Q İ B L Ə

Qəflətən bərk külək başladı. Toz dumanı göz qırpımında aləmi cənginə aldı. Həyətdəki nəhəng və ulu çinar zaman- zaman fırtınalara, tufanlara sinə  gərmiş, halını pozmadan lal bir sükutla bu olayları qarşılamışdı. Bugünsə çinar təlatümdə idi, haray – həşir salmışdı, yaralı quş kimi çırpınırdı. Deyəsən, bu dəfə xına özgə xınaydı, çinarın nəinki qol-budağı silkələnir,  kövrək şivləri qırılıb-tökülür, hətta yoğun və yorğun gövdəsi qəfil xəstəlik yaxalamış qoca kimi zarıyır, dil boğaza salmırdı. Külək ətrafda gözə dəyən hər şeyə qısa fasilələrlə həmlə edir,  elektrik dirəklərini belə  yerindən oynayır, naqilləri qırıb bir-birinə sarmaşdırır,  ucu dolaşmış kələfə bənzədirdi. Qısa qapanmalar nəticəsində məftillər qırılıb-tökülürdü. Balaca şəhərin küçə-meydanlarında gəzən adamlar daldalanmağa yer axtarırdılar. Bu vahiməli, qasırğalı gündə hər kəs öz başının hayındaydı. 

Bu zaman bir ala qarğa hardansa asta-asta uçub ağacın çuxur, dəlmə-deşik gövdəsinə yaxın şax budaqlarından birinin üstünə qondu, bəd xəbər gətirmiş kimi həyacanla qarıldamağa başladı. Şiddətlə əsən külək az qalırdı ki, onu bürmələyib qonduğu budaqdan qoparıb daş kimi yerə fırlatsın. Lakin bəd niyyətli quş qanadlarını açıb çinarın ətrafını dörd dolandı və yenidən bir az əvvəl oturduğu budağa pənah gətirdi, boğazını düz  Şahingilin pəncərəsinə tuşlayıb  qarıldamağa başladı. Nəydi azarı qarğanın? Ac idimi? Susuz idimi? Təhər-töhüründən qocaldığı hiss olunurdu. Şövqlə, gur avazla oxuya bilmirdi. Səsi köhnə cəhrə kimi cırıldayır, hər dəfə «qa» eləyəndən sonra başı  aşağı əyilir, quyruğu qalxır, nəfəsi təngiyirdi. Zorla qanad gərir, sonra yenidən qanadlarını tükü seyrəlmiş bədəninə sıxırdı. Bu bəd niyyətli quş bütün vücuduyla güc verib  qəmli nəğməsini ətrafa səpirdi. Kədərli və nisgilli səsi daha  çox dərdinə əlac tapılmayan xəstənin iniltisinə bənzəyirdi. Qarğanın  boz rəngə çalan lələkləri özünün əzəli təbii rəngini itirərək, azacıq qaralmışdı.

Ala qarğa zahirən nə qədər yorğun və bədgüman görünsə də, susmaq, sakitləşmək bilmir, məşum «nəğməsi»ni bitirmirdi. Bu xeyirsiz quşu insanlar heç sevməzdi. Hansı ağaca qonurdusa adamlar haray – həşir qopararaq bəd xəbər daşıyan varlıq kimi daşlayıb qovurdular. Ancaq nə qədər təəccüblü də olsa,  son qarmaqarışıq çağlarda heç ona əhəmiyyət verən də yox idi. Saymırdılar boz qarğanı, vərdişinə sanki alışmışdılar. Bəlkə də bu hal qəfil başlamış tufanla bağlı idi, hamının diqqətini başqa işlərə yayındırmışdı? Qarğa heyrət içindəydi. Adamlar onu dinləmək istəmir, gətirdiyi xəbəri qulaqardına vurur, yanından laqeydcəsinə ötür, hürküdüb perikdirməyi ağıllarına belə sığışdırmırdılar. Bu hal qarğaya sakitlik gətirirdi.

Axşamüstü səmtini tez- tez dəyişən, burula-burula şəhərin üstündə dolanan tufan axır ki səngidi. Şəhərin üstünə çökmüş qara kölgə isə bir az da qatılaşmış, sıxlaşmışdı. Lap yuxarıda – göylərin dərin qatlarınd  ağ – qara buludlar böyük bir nəhrin yedəyində bir-birinə doğru sürünürdülər. Asimanın üzü geniş döyüş meydanına bənzəyirdi. Özündən çıxmış buludlar ayrı-ayrı qoşun alayları kimi sanki həmlə əmrini gözləyir, ölüm-dirim savaşının intizarını çəkirdilər. Bir azdan qılınclar qınından sıyrıldı. Nəhəng bulud laylarının ilk ləşkəri üz-üzə, göz-gözə gəldi və bir anda «kəllələr» şaqqıltı ilə  toqquşdu. Ağır zərbədən sonra şimşəyin zülfüqarı misri qılınc kimi havanı parçaladı, iki yerə ayırdı. Lakin döyüş səngimədi, daha da qızışdı, qan su yerinə axdı. Gah qara kölgə işığı, gah da işıq qətran kabusu əvəzlədi. Bu hal tez-tez təkrarlandı. İnadkar pəhləvanlar kimi buludların yeni-yeni layları meydanda peyda olub  toqquşmaqdaydı. İldırım guruldayır, oynayır, işıq şüaları ağız-ağıza gələn qılıncların qəbzəsindən qopan qığılcımları ətrafa səpələyirdi. Ölüm-dirim mübarizəsi bütün səmanın üzünü bürümüşdü. Şıdırğı, selləmə yağış bir himə bəndmiş kimi səpməyə başladı. Bu yağış sanki buludların dumduru, ağappaq qanıtək yerə süzülürdü.

Şahingilin həyətindəki ikimərtəbəli, hündür, yığcam talvar dədə-babadan qalmaydı. Yayda bu talvarda yığışıb çay içər, ləzzətlə dənizin, dağların seyrinə dalardılar. Bayaqdan coşan dəli külək qasırğası talvarı da bərk imtahana çəkmiş, dişinə vurmuş, laxlatmış, silkələmişdi. Şahinə elə gəlmişdi ki, bu saat talvar uçacaq, bünövrəsindən çat verəcək, burulğan onu yüksəkliyə qaldırıb kərpicini, ağacını, taxtasını, dəmir-dümürünü, dam örtüyünü hara gəldi, tullayacaq.

Burulğan sakitləşən kimi Şahin ehtiyatla talvara qalxdı. Sərin yay sığınacağı silkələnib laxlasa da, dayaqları duruş gətirmişdi. Şahin üzüyuxarı – dağlara səmt göyün neçənci qatındasa, bir-biri ilə didişən buludları seyr edirdi. Gücü çatsaydı, haray-həşirə son qoyardı. Şimaldan və cənubdan dağ kəlləri kimi buynuzlaşan buludları ram edər, dava-şavanı sovuşdurardı. Kimə gərəkdi qan-qada, toz-tozanaq, təbiətə  dəyən ziyan? Məgər ulu Tanrının qüdrəti küləyi, qasırğanı, buludu insanlara zərər vurmaq üçün yaratmışdı? Təbiət özü də bəzən özünə qənim kəsilirdi. İldırım, qızmar günəşin yaratdığı quraqlıq meşələri yandırır, illərin, nəsillərin yadigarı olan əzəmətli ağaclar külə dönürdü. Bəlkə təbiət insanlardan qisas alırdı?..

Şahin qara kölgəyə bürünmüş uca dağlara baxırdı. Gücünü dağ yamaclarından alan şaqraq, büllur diş göynədən bulaqlar süzülərək dərələrin çatımında çaylara birləşmişdilər. Onlar zaman – zaman  axaraq dibsiz, uçurum-sıldırımlar yaratmış, dağları sanki iki əks qütbə bölmüşdülər. Sanki, dağlar  çayların bu hərəkətindən  incik düşmüş, bir üzünü gündoğana, o biri üzünü günbatana çevirmişdi. Sular isə qovuşmağa can atırdılar. Çayların son qovuşduqları yerlər dənizlər, göllər olmuşdur. Sular qovuşarkən öz bənzərsiz naz – qəmzəli nəğmələrini dənizlərin, göllərin qulaqlarına pıçıldayır, ruhuna hopdururlar.  Həmin nəğmələr şahə qalxan ləpələrin dilində təkrar- təkrar oxunurdu. Bəs,  kimdir bəstəkarı notsuz nəğmələrin? Tanrımı, sükut içində olan əzəmətli dağlarmı?

 Şahin gözlərində nəsə narahatlıq hiss etdi, bəlkə uzağı yaxşı görmür düşüncəsi ilə dəsmalla gözlərini sildi və dağları seyr etdi.   Bu nədir, qarşı-qarşıya dayanan dağların başı bir-birinə doğru əyilmişdi? Sanki, iki qoca müdrik asta-asta bir – biriylə məsləhətləşir, dərdləşirdi. «Dağlar qapısı» açıq idi; (məgər dağların qapısı nə vaxtsa kiminsə üzünə bağlımı olub?) hər iki tərəfə – şimala da, cənuba da. Mərmər qayalar səmaya dikələrək ala-bula buludların kölgəsi altında canlı insan heykəllərinə bənzəyirdilər.

Şahinin ata yurdu burdan çox da uzaqda deyildi. O, hərdənbir möcüzələrin qucaq açdığı bu ocağa  baş  çəkir,  «Dağlar qapısı»nı heç vaxt unutmurdu. Xəyalı yenə də doğma yerləri gəzib dolaşır, səmaya doğru boylanan  sıx yarpaqları, dibi görünməyən dərin dərəni görünməz edən meşəni daha yaxşı seyr etmək üçün üzüağaşı boylanırdı. Aşağıda axan çayın şaqraq şırıltısı,  həzin bir laylanı xatırladır, ucu-bucağı görünməyən dərə boyu axıb gedirdi. Dağların sirli pıcıltıları,  günəşin parlaq şüaları altında parlayan şəlalələrin, qıy vuran qartalların səsi, güllü-çiçəkli yamaclarda qaqqıldaşan kəkliklərin nəğməsi  beşcə addım aralıdan başlanan meşənin həzin pıçıltısı, hətta dibsiz dərələrin vahiməli əks-sədası belə ruhunu sarmışdı. O, rahat nəfəs alır, köksünün altındakı ürək sanki yerindən oynayıb bu gözəl dünyanı öz gözləri seyr etməyə can atırdı. 

Zaman keçdikcə məcrasını genişləndirən çayın lap qırağında – qollu-budaqlı ağacların qərar tutduğu yaşıl talada, əsrlər bundan qabaq daşa dönmüş bir qoca sükut içindəydi. Nəhəng, irigövdəli  nil ağacı  üstünə kölgə  salmışdı. Qəribə mənzərəydi, hər tərəfi bulud karvanının qara kölgəsi bürüsə də, tala günəşin şüaları altında hələ də rahat-rahat uyuyurdu. Ara-sıra səmti bilinməyən küləklər nil ağacının budaqlarını yellədir, adamı qəribə tərzdə duyğulandıran inilti səsləri eşidilirdi. Bu səslər nədənsə vahiməli bir pıçıltıya bənzəyirdi: “Rahatlan, ixtiyar qoca, rahatlan! Zaman səni yaman yorub, deyəsən…”

Devamını okumak için aşağıdaki linki tıklayınız!

Qible-Hüseynbala Mirələmov

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir