Təbrizim

Gecənin bir aləmi
yuxudan ayılmıştək
Bu günümdən ayılıb
Sənə gəlirəm.
Əsrlərin ayrılığından sonra
Qucaqlaşan iki can tək,
Sığınıb sənə
Tək doğmam səni bilirəm.
Həsrət məndə göz yaşı da qoymadı
Gözümdə yaş olmadan,
hönkürürəm için-için
Sənin üçün Təbrizim…
Sən-babamın nağıllı xatirələrinin məkanı,
Uca dağa çıxanda sənə tərəf zillənən baxışı.
Əllərini qanadan sərhəd tikanı kimi acı intizar.
Nənəmin xalçasındakı əlvan Təbriz naxışı…
Sən-bir tələbə qızın Təbriz aşıqlarının sazında axtarışı,
Sənə yolu düşənlərdən bir ovuc torpaq yalvarışı…
Oradakı Günəşlə eynidirmi, görəsən,Sumqayıtın Günəşi?!
Bəs ulduzları necə?!
Sualla bitir gecə…
Yenə açılır səhər,
Günəşlə gəlir kədər:
Təbriz yuxuya dönür,
Şuşa arzuya dönür
Yuxuya “bax sevgilim”
“Arzuya bax sevgilim
Tellərindən incəmi”
Xəzər bizdən nə deyir?
Müşfiq, ürəyincəmi?!

Aygün YAŞAR

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir