“Oyun Dövrəsi”nin Tilsimi

“Sirli gedişlər” romanının müəllifi tanınmış vəkil Lətifə Orucun “Oyun dövrəsi” adlı yeni romanı dedektiv siqlətli bir əsərdir. Əsərdəki hadisələr iki zaman kəsiyində:  1990-cı illərdə və günümüzdə cərəyan edir. Yazıçı əsərdə maraqlı obrazlar qalereyası yaratmağa nail olmuşdur. Romanda üç qumarbazın və bir prokurorun həyatı fonunda insanın günahdan keçən ömür yolu təsvir edilir. Tərlanın, Məşdinin, Natiqin və özünü “Vəli” adı ilə təqdim edib onlarla bir masaya oturan prokuror Rüstəmin qumar masasından 1990-cı illərdə  başlayan “oyun”u 2020-ci ildə yekunlaşır. Gəlin Lətifə Orucun yeni qəhrəmanları ilə yaxından tanış olaq. Kimdir onlar?

Zəhmətkeş bir ananın yeganə oğlu olsa da pis vərdişlərə yiyələnərək nəinki öz həyat yoldaşı Məryəmə zülm edən, hətta anası Natəvanın ölüm yatağında gözlərini yolda qoyan, anasının dəfnində iştirak əvəzinə toya gedib qumar oynayan, həyat yoldaşına qarşı amansız rəftarına görə öldürülən Tərlan;

Öz təmiz alim adını rüşvətlə ləkələyən, epilepsiya xəstəsi olan qızı Zeynəbin müalicəsi üçün pul qazanmaq niyyətilə dolayısı ilə də olsa Məryəmin atasının və anasının ölümünə, özünün isə ali təhsil arzusu ürəyində qalıb süpürgəçi işləməsinə bais olan, qumara qurşanıb  Məşdiyə çevrilən, pul hərisliyindən şantaja əl atıb öldürülən  Həsən;

Vaxtilə idmançı olan, sonradan asan qazanc niyyəti ilə qumara qurşanan, oğlu Raminin və psixi pozğunluq əlamətləri olan həyat yoldaşı Şahanənin problemləri fonunda uçuruma yuvarlandığının fərqinə olmayan, sonradan Rüstəmin dəstəyi ilə bisnesmenə çevrilsə də ailə xoşbəxtliyini dada bilməyən Natiq;

Daim ədalət tərəzisinin tarazlığına çalışan, keçmiş cinayətin sirrini açmağa çalışarkən özü də mistik bir şəkildə həmin cinayətin və gələcəkdə törəyəcək cinayətlərin halqalarından birinə çevrilən, bir  övladı oğurlanan, digəri qətl şübhəsi ilə həbs  olunan, bir övladının digərini mühakimə etməsinə şahid olan prokuror Rüstəm.

Prokuror Rüstəm və ailəsi ilə bağlı olayların əsərin əsas xətlərindən birini təşkil etməsi həm də müəllifin maarifçi ideyası ilə bağlıdır. Prokuror Rüstəm və onun həyat yoldaşı Sevili  öz sənətlərinin vurğunu olan, daim ədalətin yanında olan mütəxəssis kimi təsvir edən Lətifə Oruc bu ailənin timsalında həm də sağlam ailə modelini ortaya qoyur.

“Oyun dövrəsi” qumar oyununun qurbanları və fəsadları fonunda insan və cəmiyyət, maddi və mənəvi dünya, ideya və əməl kimi mövzulara işıq salmaqla yanaşı sələflər və xələflər mövzusuna da toxunur. 1990-cı illərdəki hadisələrin qəhrəmanları 2000-ci illərdə fərqli reallıqda yenidən oxucu qarşısına çıxırlar. Bu dəfəki oyunun qəhrəmanları Natiqin oğlu Ramin, Tərlanın oğlu (əslində prokuror Rüstəmin oğurlanmış oğlu) İsmayıl, Məşdinin qızı Zeynəb və  Rüstəmin oğlu Mehmandır. Lakin ilk baxışdan kənarda qalan bir oyunçu daha var. Prokuror illərlə aça bilmədiyi cinayətlə bağlı qarşısında divar kimi duran bir tapmacanın açmacasını intuitsiya ilə hiss edir. Rüstəm illər boyu bu kələfə dönmüş işdə dörd oyunçudan əlavə beşinci oyunçunun da olduğunu təxmin edir. İlqarın qətli ilə bağlı məhkəmədə beşinci oyunçu – süpürgəçi Fatma ortaya çıxır. Həyatın gözəgörünməz tellərlə bu  dörd nəfərə və onların həyat yoluna bağladığı, yetimxanadan böyüyən, gənckən prokuror Vilayətin toruna düşüb ismətini itirən, daha sonradan onu bətnindəki qızı, gələcəyin ginekoloqu Qumralı qətlə yetirmək istədiyi üçün zəhərləyib öldürən, Məryəmə zülm edən Tərlanı öldürən, Tərlanın ölən  körpəsini prokurorun yeni doğulan oğlu ilə dəyişən, ömrü boyu süpürgəçiliklə yaşayıb kimsəyə möhtac olmaq istəməyən,  İlqarın qatili olan Vilayətin nənəsi Fatma!  Fatma obrazı müəllifin tapıntısıdır. Yazıçı bir obrazın simasında həm saflığı, həm də hiyləgərliyi, həm mərhəməti, həm də cinayəti, həm insanı, həm də yırtıcı xislətli varlığı birləşdirərək təzadlı bir obraz yaratmağa nail olmuşdur. Fatma öz düşüncəsinin dərinliyi, fikirlərinin dolğunluğu və həyata fəlsəfi baxışı ilə prokuror Rüstəmi heyrətə salır. “Çirkabları süpürdüm” deyərək həyatda qarılaşdığı alçaq insanların günahlarına dair özü hökm verib özü cəza kəsən Fatma oxucunun yadında təzadlı və güclü bir obraz kimi qalır.

Əsərdə xələflər mənəvi cəhətdən sələflərin yolunu davam etdirirlər. Başı pul qazanmağa qarışan Natiqin ailəsinə yetərincə diqqət etməməsi oğlu Raminin narkomaniyaya qurşanmasına, həyat yoldaşı Şahanənin əxlaqsızlıq uçurumuna yuvarlanmasına səbəb olur. Fatma qızı Qumralı zəhmətlə böyüdüb oxutsa da nəvəsi Vilayət genetik olaraq babası Vilayətin zalımlığını, insanlara qarşı laqeydliyini və  kini özündə təcəssüm etdirir. Mehman atası Rüstəm kimi ədalətli, mərhəmətli və daim doğrunun yanında olan parlaq bir gənc kimi yetişir. Zəhmətkeş Məryəmin böyütdüyü, özünü Tərlanın oğlu bilən əslində isə Rüstəmin oğlu olan İsmayıl daim haqqın yanında durur.

Əsərdə Vətən müharibəsi ilə ilgili məqamlar da öz əksini tapıb. Roman Rüstəmin oğlu Mehmanın və öz təmizliyi, qüruru və cəsarəti ilə oxucunun rəğbətini qazanan Məhəmmədin ordudan təxris olunması səhnəsi ilə bitir:

“… Mehman, ucadan, hamıya xitabən, yanındakı dostunu göstərib, dedi:

Bu gördüyünüz əsgər Hadrut, Şuşa fatehlərindən biridir. Adı Məhəmməddir, çox inad və amansız çavuşdur.

Məhəmməd hərbi xidmətini kəşfiyyat bölüyündə çavuş kimi başa vurmuşdur. Vətən müharibəsi başlayanda, o da Mehman kimi könüllü cəbhəyə getmişdir. Təsadüf, Hadruta hücum zamanı onları görüşdürmüş, bu ana qədər bir yerdə olmuşdular.

İndi camaatın içində Mehmanın onu tərifləməsindən utandı. Gülümsəyərək, dedi:

Bunun özü əsl qəhrəmandır.

İsmayıl gülərək, dedi:

Məhəmməd, ikinizdə, bütün ordumuz, xalqımız, Ali baş komandanımız, bir sözlə, “dəmir yumruq” qəhrəmandır….”

Yazıçı bu iki təmiz mənəviyyatlı, parlaq gəncin timsalında igid Azərbaycan oğullarının, Şuşa fatehlərinin ümumiləşdirilmiş obrazını yaratmıışdır.

“Oyun dövrəsi” romanında da “Sirli gedişlər” romanında istifadə edilən fəsil texnikasından istifadə edilmişdir. Bu romanda da Lətifə Oruc  hər fəslin əvvəlində verdiyi aforizm xarakterli cümlələrlə həmin bölümün mahiyyəti, məramı ilə ilgili həm oxucuda   təsəvvür formalaşdırır, həm də yazıçı ideyasının konturlarını üzə çıxarır. Lətifə Orucun yaradıcılığının özünəməxsus cizgilərindən biri yazıçının həyatı və həyat hadisələrini simvollaşdırmağa cəhddir. Yazıçı “Sirli gedişlər” romanında qəhrəmanların həyatındakı olayları şahmat taxtasındakı gedişlərlə qarşılaşdırır. “Oyun dövrəsi” romanında isə əsər boyu həyat hadisələri, obrazların seçimi yol hərəkəti qaydalarına bənzədilir, yaşamın yollarında insanın rast gəldiyi  ağ xətlər, xəbərdarlıq işarələri, qadağa simvolları, qırmızı və yaşıl işıqların onu necə yönlədirdiyindən bəhs edilir.

Lətifə Orucun “Oyun dövrəsi” romanında vermək istədiyi əsas mesaj ailə və genetik mahiyyətin daim əsas olması, bütün fəsadların bu amillərin nəzərə alınmamasından doğması ideyası ilə bağlıdır. Bu səbəbdən roman yalnız dedektiv janrında qələmə alınmış maraqlı bir əsər kimi deyil, gəncləri tərbiyəsində önəmli rol oyanayacaq bədii örnək kimi də diqqətəlayiq və dəyərlidir.

Elnarə QARAGÖZOVA

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir