Qədim Borçalı torpağının Azərbaycan ədəbiyyatına bəxş etdiyi istedad sahiblərindən biri olan Etimad Başkeçid ədəbi mühitə şair kimi gəlib. Onun 2006-cı ildə çap olunmuş „Broy & panoptikum” kitabında toplanmış şeirləri müasir oxucuya yeni və fərqli bir şairin ədəbi mühitimizə qədəm basdığının müjdəsini verdi. Etimad Başkeçidin bütün yaradıcılığında olduğu kimi peziyasında da əsas, aparıcı xətt milli-etnoqrafik yaddaşın əksidir.Yazıçının dünya ədəbi və fəlsəfi fikri ilə yaxından tanışlığı bu xəttin yeni çalarlarla əksini və özünəməxsus ifadəsini təmin edir. Etimad Başkeçidin mükalimə şəklində qələmə aldığı “Yol” şeirində dialoqun tərəfləri göstərilməsə də şeiri oxuduqca dialoqun insanın ruhu ilə cismi arasında olduğu qənaəti yaranır. Dünya üzünə yeni bədəndə səyahətə gələn ruh yeni bədəninin təcrübəsi ilə keçmişdən gələn biliklərinin növbəti dönəminə qədəm qoyur. Əslində yol yəni həyat şairin də dediyi kimi insanın “bir gün geriyə dönmək üçün sallandığı nəsnə”dən başqa bir şey deyil:
Sən getdikcə uzanan yolda, nə gördün?
– Üfüqlər genişləndikcə dünya daralır…
– Mən isə bir yedim, beş də götürdüm.
– Halal xoşun olsun.
– Yaxşı, nə öyrəndin, nə bildin?
– Bu gözü tutursan, o biri gözə xeyri dəyməz.
– Bunu mən sənsiz də bilirdim.
Məhəbbət varmı bu dünyada, sən bilərsən.
– Hər halda olmamış olmaz.
– Day belə olmaz dostum, billah olmaz,
ama hünərdən gəlmiş kimi görünürsən,
– Əğstəfürullah.
– Yəni tarixə də qazanmadın adını?
– Yox.
– Vardığın mənaya çatdınmı barı?
– Yox. Hər dəfə
sal divar kimi
bir sonsuzluq çıxdı önümə.
– Oralar buralardan nəylə seçilir?
heç olmasa bunu de.
– Nə deyim?
Orayla bura tam tarazıdı.
Çünki canım-qardaşım, hər şey
bu fanidə bir-birinin məcazıdır.
– Bəs onda nəymiş bu yol dediyin?
– Yol bilirsənmi nədir, dostum.
– Nə?
– Hamının sürü-sürü daşlandığı
və bir gün geriyə dönmək üçün
sallandığı nəsnə…
Etimad Başkeçidin yaradıcılığında hekayə janrı aparıcı mövqeyə malikdir. Onun“ Devri – aləm və bir gün”, “Veyil dərəsi”, “Velosiped”, “Tüklücə”, “Günəş topla mənim üçün” hekayələrində müasir realilərlə mifik, dini realilərin sintezi, mətnin alt qatının dinamikliyi yazıçının özünəməxsus üslubunun təzahürü kimi önə çıxır. Cavanşir Yusiflinin də qeyd etdiyi kimi, “Etimadın istənilən hekayəsində (romanından fərqli olaraq-!), hadisələrin inkişafının konkret məqamında mistik bir aura yaranır, daha sonra bir-birinin dalınca gələn reallığı bəlkə də göz deşən olaylar baş verir. ” Etimad Başkeçidin hekayələri yazıçının roman texnikasının təkmilləşməsində mühüm rol oynamışdır. Beləliklə, poeziyadan başlanan yol nəsrə doğru yönələrək yazıçının yaradıcılığında yeni etapın başlanğıcını qoymuş və „Min yol mənə söylər…“ kimi sinkretik, polifonik bir romanın yaranmasına gətirib çıxarmışdır.
Etimad Başkeçidin “Min yol mənə söylər…” romanı 80-ci illərin sonunda baş verən ictimai-siyasi hadisələri bir tələbənin baxış bucağında oxucuya təqdim edir. Romanın əsas qəhrəmanı Moskvada Ədəbiyyat İnstitutunda oxuyan azərbaycanlı tələbədir. Romanda Moskva mühiti ilə qəhrəmanın doğulduğu Borçalı torpağının koloritli mühiti zaman-zaman çulğalaşır. Xüsusilə tələbənin atası ilə mükalimələri və xatirələr fonunda etnoqrafik cizgilər qabarıq şəkildə meydana çıxaraq dövrün abu-havası fonunda mətnə ekzotik aura gətirir. Romanın yazıçının prototipi olan qəhrəmanı iki fərqli mühit arasında ərafdakı kimi yaşayır. Bir tərəfdə qədim Borçalı,digər tərəfdə yad amma enerjili, şirnikləndirici Moskva. Lakin qəhrəmanı bu təlatümlü, şirnikləndirici mühitdən qoruyan, özümlülüyünü itirməsinə imkan verməyən əsas səbəb onun milli köklərdən qidalanan uşaqlığına bağlı xatirələri, onun qanına yerimiş, əsrlərdən gələn ənənələrdir. Etimad Başkeçid insanın özəyini təşkil edən və romanın da əsas alt xətinin qidalandığı uşaqlıq dövrünə maraqlı bir tərif verərək onu bəşəriyyətin ilkin dövrü, mifik təfəkkürü ilə əlaqələndirir, bununla insanın mahiyyətcə ilkin etapda eyni olan təbiətinin mühitin təsiri ilə formalaşdığını vurğulayır: „Onda mənim dörd, ya beş yaşım olardı. Onda elə dünyanın özü də təxminən həmin yaşlardaydı. Dünyada nə oğru vardı, nə quldur, nə əzən vardı, nə əzilən, nə acından ölən vardı, nə də ki, artıq çəkidən əziyyət çəkən. İnsanlar da ağac, ot, daş, rüzgar və ya bax, bu payız yağmuru kimi təbiət hadisəsi idilər.“
“Min yol mənə söylər…” romanında zəmanəsinin qəhrəmanı olan bir sıra obrazlarla tanış oluruq. MDU-nun Fizika və riyaziyyat fakültəsinin tələbəsi Ziyəddin, Moskva Bauman universitetində oxuyan Rüstəm, Mahmud, əsərin qəhrəmanının tələbə yoldaşları latış Yanis Eşots və koreyalı Çen Mun onun yenicə öyrəşdiyi beynəlmiləl tələbə dünyasının üzvləridir. Romanın ən koloritli qəhrəmanı isə Xıdır İlyaslıdır. Etimad Başkeçidin bu obraza verdiyi ad mifik personaj olan Xıdır İlyas obrazı ilə səsləşir. Maraqlıdır ki, Xıdır İlyaslı adı ilə səsləşən mifoloji obraz kimi tələbə Rəsulovu möcüzəli bir şəkildə dəfələrlə dardan qurtarır. Lakin Xıdır İlyaslı qaranlıq işlərlə məşğul olan, yenicə yaranmaqda olan kriminal aləmə keçid etmiş şəxs kimi bu yolun qurbanı olur.
Roman yenidənqurma hərəkatı, siyasi təlatümlərlə, maddi çətinliklərlə, mitinqlərlə xarakterizə olunan, stereotiplərin yıxıldığı, yeninin başlamadığı, köhnənin isə dağılmaqda olduğu unikal bir dövrün xülasəsidir. Etimad Başkeçid yeni dövrün ilkin işartılarını, sovet mifinin dağılmasını bir gəncin dili ilə deyil, həmin mühitin yetirməsi olan atanın sözləri ilə bədii mətnə həkk edir. Ata ilə oğulun mükaliməsində sovet rejiminin əsl mahiyyəti bu şəkildə xülasələndirilir: „– Bu bina əvvələr bu kişinin evi olub, – Gertsenin heykəlinə işarəylə dedim, – Bu sağ tərəfimizdəki tikili isə onun at tövləsiymiş, indi kitabxanadır.
– Belə de… – Atam qanrılıb diqqətlə Gertsenin qranitdən yonulmuş sifətinə baxdı, – adamı malından-mülkündən eləyirlər, sonra da özünə heykəl qoyurlar, yaxşı işdi, vallah!“.
Etimad Başkeçidin bu romanda təqdim etdiyi maraqlı səhnələrdən biri Şuşanın işğalı ilə bağlı ermənilərin Moskvada şadyanalıq etməsinin təsviridir. „Ermənisən?“ sualına „Allah eləməsin“ deyə cavab verən azərbaycanlı tələbə azğınların hücumuna məruz qalır. Lakin bir dəstə düşmən qarşısında qorxub geri çəkilməyən azərbaycanlı balası o çətin dönəmdə bu günkü qələbəmizin müjdəsini ermənilərin başına ildırım kimi endirir: „– Elə danışırsan ki, elə bil, sən mənim şəhərimi yox, mən sənin şəhərini tutmuşam, o ermənilərin hökmdarı, – dram janrının qaydalarına uyğun olaraq pafosla və bərkdən səsləndim, sonra barmağımı Puşkinin heykəlinə tuşlayıb davam elədim, – sənin barəndə efiop üləması Puşkin çox düz buyurubmuş: sən qorxaqsan, sən qulsan, sən ermənisən. Sən başqasının şeyinin üstündə cənnətə girmək istəyirsən, o bilmirəm neçənci Tiqran Ovanes Xaçatur. Amma bil və agah ol ki, ovuclayıb içdiyin qanların hamısını burnundan gətirəcəyəm…”
“Min yol mənə söylər…” romanının mətni üç qatdan ibarətdir. İlkin qat yenidənqurma dövrünün inikasıdır. İkinci qat konfutsi fəlsəfəsi ilə bağlı məqamları ehtiva edir. Üçüncü, ən önəmli qatın məğzini isə milli təfəkkürdən gələn elementlər təşkil edir. Təsadüfi deyil ki, romanın epiqraflarından biri Kitabi Dədə Qorquddan götürülmüş “Altun başlı ban ev vergil…“ ifadəsidir. Roman boyu uşaqlıq xatirələrindəki epiqrafik elementlərlə yanaşı, „Kitabi Dədə Qorqud“ üslubu da özünü göstərir.
Etimad Başkeçid yaradıcılığı dünyəvi və milli, bədii və fəlsəfi, real və magik elementlərin çulğalaşmasından doğan və yazıçının özünəməxsus bədii dili ilə reallaşdırılan fərqli ədəbi mətnlərin təzahürü ilə müstəqillik dövrü ədəbiyyatımızın əsas fondunda özünə yer etmişdir.
Elnarə QARAGÖZOVA
Son Yorumlar