Bir Varlının Dənizi                   

Öz içində çabalayır,
                                                                          sanki əl-qol atır dəniz.
Eheyy, çaylar, eheyy, sular,
                                                                                        Haya çatın,
                                                                                              batır dəniz?..   
Ə.Salahzadə

 

“Əslində, sizin ağlamağınıza səbəb yoxdu. İlk baxışda hər şeyiniz var: var-dövlət, saysız evlər, dünya səyahətləriniz, bircə yox yoxdu…” Bunu ürəyimdə düşündüm. Yenə də ürəyimdə az qala boğulurdum demək istədiklərimlə:

“Ancaq ağlayanda, həqiqətən, ağlanılacaq durumda olan insanları yada salın! Ən azından ətrafınız həkimlərlə doludur. Axı bilirsiniz ki, neçə-neçə, saysız-hesabsız, əlacı göydə Allaha, yerdə isə həkimlərə qalan xəstələr var. Test nəticəsinin neqativ olduğu xəbərini eşidən xəstə yaxınlarının sonsuz xoşbəxtliyini, sevincindən az qala göylərə uçmasını görə bilin!”

Hələ demək istəyirdim ki, o günü xəstəxana küncündə bir gözəl qızın namaz qılmağını bir görə bilsəydiz… Allahın, həkimlərinin biləyindən xoş nəticə eşitsin deyə, bərk-bərk yapışmışdı. Həkimin üzünün ifadəsinə baxmadan – mütləq namazıma davam edəcəm, oruc tutacam, zəkat verəcəm, söz verirəm deyə-deyə dili dolaşırdı. Yenə demədim. Əvəzində  “Sizə görə, yəqin ki, səbəb var” deyib ötüşdürdüm. Onu siz görə bilərsiniz, başqa heç kim… 

Dilarə tez-tez ürəyinin yumşaq olmasından danışır, göz yaşlarının ovcunda olduğunu dilə gətirirdi. Demək olar ki, hər kəsə ürəyini açardı. Uşaqlarından, həyat yoldaşından, qonşusundan, qohum-qardaşından və s. və ilaxır. Niyə ilaxır? Çünki bu siyahını o qədər uzatmaq olardı ki… Bir sözlə, mənim nə işimə qalıb, deyə-deyə az qala qonşunun beş yaşında uşağının deyib-gülməsindən belə söhbət mövzusu düzəldirdi. Ailəsi ilə bağlı söhbətləri isə daima şikayət üstündə qurulurdu:

-Bu rəvadırmı beş uşağın, on bir nəvən ola, ay Sənövbər, ay Ellada doxdur, biri də sənin bu boyda, az qala göylərə ucalan imarətində səninlə bir dam altında yaşamaq istəməyə? Mən anası ölmüş ağlamayım, nə edim?.. Axı bu otaqlar, bu üçmərtəbəli, dəbdəbəli villam tikiləndə uşaqlarımın sayına görə nəzərə alınıb ki, sabah bir külfət kimi sufra başında mehriban istirahət edək. A bajı, Sənövbər, sən de, çoxmu şey istəyirəm? Bir ay demirəm, bir on gün gəlib qalsınlar, dünya ha dağılmıyajax. Özü də biz heş özümüz də Kamillə bir- iki ay ancaq qalırıq burda, sonra aşağısı, Allah pulun üzünü qara eləsin, eləcə yüngülvarı Antalyaya gedirik.

Sənubərin yanında bilərəkdən ağlayardı Dilarə. Bu yazıq qadının beş günlük günəmuzd haqqını kəsib o ki var ağlamışdı ki, valah, billah pulum yoxdu:

– Nurlan bağa ayaq qoyan kimi pulun çatajax. Hələ, ay qız, bıyyyy, indi yadıma düşdü, ən kiçik nəvəmin bu şənbə ad günü olasıdı. Hələ uşağa hədiyyə almalıyam, o boyda qudalarım var, iyirmi- otuz manatlıq hədiyyə ala bilmərəm ki. Ən azından iki yüz manatlıq nəsə almalıyam, o da əgər ürəyincə ola bilsə anasının. Ehh, həyat budu, neyləyə bilərəm, hamı necə, mən də elə…

Hamı deyəndə o, kübar rəfiqələrini nəzərdə tuturdu.

-Vallah, anam o vaxtı da kəndin bir az adlı-sanlı adamları evimizə gələndə tez qaçıb ən ətli- yağlı beçələrdən kəsər, bir kasıb qapıdan girəndə kartofla yola verərdi. Bu hər zaman belə olub, qadam, görə-görə gəlmişik bu yolu,-deyib özünə haqq qazandırardı bir növ.

Nurlan bu varlı xanımın böyük oğlu idi. Üzü yumşaq olduğu üçün anasının pul istəklərinə çox nadir hallarda yox cavabı verərdi. Nurlanın varlı, vəzifəli qayınatası və özünün bank, klinika, restoran kimi bir çox biznesləri vardı.

Sənubər də ürək-dirək verərdi həmişə:

-Sən də az, deyin, ay Dilarə, vallah, yaxsı uşaqlardır. Hələ o günü böyük oğlun mənə nə qədər hörmət etdi, sağ olsun. Allahımıza and olsun ki, Allaha acıq gedər, gül kimi balalardır. 

-Sən məni başa düşə bilməzsən, Sənövbər, çünki sən Kərim və Sevdadan bunları heç vaxt görməmisən. Sənin uşaqların elə bil yaxşı mənada keçmişdə qalıblar; böyük-kiçik, adət-ənənə bilirlər, atdığı addımları, getdiyi yolları bilirlər. Vallah, hər gün üzərlik yandır!-deyib bic-bic gülərdi Dilarə.

-Düzdü, a qonşu, Allaha şükürlər olsun, övlad sarıdan şikayətçi deyiləm. Amma axı bizim uşaqlar da elə sizinkilərlə bir böyüyüb, 3 aylıq yay tətillərində bir-birindən ayrılmaz olublar, bizim ev- sizin ev bilməyiblər. Heç mən onları bir aylıq da  kəndimizə aparmamışam ki. Nə bilim, vallah, gəncdilər, ötüb keçər.

Sənubər 65 yaşında dilli-dilavər kənd qadını idi. Varlının bağ evində 30 ildən çox olardı ki, ər-arvad birlikdə çalışırdılar. Əri özündən on yaş kiçik idi. Hər zaman da bunu ilk eşidən təəccüblü sima görən kimi tez Məhəmməd peyğəmbərin Xədicədən on beş yaş kiçik olduğunu vurğulayıb bir növ özünü toxtadardı. Bir oğlu, bir qızı vardı, özü demiş, üzünü ağ edən övladlara sahib idi. Hər ikisi ali təhsil almış işli-güclü, sadə, ziyalı ailə sahibləri idilər. Oğlu seçilmiş tələbələrdən olduğu üçün rektoru onu universitetdə saxlamışdı. Elə o vaxtdan müəllimlik karyerası Kərimə nəsib olmuşdu. Qızı Sevda elə varlının klinikalarının birində pediatr idi. 

-Eh, Sənövbər, Sənövbər, bunlar hamısı keçmişdə qaldı. Saflıq, səmimiyyət, qonşuluq getdi. Onda uşaq idilər, indi böyüyüblər…

…Bu dəfə mən idim gileyli söhbətlərin dinləyicisi.

“Siz də özünüzçün üçün yaşayın, ay qonşu”,-

deyib söz-söhbətdən qaçmaq istədim. Axı nə deyə bilərdim? Deyərdim ki, səni anlayıram, haqq verirəm, balalarına isə yox? Axı bu qonşumu iki mövsümdür ki, tanıyıram. Sənubər kimi illərin qonşusu olmamışam, cikini-bikini bilə bilmərəm. Sadəcə, dənizə gəzməyə bir düşür, ara-sıra bir-birimizə get-gəl edirdik, bu qədər. Atamdan qalan sadə, səliqəli bağ evimdə qonağım olduğu müddətdə, düzü, hiss edirdim ki, rahatlaşırdı. Tez-tez “Siz də elə bizim kimisiniz” deyirdi. Mən də:

 – Vallah, nə deyim,- deyib susmağa üstünlük verirdim.

…Ürəyimdən qara qanlar axırdı. Uşaq olanda arada şənbə- bazar atamın dostlarından birinin bağında həftə sonlarımızı keçirərdik. Şəhərə qayıdanda rəfiqələrimin yanında öz bağımız varmış kimi aparardım özümü. Uşaq idim, neyləmək olardı. Çox illər sonra həyat məni uşaqlıq arzuma çatdırdı. Bu sadə bağ da atamın ölümünə bir-iki ay qalmış hökümət tərəfindən verilmişdi.    

Adətən, belə insanların bir çoxu, xüsusən qeyd edim, bir çoxu, hamısı yox,  keçmində nə qədər səmimi, sadə olursa- olsun, sonda pul, var-dövlət onların başlarını döndərir. Ən emosional vəziyyətlərində, bəlkə, səni anlaya bilərlər, o da bir neçə saatlıq, bəlkə də, bir gün, çox yox. Yenə özlərinə qayıdarlar. Sən də sadəlövhcəsinə deyərsən, yox, nə olsun, pulu başından aşır, yenə də insanlığını qoruyub saxlayıb. Əslində isə günün 24 saatı belə insanlar buqələmun kimi rəngdən- rəngə düşərlər.

Bir rəfiqəmin əsilli-köklü, imkanlı bir qohumu bu varlı qonşumla şəhərin lüks qadın sağlamlıq mərkəzlərindən birində boynunda qızıl tros zəncir ilə hovuza girdiyinin şahidi olub. Deyir, fikirləşib ki, insandı, fikirli olub, boynunda unudub, eləcə də çıxıb evdən. Sonra dəfələrlə eyni cür olduğunu görəndə bu əsilli- köklü varlı  bizim varlımızdan lap ürpənib.

…Bir radiosu vardı. Azərbaycan radiosunda verilən mahnıları dinləyər, tək-tənha imarətinin eyvanından mavi Xəzəri seyr edərdi. Nədənsə o belə klassik Azərbaycan mahnılarını dinləyəndə sanki gözümdə alicənab, zövqlü, görüb-götürmüş bir insan kimi canlanardı. Mənə elə gəlirdi ki, o, APİ-nin  müəllimi ola bilərdi. Amma elə ki bir şıdırğı mahnı səsi bütün bağ qonşularını bürüyər, səsdən, qadının ayaqyalın rəqsindən gələn ayaq taqqıltısını eşidər-eşitməz dilimi dişləyərdim. Bəlkə də, düz edir, kim bilir: həyatın ritmini tutur, ürəyinə daşları doldurmayıb, hamısını çölə atır. Evdə bir, kübar rəfiqələrinin yanında tamam başqa cür olurdu. Hələ böyük qızı onu şivəylə danışmağına görə az danlamırdı. Özü demiş, mədəni danışmağa çox çalışır, amma alındığı qədər. Baxmayaraq ki, statusuna görə onu heç vaxt tərk etməyən qohumları, rəfiqələri bəs qədər idi. Bir himə bənd idilər, zəngin, harınlamış rəfiqələri yanında olardı. Lakin varlı qadın yenə tənha idi. Uşaqlarının, nəvələrinin çox nadir hallarda bağda istirahət etməyi onu məyus edərdi. Bircə nəvəsinin belə onun yanında qalmasına yalvarırdı.   Nəvələr də özlərinə görə məşğul- zəngin övlad həyatı sürürdülər. Onlar üçün Abşeronun hər hansı bir imarəti adi bir şey idi. ilin on iki ayının, bəlkə də, yarısını xarici ölkələrdə kef sürən bu varlı balaları üçün “nənə” “bağ” anlayışı, bəlkə də, yad idi. Lap gec-gec gələn nəvələrindən hansısa tədbir ilə əlaqədar bağa gələndə az qala cumub boğa-boğa uşaqla şəkil çəkdirib tez sosial şəbəkələrə qoymağa tələsən nənə bunu özünə qənimət bilirdi. Dosta- düşmənə acıq verərək boy-boy şəkillərini sosial şəbəkələrdə nümayiş etdirirdi. Öz-özünə deyirdi, nəyə görə özgəsi bilməlidir ki, mən gəlinlərlə, qızlarla yola getmirəm, küsülüyəm. Qoy hamısının şəkillərimizi görüb ürəyi partlasın. Dənizə imarətinin eyvanından baxmaqla kifayətlənməz, tez-tez sahilə gedərdi. Bir neçə dövrə vurub bağına sarı dönərdi. Varlılar yaxınları tərəfindən diqqətə, qayğıya, xidmətçiləri, əlaltıları tərəfindən işəyarayanlığa, yaltaqlığa o qədər öyrəşirlər ki, biri əksik olanda özlərinə yer tapa bilmirlər. Uşaqlarının laqeydliyinə elə onların xətrinə dözə bilirlər. Lakin ərlərinin … əsla.

Bir gün necə oldusa, varlı xanımın doğum günü unuduldu. Paahh. O günü, bəlkə, Bakıda 2000-ci ildə baş vermiş yeraltı təkanın təkrarı oldu. Yer bu xanımın ayağı altından getdi, bəlkə, özünü ən, ən bədbəxt, ən tənha qadın elan etdi həmin gün. Gecədən də əri ilə o ki var dalaşmışdılar. Kişi onu axırıncı söyüşlərlə o ki var təhqir etmişdi. Səsləri bütün bağı bürümüşdü.

– Mən kiməm, Kamil, kiməm mən?

Başqa heç bir sözləri anlaşılmırdı. Dediyinə görə, hər belə söz-söhbətdə ürəyi gedər, sonra hər şeyin mənasız olduğunun fərqinə vararmış. Səhər doğan günəşin belə həyat eşqinin artmasına zərrə qədər də köməyi olmurmuş. Bu dəfə dünya necə fırlanır- fırlansın, lap istəyir ağlamağından sonra əl çalıb oynasın, mən ona qarşı fikrimi birmənalı olaraq dəyişəcəyəm. Bu dəfə mənim ona, bu varlı qadına, həqiqətən, yazığım gəldi. Ad gününün unudulması bu vulkanın püskürməsinə bir bəhanə idi.

 Səhər tezdən adətim üzrə pəncərədəki güllərimi sulayanda qonşumu qapıdan çıxan gördüm. İlk dəfəydi onu gözü yaşlı görürdüm. Özümü gizlətdim ki,  ağladığını başa düşdüyümü hiss etməsin. Amma məni gördü, başını aşağı salaraq üzünü gizlədirmişcəsinə:

– Doxtur, bu gun hava heç dəniz gəzintisi üçün deyil,- dedi.

 …İti addımlarla tək-tənha özünü dənizə çatdırdı. Yenə dəniz dözdü ona. Yenə dəniz məlhəmi oldu. Yoldaşı, qızı, nəvəsi, bir sözlə, hər şeyi Dəniz oldu. Dəniz onu anladı yenə. Dəniz onu əbədi sakitləşdirdi. Dəniz onu qollarına aldı, əbədi qonağı oldu o, Dənizin, Dəniz də onun…

Xatirə SALAHZADƏ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir