Aygün Həsənoğlu imzası ilə 1990-cı illərdən tanışam. Azərbaycanda Qarabağ iğtişaşları başlayaraq 20 yanvar qətliamı, Xocalı soyqırımı, torpaqlarımızın işğalı ilə nəticələnmişdi Aygün xanım çox məşhur yazıçılardan fərqli olaraq müharibənin içində müharibədən yazmış, əsl Azərbaycan ziyalısı, yazarı kimi qələmini süngüyə çevirmişdi. Onun yaradıcılığı hansı janırda və kimlər üçün yazılmasından asılı olmayaraq bir missiyanı yerinə yetirirdi- Sözün həqiqi mənasında xalqına və insanlığa xidmət etmək!
Oxucularının orta, gənc və ya uşaq yaşlarında olmasına baxmayaraq, A.Həsənoğlu yaradıcılığındakı ideyanın bədii xüsusiyyətlərindən bəhrələnərək mənəvi qida əldə edir, dünyanın dərkinin həllinə doğru istiqamətlənirilirlər.
Aygün xanımın yaradıcılığından ümumi bəhs açmaq istəmirəm, çünkü qarşımda bu yaxınlarda çap olunmuş 168 səhifəlik “Ceyhunun zaman maşını”(uşaqlar üçün nəzərdə tutulan) qiymətli bir romanı var.
Romanın qəhramanı 10 yaşlarında olan Cehun olmasına baxmayaraq, onu əsər boyu izləyən, formalaşması üçün roman boyu istiqamətləndirən, bəzən görünməsə də əslində hadisələrə bəzən açıq, bəzən də görünmədən hərtəfli müdaxilə edən ana obrazıdır. Əsərdə hansı tərəfdən baxsaq, ananın izini müşahidə etmək olur. Ana obrazının xarakterik xüsusiyyətləri romanın sonunda uşaqlarımıza və oxucuya daha tam şəkildə aydın olur. Ona görə də gəlin ilk olaraq Ceyhun obrazı üzərində dayanaq. Müəllif əslində Ceyhunun ağıllı bir uşaq olduğunu elə əsərin ilk cümlələrindən verir. Ceyhun “zaman maşını” düzəldir və dostlarına təqdim edir. Elə buradan biz onun tənbəl deyil, sadəcə olaraq, hələ məktəbin, elmin vacibliyini dərk edə bilmədiyini görürük. O, ağıllıdır, lakin düzgün düşünə və nəticə çıxara bilmir. Ceyhunun düzgün düşünə və dərk edə bilməsi üçün təcrübə keçməsi, həyatı dərindən dərk etməsi lazımdır. Müəllif Ceyhunu ilk öncə bacarıqlı bir uşaq kimi təqdim etməsi və sonradan onun oxumaq və məktəb haqqında düzgün düşünə bilməməsini əsas götürərək ona həqiqətləri-məktəbin və oxumağın nə demək olduğunu, gələcəyimizin yalnız bilik üzərində qurulduğunu göstərir. Ceyhun elə dünya arzulayır ki, orada məktəb, oxumaq olmasın, elə bir ailə istəyir ki, ona qarışan olmasın, ona məktəbə getməyi məcbur etməsin. Çünki Ceyhunun fikrinə görə, məktəb darıxdırıcıdır, yorucudur, uşaqları həddindən artıq tapşırıqlarla yükləyir. Buna görə də məktəbə getməmək üçün bəhanə axtarır. “Xəstəyəm” deməklə anasını həyəcanlandırır. Ana əvvəlcə həyəcanla təbii bitkilərdən çay dəmləyərək oğluna içirir. Lakin tezliklə başa düşür ki, Ceyhun özünü xəstəliyə vurub dərsdən yayınmağa çalışır. Ana gənc olmasına baxmayaraq, təcrübəli və savadlıdır. Tariximiz böyu bizə düzgün tərbiyə vermiş və istiqamətləndirmiş nənələrin, anaların müasir dövrdəki timsalıdır. O, Ceyhunu həyatı dərk etməsi üçün sınaqlardan çıxarmaq qərarına gəlir. Əvvəlcə onu üstünü bərk-bərk örtməklə, bir-birinin arxasınca yemək və bitki çayları gətirməklə ilə bezdirir. Elə şərait yaradır ki, Ceyhun özü yalan danışdığını etiraf edir. Ana ona valideynlərinə yalan danışmağın doğru olmadığını başa salır. Ceyhun isə hələ də məktəbdən yayınmaq fikrindən əl çəkməmişdir. Hətta məktəbə getməmək üçün meşədə də yaşamağa hazırdır. Ana onun xəyal dünyasına baş vurur, oğluna özünü meşədə təsəvvür etməyi təklif edir. Bununla həm uşağın fantaziya qabiliyyətini inkişaf etdirir, həm də nəsihət vermədən ona düzgün qərar çıxarmaqda kömək edir.
Bu müəllifin özünün də iştirak etdiyi bir bölümdür. Bu bölümdə hadisələrə müdaxilə edən müəllif öz oxucularına xəyal qurmaq, təsəvvür haqqında gözəl bilgilər verir. Ümumiyyətlə müəllifin üç hissədə də hadisələrə müdaxiləsi və oxucuya nəsihət vermədən verdiyi məlumatlar və fikirlər həm də zəngin və vacib amillərdir. Buraya dürüstlüyün, düz danışmağın doğru olması ilə yanaşı düzgün davranış qaydaları- təmizlik, kimsənin yanında kiməsə xoş olmayan sözlər demək, kiminsə yanında nədənsə iyrəndiyini göstərmək, qəlb qırmaq, qız uşaqlarına qayğı və sevgi, onları qorumaq, köməyə ehtiyacı olanlara kömək göstərmək, tarixi abidələri korlamamaq və. s. hallara münasibət əsərin təsir gücünü artırır və tərbiyəvi xarakter daşıyır. Bütün bunlar nəsihət verməklə deyil, göstərməklə edilir. Ceyhun bütün hadisələrin içərisindən keçirilərək qərar qəbul etmək səviyyəsinə gətirilir.
Əsərdə ailəni ana təmsil edir. Ceyhun atası ilə olan söhbətini də xatırlayır. Müəllif burada uşağına bilik verməyə çalışan ata-ana obrazlarını yaratmışdır. Hər zaman Ceyhunun axtardığı suala cavab verən bir valideyni var. Amma Ceyhun bu ailədə zorla yönəldilmir, sərbəst fikirli böyüdülür. Ana məsləhət verir, amma məcbur etmir. Hadisələrin sürətlənməsinə ananın oğluna verdiyi dəyərli və vacib olan məsləhətlər, oxumaq haqqında fikirlərinə əvvəlcə təsir göstərə bilmir. Ana oğlunu xəyalən küçəyə göndərir. O, küçədə oxumaq bilməyən nənə ilə qarşılaşır. Nənə Ceyhundan dükanın qapısı üzərində asılmış yazını oxumasını istəyir. Ceyhun oxuya bilmədiyini deyir. Nənə gülərək onu qınayır. Ceyhun sıxılmaq əvəzinə ”Onda dükanda satıcı işləyərəm” -deyə münasibət bildirir. Bu dəfə isə hesabı bilmədiyi üçün onu aldadır və dükandakı ərzaqları daşıyıb bitirirlər. Bir sözlə, Ceyhun axtarışdadır. Kor-koranə heç nəyi qəbul etmir. Bu dəfə ana ona meşə həyatını təsəvvür etməyi təklif edir. Meşədə yatmaq üçün yer tapmayan Ceyhun otların üzərində uzanaraq yatmaq istəyir. Lakin bu mümkün olmur. Əvvəl onun yatağından dovşan çıxır və onu əzdiyi üçün qınayır. Müəllif burada təbiət, heyvanlar haqqında dolğun məlumatlar verir. Bununla da romanın məlumatlandırıcı gücünü artırır. Yazıçı, Ceyhunun dovşandan yerini uçurtduğu üçün üzr istədiyini diqqətə çatdıranda üzr istəməyin müsbət tərəflərinə aydınlıq gətirir. Daha sonra Ceyhunun yanlışlıqla kirpinin üzərində oturmağa hazırlaşması səhnəsi də maraqlı və gülməli olması ilə birlikdə, həm uşaqlar üçün, həm də heyvanlar üçün təhlükəli olması ilə yadda qalır. Kirpinin tikanları batanda Ceyhun həm qorxur, həm də ağrıyır. Kipinin Ceyhunun qışqırmasına münasibəti də maraqlıdır: “…Özü oturur, özü də qışqıqırır… Evimi niyə dağıdırsan? Elə bilirsən biz də sizin kimi evi təmir etməyə usta çağırırıq?” Burada uşaqların meşədə diqqətli və bacarıqlı olması ideyası ilə birlikdə başqalarının hüquqlarına və zəhmətinə hörmət hissi müəllif tərəfindən oxucuya ötürülür. Meşədə rastlaşdıqları heyvanların üçü də ona “Məktəbinə get!” deyirlər. Buradan məlum olur ki, əslində bu sözlər Ceyhunun öz şüuraltının ifadəsidir. Demək əslində Ceyhun özü səhvini anlayır, amma qəbul etmək istəmir. Bunun üçün ona sınaqlardan keçirəcək daha ciddi bir təcrübə lazımdır.
Müəllif bu təcrübələri daha da genişləndirir və Ceyhunun hazırladığı cihazla ilk öncə onu keçmişə göndərir. Keçmişə gedən Ceyhun oradakı sultan və şahların övladlarının da xüsusi təhsil alaraq bir çox fənləri oxuyub bilik qazandıqlarının şahidi olur və “Bura mənlik deyil, mən səhv gəlmişəm”-deyərək bu dəfə gələcəyə getmək istəyir. Gələcəyə getmək üçünsə daha çox savadlı olmaq lazım olduğunu robotun onu imtahan etməsindən və “Sən bu biliklə gələcəyə gedə bilməzsən.” ifadəsindən sonra dərk edir. Onu gələcəyin qapısından qovurlar, çünki “Gələcək bilik üzərində qurulmuşdur.”
Yaşadığı hadisələr artıq ona dərindən təsir edir və həyatın oxumaq, savad almaq üzərində qurulması ideyasını verir. Ceyhunun böyüklər planetinə səfəri də maraqlı və yeniliklərlə doludur. Bu fikirlər bəlkədə bu gün bizi düşündürməli bir ideyadır. Böyüklər planetində bütün uşaqlar həyatlarını özləri qazanırlar. Onlar öz işlərini özləri görür, yemək hazırlayır, qab yuyur və yataqlarını özləri hazırlayır, bir az böyüyəndə evlərini özləri tikirlər. Ceyhun eşitdiklərinə təccüblənir. Böyük adamlar dioloqu bu baxımdan çox maraqlı və təsirlidir; “-Amma uşaqlar hər şeyi bacara bilməz ki!-Ceyhun inana bilmirdi.” Və yaxud, “Uşaqların boyu balacadır axı! Yeməyi necə bişirəcək? Boyu qaz sobasına çatmaz ki!”
Böyük adam başını silkələyərək soruşdu:-Uşaqlar pəncərəyə necə dırmaşırlar? Dolablardakı şokalatları necə alırlar? Şifonerin başına necə çıxırlar? Stulu, kətili ürüyə-sürüyə gətirib üstünə çıxmırlar?-sonra ciddiləşdi:-Onları edə bilirlərsə, işləri də görə bilərlər”.
Əslində türk ailələrində, xüsusilə də Azərbaycan ailələrində uşaqlara sərbəstlik verməmək, onlara inanmamaq, yüngül də olsa bir iş tapşırmamaq uşaqların özgüvən hisslərinə mənfi təsir edir ki, əsərdə bir oxucu olaraq bu münasibətddən yararlanmağı təcrübə etmək məqsədyönlüdür deyə bilərik. Böyüklər planetində yalnız iməkləyənlər uşaq hesab edilir, ayaqların üstündə durub “Mən böyümüşəm, istədiyimi etmək istəyirəm” dediyi andan sərbəst buraxılır. Bundan sonra öz ehtiyaclarını özü təmin etməlidir. Yeməyini özü bişirəcək, hətta bəzən yeməyə süngər və ya dəsmalı salsalar da. Evini də özü tikməlidir, hətta pis tiksə də. Çünki, müstəqillik istəyib. Ailənin, valideynlərin uşaqların Uşaqların çox ağır işlər görməsini balaca qəhrəmanımız qəbul edə bilmir və eləsə məktəbdə oxumağı daha asan iş bilərək geri dönür.
Digər səfər “Tənha qızın planeti adlanır”. Bu planetdə yalnız bir qız yaşayır. Qız da bir müddət əvvəl ailəsini tərk edərək bu planetə gəlib. Burada ondan başqa kimsə yoxdur. Gəlin görək tənha qızcığaz xoşbəxdirmi? Əlbəttə, yox. Çaydan su içir, ağac yarpaqları, meşə meyvələri ilə qidalanır. Bütün günü tək oynayır. Ceyhunu görəndə keçirdiyi hisslər yaşananların real göstəricisidir. Qız sualı suala calayır, cavab almadan danışır və Ceyhunun iradına məhəl qoymadan susmaq bilmir. Müəllifin müşahidələri real və təsirlidir. Onları dialoqundan artıq Ceyhunun bu səyahətlərdə böyüdüyü, təcrübə qazandığı və inkişaf etdiyi bəlli olur. Tənha qıza “Niyə evdən qaçdın ki?”-deyə soruşması Ceyhunun özünü belə silkələyib, düşündürür. Sonra məlum olur ki, bu kiçik qız da məktəbə getməmək üzündən evindən qaçmışdır. Bu hissənin sonunda Ceyhunun evinə dönmək istəməsi və tənha qızı da evinə dönməyi məsləhət bilməsi maraqlı olduğu qədər də əhəmiyyətlidir. Müəllif baş qəhrəmanın dilindən balaca oxucularını ailədən qaçmamağa, ailəsiz, dostsuz yaşamağın mümkünsüz olduğuna inandırmağa çağırır. Onun qızlara münasibətin də müəllif uşaqlara təqdim edərək onları da başqa uşaqlara qayğı ilə yanaşmağı öyrədir. O qızın uçan gəmi ilə gedəcəyini öyrənsə də, əvvəl onun yola çıxmasını gözləyir, o, uçan gəmini işə salanda rahatlıqla özü də ailəsinə dönür.
Əsərdə ən təsirli və düşündürücü və valideyinlə övlad münasibətlərin son dərəcə real şəkildə əksi etdirilən bölmə “Uşaqların planeti” adlandırılmışdır. İlk baxışdan uşaqların gülüşünü, şən nəğmələrin eşidən Ceyhun bir neçə dəqiqədən sonra təəccübdən mat qalır. Hər tərəf çirkab içindədir. Uşaqlar palçığa girib necə gəldi əylənirlər, onların ağızlarına palçıq girəndə isə boğulub haldan düşürlər. Çimməyən, əyinlərini dəyişməyən kiçik yaşlı uşaqlar bit-birə içərisindədirlər. Durmadan qaşınıır, ətrafa pis qoxular yayırlar. Zibillik içində oynayırlar. Onları ən böyüyü 15 yaşındadır və həkimdir. Öz istədiyini etmiş uşaqlar ya yaralanıb, ya xəstələniblər. Xəstə uşaqlar xəstəxanada ağlayır, kömək istəyirlər. Bu səhnəni görən Ceyhun sarsılır, kimsəsiz uşaqlara yardım etmək üçün çırpınır. “Uşaqlar planeti” onun həyata baxışına, valideyinə münasibətinə ciddi təsir göstərir, valdeyn nəzarətinin nə qədər vacib olduğunu, ailənin nə qədər dəyərli olduğunu başa salır. Ceyhun məhz buna görə vəziyyəti dəyişməyə çalışır. Çünki özü həqiqəti dərk etməyə başlamışdır, buna görə də problemi həll etmək istəyir. Məhz Ceyhunun səyi nəticəsində bu uşaqlar savad verib, tərbiyələndirmək üçün məktəbin və oxumağın vacibliyin daha çox dərk edir. Həkimlə dialoqu ona uşaqlar və onların ailəsi üçün bilgilər verir. “Burada qayda belədir, hərə istədiyin edir” kimi ifadələr sanki balaca qəhrəmanımızı yuxudan ayıldır. O artıq özü və ailəsi haqqında deyil, səfil həyat yaşayan uşaqları və valideyinlərini düşünür. Başına bit düşən bir uşaqla söhbəti isə bir valideyin sevgisini sonradan açıqlanan məqamlarını üstüörtülü mesajını verir ki, biz sonradan “Hərdən isti yağış yağır, biz o yağışda yaxşıca yuyunuruq”-ifadəsinin nə məsələ olduğunu ağrı ilə duyur və yaşayırıq. Bu hissədə Ceyhun bu kimsəsiz uşaqları valideyinlərinə təhvil vermək haqqında yollar axtarır və bu yolu ona həkim uşaq göstərir. İki planeti birləşdirən ulduz körpüsü vardır və bu körpüdən məhz uşaqlar keçə bilər. Deməli qərarı uşaqlar verməlidir. Bu məqam maraqlı tapıntıdır. Ceyhun bu körpüdən keçərək o dağın ətəklərinə getmək üçün mübarizə aparır və “Atılmış ata və ana planeti”nə gedib çatır. Adından da göründüyü kimi bu ad ağır və təsirlidir. Müəllif uşaqların simasında sanki gənclərə də bir mesaj verir. Bu mesaj ata ana-atalar üçün verilsə də burada valideyinlərə də vacib bir mesaj çatdırır. Bütün valideyinlər onun başına yığışırlar, hər bir valideyinin övladına olan sevgisini canlı görmək olur. Amma bu insanlarda bir valideyin olaraq çox şeyi doğru anlaya bilmirlər. Ceyhun onlara “Siz uşaq olmusunuz, amma onar hələ böyüməyib, siz onları başa düşməlisiniz”- ifadəsi ilə əsərdə balaca qəhrəmanımızın həyat təcrübəsindən üzüağ çıxdığını təqdim edir. Əvvəlkl hissədə uşaqların isti yağış suyu ilə çimib yuyunmaları məsələsi bu hissədə aydınlaşır. Məlum olur ki, uşaqların yuyunduğu su valideyinlərin birlikədə axıtdıqları göz yaşı imiş, onlar uca bir yerə yığışıb hamılıqla göz yaşı axıdıb ağlayırmışlar ki, uşaqlar o suda yuyuna bilsinlər və bir də gücləri yuxarıdan atdıqları dərmanlara çatırmış ki, uşaqlarda bu dərmanlardan necə gəldi istifadə edirmişlər. Müəllif bu hissədə valideyin və övlad münasibətlərini açır və özünəməxsus şəkildə kiçik yaşlı uşaqlara təqdim edir. Onların valideyin sözünə və fikrinə ehtiyacları olduğunu canlı şəkildə əks etdrir. Ceyhun ağlı və az da olsa məktəbdə qazandığı yazı yazmaq bacarığı ilə valideynlərə kömək edir. Valideynlərin əvəzindən uşaqlar planetinə saysız məktublar yazıb atır. Bu məktubda valideyinlərin uşaqlarına olan sevgisi, onları görmək istəyi əks edilir. Özü uşaq olduğu üçün uşaqların necə düşündüyünü bilir. Buna görə də məktubları oxuyan uşaqlar başda on beş yaşlı həkim olmaqla “Atılmışlar planet”nə dönürlər. Müəllif bu səhnədə ailədə uşaqlarla arasında qopmuş bağların səbəbini və onların yenidən qurulmasının yollarını göstərir. Sadəcə bəzən nə zamansa özünün da uşaq duyğularını xatırlamaq, uşaq kimi düşünmək, uşaq kimi sevmək lazımdır. Uşaqlar planeti ilə atılmış ata analar planeti arasındakı ulduz körpüsü də ona görə incədir, nazikdir, ehtiyatsız hərəkətdən qırıla, tamamilə qopa bilər. Amma o, ümiddir. Bu ümid körpüsünü isə yalnız “uşaq sevgisi ilə sevməklə” möhkəmləndirmək mümkündür. Balaca bir uşaq qopmuş ailəni, uzaqlaşmış ata-ana ilə uşaqları və planetləri bir-birinə birləşdirir. Bununla da nəinki hər bir insanın, hətta bir balaca uşağın da böyük problemləri həll edə biləcək bir gücdə olduğu göstəririlir.
Ceyhunun səyahətləri əslində onun ailəsinə və məktəbinə gedən yoldur. Lakin o, bu yolu həqiqətləri dərk edərək qət edə bilir. Bu yolda da onun köməyinə əvvəlcədən aldığı biliklər çatır. Yəni, romanda quru nəsihət yoxdur, bədii obraza da, oxuyucuya da göstərilən həqiqətlər var. Hər seçimin müsbət və mənfi tərəfləri göstərilir, nəticə çıxarmaq isə qəhrəmana və oxucya buraxılır. Müəllif bəzi məqamlarda romandan kənara çıxaraq elə nöqtələrə toxunur ki, bu da uşaqların mənəvi tərbiyəsinə xüsusi təsir edir. Məsələn, sərt ifadə işlətdiyi üçün üzr istəyən yazıçı tarixi abidəmiz olan İçərişəhərin divarlarının yaramazlar tərəfindən cızılaraq yazdığı üçün əsəbləşdiyini bildirir. Bu da tarixi abidələrə qarşı uşaqlarda diqqət və məsuliyyət hissinin formalaşmasına xidmət edir. Müəllif əslində roman boyu bu cür tərbiyə xəttini bəzən açıq, bəzən də hadisələrin içində aparır.
Əsərin sonunda qəhrəmanın öz planetinə qayıtması ilə bir məsələyə də aydınlıq gəlir. Ona yol göstərən yad planetli Ceyhunun anasıdır. Ananın övladına məktəbi və oxumağı sevdirmək üçün çox ideal bir plan hazırlamasının özü də bir qiymətli tapıntıdır. Əsərin valideyin və övlad xoşbəxtliyi ilə sonlanması böyük əhəmiyyətə malikdir. Valideyn bu xoşbəxt duyğunu uşağa hazır vermir, onu macəralardan keçirərək yola gətirir. Ailə ilə məktəbin vahid planda götürülməsi və bədii obrazın bütün macəralardan keçərək, inkişaf edərək ailə və məktəbin əhəmiyyətini başa düşməsi təqdirəlayiqdir. Ceyhun sona qədər getdiyi yolda valideynlərlə uşaqlar arasında bir birləşdirici obraza çevrildiyi kimi, həm də məktəblə uşaqlar arasındakı yolun yolçusuna çevrilir. Bu yolu əks etdirən əsər məlumatlandırır, səyahətə çıxarır, güldürür, həyəcanlandırır, kədərləndirir, hadisələrlə inkişaf edərək ən yüksək nöqtəsində ailənin, biliyin, məktəbin rolunu göstərir, obrazı da, oxucunu da buna inandırır. Bu mənada “Ceyhunun zaman maşını” romanı uşaqlarımızı təhsilə, əməyə, dostluq və bərabərliyə çağıran dəyərli bir xəzinədir.
Bu roman, həm də teatr və kino üçün son dərəcə lazımlı bir materialdır. Əsərdəki dramatizm və obrazların inkişafı imkan verir ki, onun əsasında tamaşa hazırlansın, kino çəkilsin. Müasir uşağı məlumatlandıran, elmə, biliyə, məktəbə səsləyən, onlara ailənin dəyərini başa salan bu əsərin teatr və ya ekran variantına da uşaqlarımız maraqla tamaşa edəcəklər.
Mərziyyə Nəcəfova
Son Yorumlar