Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş bir neçə şeirlər kitabının, habelə elmi-nəzəri, publisistik əsərlərin müəlifi Tahir Taisoğlu şeirləri ən çox fəlsəfi məqamlarının genişliyi ilə diqqət çəkir. Şeirlərində poeziyanın ictimai-siyasəti və fəlsəfəsi, fəlsəfənin isə poetik çalarları daha çox yer alır. Həyatı mövzulara daha çox yer ayıran şair kiçik həcmdə yazdığı şeirlərində çox təsirli məqamları xatırladır. Üçbucaq şəkilində keçən həyat sırası və bu üçbucağın bir bucağı ömür, bir bucağı ölüm bir bucağı isə həyat həqiqətləriddir. Şairin həyat fəlsəfəsi son dərəcə maraqlı və təsirlidir:
Üçbucaq şəkilli
uçur durnalar.
Həyat sırası kimi
keçir durnalar.
Bir bucağı ömürdü,
Bir bucağı ölümdü.
O birisi nədir bəs?
Əslində şeirin sonuna doğru həyat həqiqətləri aydınlıq tapır. Bu həqiqətlər müxtəlif ola bilsədə amma şairin daxili dünyasında hər şey üçbucağın sonuncu bucağından keçir. Bu üçbucağın üçüncü bucağı həyat həqiqətlərindən keçir:
Üçüncüdədir hər şey!
Yaxşılıq,
Pislik,
Ucalıq,
Alçaqlıq,
ələm, mey.
Görmək-götürmək,
ağlamaq,
gülmək;
Hər şey üçüncünün başındadır.
Elə ona görə də üçüncülər
Qoca dünyanın yaşındadır. (“Üçünçülər”)
“Həqiqətin üzü” şeirində də həyat mövzusu çox incə detallarla əks edilir. Həqiqətin üzünü poetikləşdirən şair haça olan varlıqları yada salır. Biri qaranquşun quyruğu biri isə ilanın dilidir. Ayrı-ayrı misyanı yerinə yetirən bu haça quyruq və haça dilin gördüyü işi şair üzünəməxsus tərzdə təqdim edir:
Haçadır qaranquşun quyruğunun ucu,
Bəlkə ona görə də uçur!
Arada-bərədə fırlanır.
İlanın isə dili haçadır.
Dilinin haçalığıyla duyur təhlükəni,
Eşidir səsi,
hiss edir yad nəfəsi.
Bu haçalanmaq onların işidir.
Bu haçalanmaq yalnız quşlarla, heyvanlarla aid edilmir. Dünyanın haçalanmağı daha təhlükəlidir. Əslində hədəfdə dünya deyil, insanların haçalanmağıdır.. İlk görünüşdə quşun, ilanın haçalanan görüntüləri diqqətə çatdırılsa da sonradan dünya çərçivəsində haçalanmaq daha ciddi və fəlsəfi məqamları aşılayır. İlk növbədə dünyanın iki tərəfə haçalanmağı var, həyat və ölüm. Bu həyatı ölümü doğru yaşayan insan nə qədər haçalanır:
Dünyanın da haçalanmağı, bölümü var-
Həyatı, ölümü var!
İnsanların da ikiləşməyi,
haçalanmağı olur;
Yoxsa yaşaya bilməzlər onlar.
Bu dünyaya uyğunlaşmağa çalışan “ insanın alan və verən əlləri kimi əməlləri də haçalanır”. Bu fəlsəfi fikir oxucunu düşündürdüyü kimi də təsirləndirir. Əslində hər misrada çətin və ağrılı məqamlara rast gəlirik. Nə yazzıq ki, bu ağrılı və acı həqiqətlər heç bir qüvvə tərəfindən aradan qaldırıla bilmir. İnsanın əməlləri ilə haçalanmağı gah yaxşılığa, gah pisliyə doğru yönəlməsi eyni zamanda onun özündən asılı olmayan səbəblərdən də olması daha ağır sınaqdır.Və bu sınaq dünya ilə insan arasındakı keşməkeşli yolların başlanğıcıdır:
Sevincin, kədərin
Qaranın, ağın,
Əyrinin, çağın
Arasındadır insan.
Yollarının ağında,
Qarasındadır insan!
Ömür yolunu haçalaya-haçalaya gedən insanın bu yollardan öyrəndiyi çox həqiqətlər var. Haçalanan bu ömür yolu sonunda çox həqiqətləri üzə çıxarır. Çox təssüf ki, bu həqiqətlər içərisində güvənsizlik duyğusu da iz buraxır, şairi ən çox təsirləndirən məqamlardan ən başlıcası da elə son misralardakı həyatdan, dünyadan və əsas da insanlardan gələn güvənsizlik duyğusudur:
Gedir,
Gedir!
Ömrünü hecalaya-hecalaya,
Yollarını bölə-bölə,
haçalaya-haçalaya.
Həyatdan incik düşən, insanlardan ikiüzlülük görən şair bu haçalanmış yollarda yorğun və bir az da kədərlidir. Haçalanan dünya neçə yerə ayrılıb.Amma möhkəm inanır ki, qarşıda işıqlı sabah var, arxada dolu dünən. Ən əsası da bu uzun yolda şair güvənə biləcək nəyisə tapa bilmir:
Dünya da haçalanıır-
Gecəsinə, səhərinə.
Həyat da ikiüzlüdür-
Sevincinə, kədərinə.
Ona görə bilmirəm
İndi kimə güvənim?! (“Həqiqətin üzü”)
Şairin şeirlərində içini göynədən. cavab tapılmayan, ağrı dolu suallar çoxdur. Şair bütün şeirlədində bu suallara cavab axtarır. Bəzi məqamlarda suallar açılsa da bəzən bu suallara cavab tapılmır. Bəzi hallarda o qədər düşündürücü suallar çıxır ki. oxucunun qarşısına…hər zaman qulaqlarına gələn, addım səsləri və şairin “ayaq səslərindən adamların kimliyini ayıra bilməməsi… və bəs bu səsləri neyləyim? Hara yığım bu addım səslərini?” Şairin özü ilə səssiz həmsöhbət olması, özünə verdiyi suallar başdan -başa fəlsəfi, qeyri-adi suallardır. “Heç biri ayağına olmayan yad ayaqqabıdır”. Şairin fəlsəfi dünyası o qədər zəngindir ki, orada bu ideyalar çoxaldıqca şeirin misraları rənglənir, düşündürür və oxucusunu fəlsəfi fikrin sularına qərq edir. Şeirdə güclü bənzətmələr şeirin təsir gücünü artırır:
Bir ovuc nar dənəsi kimidir-
Hərəsi bir yana diyirlənir.
Gəlir addım səsləri, gəlir, gəlir…
Yazı makinasının xarab etdiyi
Yarımçııq vərəqlər kimidir-
Bir-bir səpələnir sola-sağa.(“Pəncərənin “əlləri”)
Sonrakı misrada “neyniyim bunları görəsən?” -deyə şair düşünür, özü-özündən sual edir, sonrakı misrada şairin daxili aləmi, kövrək biri olduğu oxucusunu da kövrəldir. “Yandırmaq olmur ki, yandırım! Xəzəl yandırmağa heyifsiləndiyim kimi, ürəyim gəlmir onları yandırmağa!” gözlərimiz önündə həyatın bütün fəlsəfəsi qarşısında çıxış yola axtaran, narahat, amma güclü, gələcəyə ümidlə baxan, pəncərədən düşən işığın şöləsindən güc alan o böyük insanı görmək olur.
Tahir Taisoğlunun önəm verdiyi mövzulardan biri də insanın cəmiyyətdəki rolu, özünəməxsus bir yer tuta bilməsi məsələsidir. Xeyrə-şərə yarıya bilmək, insanların dərdinə-sərinə yaramaq bir Azərbaycan vətəndaşı kimi onu düşündürmüş, rahatsız etmişdir. O, öz şeirlərində yararsız insanı içərisi omayan, daxili aləmi quruyub-qurtarmış qarpıza bənzədir. Və bu bənzətmələrdə də fəlsəfi çalarlar diqqət çəkir. Bu baxımdan “Ola- ola yox olan adam” adlandırması da fəlsəfi məqamlara köklənir. Müəllif ola-ola olmayan adamı lazımsız adamı belə təqdim edir:
Öz içini yeyə-yeyə yaşadı.
Öz qanını içə-içə yaşadı,
Qarıdı…
Bir gün gördü
həyat keçib qatar kimi.
Qarşıdakı”Dayan!” deyən barıdı…
Şair yararsız o adamı çəpər dibində özü-özünə bitən, heç kəsin xeyrinə, işinə yarımayan, hətta bağbanın belə yerini bilmədiyi, lazımsız bir qarpız kimi təəsvir etməsi çox məqamları poetikləşdirir, fəlsəfi münasibət isə şeirin təsir gücünü bir daha artırır. İnsan unudulunca dərilməmiş gözdən uzaq bir qarpız kimi öz tağından (cəmiyyətdən!) ayrılır, pərən-pərən düşür, tənhalığından, qüssəsindən qarpız kimi özü-özünü yeyib bitirir. Şeirin sonundakı fikir isə lazımsız insanı qarpız kimi yeyilməyəndə bir kənarda qalanda axırda öz içərisindəki tumları qalır. Lazımsız insan da yalnız üzdən görünüşdən insana bənzəsədə də içi boş və lazımsız bir qeyri varlıq olur:
Handan-hana tapdılar
O didərgin qarpızı.
Gördülər, çoxdan ayrılıb, qırılıb öz tağından.
Gördülər, çoxdan yeyib qurtarıb özünü-
tənhalığından, acığından!
Kəsdilər, böldülər –
cərrah illər xəstəsini yaran kimi.
Gördülər, bomboşdu.
Gördülər, çoxdan yeyib qurtarıb özünü,
Təkcə saxlamışdı bir sifətini, üzünü.
Tumları göyərib qalmışdı içində!
Lazımsız, yararsız bir insanı bundan təbii və səmimi heç bir bənzətmə, təsvirlə ifadə etmək olmaz. Müəllif üzərinə düşən vəzifəni həm bir şair kimi, həm də dünyagörmüş ağsaqqal kimi çox mükəmməl şəkildə əks etdirə bilmişdir. İnsanın cəmiyyətdəki yeri və rolu bu şeirdə bir örnək rolunu oynayır və oxucusuna çox həqiqətləri bəyan edir. Bəs belə insanın sonu, taleyi necə olacaq?- deyə şair cavabı da özü şeirin sonunda açıqlayır:
Uzaqlarda tək-tənha qarpız kimi
Yaşadı o adam,
Xəlvət çəpər dibində.
Bir gün gəlib tapdılar,
Birotaqlı tənha mənzilində
Gördülər yoxdu.
Bircə məktubu “diri” qalmışdı cibində.
Yeyib qurtarmışdı özünü,
Günlərin bir günündə… (“Ola-ola yox olan adam”)
Tahir Taisoğlunun “Yol ağardıram”, “Getməliyəm”,”Həqiqəti üzü”. “Pəncərənin əlləri”, “Qəribə adam”. “Ümidlər arxadır, dirəkdir bizə”, “Oxşayın insanları”, “Biri mənimdir”, “Buynuzların vuruşu”, “Uzaqdan gələn yağış”, “Arabaçı haqqında nağıl”, “Xoşbəxtlik budumu?”, “Bu arxmı, ya cığırmı?” və s. şeirlərində cəmiyyət, həyat, insan kimi mövzular diqqət çəkdiyi kimi də müəllifinə uğur gətirir, onun imzasını ədəbiyyat tariximizə həkk edir. Onu da deyim ki,Tahir Taisoğlunun “Yol ağardıram” adlı kitabını ilk əlimə aldığımda gözlərim ön sözü axtardı, axı öyrəşmişik şeir kitablarında bəzən ürəkdən, bəzən isə sifarişdən doğan “ön söz”lərinə. “Yol ağardıram” kitabında ayrı bir mənzərə ilə qarşılaşdım. Müəllif müxtəlif illərdə yazdığı şeirlər toplusuna onun təbirincə desək, nə ön söz təşkil etmiş, nə də giriş yazmışdır. Tərcümeyi-hal da yoxdur. Şair özünü təqdim etməyi lazım bilməmiş, ədəbi şəxsiyyətini misraların arasında şifrələmişdi. “Bunların hamısını şeirlərində axtarmaq-tapmaq olar”- demişdir. “Uşaqdan gələn yağışdan” başlayıram. Kitabın bu bölməsində 100 dən artıq şeir var. Şeirlərin adları ilə tanış olur, bir-bir oxuyuram. Həqiqətən də, bu şeirlər uzaqdan gəlir. Hər halda mənim üçün uzaqdır. “Qış gecəsi” şeirinin altına yazılan 1968 rəqəmi, 18 “30 oktrabr 1983-cü il”. Özümdən yaşlı bu şeirlər məni öz sehirli dünyasını çəkib aparır.
Bir ölkəni iki yerə bölüblər –
Biri mənimdir,
Biri dünyanın.
Dəryanın nəhayətsizliyində
Azmış iki qağayı görüblər –
Biri mənimdir,
Biri dünyanın.
30 oktyabr 1983-cü ildə yazılan bu şeirdən Sovet NKV-sinin zindan qoxusu gəlir. Bu şairin uzaqgörənliyimi, cəsarətimi, sovet ideologiyasına meydan oxuyan poetik etirazmıdır?- söyləmək çətindir. Lakin gün kimi aydındır ki, bu misralar sovet təbliğat maşınının əksinə yönəlmiş, məhvedici gücə malik silahdır.
Yenə kitabı vərəqləyirəm gözlərim “Uzaqdan gələn yağış” şeirinə ilişib qalır. Deyəsən, tapmışam. Şairin tərcümeyi-halı ilə burada tanış olmaq olar. Şeirdə yağışla mənalandırılan birinsan taleyi var. Yağışın damlaları soyuqdur, çünki uzaq, soyuq ulduzlardan gəlib bu yağış. Yağış üşüyür. Sərbəst şeirdə belə zəngin metaforaların işlənməsi şeirin yüksək peşəkarlıqla yazılmasından xəbər verməklə yanaşı, şairin keçdiyi həyat yolunu işıqlandırması baxımından da maraq doğurur. Bəli, görürük ki, kasıb bir komadan çıxan balaca, qəribə bir oğlan böyüyür, böyüdükcə, gənclik atəşilə alışıb yanır. Bu gənc alnıaçıq yaşayır, qoltuqlara sığınmır, hər məhrumiyyətlə sinə gərir. Həyat onu sınayır o, öz zəhməti ilə ucalır. Allahından razıdır bu gənc. Düşmənləri çox olsa da, pis adamı yaxşıya bənzətməyi tərgitmir. Tanrı ona istədiyi hər şeyi verir.
“Uzaqdan gələn yağış” bir oxucu kimi məndə şairin şəxsiyyəti haqqında kifayət qədər təsəvvür yaratdı. Bir anlıq ədəbi qəhrəmanımızı Cek Londonun “Martin İden” əsərindəki baş qəhrəman Martin ilə müqayisə etdim.
Çox tənəyə, sözə dözdü.
Dözdü, dözdü,
Axır ki, sözlərini bir gün sapa düzdü.
Göndərdi çox böyük bir şairə.
Birdən birə
Çıxdı birinci yerə
Hamını mat qoydu.
Lap elə özünü də.
Tahir Taisoğlunun taleyini Martinin taleyi ilə eyniləşdirmək fikrindən tamamilə uzağam. Martin hər şey əldə etdikdən sonra həyatın mənasız olduğunu düşünərək intihar edir. Ürəyi vətən eşqi ilə çırpınan gənc Tahirin xalqı üçün, milləti üçün görəcəyi işlər hələ qarşıda idi.
Tahir Taisoğlunun yaradıcılığı ilə tanış olduqda aydın olur ki, o təkcə həyat hadisələrini, söyləməklə, müəyyən ideya ifadə etməklə məhdudlaşmır, elə sözlər, elə ifadələr yaradır ki, oxucuya estetik zövq verir.
Dağların dibində üzülmüşdü qar
Qıpqırmızı güllər qarı biçirdi.
Onun misralarını oxuduqca insanda elə təəssürat yaranır ki, sehirli bir aləmə düşmüsən, ətrafında kəpənəklər kimi sözlər uçuşur, bu sözlər bəzən al-əlvan kəpənəyə, bəzən nazlana-nazlana yerə enən qaz dənəciklərinə bənzəyir. Şairin misraları gah insanı həyəcanlandırır, cuşa gətirir, gah da buz kimi soyudur-üşüdür.
Müəllifin yaradıcılığını izlədikcə aydın olur ki, o poetik istedadını sərbəst şeir formasında ifadə etmişdir. Böyük şairimiz Rəsul Rza ədəbi üslubu kimi tanınan bu üslub Tahir Taisoğlu yaradıcılığında mühüm rol oynamışdır. Müəllif ictimai-siyasi ruhlu şeirlərinin böyük əksəriyyətini məhz sərbəst şeir formasında yazmışdır. Ümumiyyətlə, “Yol ağardıram” şeirlər kitabında yer alan 1968-2001-ci illərdə yazılmış şeirlərdə siyasi, fəlsəfi lirika üstün mövqedədir.
Tahir Taisoğlu lirik yaradıcılığında, istər keçmiş sovet cəmiyyətində, istərsə də yeni cəmiyyətdə baş verən hadisələrə cavab verməyə çalışır. İctimai-siyasi proseslərdə baş verən dəyişikliklərin insanlara təsirini poetik çalarlarla işıqlandırıb. Bu baxımdan onun 1972-ci ildə yazdığı “Türkmən dostuma” şeiri diqqəti cəlb edir. Sovet ideologiyasının qardaşı qardaşdan ayırdığı bir dövrdə şair türkmən dostunun azərbaycan türkünə bənzədiyini yazır. Sanki bununla hər kəsə xatırlatmaq istəyir ki, türkmənlər bizim qan qardaşımızdır, böyük Turanın bir parçasıdır. Şair bu şeirdə zorla bir imperiyaya tabe etdirilmiş türklərin qardaş olduğunu etiraf etməklə məhdudlaşmamış, “Bataqlıqlar tənhalıq qoxuyur” ifadəsi ilə imperiyanı bataqlığa bənzətmişdir.
Ümumiiyyətlə, şairin yaradıcılığında türk dünyası mövzusu diqqət çəkir.
Tahir Taisoğlu “Qızıl Sarmaşıq” (1981) şeirində də Qırmızı ordunu bitkiləri məhv edən alaq otuna – sarmaşıq bitkisinə bənzədir. Diqqətli oxucu onun misraları arasında Sovet imperiyasına olan nifrətini asanlıqla duyur.
Şairin qırmızı imperiyaya nifrəti səbəbsiz deyildi. O hiss edirdi ki, çox keçməyəcək həmin Qırmızı Ordu 20 Yanvar faciəsini törədəcək, vətənin yüzlərlə övladını, şəhid edəcək, anaları gözü yaşlı qoyacaqdır və o “Şəhidlər Xiyabanı”nı yazacaqdır.
Kədər alıb aparır bütün Azərbaycanı…
Bu gün əbədiyyətə qovuşduqları zamanın
40-cı günüdür onların.
Mənfur qonşumuzun Azərbaycan torpaqlarına göz dikməsi, minlərlə soydaşımızı ev-eşiyindən didərgin salması, qaçqın düşərgələri, vaqon evlərdə yaşamağa məhkum edilən günahsız insanların acı taleyi də Tahir Taisoğlunun poetik düşüncəsindən kənarda qalmamışdır. Bu mənada onun “Vaqon evlər”də şeiri maraqlıdır.
“Vaqon evlər”də yaşayırlar
qaçqınlar
Yayın istisində,
Qışın ortasında
“Vaqon evlər”də.
Müəllif ikiüzlülüyə, tamahkarlığa, saxtakarlığa, sərt münasibət bəsləyir. “Yuxarıda olanda” şeiri bu mənada hədəfin konkretliyi ilə seçilir. Bu şeirdə yüksək dövlət vəzifəsində çalışdığı zaman sadə insanlara xor baxan, xalqı saymayan, vəzifə kürsüsündə gözü ayığının altını görməyən bir obraz təsvir olunur.
Şairin qəhrəmanı zamanında yuxarı vəzifədə idi. O zaman bu tip heç kimi saymırdı. Telefonlara katibəsi cavab verirdi. Xidməti maşınlar, cangüdənləri ətrafını sarmış, onu xalqdan uzaq tutmuşdu. Az keçmir ki, şair onunla aşağıda-metroda ayaq üstə görüşür. Kiçik bir poetik parçada şair, maraqlı bir təzad yaradır. Yuxarı vəzifədə olduqda insanları saymayan bu Tip indi aşağıda metrodadır və ayaq üstündədir. Bir növ o əkdiyini biçir.
Yuxarıda olanda
Kiməsə yaxşılıq etmişdinmi
Aşağıya düşəndə sənə
Oturmağa yer göstərsinlər.
Ümumiyyətlə Tahir Taisoğlunun poeziyasında insan və onun taleyi, sosial dəyərlərin müdafiəsi mövzusu daha qabarıqdır.
Məhəbbət mövzusunda yazılmış kifayət qədər şeirlər vardır. Təbii ki, Tahir Taisoğlu poeziyasını məhəbbət mövzulu şeirlərsiz təsəvvür etmək mümkün deyildir. Şairin məhəbbət mövzusunda yazdığı şeirlərə misal olaraq “Bir də gəlməyəcəyəm”, Uzaqda qalaq”, “O qar daha yağmayacaq”, “Mən elə bilirdim”, “Əlimdən nə qədər”, “Uzaqdan uzağa”, “Mən bir qız itirmişəm”, “Əbədi yuxu” və s. şeirləri misal göstərmək mümkündür. Tahir Taisoğlunun məhəbbət mövzulu şeirlərində işlənən surətlərin əsas xüsusiyyəti təmizlik və daxili mənəvi saflıqdır. Onun yaratdığı bədii obrazların ən böyük idealı təmiz-sevgi və həqiqi məhəbbətdir, bu poetik qəhrəmanlar mənəvi keyfiyyətlərinə görə vəfalı, sədaqətli, doğrucul, həqiqətpərəstdir.
Səni gözlədiyim gecələr
Uzundurmu,
deyim?
Həsrətinin ümmanlarında
Yosundurmu
deyim?!
…Həmin gecələrin qara, meşin yağışlıq kimi
Dəngil-düngül xışıltısında
Yuvalanır misralarım –
Uzaqlarda qaralır gözlərim
O gecələr həsrətini hecalayır!
“Səni gözlədiyim gecələr” şeirindən seçdiyimiz bu misralar oxucuya ustad Şəhriyarın “Ulduz sayaraq gözləmişəm hər gecə yarı” qəzəlini xatırladır.
Yatmış hamı, bir Allah ayaqdı daha bir mən
Məndən aşağı kimsə yox, ondan da yuxarı.
Deyən Şəhriyar və sevdiyini gözlədiyi gecələrin uzunluğundan şikayətlənən Tahir Taisoğlu Bu iki şeir məzmun, insan hisslərinin yüksək poetik ilhamla ifadəsi baxımından eyni müstəvidə birləşir.
Bu məhəbbət dünyasıdır. Bu elə bir dünyadır ki, bəşər övladı bu dünyaya qovuşmaq üçün hər şeyindən keçmişdir. Böyük dramaturqumuz H.Cavidin Şeyx Sənanı öz Şeyxliyindən imtina etmiş, məhəbbətyinə qovuşmağı bütün titullarından üstün tutmuşdur. Məhəbbət necə bir qüvvədir ki, onun qarşısında bütün cahan baş əymişdir. Bu arada ustad Şəhriyarın “Getmə tərsa balası” şeirindən bir neçə bəndi xatırlatmaq yerinə düşərdi.
“Getmə tərsa balası, mən də sənə sayə gəlim
Yapışım daməninə mən də kəlisayə gəlim.
Allahından sən əgər qorxmayıb olsan tərsa,
Qorxuram mən də dönüb dini-Məsihayə gəlim.
Şeyx Sənan kimi donquz otarıb illərcə,
Səni bir görmək üçün Məbədi-tərsayə gəlim.
Bəli, məhəbbət ilahi bir qüvvədir və bu ilahi qüvvəni duymaq, hiss etmək üçün ilk növbədə o hissi yaşamalısan. Bu həqiqi məhəbbətdir. Bir oxucu kimi onun şeirlərində həqiqi məhəbbəti, ilahi eşq kimi dərk olunan məhəbbəti aydın şəkildə görmək mümkündür. Şairin məhəbbət mövzulu şeirləri ona görə təsirlidir ki, bu şeirlər ruhla yazılmışdır, yüksək peşəkarlıqla yazılmışdır.
T.Taisoğlu poeziyanın ən üstün cəhəti isə zəngin, çoxəsirlik Azərbaycan poeziyasına dərin köklərlə bağlı olmasındadır. Şairin məhəbbət mövzusunda yazdığı şeirlər həm də ona görə diqqəti cəlb edir ki, bu şeirlərdə zəngin metoforik ifadələr vardır. Müəllif Azərbaycan dilinin zənginliyindən məharətlə istifadə edərək “Sən onu sevmişdin” şeirinin hər misrasında bir metafora yaratmışdır.
Gecələr yatacaq qəlbin yarası
Səhərlər təzədən oyanacaqdır.
Qara gecələrin bir cüt parası
Gözünün içində islanaqcaqdır.
Şair birinci misrada qəlb yarasının gecələr yatacağını-sakitləşəcəyini, ağrı-acının azalacağını söyləməklə orijinal metafora yaratmış, ikinci misrada isə ağrı-acının oyanması metaforik deyim olmaqla yanaşı birinci misra ilə bədii təzad təşkil etmişdir. Üçüncü misrada “qara gecələr” ifadəsi bədii təyin kimi uğurlu tapıntıdır. Oxucu gecənin qaranlıq olmasını bilir, lakin şairə görə gecə həm də ona görə qaradır ki, o öz sevdiyindən ayrı düşmüşdür. Burada qaranlıq məcazlaşır, öz həqiqi anlamından uzaqlaşmaqla şeirin təsir gücünü artırır. Oxucunu ovsunlayır.
Üçüncü misrada “gecələrin parası” mübtədası dördüncü misradakı gözünün içində islanacaqdır metoforası ilə tamamlanır.
Şairin poeziyası təkcə məzmun baxımından deyil, həm də bədii sənətkarlıq baxımından doyumlu, duyumlu oxucu qəlbini fəth edə biləcək bir poeziyadır. Onun poeziyası qəmli könülləri sevindirən, insanı düşündürən, həyata baxışlarını dəyişdirə bilən nikbin bir poeziyadır.
Ümidvarıq ki, T.Taisoğlu poeziyası susuz səhralara can verən dupduru göz yaşı kimi şəffaf, sərin şəfalı bir bulaq kimi qaynayıb daşacaq, gələcəkdə də poeziya sevərlərin, şeir-sənət aşiqlərinin könlünü oxşayacaqdır.
Mərziyyə Nəcəfova
Filologiya elmlər doktoru
Son Yorumlar