu yerdə elm olmaz, alim yetişməz! Müəllifin bu hissədə oxucuya çatdırmaq istədiyi də məhz bu gerçəklikdir.

Kitabda “Böyük Türkiyəmi?” sualıyla başlayan hissədəki fikirlərdə Rusiya, Türkiyə və Almaniya’da iqtidar başına keçən siyasətçilərin fəaliyyət statistikası təhlil edilməklə bərabər, Rusiya tərəfindən işğal edilən xalqların assimilyasiyası və böyük ölkə olmaq ideallarının siyasətə gətirilməsiylə gerçəkləşən və puç olan siyasi vədlərin analizi yer alıb. Bu hissənin ilk səhifələrində çarlıq Rusiyasının Kazan xanlığını işğal etdikdən sonra törətdiyi qətliamlardan söz edilir, Yusupov sülaləsinin rus işğalına qarşı dirəniş və çöküşündən bəhs olunur və o dönəmki Rusiya’nın imperia qurma hiyləgərliyinin və Türk toplumlarına qarşı etdiyi assimilyasiyaların əlaməti olan din dəyişdirmə faktlarına diqqət yetirilir. Bir sonrakı səhifələrdə, 1964-cü ildə Türkiyə’də baş nazir seçilən Süleyman Dəmirəl’in siyasi arenada sıx sız işlətdiyi “Böyük Türkiyə” şüarının Avropa siyasi məkanını rahatsız etməsi məsələləri üzərində durulur və bu şüarın vaxtilə digər ölkələrdə, özəlliklə Almanya’da hansı boyutlarda işlənilməsi və bu ölkəyə hansı avantaj və problemler gətirməsi kimi nüanslar incələnir. Əlbəttə ki, müəllifin bu hissədə yer alan təhlil və müqayisələri, müəyyən parametrləriylə Osmanlı dönəmində itirilmiş Türk torpaqlarının böyük Turandan qoparıldığını vurğulayan bir anlam və məntiq də ehtiva etməkdədir. Qeyd edək ki, bu həqiqət, bugün erməni işğalında olan Azərbaycan torpaqlarının da işğaldan qurtarılması üçün illərdir verilən siyasi mücadilələrin sonuclarına və bundan sonra ediləcək siyasi gedişlərin milli iradəylə bütünləşməsi məsələlərinə də işıq salmaqdadır.

“Yeni şeylər söyləmək?” adlı hissədə İslami islahatlarıyla ünlü bir şəxsiyyətə çevrilən və eyni zamanda haqsız təqib və basqılara məruz qalan Musa Cərullah’ın həyat və fəaliyyətlərindən özətlər verilir. İdil Türklərindən olan bu İslam aliminin “İslamiyyətin əlifbası”, “Rəhmət-i İlahiyə Bürhanlar” isimli kitablarından söz edən müəllif, bu kitabların ciddi mübahisələrə səbəb olduğunu qeyd etdikdən sonra, özəlliklə “İslamiyyətin əlifbası” ilə alimin öz edamının fərmanını əslində imzalamış olduğunu yazır, alimin bu kitaba görə həbs olunduğunu, Rusiya`dakı ailəsi və uşaqlarını tərk etməyə məcbur qaldığını və ömrünün sonuna qədər məşəqqətli bir yaşam içində qürbət diyarlarda fəaliyyət göstərdiyini və vətən torpağından uzaqda vəfat etdiyini açıqlayır (Aras, 2016: 100-101). Bu hissənin son səhifəsində bəhsi keçən alim haqqında bir başqa mütəfəkkirin söylədiyi fikir də diqqətimi cəlb edir: “Musa Cərullah, elm və fikri düşüncə ilə əməli işi birləştirən bir mütəfəkkir, elm adamıdır” (Aras, 2016: 102). Bu nüansdan da bəlli olur ki, elm və insanlıq uğrunda fədakarlıqlar edən şəxslərin unudulması mümkünsüzdür, əksinə belə insanlar hər zaman yad edilməkdə və əsərlərinə müraciət edilərək vəfatlarının ardından olsa da yuxarıdakı kəlamlarla ödülləndirilməkdədirlər.  

Kitabın “Mən” adlı hissəsini diqqətlə oxuyan oxucu “mən”dən daha çox “sən”i tapmağa çalışan müəllifin yaşam hekayəsiylə bərabər, dünyaya baxışını, arzularının gerçəkləşməsi üçün verdiyi mücadələlərin hansı mərhələ və çətinliklərdən keçdiyini öyrənə bilər. Bu hissədə yetmişinci illərdəki Anadolu`nun yoxsul mənzərəsi, insanların çətinliklər içərisində yaşadığı, orta məktəblərdə təhsilə mane olan çaxnaşmalar canlı və inandırıcı bir üslubla təsvir edilib. Bu son hissədə öz məmləkətinin bütün baxımlardan inkişafını istəyən, vətəninə – Türkiyə’yə qırılmaz tellərlə bağlı olduğunu ifadə edən Orhan Aras’ın fikirlərini oxuduqdan sonra mən də bütün duyğusal insanlar kimi izhar edilməsi mümkün olmayan bir həyəcanı yaşadım…

Orhan Aras’ın “Aşklar daha ölmədi” adlı şeirlər kitabı 2000-ci ildə İstanbul’da çap olunub. Kitabda 47 şeir toplanıb. Orhan Aras’ın şeir dünyasına ərmağan etdiyi fəlsəfi, lirik misraları dəyərləndirmək və onun insan-eşq-həyat-ölüm radiusunda hansı poetik fikirlərlə yer aldığını müəyyən etmək üçün bu qədər sayıda şeirlərin olması da yetərlidir. Orhan Aras’ın söz konusu şeirlərini oxuduqca, məndə bu şeirlərdəki hər misranın yaşanmış anların, günlərin, ay və illərin bəhrəsi olan sevinc və əzabdan, sevgi və səmimiyyətdən, qayğı və heyrətdən baş alıb gəldiyi qənaətini yaratdı.

          “Yaşam gizemli umuttur” dedi Ozan, “Daha giz çözülmedi;”
           “Direneceğiz dostlarım” dedi Ozan, “Aşklar daha ölmedi!” (Aras, 2000:12) 

Şeirdəki “gizəmli umut” ifadəsi bədii bir qəlibdə yer almaqla bərabər, eyni zamanda Türk təsəvvüf fəlsəfəsinin anlayışlarını xatırladır. Bilindiyi kimi bu fəlsəfənin doktrina və kodekslərində “sirrə qədəm basmaq”, “qeyb olmaq”, ümidsizlik şeytandandır”, “yola girmək” və sairə bu kimi yüzlərcə qəlibləşən anlam və ifadələr vardır. Gizəmli umut’un da təsəvvüfi bır düşüncənin (gizəmin) nəticəsi kimi misralara yansıdığı görülməkdədir. Şair digər bir şeirində isə “Gizemli gözyaşlarına…” deyə yazmaqdadır və bu deyimdə də təsəvvüfə xas olan mübhəmlik və ecazkarlıq gizlənib. Bu kontekstdə insani duyğuların zahiri ifadəsindən ziyadə, bir də batini ifadəsi mövcuddur ki, “sirri” bilənlərin belə bir batiniyyətdən bəhs etməsi təbii bir özəllik kimi diqqəti çəkir.

“Zaman və Ötesi” adlı şeirdə həm xalq danışıq dilində işlənən elementlər, həm də Türk təsəvvüf fəlsəfəsinin məna çalarları vardır:

                         Gelir uzaklardan yorgun bir yolcu
                         Birkaç kelam katar hatıralara
                         Saplanır göğsüme hayatın ucu
                         Yaranın üstüne açılır yara.

                         Tutar ellerimden beni götürür
                         Sır ekip sır biçen sırlı diyara
                         Kaynatır kazanda derimi dürür
                          Sonra merhem eder intizarlara (Aras, 2000: 18)

Birinci bənddəki yolçunun sıradan bir yolçu olmadığını analamaq heç də çətin deyil. Bu yolçu bilgi gətirir, yazılan və söylənilən xatirələr silsiləsinə öz yaddaşında olanları əlavə edir, həyat və insan qarşıdurmasındakı ziddiyətdən xəbər verir. Bu faş etmələrdən sonra şair yenə də təlaşa düçar olur və “yarasının üstü açılır”.  Azərbaycan-Türk danışıq dilindəki “yarama duz basma” qəlibləşmiş ifadəsinin bu bənddəki təzahürü aydın görünür.

İkinci bənddə o biri dünyayla təmas etmənin əlamətləri və müəyyən mənada inisiasiya aktının təsviri vardır. Şeirdəki “qəhrəmanın” “sirli dünyaya” aparılması olayı inisiasiyadır (o biri dünyaya keçiddir). İkinci bəndin üçüncü misrasındakı “Qaynadır qazanda dərimi…” ifadəsi isə dastanlarımıza belə yansıyan “arınma-təmizlənmə” prosedurunun təzahürüdür. Örnək olaraq qeyd edim ki, belə bir təzahür, Koroğlu dastanının mifoloji varyantındakı qırx çiltanın (Türk təssəvvüf sistemindəki müqəddəslər) Koroğlu’nun əzalarını parçalayıb yumaları olayında əksini tapıb.

“Bən deyilim…” adlı digər bir şeirində şair daha da fəlsəfi danışır, öz arayışının nəyə doğru yönəldiyinə dair ipucları verir.

                             “Ben deyilim” diyen dil benim
                             Yasak uykularda bir damla düşüm 
                             Gözlərimdə yaşlar kelepçelenmiş,
                             Doğrulara, yalanlara küsmüşüm! (Aras, 2000: 26)

Buradakı “mən” ezoteriq müstəvidə təsnif edilir, ən başda ruh halında olan “mən”, ikinci mərhələdə, yəni “bədənləşmə” mərhələsdində tam ola bilir və bu tamlığı dərk edən “düşüncə” (insan) dilə gəlib “mən” deyir. Bu dünyadakı yaşamında “gözlərində yaşlar qandallanan” şair, doğrulara da, yalanlara da küsmüşdür, doymuşdur və o, artıq doğruyla yalanın arasındakı “həqiqəti” arayır.

Orhan Aras, şeirlərində aşiq-məşuq eşqini təsvir edib müəyyənləşdirərkən də “sevmək” olqusunu təsəvvüfi çərçivədə qələmə alır:

                                          Sevmək,
                                          Bilgide keşfederek yarınları
                                          Geleceyin tahtına kurulmaktır.
                                          Sevmek,
                                          Sarılmak özgürlüye Allah`ına kadar
                                          Sonsuzluğun nurunda durulmaktır.

                                           Sevmek,
                                           Yenilmeden ikilemler içinde
                                           Kavgalarda sormak ve sorulmaktır
                                           Sevmek,
                                           Bakışları öpebilmek erkekçe
                                           Ve gözlerin kara kurşunlarıyla vurulmaktır (Aras, 2000: 116). 

Təqdim edilən bu şeirin birinci hissəsində hər kəsə nəsib olmayan “bilgi”dən bəhs olunur. Bu “bilgi”yə yiyələnmək, gələcəkdə olacaqlardan xəbərdar olmaq deməkdir. Qazanılacaq “bilgi”nin əslində sakral bir mahiyyəti vardır ki, bu da Allah tərəfindən insana verilən qut ilə izah oluna bilər. Yəni Allah’ın bəxş etdiyi belə bir qutla (yaşam cövhəri) ödülləndirilən insan artıq bütün günahlardan da arınıbdır deməkdir.

Yuxarıdakı şeir örnəklərinin ikinci qismində anlatılmaq istənən fikir isə belə açıqlana bilər: Sevə bilməklə insanın mənəvi dünyasındakı bütün naqis cəhətlər də məhv olur. İnsan sevə bilmək istedadı sayəsində yaşayır (“sorur”) və yaşadır (“sorulur”). Sevilən aşiq ilə məşuq da sevə bildikləri üçün birbirlərinin baxışlarını da “öpə” bilir və hətta bu baxışların “qara qurşunları”na da hədəf olurlar. 

Son söz yerinə qeyd edirəm ki, Orhan Aras nəsrinin mayasında olan düşündürücülük və insan faktoru, bu nəsri həm gündəmdə tutmaqda, həm də oxunaqlı etməkdədir. Poeziyası isə yenə də insanı arayan, onun dühasına güvənən və sıradan olan hər bir oxucu üçün hüzur verən bir mahiyyətdədir. Və sanki “İnsan yer üzünün əşrəfidir” deyimi Orhan Aras nəsrindən və poeziyasından qırmızı xətt kimi keçir. 

Rovshan ALİZADE

Qaynaqlar

Bahtiyar Vahabzadə, Vatan Millət Anadil, Atatürk Kültür Merkezi Başkanlığı yayınları, Ankara, 1999.
Orhan Aras, Aşklar Daha Ölmedi, İstanbul, 2000.
Orhan Aras, Kaşgar`dan Berlin`e Portreler ve Kitaplar, Berikan Yayınevi, Ankara, 2013.
Orhan Aras, Ah Türkiye Ah, edition winterwork, Almanya, 2016.

Dipnot

[1] Sovyet dönəmində pambıq tarlalarına sovet uçaqları tərəfindən səpilən zəhərli maddə.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: KOPYALANAMAZ!.. Dibace.Net yayınlanan tüm fikir ve yazıları korumaktadır! Lütfen site editörüne başvurunuz...