Giriş
Digər xalqların ədiblərimizin irsinə sahib çıxılmasının və özününküləşdirilməsinin qarşısı alınmalı, həmin ədiblərin irsi ümumtürk və ümumazərbaycan ədəbi irsi baxımından tədqiq edilərək dünyaya tanıdılmalıdır. Belə şairlərdən biri də Səyat Nəvadır (Sayat Nova). Türk əsilli aşıq Səyat Nəva ətrafında mübahisələrə son qoyulmasının zamanı artıq çoxdan çatmış və keçmişdir. Səyat Nəvanın milli mənsubiyyəti haqqında müxtəlif fikirlər mövcuddur, onun azərbaycanlı, erməni, gürcü və s. olması haqqnda iddialar səsləndirilməkdədir.
Səyat Nəvanın tərcümeyi-halı haqqında məlumatlar
Səyat Nəvanın milli mənsubiyyəti haqqında müxtəlif fikirlərin mövcud olmasına baxmayaraq, ədibin qələmə aldığı poetik nümunələrdə özünü türk kimi təqdim etməsi diqqətdən yayınmır. “…Sayat Nova Azərbaycan türkcəsində qələmə aldığı bir şerində özünün türk olduğunu bildirməkdədir:
Vəslinə eylədi ərk Sayat Nova,
Məcnuna görk Sayat Nova,
Aşıq Sayat Nova,
Türk Sayat Nova”. [24]
Səyat Nəvanın türk olması amili bir çox tədqiqatçılarımız tərəfindən də vurğulanmışdır. “Zaman içində əlimizdən getdi, ermənilər dünyaya təqdim elədilər ki, erməni aşığıdır. Onun erməni olması ilə bağlı heç bir fakt yoxdur” deyə həyacan təbili çalan prof. Məhərrəm Qasımlı bir mənalı şəkildə Səyat Nəvanın Azərbaycan sənətkarı olmasını qeyd edir: “Bilmirəm, erməni məsələsi haradan Sayat Novanın üstünə yazılıb. Əslində, Sayat Nova yox, Səyat Nəvadır. Bizim köhnə aşıqlarımız istənilən vaxt rus, gürcü, erməni dilində şeirlər deyirdilər. Səyat Nəva da erməni və gürcü dilində şeirlər yazıb. Amma onun əsas yaradıcılığı Azərbaycan dilindədir və Səyat Nəva erməni yox, Azərbaycan sənətkarıdır. Tiflisdə doğulub, azərbaycanlıdır”. [12] Lalə Cəmilli də qətiyyətlə Səyat Nəvanın azərbaycanlı olmasını belə əsaslandırır: “Qeyd edim ki, S. Nəva Azərbaycan xalqının çox istedadlı övladlarından biridir. O, Tiflisdə yaşayıb fəaliyyət göstərdiyindən, tamaşaçıların etnik tərkibini nəzərə alaraq, orada yaşayan müxtəlif xalqların dilində də şeirlər söyləyib. Bu da təbiidir. Şair el üçündür, xalq onun yazdıqlarını eşitməlidir. Deyim ki, uzun müddətdir bəzi qonşu dövlətlərin də mətbuatında Səyat Nəvanın kimliyi haqda araşdırma məqalələr, fikirlər dərc edilir. S. Nəvanın milli kimliyi haqqında əsas fikir odur ki, o, erməni deyil, azərbaycanlıdır. O əsasən doğma Azərbaycan dilində yazıb yaradıb”. [12]
Teymur Əhmədov Sayat Əmirzadənin Səyat Nəvanın milli kimliyini sübut etməsi məqamına münasibətini bildirərkən qeyd edir ki, “Sayat Əmirzadənin “Respublika” qəzeti redaksiyasına təqdim etdiyi tədqiqat əsəri mənim heyrətimə səbəb oldu. Sən demə, Sayat Nova azərbaycanlı imiş.
İstedadlı tədqiqatçı alim S. Əmirzadə həmkarı Sara Sərablı ilə Sayat Novanın külliyyatını dərindən dərinə araşdırmaqla təkzib edilməyən tutarlı dəlillərlə iki yüz ildən artıq sirrini özündə gizlədən, erməni mənəvi terrorunu ifşa edən qeyri-adi problemi – mübhəm düyünü açmışlar. Onlar təkzibedilməz faktlarla Sayat Novanın kimliyini sübut etmişlər”. [25, s.9]
Tədqiqatçılar tərəfindən Səyat Nəvanın atasının suriyalı, anasının gürcü qızı olması vurğulanır: “Səyat Nəva XVIII əsrdə yaşamış, atası suriyalı, anası isə gürcü qızı olmuş qafqazlı aşıqdır”. [11] Belə əsaslandırılma, Səyat Nəvanın qələmə aldığı poetik nümunəyə əsaslanılaraq iddia edilir. Səyat Nəvanın qələmə aldığı poetik nümunələrdə onun atasının Hələbdən gəlməsi vurğulanır: “Sayat Novanın anası Sara Tbilisi şəhərində anadan olmuş, atası Karapet isə Hələb şəhərindən gəlmiş ermənilərdən idi”. [9] Səyat Nəvanın atasının Hələbdən olması şairin özünün qələmə aldığı poetik nümunəyə əsaslandırılaraq vurğulanmaqdadır:
Birisi deyir Sayat Nova haradan,
Birisi hind deyər, biri Həmədan.
Vətənim Tiflisdir, səmti- Gürcüstan.
Anam havlabarlı, atam hələblü. [14]
Səyat Nəva “Bir yar, bir müsahib” şeirində atasının Hələbdən olması məqamına açıq-aydın şəkildə toxunur. Səyat Nəva qələmə aldığı “Könül” şeirində də ata vətəni Hələb olmasını vurğulayır:
Sayat Nova deyir atam Vətəni
Soruşanlar ya Hələbdi, ya Adana. [15, s.36]
Şairin təqdim etdiyi poetik nümunə ilə razılaşaraq, onun atasının “hələblü” olmasını qəbul edək. Onu vurğulamaq istərdim ki, erməni tədqiqatçıları tərəfindən Hələb şəhəri Suriyanın Hələb şəhəri olması göstərilir. Diqqəti cəlb edən məqam isə Hələbdə ermənilərin çoxluq təşkil edilməsi amilinin qabardılmasıdır. Lakin Hələb şəhərinin Səyat Nəvanın atasının oranı tərk etdiyi tarixi dövrü, hətta ondan bir neçə əsr əvvəlki tarixinə nəzər saldıqda, bu şəhərdə yalnız ermənilərin deyil, xristianlıların belə yaşamadıqları məlum olur. Qeyd edək ki, Hələb və ya Aleppo 1440-ci ildə Tamerlan tərəfindən məmlüklərin əlindən alınaraq zəbt edildi. Sonrakı illərdə bütün müsəlman əhalisi Hələbə qayıdır. Onu vurğulamaq da lazımdır ki, istila zamanı Hələbi ya Alepponu tərk etmiş xristianlar şəhərə qayıda bilmirlər. Şəhərin köhnə hissəsindəki məhəllələrinə geri qayıda bilməyən xristianlar 1420-ci ildə Hələbin (Aleppo) şimal ətraflarında şəhər divarlarından kənarda tikilmiş və əl-Jdeyde (ərəb dilində “yeni rayon”) adlanan məhəllə yaradaraq orda məskunlaşırlar. Hələ1337-ci ildə Suriya türkmənləri Şamda (Suriya) Dulkədirilər bəyliyini yaratmaları, 1516-cı ildə Mərc Dəbik döyüşündə Osmanlılar Məmlükləri məğlub edərək bu ərazidə 400 il Osmanlı hakimiyyəti qurmaları da tarixin reallıqlarıdır.
Suriyada türk tayfalarının məskən salması, kök baxımından digər türkdilli xalqlarla sıx bağlı olması bəllidir. Məsələn, Suriya və İraqdakı türk tayfalarının (türkmənlərin) Orta Asiya türk tayfaları ilə (türkmən) qohum olması tədqiqatçılar tərəfindən vurğulanır. Ancaq, Suriya və İraqdakı türk tayfaları Orta Asiya türkmənləri ilə deyil, daha çox İrandan olan azərbaycan tayfalarına daha yaxındırlar. Orta Asiya türkmənləri də, İrandan olan azərbaycan tayfaları da türk xalqlarının Oğuz qolundandır. Suriya və İraq türkmənlərinin danışdıqlarında ərəb dilindən alınmış sözləri nəzərə almasaq, onların danışıq dili Azərbaycan türkcəsinə çox yaxındır. Yeri gəlmişkən, Suriya və İraq türkmənləri Azərbaycan ədəbiyyatının klassikləri Məhəmməd Füzuli və İmadəddin Nəsimini öz müəllifləri hesab edirlər. Onu da vurğulamalıyıq ki, Azərbaycan klassiki İmadəddin Nəsiminin məzarı Hələbdə yerləşmişdir, Əsədin qoşunları ilə Rusiyada qadağan olunmuş “İslam Dövləti” təşkilatının birləşmələri arasında döyüşlər zamanı partladılmışdır.
Burada, əsasən, İslamın sünni təriqqəti coxluq, ələvi təriqqəti isə azlıq təşkil etmişdir. Ələvi-qızılbaşlar əsasən kəndlərdə yaşayan türkmən və kürd mənşəli kəndli və köçərilər olması iddia edilir. XV əsrin əvvəllərində ələvilərə qarşı Osmanlı təqibləri dözülməz hala gəlir və ələvilər Səfəvi dövlətini idarə edən Şah İsmayıl Xətaini dəstəkləyirlər. Özlərini qızılbaş adlandıran Şah İsmayıl Xətai tərəfdarları on iki qatlı qırmızı papaqdan da istifadə edirdilər.
Ələvi şairi Səyat Nəvanın adı Azərbaycan ədiblərinin adları ilə birgə çəkilməsi diqqətdən yayınmır. Dövrünün məşhur aşığı olmuş Qaraçaəmirli Qasım (1866-1919) şairin adını Azərbaycan aşıq ədəbiyyatının klassik nümayəndələri ilə birgə çəkir. Şəmkirli Aşıq Hüseynin şagirdi olmuş Qaraçaəmirli Qasım Səyat Nəvanın adını Aşıq Ələsgər, Aşıq Musa, Alı, Məmmədhüseyn, Pənah, Molla Cümə, Çoban, Hüseyn kimi Azərbaycan ədəbiyyatı klassiklərinin adları ilə bir sıraya qoyur:
Aşıq Sayat Nova, Aşıq Ələsgər,
Aşıq Musa, Alı, Məmməd Hüseyn var,
Pənah, Molla Cuma, Çoban, müxtəsər,
Söyün kimi elmə dolan görmədim. [28, s.3-19]
Şah İsmayıl Xətai və Abbas Tufarqanlı kimi söz xiridarlarının Səyat Nəva yaradıcılığına təsir etməsi tədqiqatçılar tərəfindən də xüsusi vurğulanmaqdadır: “… Türk aşıklarından Hatai ve Tufarganlı Abbas’ın etkisi açık olarak görülür. Üç dilde söylediği şiirlerinde Türk halk hikayelerinden Leyla ile Mecnun, Ferhat ile Şirin, Aşık Garip, Kerım ile Aslı gibi tanınmış kahramanların maceralarına sık sık tel yapmıştır. Türkçe şiirleri de son derecede başarılıdır.
Gavvas olup deryalara dalınışam
Ferhat gibi aşk gayası delmişem
Macnun kimi Leyli deyip galmışam
Gözüm galmış nazlı yarın yolunda [2, s.62] – dörtlüğünde görülen telmihler Türk. halk edebiyatının etkisini açık olarak göstermektedir”. [7, s.19]
Səyat Nəvanın özününküləşdirilməsi prosesi özünü daim göstərməkdədir. Məsələn, Tbilisidə Şeytanbazarda (indiki Qorqasali meydanında) kiçik bir bağçada Səyat Nəvanın xatirə obeliskində isə “XVIII əsrin böyük tiflisli aşığı” ifadəsi həkk olunub ki, bu da aşığın milli mənsubiyyətinin danılmasıdır. Səyat Nəvanın ədəbi irsinin konkret bir ədəbiyyata aid edilməsi və həmin ədəbiyyatın nümayəndəsi olması faktına tədqiqatçıların ehtiyatla yanaşmaları da özünü göstərməkdədir. Məsələn, Səyat Nəvanın rus dilinə tərcümə edilmiş əsərlərinin birinin anatosiyasında bu faktla üzləşirik. Ədibin heç bir dəlil olmadan Arutin Sayadyan olmasına toxunularaq, ədəbi irsinin Zaqafqaziya xalqlarının mədəniyyətinin tərkib hissəsi kimi təqdim edilməsi diqqətdən yayınmır: “Şair-müğənni Səyat-Nəvanın (əsl adı Arutin Sayadyan, 18-ci əsr) ədəbi irsi Zaqafqaziya xalqları mədəniyyətinin tərkib hissəsidir. Səyat-Nəvanın erməni, gürcü və azərbaycan dillərində yazılmış mahnıları bu günə kimi öz bədii əhəmiyyətini və populyarlığını qoruyub saxlamışdır”. [29, s.4] Səyat Nəvanın rus dilində nəşr edilmiş kitabında onun konkter hansı millətə aid olması vurğulanmır. Səyat Nəvanın milli mənsubiyyətinin dəqiq təqdim edilməsi zəruri məsələ kimi diqqəti cəlb edir. Səyat Nəvanın ermənilər tərəfindən özününküləşdirilməsinə cəhdləri bu şairin milli kimliyinin həqiqiliyinin dünya ictimaiyyətinə çatdırılmasının labüd məsələ olmasını aktuallaşdırmaqdadır. Ermənilərin Səyat Nəvanı erməniləşdirmələrinə cəhdi özünü qabarıq şəkildə göstərməkdədir. Səyat Nəvanın erməni şairi olması ətrafında təbliğat daim aparılmaqdadır. Onu erməni kimi təqdim etməyə cəhd edənlər, istər-istəməz fikirlərində təzadlığa yol verirlər. Məsələn, Tomas de Vaal Səyat Nəvanı erməni şairi kimi təqdim etməsinə rəğmən, Ermənistanın “türkdilli müsəlmanların” məskəni olmasına və Qafqazda Azərbyacan dilinin “lingua franca” qismində çıxış etməsini vurğulayır: “Müasir Ermənistanda bu kiçik faktlar barədə çox az sayda insan xəbərdardır. Lakin Yerevanda ən böyük prospektlərdən birinə adı verilmiş və ermənilərin pərəstiş etdiyi on səkkizinci əsrin məşhur aşığı Səyat Nəvanı heç təəccübləndirməzdi ki, Ermənistan bir çox türkdilli müsəlmanların vətəni olub. O, Ermənistanda doğulub, Sanahin monastırının rahibi olub, lakin sonradan Tiflisdə gürcü kralı İkinci İrakli onu öz sarayında şair təyin edib. Səyat-Nəva erməni, Azərbaycan, gürcü və fars dillərində şer yazıb (onun ən məşhur şerlərindən biri eyni zamanda dörd dildə yazılıb). Onun bu günə kimi gəlib çatmış dastanlarının əksəriyyəti həmin zamanlar Qafqazda lingua franka, yəni hamının qəbul etdiyi və geniş yayılmış dil olan Azərbaycan dilində yazılıb”. [26, s.100] Tomas de Vaal Səyat Nəvanın Qafqazda lingua franka olan Azərbaycan dilində yazıb yaratmasına toxunur. Qafqazda lingua franka olan Azərbaycan dilinin Tbilsidə belə mövqeyə malik olması tədqiqatçılara əsas verir ki, Tbilisi həm də türkdilli xalqların şəhəri olmuşdur. Tomas de Vaalın Səyat Nəvanın Azərbaycan dilində poetik nümunələr yaratmasını Azərbaycan türkcəsinin Qafqazda lingua franka ilə əlaqələndirməsi, ədibin zorən erməniləşdirilməsinə cəhddidir. Tomas de Vaal Səyat Nəva haqqında maraqlı bir məqama aydınlıq gətirməsinə cəhdi onun aşığın milliyyətinin erməni olmasına olan şübhəsini əks etdirir. Tomas de Vaal açıq-açığına bunu vurğulamasa da, üstüörtülü şəkildə münasibətini bildirir: “XVIII əsrdə yaşamış erməni aşığı Səyat Nəva üç dildə – gürcü, erməni və həmin dövrdə Qafqazda “linqva franka”, yəni ən yayılmış dil olan Azərbaycan dilində yazırdı (Azərbaycan dilində olan bəzi şerlər hətta erməni əlifbası ilə yazılıb). Səyat Nəva Qafqazın istənilən yerində və istənilən xalqı arasında özünü rahat hiss edirdi. Özünü körpü salıcısı sanan şair Azərbaycan dilində yazdığı şerlərinin birində ölümündən sonrakı taleyindən belə yazır:
Körpü salan qocaya acıyaraq,
Yoldan keçən daş qoyar bünövrəyə.
Xalqım üçün candan-qandan keçmişəm,
Qoy qardaşım bir daş qoysun qəbrimə. [6, s.427]
Çarlz Dousett şairin rübaidə işlətdiyi “xalq” sözünün mənasını araşdırması da maraq doğurur: “Hansı xalqdan söhbət gedir? Əgər bu, erməni və ya gürcü xalqı haqqındadırsa, onda nə üçün şeir Azərbaycan dilində yazılıb? Görünür, şairin düşüncəsi daha genişdir və o, vahid Qafqaz birliyinə işarə edir, o birliyə ki, ermənilər, gürcülər və azərbaycanlılar İkinci İrakli kimi müdrik hökmdarın mərhəmətli hökmranlığı altında əmin-amanlıq şəraitində yaşayırmışlar. Azərbaycan dili isə ən yayılmış dil olduğundan şair fikirlərini ifadə etmək üçün məhz bu dilə üstünlük verirdi.” [26, s.322]
Səyat Nəvanın erməniləşdirilməsinə cəhdlər həm də onun qələmə aldığı poetik nümunələrdəki sözlərin erməniləşdirilməsində də açıq-aydın şəkildə özünü göstərməkdədir. Məsələn, şairin erməni dilindən tərcümə edilmiş “Bayatı” poetik nümunəsində sözlərin erməniləşdirlməsi özünü əks etdirir. Poetik nümunədə istifadə edilən “hazara” sözünün işlənməsinə diqqət yetirək:
Hazara hazar gərək,
Yanan qəlbə qar gərək.
Eşq əlindən məcnunam,
Mənə doğru yar gərək.
“Hazar- ermənicə min-miqdar deməkdir” kimi hazar sözünün izahı verilmişdir. [18, s.76] Bənddə istifadə edilən “hazara hazar gərək” sətrini erməni dilində olan sözlərin mənası ilə təqdim etdikdə, bu sətrin şeirin o biri sətirləri ilə əlaqələnməsi özünü göstərmir. Hərfi tərcümə etsək “minə min gərəkdir” kimi mənasını verir. Lakin Azərbaycan dilində “həzər” sözü işlənilmişdir ki, mənası da saqınma, uzaq olma, ehtiyat etmə, qorunma, çəkinmə, özünü gözləmə və s. mənalarındadır. Sətir də “qorumağa qorumaq gərək” kimi fikir ifadə etməsi özünü göstərir.
Səyat Nəvanın poetik əsərlərinin dilinin deyil, həmçinin adının da doğma dildən uzaqlaşdırılmasına cəhdlər özünü göstərməkdədir. Bir sıra üzdəniraq tədqiqatçıların Səyat Nəva adını hind dili ilə əlaqələndirməyə cəhdlərinə, Mirəli Seyidov dəyərli cavab verə bilir: “Halbuki nə “Sayat”, nə də “Nova” hindcə deyildir. Məlum olduğu üzrə, “sayat”, yaxud “səyad” ərəbcə ovçu deməkdir; “nova” (“nəva”) isə on iki əsas muğamdan biridir. Böyük Azərbaycan bəstəkarı akademik Üzeyir Hacıbəyovun dediyi kimi, “nova” (“nəva”) yunan tonlarına görə “mi”dir. Demək, nova (“nəva”) kəlməsi bilavasitə musiqi ilə əlaqədardır. Məlum olduğu kimi, SSRİ Elmlər Akademiyasının müxbir üzvü E. Bertels də Nəvainin təxəllüsünü “melodiçnıy” deyə izah etmişdir. Bizcə, bütün bunlardan nəticə çıxararaq, aşığın qəbul etmiş olduğu təxəllüsün mənasını “musiqi ovçusu”, “musiqi aşiqi”, “musiqi ustadı” və ya “musiqidə şöhrət qazanmış” deyə izah etmək daha doğru olar”. [20, s.89] Azərbaycanın ən məşhur muğamlarından biri də “Şur” muğam ailəsinə daxil olan 12 klassik muğamdan biri olan “Nəva” kimi muğamın olması da bəllidir.
Ermənilərin 1828-ci ildən sonra Qafqaza köçürülməsini, Səyat Nəvanın da təqribən 1712-ci ildə anadan olmasını və 1795-ci ildə qətlə yetirilməsini diqqətə aldıqda, aşıq-şairin “Tiflisdəki erməni monastrına zorən gətirilməsi, yenidən vəftiz edilməsi və rahib olması, “Ter-Stepanos” adı ilə əvvəlcə İrandakı Ənzəli kilsəsində, 1765-ci ildə isə Qaxdakı kilsədə xidmət göstərməsi” [22] kimi faktların ermənilərin şair haqqında dedikləri bir uydurma olması özünü qabarıq şəkildə göstərir.
Səyat Nəva haqqında bir çox iddialar səsləndirilməkdədir. Onlardan biri də şairin erməni kilsəsində əsir saxlanılması məqamıdır. Bu fakt tədqiqatçılar tərəfindən vurğulanır. Teymur Əhmədov “təxminən 1770-ci ildə 30 ildən artıq zorla erməni monastrında dustaq edilmiş müsəlman şair Harut Seyid fiziki və mənəvi terrora məruz qalmışdır” fikri ilə də ədibin həm erməni əsirliyində olmasına toxunur, digər tərəfdən də erməni olması haqqında fikri alt-üst edir. Akademik Bonda Arveladze Səyat Nəvanın erməni əsirliyində olması məqamına belə aydınlıq gətirir: “Səyat Nəva mahiyyət etibarilə iki dəfə erməni piutokratlarının əsirliyinə düşüb. Bir dəfə həyatında, nə zaman ki o, iradəsinə qarşı erməni monastrında dustaq edilmişdi və ikinci dəfə , onun yaradıcılığının mahiyyəti qəsdən bilə-bilə təhrif edilib, saxtalaşdırılıb, tamamilə tarixi gerçəkliyə zidd hala salınırkən”. [25, s.9]
Səyat Nəvanın ermənilər tərəfindən qətlə yetirilməsi kimi iddialar da səsləndirilməkdədir: “Səyat Nəva ermənilər tərəfindən, erməni kilsəsində öldürülüb”. [11] Bu iddia belə sual yaradır ki, dövrünün məşhur adamı niyə ermənilər tərəfindən qətlə yetirilib? Səyat Nəvanın ermənilər tərəfindən qətlə yetirilməsinin bir səbəbi də onun Mərmər adlı türk qızı ilə evlənməsi iddia edilir. Milli ənənəyə görə türk qızının erməni əsilli keşişlə evlənməsi qeyri-mümkün olan bir əməldir. Səyat Nəvanın türk qızı ilə evlənməsinin iddia edilməsi onun türk, yəni azərbaycanlı olmasına dəlalət edir. Bu faktların dərindən araşdırılmasına, daha doğrusu faktların ortaya qoyulmasına zərurət özünü göstərir.
Səyat Nəvanın Ağa Məhəmməd şah Qacarın 1795-ci ildə Tiflisə hücum edərkən onun döyüşçüləri tərəfindən qətlə yetirilməsi, “Şah Abbasın Tiflisə hücumu ərəfəsində isə birdən-birə və səbəbsiz qətlə yetirilməsi” [22], qəbrinin Tbilisidə kilsə qarşısında dəfn edilməsi və s. kimi mübahisəli məsələlər özünü göstərməkdədir. Azərbaycanlının kilsə qarşısında dəfn edilməsi nə qədər məntiqəuyğundur… Səyat Nəva haqqında uydurma məlumatların olması, hətta onun qəbrinin saxta olması faktı tədqiqatçılar tərəfindən üzə çıxarılmışıdr. Aleksandr Potsxişvili “Səyat Nəva – əfsanələr və həqiqət” kitabında onun Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumu zamanı deyil, həmin vaxtdan 6 il sonra öz əcəli ilə vəfat etməsini, Platon İoselianinin şairin ölüm tarixini 1801-ci il olmasını vurğulaması şairin Ağa Məhəmməd şah Qacarın döyüşçüləri tərəfindən qətlə yetirilməsini təkzib edir.
Gürcü tədqiqatçıları hətta onun Tbilisidəki Supgeorq kilsəsinin həyətində deyil, Axpat monastrının həyətində dəfn olunmasını, Supgeorq kilsəsinin həyətində şairin saxta qəbri üzərində qəbir daşının -abidənin qoyulması faktını vurğulamaları Səyat Nəva haqqında uydurmaların çox olmasının üzə çıxarılmasına şərait yaradır.
Salidə ŞƏRİFOVA
Makalenin devamı için aşağıdaki linki tıklayın!
Son Yorumlar