“Qobustan” sənət toplusu 55 illik ömür yolunu artıq geridə qoyur. 1969-cu ildə ilk sayı ilə işıq üzü görən toplu bəlli yol qət etmiş, bu günlərədək yaşaya bilmişdir. Bu yolda onu canladan, yaşadan, işıqlandıran, büdrəməyə qoymayan, inkişaf etdirən beş redaktoru olmuşdur. Hər biri özünəməxsus şəkildə toplunu zamanın keşməkeşindən arındıraraq parlaq bir sənət lövhəsi yaratmışlar. Həqiqətən də, bu baş redaktorların jurnala bir ortaq münasibəti Pərvin Nurəliyevanın bir müsahibəsində də qeyd etdiyi kimi – gerçək sənətə xidmət olmuşdur.
Atam təxminən 9 il (2004-2013) “Qobustan” sənət toplusuna rəhbərlik etmişdir. Sanki bir ömür sürmüşdü bu rəhbərlik. Çünki “Ulduz” un davamı idi işi. 15 illik redaktorluğunu bu dəfə Qobustana köçürmüşdü. Dəyişən yalnız dərgi adları və profilləri idi. Hər iki işində eyni temp, eyni qayğı və eyni sevgi hökm sürürdü. Bu atamın işinə olan sevgi, məsuliyyət, öhdəlik kimi yüksək hissləri özündə cəmləşdirən bir baş redaktor timsalı idi.
Toplunun bütün işlərini az qala öz çiyinlərinə almışdı. Jurnal ildə dörd dəfə, üç aydan bir çıxdığına baxmayaraq, sanki aylıq idi. Çünki il ərzində məhz toplunun üzərində gərgin çalışardı. Toplunun üz qabığı rəsmindən tutmuş korrektə işlərinədək bütün proseslərdə iştirak edərdi. Bütün yazıları dönə-dönə oxuyardı. Hətta özünün oxuyub, redaktə, korrektəyə verdiyi yazıların üstündən mütləq bir daha yenidən keçərdi. Hər kiçik orfoqrafik səhvlərə qanını qaraldar, üstündən keçilə biləcək yanlışlıqların üzərində çox durardı.
Lakin topluya təqdim olunan yazılar arasında elələri də tapılırdı ki, o yazılara atamın özünün də təsdiqinə görə qələminin ucu belə dəyməzdi. Atamı daha yaxından tanıyan bir çoxları da bilir ki, o evdə işdən demək olar ki, heç danışmazdı. Bir dəfə özünün dilindən Fərəh Əliyeva, Zümrüd Dadaşzadə, Lalə Hüseynova və bir çox adlarını unutduğum incəsənət xadimlərinin mükəmməl, qüsursuz yazılarından ağız dolusu danışdığını xatırlayıram. Yaxşı yazılan yazılara necə sevindiyinin şahidi idik. Ələkbər Salahzadə hər zaman demokratik bir redaktor olub, toplunun qapısı hər bir istedadlı yazarın üzünə daim açıq olub. Hətta o, istedadlı yazarları özü dəfələrlə jurnalla əməkdaşlığa dəvət edib.
Gözündən əməliyyat olunmuşdu. Gözlərinə dinclik verməliykən belə onu etmirdi. Onun üçün gecə gündüz fərq etməz, dincəlməzdi. Günün hansı saatı evdə idisə o, mütləq yazıları ilə məşğul idi. Hərdən düşünürəm ki, mən deyəsən heç atamı bir dəqiqə belə gözünü eynəksiz, yazı oxumadan görə bilmədim. O, sanki dünyaya ömrünü ədəbiyyat və incəsənətimizin təbliğinə həsr etmək missiyası ilə gəlmişdi.
Ələkbər Salahzadə – dünyanın dərdini ürəyinə salan adam. Fikir adamı, susaraq danışan adam, baxaraq danışan adam, baxmadan danışan adam…
Vətənin ağrı acısını dərindən duyan insan idi atam. Azərbaycanın ən ağrılı mövzularına həsr olunmuş saysız şeir və poemaları vardır. Istər 30-cu illər repressiyaları, öz uşaqlıq dövrünə təsadüf edən Böyük Vətən müharibəsinin acılarını, istərsə də Yanvar hadisələri, Qarabağ dərdi, Xocalı faciəsi kimi ürək dağladan mövzuları ürəyinin dərinliklərindən keçirmişdi. Bütövlükdə poeziyasının anа xəttində vətən dururdu. Onun harayını iliklərinəcən hiss edib, poeziyasında o çığırtını, o harayı çatdıra bilmişdi.
Bu torpağa göz dikənin
baxışından kəfən toxu.
Süngü-süngü əllərində
millərinə güvən, toxu.
Gör yapışıb harasından,
xəbəri yox sonrasından.
Xam xəyalın horrasından
içib, içib köpən yağı!
… deyirdi Ə.Salahzadə. Hərdən düşünürəm, ömür bir az da vəfa etsəydi, torpaqlarımızın işğaldan azad edildiyini görüb onun sevincini yaşasaydı…Şuşanın düşmən əsirliyindən xilasını, hürrə qovuşmasını görsəydi… yenidən, lap elə ikinci dəfə də Şuşada ola bilsəydi… qələmindən çoxdan gözlədiyi qalibiyyətimizin misilsiz əsərlərini ərsəyə gətirərdi, ürəyinə az da olsa sərinlik gələrdi. Nə etmək olar ki… alın yazısı…
Şuşa əsrliyi əsrdən-əsrə keçdi,
yoxsa
məşum bu məchul da
həlli müşkül kəsrə keçdi?
Bircə gecə qonaq qaldığım Şuşa
gündüzümdə, gecəmdə;
qırıq-qırıq,
çilik-çilik şüşədi içimdə.
…87-də gecdən-gec,
Şuşadaydım bir gecə.
Vaqif şeir günlərində
neçə dostla birgəcə.
(“Şuşa”şeirindən bir parça )
Ələkbər Salahzadə sadə, təvazökar, işində olduqca tələbkar,dünya malına gözünün ucu ilə baxmayacaq dərəcədə gözütox, halallığı uca tutan, əlindən gələn köməyini heç kimdən əsirgəməyən, bənzərsiz, əvəzedilməz insan idi. Bir dəfə bankomatdan pul çəkəndə ondan öncə növbədə olan daha yaşlı qadının pulu bankomatdan çıxmadığı üçün növbədən çəkilibmiş. Bir xeyli uzaqlaşan kimi qadının pulu bankomata daxil olub. Atam pulları tez götürüb qadına çatdırmaq üçün tələsib. Çata da bilib. Qadın o qədər sevinibmiş ki, bu zamanda belə bir insanın olmasının təəccübünü yaşadığını bildirmişdi. Belə halal insan olub atam.
Atam olmadan… Bu elə bir hissdir ki, heç bir zamanın axarında qaysaq bağlayıb, səni sakitləşdirə bilmir. Zaman-zaman bu hisslərə laqeyd də ola bilərəm, atam haqqında hansısa xatirəni ətrafımdakı insanlara deyib-gülərək də danışa bilərəm. Lakin bəzi anlar elə toxunur ki… Səni onun yoxluğu kövrək düşüncələrə kökləyir. Mən bu hissi qəbul edə bilmirəm. Mənən incidir həyat… yaşaya bilmədiklərimiz, yaşadıqlarımız, “kaş ki” sözü belə incidir məni.
Atamın uşaqlara aid olan şeirlərini zaman-zaman vərəqləyəndə, yadıma qırıq-qırıq bəzi xatirələr düşür. Bəzi şeirlərini oxuyanda orda olan oyuncaq obrazlarını uşaq düşüncəmlə öz içimdə məndə bu oyuncağın olub olmamasını götür-qoy edirdim.
Aysan, çoxdu oyuncağım,
Öz adı var hərəsinin.
Istəyirsən, götür oyna:
Dovşan mənim, tülkü sənin,
Dəvə sənin, dələ mənim.
(Biri mənim, biri sənin şeirindən bir parça)
Qızlarının hər birinin arasında iki yaş fərqi olsa da, Ə.Salahzadə öz uşaq poeziyasında evin ən kiçikləri kimi daha çox şeir həsr etdiyi balaları biz iki bacı – Aysan və mən olmuşuq. Yadıma gəlir şeirlərdə öz adımı sayırdım, elə bil bu mənim üçün sevginin ən yüksək göstəricisi idi. Çox sevinirdim adımı görəndə. Hərdən də o şeirlərdəki Xatış kimi aparırdım özümü. Amma adımı sevmirdim. Dəfələrlə olub ki, “axı bu nə addır mənə qoymusunuz” deyə şikayətlənirdim. Özü də elə böyük həvəslə bacılarımın adını sıra ilə çəkirdim; Aydan, Afaq, Aysan, mən isə Xatirə? Elə məndə Xatirə qoymalı oldunuz. Təbii ki, bunu yumor hissi ilə deyirdim. Yazanda da, bunu fikirləşəndə də təbəssümümü gizlədə bilmirəm. Atam da həmişə bunun cavabında “lap gözəl də ad qoymuşam” deyərdi. Bir dəfə belə bir maraqlı hadisə olmuşdu. Onda dörd bacı idik, hələ qardaşım Fərid dünyaya gəlməmişdi. Atam yeni il şənliyi üçün pirotexnika vasitəsi olan “xlopuşka” (şax-şax) almışdı. Onu da partladanda içindən müxtəlif rulon şəklində bükülmüş kiçik hədiyyələr çıxırdı. Nə isə qızlar bir-bir partlatdılar. Hamısında ayı maskası çıxdı. Mənimkində isə bayquş. Bu “ad məsələsi” yaramı lap təzələmişdi. Necə pərt olmuşdum, deyəsən ağlamışdım da. Ayının “A”sını qızların adları ilə bir tutmuşdum. Yenə ayrı düşdüyümü düşünmüşdüm.
Son kitabının (“Dərviş və ölüm” Meşa Selimoviç) adı elə həyatının sonu ilə həmahəng oldu, elə bil ölümünü tezləşdirdi. Ədəbiyyat müsabiqəsində ”Dərviş və ölüm” romanı hələ atamın sağlığında ən yaxşı tərcümə əsərinə görə “Abbas Səhhət” mükafatına da layiq görülmüşdü. O kitabı sonralar dəfələrlə oxuduqda hər zaman bir fikir məni rahat buraxmırdı. Sanki o romanda özündən nəsə görmüş, tərcümə etmiş, belə israrla nəşr etdirmək istəmişdir. Əsər illər öncə tərcümə edilib bir kənara qoyulmuşdu. Elə bil həyatdan köçəcəyini hiss etmiş, kitabın nəşrini tələsdirmişdi. Hətta yazı masasında hazır gözləyən “Fevral-1966” kitabını kənara qoyub bu kitaba həyat verdi. Öz həyatını isə yarıda qoydu.
Ömrünün son 5, 6 ili səhhətində problemlər yarananda elə hey tələsirdi. Kitablarını nəşr etdirməyə çalışırdı. Çox işləyirdi. Vaxtını öz yazılarının əhatəsində, öz dünyasına çəkilərək “Vaxt, axırsan, axırsan, ayın, ilin axırına çıxırsan!” deyərək onu qram-qram sərf edirdi. Sanki vaxtı çatmayacağını düşünübən vaxtdan imdad da diləyib,
…Mən küləyə necə deyim: yanımdan ötmə,
yalvarımmı: qara bulud, üstümdən çəkil!
Bir kimsənin kədərini duyarmı kefcil,
güləyənə kim deyər, kim: göz yaşımı sil.
Daşatana niyə deyim:
su at arxamca?!
Çıq-çıq, çıq-çıq:
VAXT çiləyir saat arxamca…
deyirdi. Söz adamı üçün vaxt dəyəri heç nə ilə müqayisə edilməz bir etalondur. Bəlkə də bu etalona hamıdan çox onların ehtiyacı var.Sözlərini insanlara vaxtında çatdırmaq, yazmalı olduqlarını yazmaq üçün vaxta ehtiyac duyurlar. Ə.Salahzadə poeziyasında da “vaxt”ünsürü ağrı ilə mənalandırılaraq tez-tez yada düşüb.
Hər ötən an, hər bitən gün
vaxt ölüsü, vaxt ölüsü.
Ömrün qalan bir anı da
vaxt dirisi, vaxt dirisi!..
Atam təmiz ədəbi dildə danışardı. Onu dinləyəndə hansı zonadan olduğunu ayırd etmək heç də asan deyildi. Ümumiyyətlə, dialektlə danışmağı sevməzdi. Heç rusca kəlmələri belə yeri gəlmədiyi təqdirdə işlədəndə irad olaraq bildirərdi. Tutaq ki, evdə məişət əşyalarını rus dilində deyəndə öz iradını bildirirdi. “Xolodelnik yox soyuducu, pilesos yox tozsoran”, biz isə “e papa nə fərqi var ki” deyirdik. Atam hətta dilimizdə az qalsın “neologizm”ə çevrilmiş rajoka da dabankeş deyib Azərbaycan dilinin bütün normalarını ciddi şəkildə qoruyub təbliğ etməyə çalışırdı.
Həftənin beş günü yolum İçərişəhər, Sahildən düşür. İçərişəhər metrosundan çıxan kimi baxışım istər – istəməz artıq alışmış kimi vaxtı ilə “Ulduz” jurnalının yerləşdiyi İstiqlaliyyət küçəsinə tuşlanır. Min bir xəyala dalıram. Atamı ən axırıncı mərtəbəyə qaldıran lifti düşünürəm. Lift tez-tez xarab olurdu. Onun poeziyası barədə ədəbi tənqiddə çox vaxt “obrazlar şeiri” ifadəsini işlətdikləri kimi eyni hər şey gözümdə canlanıb mənə nələrisə deməyə çalışırdı. Cansız əşyaları bu dünyada canlı edən onlarla bağlı olan insanların ruhudur.Yaşanılan, unudulmayan, bənzədilməyən ruhu. Günün ikinci yarısı Sahil bağı ətrafından yolboyu daha dalğın, yorğun, alatoran fikirlərlə keçirəm. Saatlarla skamyada oturub nə vaxtsa atamın “Yazıçılar Birliyinin” qapısından səhər tezdən daxil olub, axşam gec saatlarda birliyin qapısından çıxdığını xəyalən gözlərimdə canlandırmışam. Bu özümdən asılı olmayan qəm qarışıq hisslərə atamı xatırladan bir çox yerlərlə qarşılaşanda kövrək notlara bürünürəm. Atam dünyasını dəyişdi, ömür səhifəmdən çox böyük, munis bir parça qopdu. Qəlbimdəki Ata nəhəngliyində bir boşluğun yerini bundan sonra nə doldura bilər ki!
Gecə-gündüz: “çıq-çıq, çıq-çıq!”
….
Ömrün qalan bir anı da
vaxt dirisi, vaxt irisi!..
Xatirə SALAHZADƏ
Son Yorumlar