“Qaçaq Nəbi” Dastanının Toplanması, Nəşri Və Tədqiqi

Dastan yaradıcılığında ən mühüm problemlərdən biri xalqın müxtəlif tarixi dönəmlərdə yaratdığı nümunələrin toplanması, nəşri və tədqiqi məsələsidir. Düzdür, günümüzə qədər bu istiqamətdə kifayət qədər gərəkli işlər görülmüş və dastanlarımız haqqında fundamental təsəvvür formalaşmışdır. XIX əsrin əvvəllərindən başlayan bu müqəddəs iş bütünlükdə XX əsr boyu uğurla davam etmişdir. Sovetlər dövrü və Azərbaycanın müstəqilliyi toplama, tərtib, nəşr baxımından ayrıca mərhələdir. “Qaçaq Nəbi”, eləcə də qaçaq hərəkatı ilə bağlı yaranan əhvalat, hadisə, rəvayət, nəğmə örnəkləri bu böyük və həm də savab işdə mühüm bir hissəsdir. Xalqın etnokulturoloji düşüncəsinə sahib durmaq missiyasından irəli gəlir. Ümumiyyətlə, Azərbaycan folklorşünaslığı xalq ədəbiyyatı nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsində mükəmməl bir ənənə formalaşdırmışdır. Ə.Qaracadaği, İ.Şopen, A.Xodzko, M.Mahmudbəyov, T.Bayraməlibəyov, S.Mümtaz, E.Sultanov, V.Xuluflu, H.Əlizadə, B.Behcət, M.H.Təhmasib, Ə.H.Tahirov, Ə.Axundov, M.Həkimov, P.Əfəndiyev, R.Rüstəmzadə, S.Paşayev, Q.Namazov, E.Məmmədli, S.Qəniyev, A.Ağbaba və s. kimi folklorşünasların bu sahədə gördükləri böyük işlər toplama, nəşr və tədqiqlə bağlı mükəmməl təsəvvür formalaşdırır.

Qaçaq dastanların XIX əsrin mürəkkəb ictimai-siyasi ziddiyyətlərinin içindən keçməklə xalqın bağrının başından qopmuş sənət abidələridir. Onun dinamik bədii-estetik məzmunu və fəlsəfi mahiyyəti bütünlükdə dövrü, cəmiyyətin ictimai-mədəni və siyasi təsəvvüründə olanları ifadə etmək məqsədi daşıyır. Xalqın təbiətindən doğan bu nümunələr etnik sistemi bütün komponentləri ilə paradiqmatik və sintaqmatik səviyyədə özündə ehtiva etmək funksiyasına yüklənir.  Qaçaq Kərəm, Qandal Nağı, Qara Tanrıverdi, Qaçaq İsmayıl, Qaçaq İsaxan, Qaçaq Süleyman və s. kimi onlarla el qəhrəmanının haqqında olan bütün örnəklərin toplanması və onların ifadə etdiyi məzmun xalqın onlara olan simpatiyasını faktlaşdırır. Qaçaq Nəbinin qəhrəmanlığı, apardığı mücadilə də bu sıradadır. O, konkret zaman kəsiyində ortaya çıxan, siyasi mühitlə barışmayıb mübarizə aparan qəhrəmanlardandır. O, el qəhrəmanı kimi hər zaman repertuarda özünə geniş yer almış, ruhun və qəhrəmanlığın yaşarlığı təsəvvürü formalaşdırmışdır. Xalqın bu qəhrəmanların sücaətinə, göstərdiyi igidliklərə qoşduğu rəvayət, hekayət, nəğmələr müxtəlif illərdə folklorşünaslar tərəfindən tədqiqata cəlb edilmişdir.

Qaçaq Nəbi haqqında toplanmış materiallar XIX əsrin ikinci yarısından başlayaraq müxtəlif qəzet və jurnallarda dərc edilmişdir. İlk nəğmələr “Qafqaz”, “Ədəbiyyat” qəzetində, SMOMPK məcmuəsində dərc olunmuşdur. “Qaçaq Nəbi” nəğmə və rəvayətləri həmçinin “Azərbaycan kolxozçusu” qəzetində, “Azərbaycanı öyrənmə yolu” məcmuəsində, “Revalyusiya i kultura” kimi qəzet və jurnallarda işıq üzü görmüşdür.

“Xalqın qəhrəmanlıq, mübarizə tarixinin öyrənilməsi zamanından, məkanından asılı olmayaraq ən ümdə məsələlərdəndir. Bəlkə də birmənalı olaraq deməliyik ki, ən şərəfli və gərəkli işdir” (15, 18). Bu şərəfli işi isə müxtəlif dövrlərdə müxtəlif folklorşünaslar həyata keçirmişdir. Belə ki, qaçaqlar haqqında ilk tədqiqat işi hələ XIX əsrin 30-cu illərinə təsadüf etdiyindən bu işdə zəhmət çəkənlər arasında dövrün ədalətsiz siyasətinin qurbanı olan görkəmli folklorşünasların yeri xüsusidir. Ümumiyyətlə, XIX əsr Azərbaycan folklorşünaslığının tarixində xüsusi mərhələdir. Bu dövrdə görülən işlərin əhəmiyyəti, elmi-nəzəri aspektləri ilə bağlı müxtəlif kontekstlərdə fikir yürüdülmüş və monoqrafik xarakterli tədqiqatlar aparılmışdır. Lakin bütün görülənlərə baxmayaraq bu dövrün sistemli şəkildə araşdırılmasına xüsusi ehtiyac vardır. Məsələn, Son dövrlərdə SMOMPK məcmuəsində gedən Azərbaycan folklor nümunələrinin bir araya gətirilməsi keçmişə sayğı anlamışda gərəkli addımdır. Eləcə də ilkin nəşrlər seriyasından buraxılan kitablar görülən işlərin dönməzliyi haqqında təsəvvür formalaşdırır. Qaçaq dastanları ilə bağlı örnəklərin də bir araya gətirilib elmi-nəzəri aspektli təhlili dövrü, mühiti, etnik sistemin mahiyyətində dayananları aydınlaşdırmaq üçün əsas olur.

Onu da əlavə edək ki, sovet rejiminin yeritdiyi imperiya siyasəti, 37-ci ilin repressiyası bu yüksəlişin, folklorşünasların və folklor abidələrinin bir istiqamətdə nəşri və tədqiqi ənənəsinin qarşısına sipər çəkdi. Daha doğrusu, folklorşünaslar, eləcə də böyük bir ziyalı qrupu represiyanın qurbanı olmaqla başlanmış mədəni hərəkatı yarımçıq qoydular. Ancaq artıq ənənə, gediləcək yol məyyən olduuğ üçün gənc nəsil onların örnəklərini uğurla davam etdirməyə üstünlük verdilər. Bugünkü Azərbaycan folklorşünaslığının gördüyü işlər bunun göstəricisidir.

H.Zeynallı, B.Behcət, H.Əlizadə, S.Mümtaz, Vəli Xuluflu, Ə.H.Tahirov kimi folklorşünaslar “qaçaq nəğmələri”nin ilk toplayıcılarından olmuşlar. Vəli Xuluflu “Koroğlu” dastanının bir sıra qollarını  Aşıq Hüseyn Bozalqanlının repertuarından yazıya alması, eləcə də H.Əlizadənin Aşıq Hüseyn Bozalqanlıdan və Aşıq Əsəddən yazıya aldığı dastan nümunələri ona olan marağın ifadəsidir. Qaçaq nəğmələrinin onu da əlavə edək ki, toplanmasının başlanğıcı elə onların sağlığında, daha doğrusu fəaliyyət göstərdiyi zamandan qoyulmuşdur. Ayrı-ayrı cüng və bəyazlarda, toplama mətnlərində olan nümunələr xalq arasında ona olan marağın göstəricisidir. Məsələn,  H.Əlizadə isə “Qaçaq Kərəm” dastanını Aşıq Qul Vəlidən yazıya alımışdır.  Sonralar bu dastan Hüseyn Qəmlinin repertuarından bir neçə dəfə  yazıya alınmışdır. Ümumiyyətlə, ustad sənətkarların repertuarından qaçaq nəğmələrinin, eləcə də dastan örnəklərinin toplanması işində H.Əlizadənin fəaliyyəti müstəsnadır. Aşıq Hüseyn Bozalqanlının, Aşıq Əsədin, Aşıq Mirzənin, Aşıq Səftərin, Aşıq Eynalı Əşrəfin, Qəmli Hüseynin, Şair Vəlinin, Xəyyat Mirzənin, Aşıq Avılın və başqalarının repertuarından yazıya alınan qaçaq nəğmələri uzun illər məcslislərin bəzəyinə çevrilmişdir.

H.Əlizadənin “Aşıqlar” kitabında Qaçaq Nəbi, Həcər, Qaçaq Kərəm, Qaçaq Yusif, Dəli Alı, Qandal Nağı kimi bir çox qaçaqlara aid bir-birindən maraqlı nümunələr vardır. 1929-cu ildə H. Əlizadənin “Azərbaycan aşıqları” kitabında Qaçaq Nəbiyə həsr olunmuş və müəllifi məlum olmayan nəğməyə rast gəlirik. Özünün “Ədəbiyyat” qəzetində dərc etdiyi “El şeirləri haqqında” məqaləsində həmin nəğmələri “keçmişin inciləri” adlandırmışdır.  Onun fikrincə, “keçmişin incilərinin üzərindən zaman keçməsinə baxmayaraq, onlar gözəlliyini, parlaqlığını itirməmiş, saf və bakir qalmışdır”. Bu nəğmələr sonradan “Qaçaq Nəbi” dastanının yaranmasına zəmin yaratdı. Repressiya qurbanı olmuş tarixçi, folklorşünas B.Behcətin “Qaçaq Nəbinin tarixi” adlı tarixi faktları, arxiv sənədlərini özündə əks etdirən dəyərli kitabı onun ölümündən 80 il sonra, yəni 2011-ci ildə işıq üzü gördü. Görkəmli folklorşünas xalq yaradıcılığı nümunələrinin, eləcə də Qaçaq Nəbi ilə bağlı olan el söyləmələrinin, rəvayət və əhvalatların toplayıcısı kimi gərəkli işlərə imza atmışdır. Məlum olduğu kimi, B.Behcət Qaçaq Nəbinin qəhrəmanlıqlara imza atdığı Zəngəzur mahalının sonuncu qazısı olmuş və onun fəaliyyəti ilə bağlı ən tutarlı məlumatlara sahib olan şəxs kimi maraq doğurur. El qəhrəmanı ilə bağlı mübahisəli məqamlar, haqqında olan söyləmələrin reallığı hansı dərəcədə əks etdirməsi, nəğmələrin arxasında duran gerçəkliyin, qəhrəmanlığın bütün komponentləri onun təqdimində böyük əhəmiyyət kəsb edir. Çünki B.Behcət bir mənbə olaraq qaçaq Nəbinin silahdaşları, yaxınları, əlaqədə olduğu adamlar və s. baxımından geniş imkanları ilə seçilir. Onu da əlavə edək ki, “B.Behcətin belə bir əsəri yazması zərurətdən yaranmışdı. Çünki özü həmin ərazidə yaşamış, müxtəlif faktlara, tarixi hadisələrə bələd olmuş, Qaçaq Nəbi haqqında söylənən rəvayətlərin şahidləri ilə belə təmas qurmuşdu. Bütün bunlar son olaraq “Qaçaq Nəbinin tarixi” adlı əsərin yazılmasına gətirib çıxarmışdı” (15, 27). Bütün toplamalar və elmi-nəzəri fikirlər xalqın milli-mənəvi mədəniyyətinin, yaddaş nümunələrinin etnomədəni sistemi bir büqtöv olaraq ortaya qoymaq və onun aparıcı xət, mövcudluq nümunəsi olaraq ortaya qoymaq istəyindən irəli gəlir.Qaçaq Nəbi el qəhrəmanıdır və onunla bağlı yaranan nəğmələr isə bu qəhrəmanlığım tərənnümünə köklənmişdir. Folklorlaşmanın, dastanlaşmanın bir proses olaraq gedişini aydınlaşdırmaq kintekstində bunlar lazımı qədər ciddi məsələlərdir. Folklorşünas İ.Abbaslı qeyd edir ki, “B.Behcət heç də N.Şəmsizadənin qeyd etdiyi kimi “dastan toplayıb” işləməmiş, əksinə Qaçaq Nəbi hərəkatının tarixi, onun təkamülü barədə tədqiqat əsəri yazmışdır ki, el qəhrəmanının şəninə qoşulmuş rəvayət və nəğmələri də bir bölmə kimi araşdırmasına daxil etmişdir” (73, 20). Doğrudan da B.Behcətin yanaşmalarında məsələnin mahiyyətinin aydınlaşması baxımından tarixilik bir istiqamət olaraq özünü göstərir. Ancaq məsələlərin geniş aspektdə təhlilində bədiilik faktları, folklor nümunələri də sistemli olaraq mətn içində olaraq özünə yer alır.

“Qaçaq Nəbinin tarixi” kitabında problemin mahiyyəti 55 başlığa faktlaşır. Başlıqların bu qədər çox olmasının səbəbi folklorşünas, tarixçi olan B.Behcətin Nəbi haqqında yazılan rəvayət və əhvalatları təsvir etməmişdən əvvəl, həmin dövrdə baş verən siyasi-iqtisadi vəziyyəti doğuran səbəbləri kökündən tədqiq etməsi, hadisələrin baş vermə səbəbini xanlıqlar dövründən belə araşdıraraq, savadlı və məntiqli mühakimələr yürütməsidir. Tarixçi-folklorşünas vurğulayır ki, “iddia etdiyimiz bu həqiqəti bütün varlığı ilə aydınlaşdırmaq üçün Nəbinin yaşayıb boya-başa çatdığı Qarabağ bölgəsinin o dövrdəki ictimai və idari vəziyyətini dərindən izah etməliyik və bununla bərabər bu izahatımızı daha əlverişli və səmərəli bir halda isbat etmək üçün Qarabağ vilayəti ilə hər hansı bir şəkildə əlaqəsi olan ölkələrin də vəziyyətini qismən bəyan etməyi lazım bildik” (39, 21). 290 səhifəlik kitabın Nəbi haqqında olan hissəsi tam olaraq 141-ci səhifədən başlayaraq təsvir edilir. Dəqiq faktlara söykənən bu kitab Nəbi hərəkatının əsas mahiyyətini açmaqla yanaşı, onun igidliyini, sücayətini tam ortaya qoya bilir. “Azərbaycan məmləkətində torpaq xüsusiyyətləri olubmu?”, “Xanlığın zühuru”, “Xan olmaq uğrunda cinayətlər”, “Qarabağ xanlığının mənşəyi və təşkili”, “Ağalar, bəylər və bu kimilərin zühuru”, “Qaçaq Nəbinin yurdu”, “Ümumi yoxsulluq və təbəqələşmə mübarizəsi”, “Vergilər və təhkim üsulu”, “Qaçaqlıq və onun ümumi səbəbləri”, “Xalq Qaçaq Nəbiyə və ümumi qaçaqlara nə fikirlə baxırdı?” kimi başlıqların hər biri tutarlı izahla təqdim edilmiş və qiymətli faktlarla zəngindir. B.Behcət tarixçi olduğu üçün həmin dövrə münasibətini qeyd etdiyimiz kimi savadlı və məntiqli dəlillərlə təqdim etmişdir. Məsələn, o həmin dövrdə kəndlilərin ağır yaşayış şəraitini geniş təhlil etmiş və “Qaçaq Nəbinin tarixi” adlı tarixi-araşdırmasında kəndliləri müflis edən vergiləri sadalamışdır. O, vergilərin siyahısını rəsmi dövlər arxivində saxlanılan sənədlərə əsaslanaraq öz kitabına daxil etmişdir. “1847-ci il dekabr ayının 28-i günündə torpaq işlərinə baxan “Zaqafqaziya komitəsi” tərəfindən elan edilmiş vergi qanununda “malcəhət”, “yüzdə bir”, “çöp başı” kimi vergilərdən əlavə, mülkədarlar tərəfindən kəndlilərə gördürülən digər işlərə də rast gəlirik.

Qəhrəmanova Əntiqə Aslan
Azərbaycan Dövlət Pedaqoji Universiteti

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir