Meksika şairi, diplomat, siyasi publisist Oktavia Pas poeziya haqqında yazır: “poeziya – həm ali nitq hadisəsidir, həm də ibtidai dildir. O – həm qaydalara tabe olmaqdır, həm də yeni qaydalar yaratmaqdır. O – əcdadları yamsılamaq, gerçəkliyin üzünü çıxartmaq, İdeyanın kopyasının kopyasıdır. Çılğınlıqdır, ekstazdır, Loqosdur. O – uşaqlıq dünyasına qayıdışdır, itirilmiş cənnət üçün xiffətdir, cənnətdə cəhənnəm arzusudur. Oyundur, işdir, asketlikdir. Etirafdır. Anadangəlmə qabiliyyətdir. Görüntüdür, musiqidir, simvoldur. O – analogiyadır: poeziya içindən kainatın səsi gələn balıqqulağıdır, onun ritmləri, ölçüləri universal harmoniyanın əks-sədasıdır.”
Aristotel isə, incəsənət haqqındakı baxışlarını təqdim etdiyi, bütövlkdə poeziya sənəti haqqında nəzəriyyələri özündə cəmləşdirən “Poetika” əsərində poeziya sənətini üzə çıxaran iki təbii səbəbin mövcudluğundan bəhs edir: 1.“Təqlid etmək və təqliddən həzz almaq insan təbiətinin xüsusiyyətidir. Bunun səbəbi isə insanın öyrənməkdən aldığı həzzdir. İnsanlar təqlid olunan obyektin biliyini öyrənmək və ya təqlid edənin istedadını qavramaq istəklərinə görə təqliddən həzz alırlar. 2.Harmoniya və ritm instinkti də insanın ekzistensial (anadangəlmə) xüsusiyyətlərindən biridir. Həyatın hər yerində mövcud olan harmoniya və ritm insan yaradıcılığında, onun yaratdığı hekayələrində də özünə yer tapır.”
Doğrudur, Aristotelin sənəti təqlid adlandırması fikri birmənalı olaraq hər kəs tərəfindən qəbul olunmur, onunla razılaşanlar olduğu kimi, razılaşmayan da az deyil. Fikrimizcə, Aristotelin bu fikirləri ilə razılaşmaq daha doğru olar. Çünki Aristotel təqliddən bəhs edərkən burada insanın-sənətin Tanrının yaratdılarını təqlid etdiyindən bəhs edir. Tanrının yaratdığı gözəlliklərdən həzz almamaq, gördüyü gözəlliklərdən vəcdə gəlməmək mümkün deyil. İbn Ərəbi yazır ki, “Gördüyüm gözəllik idraka sığmır.” Cübran Xəlil Cübrana görə isə “gözəlliyi ehtiyac deyil, vəcddir.”
İstanbul universitetində bir çox Avropa fəlsəfi cərəyanlarla ilə tanış olan və fəlsəfi görüşlərini yaradıcılığında əks etdirən filosof şair dramaturq Cavid əfəndinin “Afət” əsərində Ərtoğrulun mülahizələrində ifadə etdiyi fikirlər də Qərb və Şərq mütəfəkkirlərinin fikirləri ilə üst-üstə düşür: “Şeir!.. Musiqi!.. Din!.. (Təbdiltevr ilə). Allah eşqinə, şu kitablardan, şu mütaliələrdən vaz keç! Şu çərçivəyə alınmış şeirlərdən, notaya girmiş musiqilərdən qaç! Şu kitabları qaralayan dinlərdən, məzhəblərdən uzaqlaş! Dünyada yalnız bir şeir, bir musiqi, bir din mənbəyi var ki, o da təbiətdir, şeirmi istərsin? İştə aşiqlərin iztirabı, filosofların düşüncəsi, öksüzlərin köks keçirməsi, kimsəsizlərin göz yaşı, yıldızların səfvəti, qürubun məhzunluğu, gecənin sükutu, fəzanın dərinliyi həp birər şeirdir. Əvət, hər ah, təbəssüm, hər inilti, hər fəryad; hər fırtına, hər girdab, birər şeirdir. Musiqimi istərsin? Çayların, ırmaqların ninnisi, dənizlərin, çağlayanların vəlvələsi; arslanların, yıldırımların gurlaması; xəfif rüzgarların zümzüməsi; yapraqların, çiçəklərin öpüşməsi; bülbüllərin, ishaqların ötüşməsi həp birər musiqidir. Vurğun gönüllərin acı təranəsi; mini-mini çocuqların tatlı qəhqəhəsi, körpə quzuların mələməsi həp birər musiqidir. Dinmi istərsin? İştə hər yıldızun incə təbəssümləri, hər günəşin yıldızlı baqışları, hər gün yeni bir din, yeni bir məzhəb doğurur.” Tam da İbn Ərəbinin “Gördüyüm gözəllik idraka sığmır” və ya Cübran Xəlil Cübranın “gözəllik ehtiyac deyil, vəcddir” fikri ilə səsləşir. Yaradanın yaratdığı sirli-sehirli aləmin eşqlə və sözlə təqlidi olan poeziya insanın gördüyü gözəllikdən vəcdə gəlməsi ilə, gördüyü gözəlliklərdən aldığı həzz və axtarışdan yaranır. Azərbaycan ədəbiyyatının tanınmış nümayənlərindən qələmini müqəddəs amala, sözə xidmətə kökləyən yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in redaktoru, AYB sədr müavini, şair, jurnalist Rəşad Məcidin poeziyası da təbiətə, gözəlliyə, sevgiyə, vətənə olan sevgisindən, Tanrının yaratdığı gözəllik önündəki vəcdən və kamil insan axtarışdan yaranan duygularının əksi, “bir dolu ürəyin püskürmə çağı”dır, “dikəlib asfaltı deşən bənövşə”dir, göylərin bağrından qopub şaqqıldayan göy gurultusu kimi, “sinədə boğmaq mümkün olmayan bir qəfil hönkürtüdür” (İsa Həbibbəyli). Duadır, epifaniyadır, etirafdır, çılğınlıqdır, ekstazdır.
Şairin dillər əzbərinə çevrilən “Şuşa” şeiri ruha qanad verən sirli, tilsimli, ovsunlu məkanın gözəlliyi önündəki ekstazdan – vəcddən yaranıb:
“Min şəhər adı var dillərdə əzbər,
Adların ən üstün adıdır Şuşa.
Musiqi notudur cüt hecasıyla: Şu-Şa
Dilimin şəhdidir, dadıdır Şuşa.”
Qoynuna hər gələn yüz xəyal eylər,
Uzaqdan baxanlar qeylü-qal eylər.
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.”
Şairin müqəddəs məkanımız olan “Şuşa” haqqında söylədiyi “Tilsimdir, ovsundur, cadudur Şuşa”, – sözlərini bütövlükdə poeziyaya aid etmək olar. Vəcddən yaranan poeziya “ovsundur, cadudur, tilsimdir.” Gördüyü gözəllik önündə vəcdə gələn şairin duyguları, sözlə misralarda əks etdirdikləri də öz növbəsində oxucuları ovsunlayır, vəcdə gətirir. Belə mükəmməl bir poetik əsər ancaq, “dünyagörüşünün miqyası etibarilə mükəmməl, bütöv, etibarlı bir Azərbaycan övladı” olan Rəşad Məcidin qələmi ilə çəkilə bilər. Çünki “Rəşad Məcid yalnız şair deyil, “dünyagörüşünün miqyası etibarilə həm mükəmməl, bütöv, etibarlı bir Azərbaycan övladı, həm də dünyanın gəliş-gedişindən, ümumən həyat (və insan) mənzərələrindən yaxşı baş çıxaran həssas analitikdir, dünyanın tarixindən olduğu kimi bu günündən də dərs almağın, öyrənməyin, ona uyğunlaşmağın və ya onunla polemikaya girməyin metodlarını, üsullarını yetərincə mənimsəmiş çevik, öz mövqeyi olan mütəfəkkirdir” (Nizami Cəfərov).
“Öz mövqeyi olan mütəfəkkir” şairin poetik dünyası çox zəngin və düşündürücüdür. Oxucunu ovsunlayır. Vəcdə gətirir. Dəfələrlə həyatda üzləşdiyimiz olayları, dilimizə gətirdiyimiz duyğuları, vəfasızlıqları, etibarsızlıqları şairin qələmindən çıxan misralarında (“Ləkə” şeiri) oxuyanda insan heyrətə düşür:
Hara söykənmişəm,
Unutmuşam…
Plaşımın arxası ağappaq toz…
Yer var bilinmir toz, tərtəmizdi sanki.
Adamlar da elədi,
Bilmirsən, söykənirsən,
Zaman keçir görürsən,
Ağappaq ləkəsi çıxıb ürəyinə…
İfadə olunan fikir, vəfasızlıq, güvənsizlik insanoğlunun xislətindədir. Lap, “Güvəndiyim dağlar vardı, o dağlara qar yağdı”, – sözlərində olduğu kimi… güvən insana güc verdiyi kimi, güvənsizlik insana xəyal qırığlığı yaşadır. Dağ başı qarlı olar, bu qəbul olunan həqiqətdir. Amma dağa bənzətdiyin dostun qar soyuqluğunu hiss etmək adamı məyus edir, üşüdür. Dostdan və dostluqdan söz düşmüşkən, Rəşad Məcid çalışdığım Ədəbiyyat institutunun, bütövlükdə ədəbiyyat, söz adamlarının dostu, güvən yeridir. Uca dağ başında hər zaman qar olur, olsun, təki o qar dostları üsütməsin, etibara, güvənə kölgə salmasın.
Poeziyadakı hər bir söz müəllifin etirafı, onun avtobioqrafiyasının bir hissəsidir (Mandelştam). Rəşad Məcidin poeziyası da müəllifin avtobioqrafiyasının bir hissəsidir. Poeziyanın bütövlüyünü ancaq poetik əsərin özüylə birbaşa ünsiyyətdə dərk etmək mümkündür. Hər hansı bir əsəri analiz etmək üçün ritorik, stilistik, sosioloji, psixoloji və s. ədəbi metodlar lazımlı olsa da, bəzən onların heç biri poeziyanın həqiqi mahiyyətiylə bağlı bizə heç nə demir. “R.Məcidin şeirlərində ən mühüm cəhət fikirlərini cilalaya bilmək, poeziya ritminə köklənmək səriştəsidi. Əgər predmet vətən gözəlliklərinin vəsfidirsə, bu təsvir son məqamlarına, təsvirlərinə, mənalarına qədər sərgilənmiş olur. Amma ağla gələn hər şeyin kor-koranə ifadəsi ilə deyil, ilhamı zorlamadan, fikrin misra-misra bir-birindən doğması, əl-ələ verib uçunması mənasında” (E.Akimova).
Çəmən zirvənin çiynində
Bəzəkli şaldı eləcə.
Gül-çiçəklər yaraşıqdı,
Lalələr xaldı eləcə.
Könlüm, düş, bu alovda yan,
Gözüm, gözəllikdi hər yan.
Bir daş altda heyran-heyran,
Quruyub qaldım eləcə.
Təbiətdəki gözəllikdən vəcdə gələn, təbiətlə danışmağı bacaran mütəfəkkir şairin poeziyasında Ay işığı, Günəş, ulduz, dağ, dərə, meşə, çəmən, yaylaq bütövlükdə kainat-təbiət şeirdir:
Bu dağlarda ay işığı –
Çəməni bürüyən şehdir,
Bu dağlar ay işığında
Üz-gözü südə bulaşmış
Körpə kimidir.”
Bu misralar “Dağlarda ay işığını çəməni bürüyən şehə, üz-gözü südə bənzəyən uşağa” bənzədən şairin təbiətlə pıçıltısıdır, “babalar yaşıdı ağacla, əsrlər görmüş, torpağın yaşıdı dağla” , “dünya yaşıdı Gün işığı”la həsbi-halıdır:
Babalar yaşıdı ağacım,
Çiçəyin, gülün yadıma gəlməz.
Sən ki, əsrlər görmüsən,
Torpaq yaşıdı dağım.
Dünya yaşıdı Gün işığım,
Bir silkələyin yaddaşınızı,
Mən sizi tanıdım,
Siz məni tanımadınızmı?
Ürəyi ay işığında yol gedən şairin kainat, təbiət və insan haqqında lirik düşüncələrdən yoğrulmuş yaradıcılığında təbiət, doğan günəş, yağan yağış hər zaman baş roldadır. Şair “Qəfil yağış” şeirində “günəşi dövrəyə alan, bir anda səmada çaxnaşma salan buludların”, “torpağa naxış-naxış ələnən nurun – yağan yağışın” möhtəşəm mənzərəsini yaradır. Oxucu yalnız özünü o yağışın altında hiss etmir, eyni zamanda torpağa ələnən nurun həzin musiqiyə bənzəyən səsini duyur, o yağışın altında islanır, “çiçəklər” kimi başını qaldırıb göylərə boylanır. Bu şairin sözünün qüdrəti, yağışın poetik təqdimindəki uğurudur:
Günəşi dövrəyə aldı buludlar,
Oyandı göylərdə bir qəfil yağış.
Səmada çaxnaşma saldı buludlar,
Ələndi torpağa nur naxış-naxış.
Çiçəklər başını qaldırıb baxdı,
Bulud da, Günəş də göydə qoşaydı.
Şəfəqlər yağışa qarışıb axdı,
Səma çilçıraqdı, yer tamaşaydı.
Bu qəfil yağışın istəyi nəymiş,
Duruluq parladı havada, yerdə.
Bəlkə gözəllərin həsrətindəymiş:
Qızlar çiçəklədi pəncərələrdə.
Təbiətin mövcud rənglərini görə bilmək, təbiətin sirrlərinə vaqif olmaq, hər məqamın ayrıca poetik mənzərəsini yaratmaq və “bütöv halda bir gözəllik çələngi kimi təqdim etmək sənət hadisəsidir.” Rəşad Məcidin peyzaj nümunəsi olan şeirlərində poetik cazibədarlıqla yanaşı, həm də canlı, yaşayan ana təbiətin obrazı canlandırılır. Rəşad Məcidin sirli-sehrli təbiət şeirlərini oxuyarkən Abdulla Surun təbiətə, kainata müraciətlə dediyi: “Nazan-nazan göz oxşayan, dilbər-dilbər könül açan təbiət, hansı qəlbi öpər, ruhu yalardın?”, – sözlər yadıma düşür. İnsanın ən çox marağı, düşüncəsi “dilbər-dilbər könül açan təbiət”də “başımızın üstündəki, gecələri ulduzları işaran, sirlərinin sonuna yetəmmədiyimiz Göy üzüdür.” Bütövlükdə, “Göy üzü” şeiri üzü göylərə olan şairin fəlsəfi düşüncəsinin təqdimidir:
Göy üzü var başımızın üstündə.
Gecələri ulduzları işarır,
Çəkib dartır ümidləri yanına.
Çox baxırıq gözlərimiz yaşarır
Yetəmmirik sirlərinin sonuna.
Ayın, Günəşin, ulduzların məkanı olan “Göy üzü” gözəlliklərlə yanaşı, bir çox sirri də özündə saxlayır. Rus şairi Sergey Yesenin yazır ki, “Nə ölüm təzədir qoca dünyada, / Nə də ki, yaşamaq təzə şey deyil!” Qoca dünyada nə ölüm, nə yaşamaq, nə qadın, nə eşq, nə torpaq, nə vətən sevgisi yeni deyil. Rəşad Məcid qədim dünyanın köhnələrinə böyük bir eşqlə yeni don geydirir, yeni ruh verir, sirrini çözməyə çalışır. Bu zaman daha çox hiss və duyğularına arxalanır, hansı mövzuda olursa-olsun. Şeirinin mərkəzində Vətən, Vətənin müqəddəsliyi və bütövlüyü dayanan şairin “vətənpərvərlik mövzusunda yazdığı şeirlər şair-vətəndaş mövqeyinin poetik ifadəsidir.”
…Dikələn qayası, ucalan dağı,
Əyilməz bürcüdür yanan çırağı.
Yayılıb Kür boyu, Araz qırağı
Arazlaşan Vətən, Kürləşən Vətən.
Qan yaddaşım od ələyib duyğularıma,
Əfsanələr cavab tapıb sorğularıma.
Bir igid də tez-tez girir yuxularıma
At belində, döşündə saz, əlində qılınc.
“Qan yaddaşı duyğularına od ələyən” şairin yol qırağında əlində çomağı ilə yurda keşik çəkən “tərpənən qanı ilə qanımız, qeyrətimiz, heyrətimiz, mürgüsü dağılan millətimiz” olaraq gördüyü balaca çoban haqqındakı düşüncələri mükəmməldir:
Tərpənən qanımız, qeyrətimizdir,
Balaca boyuyla heyrətimizdir.
Mürgüsü dağılan millətimizdir,
Orda – keşik çəkir yol qırağında,
Yurda keşik çəkir yol qırağında.”
Vətəndaş – şairin şeiri, eyni zamanda bir çox şeirləri vətən və vətəndaşlıq müstəvisində yazılan ən gözəl nümunələrdir. Bunlardan biri də müstəqil Azərbaycanımızın dövlət rəmzlərinə ehtiramla yazılmış, “Bayrağım” şeiridir. Üçrəngli bayrağımızı tərənnüm edən şair, başı bəlalar çəkmiş vətənimizin tarixinə ekskurs edir:
Səni ən çətin
Günlərimdə qorudum.
Beynimə həkk edib,
Ürəyimə sarıdım.
Mahnımda,
Nəğməmdə gizlədim.
Aya baxıb xatırladım,
Ulduzunu sevdim.
Üç rənginə öyrəşdim,
Hər üzünü sevdim.
Hücumdan, həmlədən qorudum,
Küləkdən, tufandan keçirdim.
Bir gün qaldırdım başımın üstünə
Saxladım,
Əymədim.
Rəşad Məcid şeirinin estetik idealı olan ağ atlı oğlanı da müstəqillik yollarında inamla irəliyə gedən, torpaqlarını azad edən Azərbaycanın dövlət bayrağının keşiyindədir. “Sənə təşnəyəm, acam, əlim-qolum yorulsa, dişimlə saxlayacam”, – deyən şair göz-bəbəyi kimi qoruduğumuz bayrağımızın bundan sonra da daim dalğalanmasını, xalqımızın xoş sabahlara çıxmasını arzulayır, intizarında olduğumuz Zəfərə qovuşacağımıza inanır, duyğularınını dilə gətirir:
Qan yaddaşım od ələyib duyğularıma,
Əfsanələr cavab tapıb sorğularıma.
Bir igid də tez-tez girir yuxularıma
At belində – döşündə saz, əlində qılınc…
Şairin tez-tez yuxularına girdiyi igidlər gerçək həyatda 44 gündə yeni tarix yazdı, Böyük Zəfərə canları və qanları ilə imza atdı. Zəfərimizdən sonra vətəninə, bayrağına, torpağına bağlı olan şairin yaradıcılığında yeni bir dalğa, böyük bir çoşqu yarandı. 2024-cü ildə yazdığı “Şuşa dəftəri” şeir silsiləsində zəfər çoşqusundan, zəfərimizin təntənəsindən yaranan poeziyasıdır. Şair “Şuşa sevgisi” şeirində yazır:
Azərbaycan əsgəri borc ödəyib canıyla,
Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!
İslanıb hər qarışı şəhidlərin qanıyla,
Dönüb yalçın qayaya, tunca Şuşa sevgisi!
Qalxır hünərli şəhər, olur qızıl dirəkli,
Daş deyil hörülən daş, məhəbbətdi, ürəkdi!
Çağlayan sevgilərin ilham mənbəyi təkdi –
Ali Baş Komandanın uca Şuşa sevgisi!
Şeiri oxuduqca gözümüzün önündən kino lenti kimi keçir Ali Baş Komandanın Şuşanın işğaldan azad olunmasını yüksək duyğularla, böyük sevgi, həyacanla xalqa çatdırdığı anlar: “Əziz Şuşam, sən azadsan!” “Əziz Şuşa, biz qayıtmışıq!” “Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
Yaşadığı coğrafi məkan insanın taleyi və vətənidir. Vətən torpağı müqəddəsdir, onu sevmək və qorumaq gərəkdir. Peyğəmbər (s.ə.s.) məşhur hədisində deyildiyi kimi, vətəni sevmək imandandır (Hubb əl-vətəni min əl-imən). Bəli, hər bir xalqın yaşadığı coğrafiya istər-istəməz onun taleyini müəyyənləşdirir. Keçmişində, bugünündə dərin izlər buraxır. Bu fikrin dəqiqliyini öz xalqımızın yaşadıqlarında görə bilirik. Vətəni qorumaq dövlət və milləti qorumaq, vətəni sevmək dövləti və milləti sevməkdir. Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə bağlılıqdır, sədaqətdir, sevgidir. Vətənə bağlılıq insanlarda vətənpərvərlik hissləri ilə səciyyələndirilir.
Yalnız yaradıcılığında deyil, cəmiyytdə Vətəninə, yurduna, bayrağına, dövlətinə bağlılığı və sədaqəti ilə özündən söz etdirən, qələmini müqəddəs amala, Vətənə xidmətə kökləyən, vətəni köksünə sığdıran Rəşad Məcid əsl vətənpərvərdir. Duyğularını “Vətən” şeirinin misralarına pıçıldayan şair yazır:
Açıb qollarımı qucaqlayaram,
Sıxaram köksümə genişliyini.
Çən kimi çökərəm, su tək hoparam,
Bu yurd sinəsində bitirər məni…
Qəlbimə sıxılıb qaynayır qanım,
Tərsinə kükrəyən vulkan kimiyəm.
Üzümdə daşlaşıb, içimdə yanıb,
Qədim dərdlərimin od heykəliyəm.
Dikələn qayası, ucalan dağı –
Əyilməz bürcüdür, yanan çırağı.
Yayılıb Kür boyu, Araz qırağı
Arazlaşan Vətən, Kürləşən Vətən.
Açıb qollarımı qucaqlayaram,
Sıxaram köksümə genişliyini.
Çən kimi çökərəm, sutək hoparam,
Bu yurd sinəsində bitirər məni.
Şair, Vətənini “Tufanların vüqarını sarsıda bilmədiyi”, “şimşəklərin hədəsindən qorxub əyilməyən”, “kökü dərin, qaməti uca” məğrur qayaya bənzədir:
Bu qayanın kökü dərin, qaməti uca,
Tufanlar da vüqarını sarsıda bilmir.
Yağışların gur selində çimir doyunca,
Şimşəklərin hədəsindən qorxub-əyilmir.
Vətənə sevgi vətənin yaşıdıdır. Vətən mövzusu qədimdir, uludur, vətənlə qoşa yaranıb. Əlinə qələm alan şairlərin mütləq Vətən haqqında yazdığı bir şeiri var. Amma vətənə sevginin ifadəsi hər şairin qələmində fərqlidir. Rəşad Məcidin yaradıcılığınan hopan vətən sevgisinin ifadəsi özünəməxsusdur, səmimidir, yenidir, təzədir, orjinaldır. Lap “Bir çox sirlərin cəmi” (Pərvin) olan, Rəşad Məcidin özü və sözü kimi…
Prof.Dr. Lütviyye Asgerzade

Son Yorumlar