XƏLİL YUSİFLİNİN ŞEİRLƏRİNDƏ QADIN

Giriş

Xəlil Həmid oğlu Yusifli 1935-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində dünyaya gəlib. Atası Həmid Ömər oğlu Yusifov 1943-cü ildə İkinci Dünya müharibəsində itkin düşmüş, o, qardaşı Ömər və bacısı Mələklə birlikdə anası Tükəzban Həsən qızının himayəsində böyümüşdür. Əslində, Xəlil Yusiflinin şeir yaradıcılığı, mən deyərdim ki, yaşantılarının poetik təzahürüdür. Bəlkə də yaşadıqları onun yaradıcılığında qadın obrazı şe’riyyatının bütün bütövlüyünü elə bu səbəbdən tamamlayır.

Xəlil Yusifli poeziyasını mənə sevdirən isə onun şe’riyyatındakı mövzular və kədərdən doğan misraları oldu. İlk şeirlər kitabı “Avey, hey!” adlanır. İlk kitabı (2005), ikinci şeirlər kitabı isə “Hanı o günlər, hanı!” (2007) nəşr olunub. Hər iki şeirlər kitabının əsas mövzusu Azərbaycan qadınının ümumiləşmiş obrazıdır. Ana mövzusu — kövrək, təmənnasız ana sevgisi, üç atasız övlad böyüdən əzabkeş ana obrazı. Müharibənin törətdiyi faciənin sözlə ifadə edilə bilməyəcək ağrıları…

Anamın həyatı zillətlə keçib,

Yerdən kirpiyiylə odlar götürüb.
Ona bu taleyi görən kim seçib,
Hər yandan zülmlər, zillətlər görüb.

Zaman kürəyində odlar qalayıb,
Göylər eşitməyib ah-naləsini.
Haqqa, insanlığa, insana yadlar
Ona götürdübdür qəm şələsini.

Zamanla döyüşüb qəhrəman kimi,
Üç yetim körpəni böyüdüb anam.
Dövran işlədikcə dəyirman kimi,
Ömrünü-gününü üyüdüb anam.

Cəfakeş ana obrazı sanki fırça ilə çəkilmiş bir rəsm əsəri kimi gözlərimiz qarşısında canlanır. Sanki bu gün Qarabağ savaşında şəhid verən, şəhid olan ərinin yadigarlarını min bir zillətlə böyüdən anaların ümumiləşmiş obrazıdır. Xəlil Yusiflinin yazdığı silsilə şəklində şeirlərdə bir ananın simasında Azərbaycan qadınının ağrısı, acısı, fəryadı, üsyanı hopub misralara. Bir oğul obrazı bu ağrıları və ağıları poetikləşdirib:

Sən mənə baxanda bir dünya

Sevinc süzülən,
Canında min ağrı olsa da,
bəxtiyarlıqla gülümsəyən
Pırıltısına, işığına sığındığım
gözlərin.
O gözlərin işığı sönəndə mən
görmədim
O gözlər necə yumuldu
Mən bilmədim.

Özü ilə danışan, ağrısını içində gizlədən, kimsələrlə bölməyən şair “Ölənlə ölünməz” ifadəsi ilə barışa bilmir. Hər dəfə anasının xatirələrini yaxınları ilə bölən şair onların “Unut, hər şey keçdi” sözləri qarşısında özü sussa da, qəlbi, könlü susmur. Onun həmdəmi ağ vərəqlər olur.

Eşitmək istəmirəm mən bu sözləri,
Ona görə susuram.
Ana məhəbbəti adlanan o dənizdə
batmaq, yox olmaq istəyirəm.
Məni sənsizliyə aparan
o yolda xırdaca daşa,
bir qum dənəsinə çevrilmək istəyirəm.
Mən sənə qayıtmaq istəyirəm,
Sənin qəbrində dəfn olunmaq istəyirəm-
əgər məni qəbul etsən! (1,45)

Şair anasını “Gözümün gözəli, sözümün əzəli, ömrümün bəzəyi anam!” – deyərək sevib əzizləyir. Ana qucağına, ana sevgisinə qovuşmaq üçün daşa, quma və sonunda ana məzarında əbədiyyətə qovuşmaq istəyir. Bir tərəfdən də “Əgər məni qəbul etsən” – misrası ilə ana adının əvəzsiz və müqəddəs olduğunu ifadə edir.

Ana itgisini qəbul etməyən şair ana haqqında bütün şeirlərində özünü mühakimə edir. Anasını ölümün caynağından qurtara bilmədiyi üçün özünə cəza verir. Anasının onun hər şeyi – sevinci, şüşədə canı, fəxri, qüruru olmasını desə də, ancaq bunların həqiqət olmadığını – əsl həqiqətin, əsl sevginin ananı yaşada bilməsində olduğunu deyir.

Sən mənim fəxrim
Mən sənin sevincin!
Ancaq deyəsən burada yalan dedim!
Əgər səni sevindirsəydim
Yəqin yaşada bilərdim
Ölümün əlindən,
Fələyin caynağından qoparda bilərdim!

Ana – şairin həyatının sonunadək içində yaşatdığı, unuda bilmədiyi ağrı və nisgildir ki, bu həsrət onun şeirlərində hər zaman görünür və fərqlənir. İkinci kitabında ana həsrətli şeirləri onun “Hanı o günlər, hanı!” – deyə, o günlərin həsrətini çəkdiyini ifadə etsə də, ancaq ana sevgisini nikbin notlara çevirərək ananın ölümsüzlüyünü, övladlarında yaşadığını ifadə edir:
Məzarı torpaqdır, özü deyildir,
Ağlı, düşüncəsi, gözü deyildir,
Qəlbinin, ruhunun, közü deyildir,
Bir sönən ocağın külüdür, anam,
Bir kolun tökülən gülüdür, anam.

“Bir kolun tökülən gülüdür, anam” – ifadəsi bir nəslin simasında hər zaman var olduğunu, kolun, kötüyün var olduğunu qiymətli bir bənzətmə ilə əks etdirib.

Şairin yaradıcılığında izlədiyimiz ikinci qadın obrazı övladlarının anası, onu vaxtsız bu dünyada qoyub gedən həyat yoldaşı Səlminazdır. “Avey, hey!” kitabında Xəlil Yusifli yazır: “Ömür-gün yoldaşım Səlminaz müəllimin vaxtsız vəfatı mənə təsir etdi, ürəyimdən keçənləri şeirlər şəklində ifadə etmək istədim, bu yazıları yazdım. Bunlar son üç-dörd ilin məhsuludur. Şeirlərdən ilk altısını qızım Afaq yazıb. Biz bu şeirləri geniş auditoriya üçün yazmamışıq. Bunlar daha çox özümə, övladlarıma, nəvələrimə ünvanlanıb. Bizdən onlara yadigar qalsın” (2, s. 3).

Xəlil Yusiflinin həyat yoldaşına olan sayqısı, hörməti onun sevgisindən də belə önə keçir. Şeirlərindən aydın olur ki, Səlminaz müəllimə böyük-kiçik yeri bilən, ailəsinə dərin hörmət bəsləyən, fədakar, cəfakeş, ədalətli bir xanım olub. Xəlil Yusifli bəzi misralarında həyat yoldaşını anasının davamçısı kimi görür və qiymətləndirir. Onun ölümünü qəbul edə bilməyən şairin fəryadı qəlbləri göynədir:

Bir aslan ürəkli, kişi qeyrətli
Laçınım, tərlanım əlimdən gedib.
Bir namus heykəli, kamal dəryası
Təbibim, loğmanım əlimdən gedib.

Şair həyat yoldaşının daxili dünyasını, onun kamilliyini, namus heykəli olmasını önə çəkir. Bir azərbaycanlı xanımı həyat yoldaşı ancaq bu şəkildə təqdim edə bilər. Biz bir bəndlə Səlminaz xanımı tanıyır və onun əlçatmaz bir xanım olduğu bizim üçün aydınlaşır.

Ağılda, kamalda aləmə bəlli,
Xeyir nəfəsliydi, həm xeyir dilli,
Səbri tükənənə ümid, təsəlli,
Ümidim, gümanım əlimdən gedib. (3,63)

Sevən, dəyərləndirən, xanımını baş tacı bilən bir həyat yoldaşının acı fəryadı, ümidsizliyi kədər yaratsa da, bir tərəfdən də mükəmməl bir ailə – Azərbaycan ailəsinin bütöv şəkildə təcəssümüdür. “Durnalar” şeirində durnalarla dərdləşən şairin kədəri Azərbaycan poeziyasında geniş şəkildə işlənən “Durnalar”dan geri qalmır:

İstədiyim xeyli vaxtır gedibdir,
Bizi yaman qəmlərə qərq edibdir,
Göynərtisi bağrımızı didibdir,
Bəlkə siz də bilirsiniz, durnalar.

Şairin qəlbi rahatlıq tapmır. Yarının getməsi, onu bu yaşında yalqız buraxması qəlbini didib-parçalayır. İnsanların “ölənlə ölünməz” ifadəsi, qəlbində yara olan şairə bir an belə rahatlıq vermir. İnsanların “unutmaq” ifadəsi ilə razılaşmayan şair, durnalardan cavab istəyir:

Sizlərdə də belə işlər olurmu?
Sizlərdə də açan güllər solurmu?
Gedən üçün qalanlar saç yolurmu?
Ya ölənlə ölürsünüz,  durnalar?

Səlminaz xanım kitabda yalnız həyat yoldaşı kimi xatırlanmır. O, ana kimi, nənə kimi də poetikləşdirilir. “Şirin yuxu”, “Mənim Səlminazım”, “Sənə layiq bir sözüm ola”, “Məzarı başında Səlminazımın”, “Şəkli qarşısında”, “Sən və mən”, “Necə sənsiz olarlar”, “Necə olacaq”, “Səlminazın məzarı önündə”, “Şirin bir yuxu”, “Necə olacam”, “Səlminaz”, “Ona layiq sözüm hanı?”, “Adna günləri”, “Nənəsiz günlərimiz”, “Əlimdən gedib”, “Durnalar” və onlarca şeirində qadın obrazı əksini tapır.

Xəlil Yusifli poeziyasında üçüncü qadın obrazı – qızı Afaqın simasında Azərbaycan qızının ümumiləşdirilmiş obrazıdır. Qız övladı əslində Tanrının ailəyə ən yüksək hədiyyəsidir. Ailənin qayğısını, ata-ananın nazını, ailədə yaşanan ağrını ilk öncə qız övladı duyar, zərif dediyimiz çiynini hər zaman irəli verməyə hazır olar. (Ürəyi dünya boyda olan qızlarımız çiyinlərində olmasa da, könüllərində bir tonluq ağrı, kədər daşıya bilirlər.) Afaq xanımla ilk tanışlığımda bunun şahidi oldum. Türkiyənin Ankara şəhərində Türk Tarix Qurumunun son dərəcə möhtəşəm bir konfransında, Azərbaycanın sayılıb-seçilən ziyalıları arasında biz də yer alırdıq. Konfransın sonuncu saatlarında Afaq xanım evdə kiçik bir narahatçılığın (qardaşı uşağının xəstələndiyini telefonda öyrəndi) baş verdiyini eşidəndə təcili bilet alıb Gəncəyə döndü. Afaq xanım elə o zamandan yaddaşıma ailəsinin bütün kiçik qayğılarını öz üzərinə götürən bir xanım – cəfakeş xanım olaraq həkk olundu.

Elə Xəlil müəllimin şeirlərində də Afaq xanım bir nənənin, bir ananın və bir alim atanın davamçısı olduğunu izlədim. Poetik fikirlə müşahidələrim üst-üstə düşdü. Və bir ziyalı xanım portreti gözlərimdə canlandı.

Anası Səlminazın məzarı önündəki yaşantılar şairin ağrısını dözülməz edir. Qızının göz yaşları atanın ürəyinə səpilir, kədərini, ağrısını misralara tökür:

Gəlib anasının məzarı üstə,
Yenə hönkür-hönkür ağladı balam,
Danışdı taleyin oyunlarından,
Yaralı qəlbimi dağladı balam

Yudu başdaşını gözünün yaşı,
Varlığım od tutdu, alışdı, yandı.
Dərdin görünmürdü ayağı-başı,
Həsrətin naləsi ərşə dayandı.

Balamın qəminin ağırlığını,

İlk dəfə qəlbimin gözündə gördüm.

Ana məzarı başında ağı deyib ağlayan balanın yanğısı sonuncu bənddə olduqca təbii və təsirli verilib. Balanın ana ilə sorğu-sualı olduqca ağır psixoloji ağrılar yaradır: “Deyirdin istidən yata bilməzdin, indi gün altında necə yatırsan?” və yaxud məzarı ata yurdunda qazılan ananı, Gəncədə yalnız qalan qızı – “Sən ata yurduna qayıdıb gəldin, bəs məni Gəncədə niyə atırsan?”

“Adna günü”, “Əlimdən gedib”, “Gedirəm”, “Yun şal” və s. onlarca şeirdə bir nəslin layiqli davamçısının obrazını görürük. “Yun şal” şeirində qızın ananın göndərdiyi pulun yarısına aldığı qiymətli bir şaldan bəhs edilir. Moskvadan alınan bu şalı ana çox bəyənmişdi. Qızının qiymətli hədiyyəsidir, burada qızının ona olan qayğısı, sevgisi və diqqəti də önəmlidir. Şairin, ananın öz qazancından alınan bu hədiyyəni çox səmimi şəkildə bəyan etməsi gözəl, səmimi duyğular yaradır. Səmimi duyğular əslində poeziyanın açar sözüdür:

Bu şalı çox sevərdi anası
Qanad verərdi ona qızının qayğısı
Yumşaqdır deyərdi,
Qocalanda örtəcəyini söylərdi.
Ana yoxdur indi,
Qocalmadı
Şalı da örtə bilmədi.
Ancaq o boz, qiymətli və yumşaq
Şal ananın evindədir.
Hərdən örtür qızı, gəlini.
Xatırlayırlar ananı,
Sözlərini, arzularını.
Şal Ananı əvəz etməsə də,
Elə bil, üstündədir,
əlinin istisi, üzünün nuru!

90 illik anım ilində Xəlil Yusiflinin elmi yaradıcılığından bəhs edərkən bədii yaradıcılığını da işıqlandırmaq onun qiymətli xatirəsinə hörmət və sevginin göstəricisidir. Onun bədii yaradıcılığında da izlənməli, araşdırılmalı çox məqamlar var. Xüsusilə Xəlil müəllimin qəzəlləri, rübailəri, mürəbbeləri, qəzəl-müstəzadları, müəşşərləri, müxəmməs-müstəzadları, tuyuqları araşdırılmalı və dəyərləndirilməlidir.

 Merziye Najafova
Doctor of Philological Sciences, Associate Professor

 ƏDƏBİYYAT

  1. Xəlil Yusifli, “Avey, hey!”, “Gəncə”, 2005
  2. Xəlil Yusifli, “Hanı o günlər, hanı!”, “Gəncə” 2007
  3. Xəlil Yusifli “Avey, hey” kitabına önsöz əvəzi, “Gəncə”, 2005

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir