Klassik İrsimizin Xanım Yazarları

Azərbaycan ədəbiyyatı tarixi öz qədimliyi ilə bəşəriyyətin mədəniyyət tarixində ön yerlərdən birini tutur.

Dahi Nizaminin dünya irsinə daxil olması bunun bariz nümunəsidir. Bu siyahıya dünyaşöhrətli Məhsəti Gəncəvini da daxil etsək və sonrakı dövrlərdə yazıb-yaradan nəsillərin də ədəbiyyatımızda qoyduqları izlərin Azərbaycan mədəniyyəti üçün nə qədər önəmli daşıdığını görmək olar.

Klassik ədəbiyyatımızda onlarla qadın şairlərin adlarına rast gəlmək olur ki, bu qadınların hər biri öz yaşadıqları dövrün görkəmli, tanınmış adamlarının sırasında yer almışdırlar.

Kitabda qeyd olunan klassik irsimizin qadınları haqqındakı yazılar müxtəlif dövrləri əhatə etsə də hər birinin tale oxşarlığında eynilik vardır. Azərbaycan mədəniyyətində və ədəbiyyatında məşhur olan bu qadınların acınacaqlı həyat şəraitlərinin olmasına baxmayaraq, onların hər birinin mübarizliyi, cəsarəti, müasir fikirləri və öz dəstixətti olmuşdur.

Azərbaycan mədəniyyət tarixində klassik irsimizdən ta bu günümüzə qədər qadınlarımız hər zaman öz hüquqları uğrunda mübarizə apararaq, mədəni irsimizi qoruyaraq bu günümüzə gətirib çıxara bildilər. Nəzərə alsaq ki, dünya xalqları içərisində ən çox əziyyət çəkən Şərq ölkələri qadınları olmuşdur ki, bu sırada  da dövr etibarı ilə Azərbaycan xanımlarının yaşadıqlarını unutmaq olmaz.

Bu gün mədəniyyətimizin müxtəlif sahələrində təmsil olunan qadınlarımıza həsr edilən “Klassik irsimizin zərif nümayəndələri” adlı yeni kitab haqqında bəhs edəcəyik.  Adı kimi özü də maraqlı olan bu kitabın müəllifi bir neçə əsərin yaradıcısı olan araşdırmaçı jurnalist, nasir, şair və dövlət qulluğunun baş müşaviri Pərixanım Mikayılqızıdır.

Pərixanım Mikayılqızı(Muradova) uzun illərdir ki, Azərbaycan ədəbiyyatı tarixinin görkəmli nümayəndəsi “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsərinin müəllifi  Firidun bəy Köçərlinin həyat və yaradıcılığının araşdırılması ilə məşğuldur. Onun 490 səhifəlik “Ümmətdən-millətə doğru” elmi monaqrafiyası bütünlüklə Firidun bəy Köçərlinin yaradıcılığına həsr edilibdir. Bu əsər demək olar ki, Firidun bəy Köçərlinin həyat və yaradıcılığına  həsr olunmuş ən irihəcmli elmi əsərdir.

Pərixanım Mikayılqızının  ərsəyə gətirdiyi “Ümmətdən millətə doğru”  əsəri 11 bölmədən ibarətdir. Müəllif bu əsərdə çalışıbdır ki, Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında oxucu kütləsinə müfəssəl məlumat verə bilsin.

Bundan başqa Pərixanım Mikayılqızı,  F.b.Köçərlinin müəllifi olduğu “Əsərləri”ni və “Balalara hədiyyə” kitablarını da kiril qrafikalı əlifbadan latın qrafikalı əlifbaya çevirərək nəşr etdirmişdir.  

Pərixanım Mikayılqızının Azərbaycanın Qarabağ müharibəsində baş verən “Aprel hadisələri”nə həsr etdiyi “Şəhid mundiri” povesti də maraqlı əsərlərdəndir. Bu əsərində də müəllif bəddi formada Qarabağ hadisələrini olduqca təsirli obrazını yaratmağa çalışıbdır.

Yorulmadan çalışan Pərixanım Mikayılqızı 150-dən çox elmi və publisistik məqalələrin müəllifidir. “Klassik irsimizin zərif nümayəndələri” adlı növbəti kitabı isə Azərbaycanın ictimai, siyasi və mədəni həyatında özünəməxsus yer tutan mübariz qadınlarımıza həsr olunubdur.

Azərbaycan ədəbiyyatı tarixində artıq özünəməxsus dəstixətti olan Pərixanım Mikayılqızının klassik irsimizin zərif nümayəndələrinə həsr edilmiş bu kitabı da digər kitablar kimi  uzun araşdırmalar nəticəsində meydana gəlmişdir. Müəllifin  özünün təbirincə desək bu əsər də onun uğurlu əsərlərindəndir.

Pərixanım Mikayılqızı klassik ədəbiyyatımızın ilk qadın şairlərindən hesab edilən Məhsəti xanım Gəncəvidən başlayaraq, müxtəlif əsrlərdə yaşayıb-yaratmış, qələmi ilə, əməli fəaliyyəti ilə öz sözünü demiş bir sıra maarifpərvər qadınların haqqında materiallar toplayaraq qələmə almış, sonuncu yazısını isə Əzizə xanım Cəfərzadə ilə yekunlaşdırmışdır. Maraqlı materiallar toplusu olan bu kitabda müəllifin müxtəlif jurnallarda və qəzetlərdə çap olunmuş məqalələri ilə yanaşı çap olunmayan məqalələri də yer alıbdır. Burada Heyran xanım, Ağabəyim Ağa Ağabacı, Aşıq Pəri , Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Şahnigar Rəncur, Qəmərnisə bəyim Şeyda və digər şair qadınlar  olmaqla yanaşı, eyni zamanda Azərbaycanın ictimai-siyasi,mədəni həyatında ilklərə imza atan xanımlardan bəhs edilir. Misal üçün deyə bilərik ki, Məhsəti Gəncəvi Azərbaycan mədəniyyətinin ilk şair qadını adlandırıldığı kimi, həm də ilk musiqi yazan(bəstəkar) qadını kimi də qeyd edirlər. Kitabda eyni zamanda dünya üzrə iki qadın gəmi kapitanından biri olan azərbaycanlı Şövkət xanım Səlimova, ilk qadın rəssamlardan Qeysər xanım Kaşıyeva kimi qadınlarımızdan da danışılır.

Müəllifin öz yaradıcılıq sferası da olduqca rəngarənglik təşkil edir. Mətbuat səhifələrində silsilə yazılar dərc etdirən Pərixanım Mikayılqızı bir çox dahi şəxsiyyətlər haqqında elmi və publisist məqalələr dərc etdirir. Bu siyahıya Ə. b. Hüseynzadə, H.b.Zərdabi, Ə.Ağaoğlu, A.Səhhət, M.Hadi, N.Nərimanov, C.Hacıbəyli, M.S.Ağabəyzadə, B.Kəngərli, M.C.Paşayev, Q.Cavadov, H.Əliyev və digər görkəmli şəxslər daxildir.

Yorulmadan çalışan Pərixanım Mikayılqızı təkcə klassik irsimizə aid olan məqalələr yazmaqla kifayətlənməyir. O, qədim Bakının tarixindən,  Böyük Vətən Müharibəsinin (1941-45-ci illər) azərbaycanlı döyüşçülərindən, Azərbaycanın milli bayramı olan “Novruz” bayramından, Azərbaycanın ilk məktəblərindən, müstəqilliyimizdən, dünya azərbaycanlılarından və s.mövzulardan bəhs edən  məqalələr yazmışdır. Pərixanım Mikayılqızı hələ araşdırmalarını davam etdirməkdədir.

Pərixanım Mikayılqızı Azərbaycanda otuz ildən artıq davam edən I Qarabağ  və II Vətən müharibəsinin şəhid və qazilərindən, döyüşçülərimizdən,hərbiçilərimizdən bəhs edən onlarla yazıları müxtəlif mətbu orqanlarda dərc olunmuşdur.

Müəllif bu gün də elmi məqalələr, şeirlər, bayatılar, hekayələr, uşaq nağılları ilə yaradıcılığına davam etməkdədir.

Pərixanım Mikayılqızı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində şöbə müdiri və Elmi kitabxananın şöbə müdiri vəzifəsində çalışdığı müddətdə  qələmə aldığı F.b.Köçərlinin “Əsərləri” kitabının geniş təqdimatı keçirilmişdir. Daha sonra isə Firidun bəy Köçərlinin həyat və yaradıcılığına həsr etdiyi “Ümmətdən-millətə doğru” elmi əsərinin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında imza günü qeyd olunmuşdur.

22 aprel 2022-ci ildə isə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda müəllifin yenidən “Ümmətdən millətə doğru” əsərinin müzakirəsinin keçirildi. Bu əsərin böyük diqqət mərkəzində olması Pərixanımın zəhməti nəticəsində meydana çıxan əsərinin ziyalılar tərəfindən yüksək dəyərləndirilməsinin göstəricisidir.

Pərixanım Mikayılqızı bir çox konfranslarda, müxtəlif tədbirlərdə iştirak edir və həmən konfranslara həsr edilmiş yazıları isə “Konfrans materialları”nda çap olunur.

Müəllifin qələmə aldığı əsərlərinin içərisində Firidun bəy Köçərlinin yaradıcılığına həsr olunmuş “Ümmətdən-millətə doğru”əsəri əsas yer tutur.  Belə ki, Pərixanım Mikayılqızının  növbəti yaradıcılıq işi olan “Klassik irsimizin zərif nümayəndələri” adlı əsərində də müəllif Firidun bəy Köçərlinin yaradıcılığından bəhrələndiyini qeyd edir.

Pərixanım Mikayılqızı qadınlara həsr etdiyi “Klassik irsimizin zərif nümayəndələri”adlı əsərinin meydana gəlməsində, apardığı araşdırmalarında Azərbaycanın görkəmli yazıçısı, professor, Azərbaycan ədəbiyyatı tarixçisi Əzizə xanım Cəfərzadənin və  tarix elmləri doktoru, yazıçı-jurnalist Sabir Gəncəlinin (Məmmədov) əsərlərinin də çox böyük təsiri olduğunu göstərir.

Bu əsərin üzərində müəllif altı ilə yaxın zəhmət çəkmişdir. “Klassik irsimizin zərif nümayəndələri” adlı əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulubdur. Kitabda müxtəlif dövrləri əhatə edən şair və ictimai xadim olan qadınların həyat  və yaradıcılığından bəhs edilir.

Əsərin ən maraqlı cəhəti yaşadıqları dövrdə qələmi ilə  mübarizə aparan və azadlıq carçısı olan açıqdüşüncəli qadınlardan bəhs olunmasıdır. Bu kitab eyni zamanda qadınların mütləq təhsil almağında vasitə olan təbliğat xarakterli əsərdir. Burada öz mübarizliyi ilə ad qazanan, yaşadıqları dövrün çətinliyinə sinə gərən vətənpərvər, maarifpərvər qadınlarımızın cəsarətindən danışılır. Bu cəhətdən əsərin geniş oxucu kütləsi və eləcə də ziyalılar  tərəfindən seviləcəyi şübhəsizdir.

Kitabda bu qadınların təqib olunaraq həyatları bahasına başa gələn azadlıqları uğrunda ölümdən, təhdiddən, təhqirdən, hətta həbsdən belə qorxmayaraq öz sözlərini xalqa çatdırması, onların nə qədər cəsarətli olduqları göstərilmişdir.

Bu gün Azərbaycan qadınları dünya qadınları kimi azaddırlar.  Eyni zamanda onlar sevib-seçdikləri peşə ilə, əmək fəaliyyəti ilə məşğul olmaq üçün bütün sahələr üzrə sərbəstdirlər.

Qadınlarımız artıq müstəqil Azərbaycanın müstəqil vətəndaşlarıdır. Bu gün Azərbaycan qadınları hər zaman olduğu kimi yenə də öz nümunəvi işləri ilə  təkcə öz ölkələrində deyil, dünyanın bir çox ölkələrində tanınırlar. Demokratik ölkəmizin vətəndaşları olan qadınlarımız  kişilərlə elm, təhsil,iqtisadi, ictimai-siyasi və digər sahələrdə çiyin-çiyinə çalışırlar.

Umummilli lider Heydər Əliyevin hər zaman qadınlara verdiyi dəyəri bu gün cənab Prezidentimiz İlham Əliyev layiqincə davam etdirir.

Pərixanım Mikayılqızının bu əsərinin həm xalqımız, həm də tariximiz üçün dəyərli töhfə olacağına inanıram.

MƏRZİYƏ NƏCƏFOVA                                                                         

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir