44 günlük Vətən müharibəsinin nəticəsində qazandığımız zəfərimizin simvolu olan və gələcəkdə qələbəmizin arxetipik obrazına çevriləcək olan Şuşa şəhərinin 270 illik yubileyi ilə bağlı olaraq Ali Baş Komandan, prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa ili” elan edilməsi ədəbiyyatın qarşısında yeni kontekstdə, yeni reallıqda, yeni mövzu ilə bağlı məsuliyyətli vəzifələr qoymuşdu. Tarixi romanlar müəllifi Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Cığır” romanı Şuşa şəhərinin 2023-cü ilin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) tərəfindən də “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi kontekstində bu ilin ədəbi prosesində də öz aktuallığını qoruyub saxlayır.
Romanda hadisələr 3 zaman kəsiyində təqdim olunur: Şuşanın inşa olunduğu XVIII əsrin ortaları, Şuşanın işğal olunduğu 1992-ci il və Şuşanın azad olunduğu 2020-ci il. XVIII əsrin ortalarında çoban Nəsrəddinin Pənahəli xana göstərdiyi gizli cığır Şuşanın inşası üçün əsas rol oynayır. Pənahəli xanın göstərişi ilə Nəsrəddin kişinin oğlu Murad, daha sonra isə nəslin digər nümayəndələri bu cığırın sirrini nəsildən nəsilə keçirərək qoruyurlar. “Nəsrəddin cığırı” tarix boyu Şuşanın qorunmasında, düşmənə zərbə vurulmasında müstəsna rol oynayır. Məhəmmədhəsən xanın Şuşaya hücumu zamanı Muradın gizli dəstəsi, 1992-ci ildə Milli Qəhrəman Ramiz Qənbərovun rəhbərlik etdiyi Şuşa özünümüdafiə batalyonu məhz bu cığır vasitəsilə düşmənə sarsıdıcı zərbə vurur. 44 günlük Vətən müharibəsi dövründə Şuşanın ermənilərin 28 il ərzində tapa bilmədikləri Pənahəli xandan yadigar sirrini – heç bir xəritədə əks olunmayan cığırın varlığını məhz Pənahəli xanın mühafizə rəhbəri qəhrəman Muradın nəslinin sonuncu nümayəndəsi olan 70 yaşlı Nəsrəddin Murad dövlət orqanlarına bildirir. Maraqlıdır ki, hər üç tarixi dövrdə cığırdan istifadə edən “kölgə döyüşçülər” düşməni eyni üsulla – xəncər (bıçaqla) boğazlarını kəsərək zərərsizləşdirirlər. Bu faktla yazıçı yalnız Muradın daşıdığı sirrin deyil, “kölgə əsgər” taktikasının da hərbi-tarixi ənənə formatında ötürülməsini göstərir.
Şuşa Azərbaycan üçün yalnız qürur, ləyaqət, mədəniyyət simvolu deyil, həm də hakimiyyət rəmzidir. Bu səbəbdən 1992-ci ildə Şuşanın işğalını “Dağlarda toy” adlandıran ermənilər bununla həm xalqımızda “toy tutduqlarını”, həm də Qarabağın hakimlik açarını əldə etdiklərini vurğulayırdılar. Vaxtilə Azərbaycanın hərbi-siyasi zəifliyindən istifadə edərək torpaqlarının 20 faizini işğal edən ermənilər yeni dövrün reallıqlarını nəzərə almayaraq “yeni müharibə yeni ərazilər” şüarı ilə 2020-ci ildə Tovuz istiqamətində hücuma keçərək bu təxribat vasitəsilə Qarabağı Azərbaycandan tamamilə qoparmaq niyyətini gerçəkləşdirməyə çalışırlar. Lakin Ali Baş Komandanın dəqiq hərbi-siyasi gedişi, səbri sayəsində müharibəyə digər dövlətlərin müdaxilə etməsinin qarşısı alnır. Tovuz döyüşlərinin aurası, Dövlətin Xalq və Vətən sevdası, Xalqın Vətən və Dövlət eşqi romanda gerçəkliyin bədii boyalarla əksinin ən gözəl nümunəsi kimi diqqəti cəlb edir. Koronavirusla mübarizə fonunda xarici dövlətlərin təzyiqləri altında Ali Baş Komandan Azərbaycan üçün yeni cığır açır, sentyabrda isə “Dəmir yumruq” işə düşərək bu çığırı 44 gün ərzində geniş Zəfər yoluna çevirir.
Yunus Oğuz romanda müharibədə yaşanmış, hər birimizə 44 günlük Vətən müharibəsindən tanış olan, həm arxa cəbhədə, həm də ön cəbhədə yaşanmış, xalqımızın yurd sevgisini əks etdirəm olayları böyük riqqətlə əks etdirmişdir. Keçmiş döyüşçü Nurəddin Xoca, cığırın sirrini açan Şuşalı Nəsrəddin Murad, Şəhid əri Farizə zəng vuran qürurlu Əzizə, şəhid ərinin tabutunu çiynində daşıyan Nurgül, təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürən Hikmət baba, 3 oğlunu müharibəyə yola salan Gülbaba kişi, gözləri mərmidən ovulub tökülsə də silahdaşını çiynində daşıyan kəşfiyyatçı Kamran, ayaqları Qubadlıda basdırılan Camal, erməni zabitini boğan Cəbrayıl Dövlətzadə bizim real qəhrəmanlarımız, xalqımızın Vətən eşqinin canlı heykəlləridirlər.
Elnarə QARAGÖZOVA
Son Yorumlar