Azərbaycan Elmində Türk Dünyasının Birlik Və Bərabərliyi

Son zamanlar Azərbaycanda çox sahədə olduğu kimi, elmdə, incəsənətdə və mədəniyyətdə Türk dünyasına maraq və qardaş Türk xalqının “İslam mədəniyyətinin Azərbaycandakı memarlıq abidələri ilə paralelliyi” mövzusu böyük bir maraq yaratmışdır. Xüsusi ilə humanitar sahədə birlik və bərabərliyimizi, oxşar və fərqli mədəni dəyərlərimizi qarşılaşdırmağa çalışan elm adamlarımız dəyərli ideyalar ortaya ataraq Türk dünyası birlik və bərabərliyinə öz töhfələrini ərmağan edirlər. Azərbaycan xalqının Türk dünyası ilə paralel şəkildə gördüyü işlər çoxdur. Amma elmi arenada ziyalılarımızın araşdırmaları hər iki dövlətin inkişafına təbii ki, daha çox fayda verir. Tez-tez ədəbiyyat və mədəniyyət sahəsində şair və yazıçılarımızın, alim və ziyalılarımızın məqalə və əsərlərində yeni, dəyərli araşdırmalar müşahidə edirik ki, bu yeniliklər Türk dünyasını nəyinki Türk dilli xalqlar arasında, hətta Avropa ölkələrində tanınmasında, özünün qədim mədəniyyəti, abidəsi, sərvəti və dəyərləri ilə yüksəklikdə durmasını sübuta yetirir. Məhz Mehdiyev Əzim Aydın oğlunun “Azərbaycanın dini abidələrin memarlıq-kompozisiya xüsusiyyətləri və Türk dünyasında paralellər” başlıqlı namizədlik işi də bu baxımdan yeni və çox qiymətlidir. Əslində geniş və çox şaxəli maraq dairəsi, intellekti, dünyagörüşü baxımından fərqlənən bu ziyalı ömür yolunu özünü inkişaf etdirmək – istedad və bacarığı ilə dünyaya çıxa bilmək, xaricdə ikinci təhsil almaqla, bilik və bacarığını təkmilləşdirmək qərarı sözün əsil mənasında qiymətləndirilməlidir. Bəhs etdiyimiz gənc ziyalı kimdir?

Əslən Ordubadlı, ziyalı ailənin davamçısı Mehdiyev Əzim Aydın oğlu 1987-ci il fevral ayının 2 -də Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib, sonradan orada dərs deyən gənc müəllim öz təhsilini İtaliyanın ən məşhur tədris ocaqlarından birində – İtaliyanın Turin Universitetində (Beynəlxalq Təlim-Tədris Mərkəzində) davam etdirib, universitetin məzunu olub, həmçinin Madrid Ali Texniki Memarlıq Məktəbinində tədris alıb. Xaricdə təhsil almaq, Azərbaycanı təmsil etmək və bir gənc kimi Azərbaycan mədəni, mənəvi irsin, o cümlədən Qarabağ memarlıq incilərinin xarici vətəndaşlara, tələbə gənclərə elmi araşdırmaları ilə çatdırmaqdadır. Əzim Mehdiyev xaricdən gələndən sonra öz peşəsi üzrə Bakının bir sıra universitetlərində dərs deyib, Azərbaycanın memarlıq və dizayn şirkətlərində öz sahəsi üzrə çalışıb, şirkət rəhbəri olub, hal-hazırda dövlət FHN-nin layihə institutun birində şöbə rəisi vəzifəsində işləyir. Yaşadığı və təhsil aldığı xarici ölkə onun həyatında bir çox uğurlarla yadda qalmışdı. Bir çox dilləri mükəmməl şəkildə bilən gənc ziyalı yaşantılarında bu qazandıqlarını praktikada tətbiq edir. Əzim Mehdiyev ana dili ilə birlikdə rus, türk, ingilis, italyan dillərini sərbəst bilir. Tədqiqatçının çox dilli olması onun araşdırmalarının daha hərtərəfli şəkildə istiqamətlənməsinə şərait yaradır. Əvvəl də qeyd etdiyimiz kimi, Əzim bəyin maraq dairəsinin geniş və işıqlı olması, onun yaradıcılığında musiqiyə də geniş şəkildə yer verməsi və musiqi təhsili də alması bir yaradıcı üçün geniş yollar açmışdır. Əzim bəy bir çox musiqi əsərini pianoda ifa edir və çoxtərəfli bacarığı ilə yaradıcılığını genişləndirir. Ə.Mehdiyevin mədəniyyətə və incəsənətə verdiyi dəyər onu “Nə? Harada? Nə vaxt?” intellektual oyununa belə gətirib çıxarmış, hər zaman qazandığı uğurlar ruhuna yeni gözəlliklər qatmışdır. Mehdiyev Əzim foto incəsənətini də çox sevmiş və bir çox beynəlxalq müsabiqələrə qatılaraq dəfələrlə beynəlxalq müsabiqələrin qalibi olmuşdur. Çoxsaylı foto müsabiqələrin qalibi olan Əzim Mehdiyev qızıl medallar da daxil olmaqla, ümumilikdə 21 medala layiq görülüb. «Leica» adlı beynəlxalq fotomüsabiqənin yeganə Azərbaycanlı qalibi olub. Əzim Mehdiyevin foto işi Azərbaycandan ilk və yeganə foto əsər olmaqla 8 ay ərzində “National Geographic” internet saytında nümayiş etdirilib.

Əzim bəyin qeyd etdiyimiz kimi hərtərəfli maraqları geniş olduğu kimi elmi fəaliyyəti də günümüzün mövzu çalarlığını özündə təcəssüm etdirir. Elm sahəsində də aktuallığı əsas götürür. Hər sahədə bilik və bacarığını dindirən gənc Türkiyə qardaşlığına, birliyimizə çox önəm verir. Gənc tədqiqatçı çox aktual bir mövzu olan “Azərbaycanın dini abidələrin memarlıq-kompozisiya xüsusiyyətləri və türk dünyasında paralellər” mövzusunda namizədlik dissertasiyası müdafiə etməyə hazırlaşır. Onun elmi, bədii yaradıcılığını izləyərkən hər zaman yenilik axtarışında olduğunu müşühidə edirik və bu yanaşma, onun iç dünyasından su içir. Yeni axtarışlar, yeni tapıntılar və özünəməxsus şəkildə yaradıcılığını üzə çıxartmaq onun yüksək potensialından xəbər verir. Məni bir alim kimi düşündürən həm də Əzim bəyin mövzu seçimi oldu. Məlum oldu ki, o, uşaqlıqdan məscidlərin heyrətamiz formaları, minarə və günbəzlərin zərifliyi ilə maraqlanıb. Namizədlik işində müəllif dini mövzuların genezisi kimi mövzulara geniş yer verir və lazımı məqamlara aydınlıq gətirir. Bu məsələlərə türk ölkələrinin baxışları, təsiri, Azərbaycanda və Türkiyədə olan memarlığın hansı səviyyədə inkişaf etməsi və s. məqamlar gənc tədqiqatçının elmi yaradıcılığında yer alır. Əsərdə memarlıq-məkan formalaşmasının bədii xüsusiyyətləri də mükəmməl şəkildə araşdırılır. Müəllif xüsusi olaraq Divriyi Ulu Məscid (Camii), Bursa Ulu Cami, Ağqoyunlu Zenal bəy Türbəsi, Edirnə üç Şərəfə, Süleymaniyə, Səlimiyə(məscidi), Sutanəhmət, islamdan öncəki memarlıqları, Dərbənd-ilk Azərbaycan məscidi, Mömünə Xatun türbəsi, Qarabağlar kompleksi, İmamzadə, Ordubad, Şuşa, Balabağman, Bibiheybət, Təzəpir, Pirsaat və s. məscidlər haqqında geniş və əhatəli şəkildə məlumat verərək Türkiyə və Azərbaycandakı məscidlərin paralellik xüsusiyyətlərini önə gətirir. Əsərdə diqqətə alınan maraqlı mövzulardan biri də tarixi-mədəni irsin təbliği üçün dini turizmin əhəmiyyətidir. Mövzu ilk olaraq bu aspektdə açılır, dini abidələrin və onların xarici analoqlarının bərpası, dini abidələrin açıq səma altında muzeyləşdirilməsi kimi maraqlı və lazımı məsələlərə toxunur.

Müəllif fəsillərin seçilməsinə böyük əhəmiyyət verərək çalışmışdır ki, tədqiqat geniş və əhatəli şəkildə qoyulan məsələni aça bilsin. Bu baxımdan, o, aşağıdaki fəsillər və paraqraflar üzərində tədqiqat aparmışdır.

1.“Dinin yaradılışı, türkdilli ölkələrin baxışları və onun maddi mədəniyyətə təsiri” mövzusunda dini ölkələrin tarixi inkişaf mərhələlərini araşdırır.

2.“Türk xalqlarının İslam dini memarlığının təkamülü və formalaşması”.

3.“Tarixi-mədəni irsin populyarlaşdırılması üçün dini turizmin əhəmiyyəti”.

Məqsədimiz hərtərəfli yaradıcılığı ilə maraq yaradan bir Azərbaycanlı gənci oxuculara təqdim etmək və tanıtmaq idi. Gəncliyimizi təqdim etmək, dəyərləndirmək, onlara yaradıcılıq işlərində xeyir-dua vermək bizlərin borcudur. Qiymətləndirmə, fərqləndirmə çox önəmlidir. Azərbaycanın gələcəyi gənclərimizin çiyinlərindədir. Bu niyyətlə gənc tədqiqatçımıza elmi fəaliyyətində yeni yaradıcılıq uğurları arzu edirik!

Prof.Dr. Mərziyyə Nəcəfova
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir