İnsanın, cəmiyyətin hisslərini, emosiyalarını, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənəti olan ədəbiyyat, dahi argentinalı yazıçı, şair, esseist X.L.Borxese görə, “İdarəolunan yuxu”, eynilə Borxes kimi, yazıçı, şair və esseist Kənan Hacı üçün “ən böyük təsəllidir”. Əslində, “idarəolunan yuxu” olan ədəbiyyat yalnız Kənan Hacı üçün deyil, bəzi hallarda oxucu üçün də təsəllidir. Hətta təsəlli duyğusu Antik dövrlərdə Consolatio (latınca tərcümədən “təsəlli”, “rahatlama”, “dincəlmə”) adlanan ədəbiyyat janrına çevrilmişdir. Bütövlükdə, Consolatio termini Roma mədəniyyətində sosial və emosional dəstəyi simvolizə etmiş, antik Roma dövründə insanların bir-birinə ruh yüksəkliyi vermək məqsədi ilə bu sözdən istifadə olunmuşdur.
Dayaq nöqtəsi fəlsəfə olan bu ədəbi janrın nümunələrinin mətnləri Platonizm və Stoisizm (Stoyaçılıq) məktəblərinə söykənir. Aristotel etikası və stoik ənənə fəzilət etikasının əsas qurucu yanaşmalarından birini təşkil edir. Stoiklər xüsusilə, insanlar üçün “fəzilətin yeganə xeyir” olduğunu və sağlamlıq, zənginlik və zövq kimi xarici şeylərin özlüyündə yaxşı və ya pis olmadığını (adiafora) öyrətməklə tanınırlar. Sokrata görə, “Fəzilət ruhun gözəlliyidir”, tələbəsi Platona görə, “Fəzilət naminə edilən hər şey gözəldir”. Deməli, fəzilət ruhun gözəlliyi, fəzilət sahibləri isə bu gözəlliyə xidmət edən müdriklərdir. Filosofların müstəvisindən yanaşanda, bir çox stoikin, eyni zamanda Seneka və Epiktetin vurğuladığı “xoşbəxtlik üçün fəzilətin kifayət” olduğu, “bir müdrikin bədbəxtliyə emosional olaraq dözümlü olmalıdır”, – fikri ilə razılaşmamaq mümkün deyil. Qədim Roma ədəbiyyatında bu janra aid edilən ən qədim nümunələri natiq, filosof, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi, Mark Tulli Siseron və stoik-filosof, şair, yazar, dövlət xadimi Lui Annes Seneka qələmə almışdır. Nə yaxşı ki qələmə almışlar. Nə yaxşı ki, filosoflar ədəbiyyata təsəlli missiyasını yükləmişlər. Çünki insanların hər zaman duyğuya, təsəlliyə ehtiyacı var, nə yaxşı ki ədəbiyyat insan üçün təsəlli rolunu üstlənə bilmişdir. Yazıçı üçün təsəlli olan ədəbiyyat, oxucu üçün də çətin dövrlərdə sevdiyi bir kitabı oxumaq təsəlli mənbəyi ola bilər və ya olmuşdur. Xeyir və şər üzərində bərqərar olan həyat dediyimiz şeyin sanki ortasından şaquli bir xəttlə bölünmüşdür. “Olar”lar və “olmazlar”. Mümkünlər və mümkünsüzlüklər. Bu qədər “olar olmazların” çarpışmasında, yasaqların olduğu bir həyatda insanın ən azad olduğu, duyğularını sözə çevirdiyi, yaşaya bilmədiklərini yaşadığı, deyə bilmədiklərini ifadə edə bildiyi yer ədəbiyyatdır. Ədəbiyyatı həyata alternativ bir dünya olaraq sevən Kənan Hacı “Ədəbiyyat adlı vətənin ən azad vətəndaşıdır”. Yazıda Kənan Hacının poeziya nümunlərin üzərində durmağa çalışacam, amma hələ ki, ora doğru yol gəlirəm. Yazıçı, şair, esseist Kənan Hacının duyğu və düşüncələrinin fəlsəfi yönünü və Kənanın özünü tanımağa çalışıram. Bu zaman əsərlərindən, daha çox şeirlərindən tanıdığım Kənan Hacını daha yaxından tanımaq üçün verdiyi müsahibələri oxuyuram. Jurnalistlərin ona ünvanladığı suallara verdiyi cavablarından yazıçının düşüncələrini, dünyagörüşünün, həyat və ədəbyyat haqqındakı düşüncələrini öyrənirəm. Ağıllı, məntiqli, ciddi, təvazökar və s. Qeyd edim ki, yazıçı Kənan Hacı, müsahibələrində nə qədər təvazökar olsa da, ədəbiyyatda bir o qədər iddialı, ötkəm, özünü, yazdığını və necə yazdığını bilən yazıçılardandır. Hətta yetərincə iddialı yazıçıdır və düşünürəm ki, buna haqqı var. Kənanda hay-küy, pafos, şüarçılıq yoxdur. O, təmkinli, sakit axan güclü çay kimidir, amma bu sakitlikdə bir əminlik, bir sanbal var. Bütövlükdə, Kənanın özünə və ədəbi aləminə induvidal yanaşması var. Məsələn, diqqətimi onun müsahibələrindən birində dediyi, ”Mən özümü oxumaq üçün yazıram”, – fikri oldu. Maraqlıdır, adətən şairlər, yazıçılar daha çox oxunmaq üçün yazırlar, Kənan isə özünü oxumaq üçün.
Yazıçının özünü oxuması təsadüfi ola bilməz, mütləq bunun səbəbləri var. Birinci etimal, yazıçının heç kimə söyləmədiklərini, etiraf etmədiklərini əsərlərinə, misralarına söyləyib rahatlıq tapması, özünü ovundurmasıdır. Şeyx Qalib yazır ki, “Durmayıb ney gibi inler gönlüm, / Sonra da kendini dinler gönlüm.” “Ney gibi inləyən gönlünün” pıçıltılarını yazanda, fərqli emosiyalara bürünən yazıçının düşüncələri, duyğuları da könlünün pıçıltılarına qarışır. Özünü oxumaq, “özünü dünləmək” Kənan üçün mənəvi ehtiyacdır. Ruhuna, könlünə sığal çəkməkdir. Özündən-özünə bir təsəlli mükafatıdır.
Digər bir ehtimal, yazdıqlarının Kənan üçün güzgü rolunu oynamasıdır. Güzgünün funksiyası da insanın özünü – özünə göstərmək deyilmi? Özünü ədəbiyyat adlı vətəndə sərbəst hiss edən Kənanın yazdıqları güzgünün göstərə bilmədikləridir, daxili dünyasındakı təlatümlərı, duyğuları, ən gizli, ən məhrəm hissləri, iç dünyasında yaşananlardır. Güzgü onun zahiri görünüşünü göstərirsə, yazdıqları daxili dünyasına, ruhuna ayna tutur. Hər yazıçı özünü oxumaq sənətini bilmir, yazıçılar adətən başqalarını oxumağa çalışır, başqalarından ilham alır. Kənan isə əsərlərinin ilk oxucusudur. Oxucu müəllif qarşılaşmasıdır. Sözsüz ki, oxucu Kənan yazıçı Kənanın əsərlərini oxuduğu zaman onların arasından dioloqlar, mübahisələr yaşanır. Sonda ilk oxucu – müəllif, yazdıqlarının oxunacağına əminlik qazanır. Və Kənan Hacının əsərləri həqiqətən də böyük oxucu kütləsi tərəfindən heyranlıqla oxunur. Bunun səbəbi yazıçının daxili dünyasına səyahət edə bilməsi, ətrafında baş verənləri müşahidə etmə qabiliyyətinin olması, gördüklərinə biganə olmaması, analiz etmə qabiliyyətinin yüksək olmasıdır.
Özünü yazmaq və oxumaq kimi, özünü bilmək də hamiya nəsib olan xoşbəxtlik deyil. Özünü bilmək, Onu bilməkdir. Onu bilmək isə özünü. Özünü bilən ədəbiyyat adamları çox zaman ədəbiyyata şeirlə qədəm qoyurlar. Kənan Hacıda şeirlə nəsr paralellik təşkil edir. “Sonuncu dərviş”, “Rəqqasə”, “Fironun dəftəri” əsərləri və “Hacı İsgəndər” tarixi romanı, “Yeraltı külək”, “Quş üçün karusel” povestlər toplusu ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən yazıçının yaratdığı – Firon, student və dərviş obrazları oxucu yaddaşında əbədilik iz salıb. Müəllif, bu obrazları oxucudan öncə özü sevib və sevə-sevə yaradıb, onlarla fikir bölüşüb, danışıb, dərdləşib, “dostlaşıb”. Müəllif söz düşəndə deyir ki, “bu obrazlar sadəcə hansısa personaj rolunda deyillər – onlar mənim dostlarımdır, əzizlərimdir, sevincimizi, kədərimizi yarıbayarı bölürük”.
Kənan Hacı nəsrdə də, poeziyada da uğurludur. Onun şeirlərini oxuyanda “ilk şeir yazıb”, – deyə düşünən oxucu, nəsr əsərlərini oxuyanda bunun əksini düşünür. Dostoyevski deyir ki, “Oxuyun, amma yaxşı kitablar oxuyun”. Kənanın bütün əsərləri, nəsr və şeir kitabları “yaxşı və oxunulacaq”, üzərində durulacaq kitablardır. Kənanın nəsr əsərləri haqqında ayrıca bəhs etməyi düşündüyümüzdən yazıda yalnız Kənanın poeziyasına, onun şeir dünyasına nəzər salmağa çalışacayıq.
Kənan poeziyasında özünü, həyat, dünya, aləm, insan haqqında düşüncələrini təqdim və “dünya harmoniyasının əks sədasını” təsvir edir. Şair bəzən bir şeiri, bəzən bir misrası ilə oxucuya özünü təqdim edir: “Bu mənəm!”
Niyə bilmirəm, özümü bildim-biləli xarakterimi payıza bənzətmişəm. Yalnız özümü deyil insanı, xüsusən də şairləri. Poeziya mətnlərində payızın bütün xüsusiyyətlərini izləmək mümkündür. Payızın günəşli günlərində anam deyərdi: “Payıza etibar yoxdur, onun gününə, günəşinə inanmayın, bir də gördünüz bir anın içində göy üzünü bülud aldı, yağış yağdı, göy ağladı”.
Bütün fəsillər gözəldir, hər fəslin öz gözəlliyi, özünəməxsusluğu var. Yaradanın şah əsəri olan təbiət başdan-başa şeirdir, harmoniyadır, şeirdir. Yazda yazılan şeirlərlə, payızda yazılan şeirlər bir-birindən fərqlənir. Qışda yağan qar, qırov bağlamış ağaclar, buz bağlamış çaylar poeziyada mövzu olursa, payızda yaranan poeziya nümunləri bir az qəmli notlar üzərində bərqərar olur. Aramsız yağan yağışlar, yarpaqlarda parlayan yağış damlaları, küləklə savaşan kiçik ağaclar, torpağa tökülən yağış damlalarından sonra ətrafa yayılan torpaq qoxusu və s. Bunları yaza-yaza ruhumda həzin, bəzən çılğın musiqi sədalarını hiss edirəm. Axı yağışın öz səsi, öz musiqisi, küləyin öz səsi, öz musiqisi, yağışın döyəclədiyi yarpaqlarla pıçıltısı, öz musiqisi, torpağa yağan nurun öz gözəlliyi var. Bu qədər gözəlliklə yanaşı, yağışlı, küləkli payızın digər bir tərəfi də var. Payızda yağışlar yağanda insanlar yağışdan, küləkdən qaçıb daldalanmaq istəyir, evlərinə tələsirlər. Parklarda, xiyabanlarda oturacaqlar boşalır, tək-tük çətirli adamlar gözə dəysə də, hamı evə tələsir, hətta süşəsilənləri durmadan çalışan maşınlar belə. Payızda dənizin sahilləri də boşalır, kimsəsizləşir.
Şairlər də payıza bənzəyirlər. Bəzən sahilləri boşalmış sahillər kimi kimsəsiz, bəzən küskün, qəmli və nəmli, bəzən də buludların arasından zorla sürüşən günəş şüaları kimidirlər. Bunu Kənana iki aspektdən aid etmək olar. Birincisi, Kənan ruh etibarı ilə payıza bənzəyir, yəni ruh adamıdır, ovqatı vaxta, ana, saata görə dəyişir. İkincisi, təklənib, qəzəblənən dənizin kimsəsizliyinə ağı deyən Kənanın poeziyasında dəniz və payız bir başqadır.
Poeziyada dəniz obrazına çox müraciət olunur, şairlər duyğularını ifadə edir. Kimi, “Mənə dəniz verin”, – deyə fəryad edir, kimi “Dənizi sevdiyinə hədiyyə edir”, kimi üçün “Dəniz yazı masasıdır” , bütövlükdə isə dəniz şairlər üçün ilham mənbəyidir. Təbii ki, dəniz ən güclü ilham mənbəyi, şairlərin seyr etməkdən doymadığı ən gözəl tablodur. Və bütün hallarda gözəldir. Amma dəniz yayda bir başqa gözəl olur. İnsanların ən arzuolunan ünvanına çevrilir. Hamı dənizə tələsir. Kimi sahilində dincəlir, kimisi də dalğalarla danışıb sevgisini pıçıldayır, kimisi də maviliyində yatıb, uyumaq istəyir, kimi də balıqqulaqlarından kainatın səsini dinləyir. Yaydan fərqli olaraq, payızda dəniz tənhalaşır. Dənizin ən qonaqlı-qaralı günlərinin yay fəsli olması, payızda dənizin tənhalaşması təbii bir haldır. Amma hər kəsə məlum olan hisslər, dənizin tənhalaşması Kənanda poetikləşir, bir başqa dona bürünür:
Payızdır, təklənib dəniz,
dalğa-dalğa qəzəbini çırpır sahilə,
harayına yetişən yox,
rəngi qaralıb hirsindən…
dəniz öz kimsəsizliyinə ağı deyir elə bil…
ulduzların yarpaq tökümü başlayıb,
adamlar dənizi atıb
payıza köçüb,
mən payıza təslim olmaq istəmirəm…
Amma payıza təslim olmaq istəməyən “lirik mən” hələ dənizli günlərində, “ağ günlərin sevdasındadır: “Hələ əlləri saçlarının ətrini unutmayıb, / hələ ağ gün sevdasında qaralır soyuq / Günəşin altda, /hələ gözləri kibrit çəkməyib qorxularına, / Günəş kölgəyə çevrilir, / kölgə ölçür sənsizliyin boyunu”, amma o, payıza təslim olmaq istəmir…
hələ əllərim saçlarının ətrini unutmayıb,
hələ ağ gün sevdasında qaralıram
bu soyuq Günəşin altda,
hələ gözlərin kibrit çəkməyib qorxularına,
Günəş kölgəyə çevrilir,
Günəş kölgəyə çevrilib, “sənsizliyin boyunu ölçür”, ”şər qarışır, dənizə axşam düşür”, amma hələ ağ gün sevdasında qaralan “lirik mən” “ağ günlərin sevdasından” sıyrılıb çıxa bilmir.
İnsan bəzən dənizin sonsuzluğuna qovuşmaq istəyir, bəzən dalğalara qoşulub uzaqlara getmək istəyir. “Lirik mən” bütün uzaqlara nifrət edir, çünki “yollar uzandıqca” o azalır, azala-azala yox olmaq onu qorxudur:
İndi nifrət edirəm
Bütün uzaqlara,
yollar uzandıqca
mən azalıram,
bir də görəcəksən,
eləcə yoxam,
yoxam, ay zalım balası…
ümid
bir gedişlik xırda pul kimidi,
uzaqlara apara bilmir adamı,
çeynənmiş saqqız kimi
dadı qaçır arzuların,
gəlmə daha,
qoy öldüyüm yerdə ölüm,
ölüm, ay zalım balası…
Düşündürücüdür, “içindəki dəyirmanda daş-daşı yeyən” “lirik mən” uzaqlara getmək istəmir, ya gedə bilmir? Sevdiyinin, “ağ günlərin sevdasından ayrıla bilməyən şair, “Vaxt kimi ömürdən keçən” sevdiyinin “əlləri ilə yolunu kəsir”, “Baxt kimi gəl”məsini istəyir:
saxlamaq olmur,
vaxt kimi keçirsən ömürdən…
əllərimin yolunu kəsir …
Vaxt kimi keçmə, Baxt kimi gəl!
“Bəxt kimi gəl”məsi arzulanan sevgi, bəzən “əsgərin əynində mülki paltar kimidir”. “Ömürdən keçib gedənlərə” sədaqətli, ümidli olsa da, şair həyatdan, həyatından razı deyil. Ayrılığın atəşində qovrulan “lirik mən” hər şeyi; “saatın neçə olduğunu”, sonra ayın tarixini, sonra ayı, sonra ili, sonra saymağı” unutmaq istəyir:
Əvvəl saatın neçə olduğunu unudasan,
sonra ayın tarixini,
sonra ayı, ili,
sonra saymağı unudasan,
onda yaşın da hesabını itirəcəksən,
kəsirləri unudasan.
Tut ağacı səhərəcən kölgəsini axtardığı kimi, ayrılığın atəşində qovrulan “lirik mən” onu unutmaq üçün hər şeyi, ayı, ayın tarixini, ili, saymağı unutmaq istəyir. Düşünür ki, “unudunca yaşın da hesabını itirəcək, kəsirləri də unudacaq; “odu unutsa, yandırmayacaq ayrılığın atəşi.” Bu o qədər də asan deyil. Kənanın təbirincə desək, yaddaşa, “Hard disk”ə yazılan xatirələri unutmaq mümkün deyil.
Adətən, dənizin gözəlliyinə tamaşa edənlər dənizin ən gözəl bəzəyi olan qağayıları seyr edir, onları yemləyir. Lakin “lirik mən” içindən gələn bir səslə “Sahildə qağayıların sağlığına içib, özünü qağayılara yem etmək keçir; içindən bir səs deyir: “Nə qədər gec deyil bitir bu işi, yoxsa bunu sənin əvəzinə zaman edəcək…”
kəsilməz onda sevgin,
suyu yadırğaya dilin-dodağın,
odu unutsan, yandırmaz səni
ayrılığın atəşi,
sahildə qağayıların sağlığına içib keflənəsən
və özünü qağayılara yem edəsən…
nə qədər gec deyil bitir bu işi,
yoxsa bunu sənin əvəzinə
zaman edəcək…
“Lirik mən” özünü qağayılara yem etmək istəyir. Nədən? Nədən şair qağayılara yem olmaq istəsin ki? Bu ona verilən ömrün sonu demək deyilmi? Bəlkə də dənizin romantikasından vəcdə gələn “lirik mən”in bir anlık düşüncəsi, ruh halıdır bu? Gəlişimiz kimi, gedişimiz də bizim hökmümüzdə deyil. “Gələn qalmaz, gedən gəlməz, əcəb sirr”, – sözləri fəlsəfi mahiyyətdə “həyat nədir”, – sualının cavabıdır.
Bir tərəfdən özünü qağayılara yem etmək istəyən “lirik mən” üçün həyat mənasız və dözülməzdir. Digər tərəfdən, hər şeyə rəğmən həyatını axtarır. Bunu onun yerinə bəzən obrazları edir. Məsələn, “Dəli küləyin cilovunu yığan ayın gümüşü əlləri” / Səhərəcən kölgəsini axtaran Tut ağacı və s. “Ayın gümüş əlləri” də, “səhərəcən kölgəsini axtaran Tut ağacı” da “lirik mən”in həyatı, bəlkə də həyatını axtarmasıdır.
Bu dəfə də diqqətimi çəkən Tut ağacının özünü deyil, kölgəsini axtarması olur. Tut ağacı nədən kölgəsini axtarır? Nədir bunun hikməti? Bəlkə kölgəsi Tut ağacına ən yaxın olduğu üçün axtarır. Bəlkə də kölgəsi ilə dərdləşmək üçün. İnsana ən yaxın onun kölgəsidir. Bir mahnının sözlərində deyildiyi kimi: “Kölgəm qədər yaxınsan, ancaq tuta bilmirəm, “Unut” demək asandır, ancaq unuda bilmirəm”.
Kölgə[1] obrazı əslində, poeziyada sıx rast gəlinən obrazdır. Dilimizdə kölgə haqqında qəlibləşmiş fikirlər var, “kölgə olma, özün ol” və ya “kölgəli ol”. “Kölgə olma” mənfi, “kölgəli ol” müsbət məna ifadə edir. Kölgə olmaq, kiminsə, hansısa bir işin həyata keçməsinə əngəl anlamında, “kölgə ol” isə əksinə, o işin müsbət mənada həll olunması anlamında işlənir. Bəzən də kölgə insan həyatının qaranlıq tərəfi ilə eyniləşdirilir. Bunu poeziya nümunələrində də izləmək olar: “Əllərim yetmədi, qoy heç olmasa, / Kölgəm qucaqlasın doyunca səni.” (X.Adıgözəl), “Gündüzlər hansı küçələrdə rəqs edir kölgən gecələr hansı otaqlarda gizlənir? (A.Ulucay), “Tanrı kölgəsidi, bəlkə də kölgən, ölüncə üstümdən çəkilən deyil” (R.Rövşən), “Günəşin önünü kəsib hasarlar, /Ana yurdumuzda kölgə çoxalıb…
(Rafiq Yusifoğlu), “Tut ağacı səhərəcən kölgəsini axtarır” (K.Hacı).
Çox zaman şairlər təklənir, lap payızdakı dəniz kimi. Bu təklikdə içindəki işığı yeyib qurtarır. Amma hər halında, təklənəndə də, ayrılıq sevdasının atəşində qovrulanda da, içindəki işığı yeyib qurtaranda da “lirik mən” xoşbəxt payızlı günlərindədir. Yaddaşında yaşatdığı xoşbəxt anlarındadır. “Gözlərində ona işıq gətirən sonuncu payızda”, “Taleyin o üzündəki axşamda”, /” Taleyin o üzündəki dənizdədir”
İçimdəki işığı da yeyib qurtardım o axşam,
Qartımış ümidi dişim kəsmədi,
Qəfildən sən gəldin,
Gözlərində işıq gətirdin,
Sonuncu payızda
Ürəyim yarpağını tökəndə
Yarpaqlardan bir ev tikdin,
Hər axşam işıq daşıdın o evə,
Ürəyimin qapısını
Təbəssümünlə döydün hər axşam.
Taleyin o üzündə bir dəniz var,
Dibinə tökülür balıqları…
Amma “lirik mən” hər axşam komasına o dənizdən, “Gözlərində ona işıq gətirən sonuncu payızdan”, “Taleyin o üzündəki axşamdan, / ”Taleyin o üzündəki dənizdən” “Taleyin bu üzünə” əliboş qayıdır:
Komasına hər axşam
əliboş qayıdan balıqçı kimi qayıdıram o dənizdən…
Taleyin bu üzündə bir nağıl var,
Belə başlar:
Biri yoxdu, biri vardı,
Leylisindən ayrı düşmüş Məcnun vardı,
Yarımçıq qalmış alın yazısını
Tamamlamağa ömrü çatmadı…
Bilirəm, gülüb deyəcəksən:
Axı belə şeir olmaz…
Dəvəm ölsə də bilirəm,
Daha məndən ərəb olmaz…
“Lirik mən” özünü “hər səhər sevinclə dənizə tor atan, axşam komasına əliboş qayıdan balıqçıya” bənzədir. Deyirlər ki, hərənin bir nağılı var. Bunun astarı üzü də var, hər insanın həyatı bir nağıldır. Və bu nağıla bənzər ömrümüzdə heç nə tam deyil: Biri vardı, biri yox idi. Allahdan başqa kimsə yox idi… Sonra insanlar yarandı, hərə öz taleyi ilə. “Lövhü məhfuz”da ona yazılan taleyin yolçusu və ya oyunçusu olan insanlar. “Taleyin yolçusu və ya oyunçusu olan” şair Kənan Hacının ağ kağıza köçürdükləri taleyinin üzüdür:
Mən həyat yollarını əllərimlə yeridim,
ayaqlarımla deyil,
taleyimin üzünü
əllərimlə köçürdüm ağ kağıza,
gözlərim şahiddir
başıma gələnlərə…
indi hər kəs məni
əllərimdən tanıyır,
çox vaxt ayaqlarım gedə bilməyən yerlərə
əllərim gedib çatıb,
ayaqlarım şahiddir…
İnsan “taleyin yolçusu və ya oyunçusu” poeziya isə bu talenin poetik ifadəsidir. Taleyini yaşamaq və yazmaqdır, sözə “pərəstişdir”, ağrıdır, acıdır, təsəllidir, duadır, “mövcud olmayanla ünsiyyətdir”, “sevgiyə dəvətdir, peşmanlıqdır, epifaniyadır”, “özünü qağayılara yem etmək istəyidir”. “Dünyada Allahdan aşağı heç kimi, sevgidən başqa heç nəyi olmayan Kənan Hacı taleyini, duyğularını pıçıldayır varaqlara: “Tale başım üstdə səma kimidi, / qaçıram, hey qaçıram…/ altından çıxa bilmirəm”. “Sıxıntıdan, ağrıdan və ümidsizlikdən qidalanan poeziya bizə bu dünyanın mahiyyətini açır və başqa bir dünya yaradır”.
Həyatda hər kəs ona yazılan taleyi yaşayır, amma hər kəs ona yazılan taledən razıdırmı? Təbii ki yox! Kənanda insanın həyatdakı varlığı ilə kainatın mənasızlığı arasındakı toqquşma, absurdluq dərindir. Kamyuya görə, “Həyat mənasızdır. Bu mənasızlıq qarşısında insanın seçimi var: ya bu vəziyyəti qəbul edərək həyatın sadəcə yaşanmalı olduğunu dərk etmək, ya da mənasızlığın içində mübarizə apararaq yaşamağa davam etmək.” Həyatın mənası və mənasızlığı, insanın taleyi və talesizliyi… Yazılan taleyi yaşamaq zərurətində qalan insan…”Saman tayasında bəxtini axtaran”, taleyin yol kənarında durub / yazı gözləyən / sinəsini Günəşə açıb – bir az dərdləşmək istəyən” şair…
Köynəkdən ayrılan düymədi baxtım,
Saman tayasında iynədi baxtım.
Ayları, illəri neylədi baxtım,
Fələk boğazımdan keçmədi, neynim…
Və ya
Taleyimiz bizdən güclüdür,
neyləsək də, ömür keçər,
sonda xatirələr qalırsa,
yetər…
Şirin xatirələr şairin təsəllisidir. “Bu qış köynəyimin / yaxası sırsıra bağlayıb, /durmuşam taleyin yol kənarında, / yazı gözləyirəm – / sinəmi açım Günəşə – bir az dərdləşək…”
Minillərdir taleyin qaçılmazlığı, tale yazısının silinməzliyi haqqında yazılıb, nə qədər ki, dünya və insanlar var yazılacaq da. Amma Kənan bu “məlum-məşhur, total və fatal fikri özünəməxsus şəkildə poetikləşdirir. “Alın yazısı” olan sözə, “təzə don” geyindirərək öz möhrünü vurur”. Şairin qüdrəti “nə vaxtsa bir nəfər tərəfindən yaşanmış duyğunun minlərlə adam tərəfindən dönə-dönə yenidən yaşanmasındadır” (Əbu Turxan). Bu şairin və sözün qüdrətidir. Bu güc şairin fəlsəfi düşüncələrini misralara pıçıldadığı şeirlərində də duyulur: ”Dünyanın hər yerində /eyni dildə ağlayır uşaqlar, eyni dildə çağlayır sular, uşaqların heyrəti önündə susmağı öyrənir böyüklər, eyni dildə susur dərin quyular… dünyanın hər yerində, eyni dildə danışır, sirri qoruyan sükut, dünyanın hər yerində, eyni dildə danışır Allah”.
Şəhriyar yazır ki, “Yatmış hamı bir Allah oyaqdır, dəxi bir mən, /Məndən aşağı kimsə yox, ondan da yuxarı.” Hamının yatdığı bir vaxta şairi üzən, düşündürən ziddiyyətlər var. Kənan şeirlərində “həyatın nəsrlə yazdığını nəzmlə vəsf edir”. Min illərdir coğrafiyadan asılı olmayaraq sular eyni dildə çağlayır, milliyyətindən, irqindən asılı olmayaraq, “uşaqlar eyni dildə ağlayır”, “böyüklər uşaqların heyrəti önündə susmağı öyrənir”, “dünyanın hər yerində, eyni dildə danışır, sirri qoruyan sükut, dünyanın hər yerində, eyni dildə danışır Allah”. Şair, ciddi, fəlsəfi sualları misralara səpələyir: Hamının Allahı birdir, Allah hamı ilə eyni dildə danışır, amma talelər fərqlidir. Təbiət öz harmoniyasını pozmur, dünyanın hər yerində sular eyni dildə çağlayır, uşaqlar eyni dildə ağlayır. Sükutda sirr qorunur və ya hər şey sirri-xudadır. Fikirlər dərin, suallar cavabsız. Ədəbiyyata, sanbalı, çəkisi, “pozulmaz alın yazısıyla” ədəbiyyata qədəm basan şair oxucunu hamı ilə eyni dildə danışan Allahla, “Həqiqətlə baş-başa buraxır.” Bu Kənanın özünüaxtarışlarıdır. Oxucunu “Həqiqətlə baş-başa buraxmaq” özünüdərkə qədəm qoymaq, Ondan xəbərdar olmaqdır. Qəbul etmədiyi şeylər olsa da, Kənanın özü də daima Həqiqətlə baş-başadır.
Kənan Hacı poeziyasından bir yazıda bəhs etmək mümkünsüzdür. Bu yazımı “Taleyin yol kənarında durub, yazı gözləyən şairə ən gözəl arzularımla bitirmək istəyirəm: “Gecələriniz Aysız, Gündüzləriniz Günəşsiz, “pulqabınız” ümidsiz, ürəyiniz sevgisiz və imansız olmasın, Kənan Hacı!!!”
Lütviyyə Əsgərzadə
Filologiya elmləri doktoru
********
[1] Kölgə, işıq mənbəyindən gələn işığın obyekt tərəfindən bloklandığı səthdə qaranlıq bir sahədir. Bunun əksinə olaraq, kölgə qarşısında işıq olan obyektin arxasındakı üçölçülü həcmi tutur. Kölgənin en kəsiyi ikiölçülü siluetdir və ya işığın qarşısını alan obyektin tərs proyeksiyasıdır.

Son Yorumlar