Qəlibləşmiş bir fikir var: “keçmişi olmayan millətшn gələcəyi yoxdur” və ya “keçmiş–tuşlanmış tapança kimidir, istənilən vaxt atıla bilər.” Bu nümunələrin sayını istənilən qədər artırmaq olar. Bu günə (keçmişi unutmamaq şərti ilə) “simmetrik baxımla gələcəyin qəribə görümünü duymağı” bacarmaq lazımdır” (Teyyar de Şarden). Çünki, “hazırkı–keçmişin nəticəsidir.” “Nəzərini keçmişdən ayırmadan, özünü böyük səhvlərdən qoruya bilərsən” (Kozma Prutov). Qədim Romada quşların uçuşuna əsasən, gələcəkdən xəbər verən kahinlər avqurlar varmış. Bu ifadə zəmanəmizədək gəlib çatmışdır: Augurar futura braeterits–keçmişə görə gələcəyi görmək.” (S.S.Yudin). Bütün bunlar səbəbsiz ola bilməz. Keçmiş-bitmiş zaman (Past Perfest Tense) həm də gələcəkdir. Keçmişi unutmaq olmaz. Keçmişdən dərs almaq, gələcək nəsillərə ötürmək lazımdır. Abasqulu Ağa Bakıxanov “sənədlər toplusu” olan tarixin əhəmiyyətindən bəhs edərkən onu (tarixi) “hökümsüz və zülümsüz hökmdar”, “danışmayan natiq” adlandırır: “tarix hökümsüz və zülümsüz elə bir hökmdardır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdılar… Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Tarix elmi isə, dünyanın təcrübəsini bizə kəşf edir. Xüsusən hər bir ölkənin tarixi orada yaşayan xalq üçün faydalıdır; çünki tarix ona öz millətinin təbiət və adətlərindəki xüsusiyyətləri bildirər, qonşu tayfaların rəftarından məlumat verər, muxtəlif xalqlarla saxlanan əlaqənin əsas xeyir və zərərini ona məlum edər.”
Bu şərəfli missiyanı, cəmiyyətimizin keçmişini öyrənməyi tarixlə ədəbiyyat üstlənir. Keçmişi təhlil etmək, gələcəyə ötürməkdə ədəbiyyatın üzərinə obyektivliyi gözləmək baxımından çətin və məsuliyyətli iş düşür. Tarixdə baş verən hadisələr ədəbiyyatda geniş inikas edir. Yəni ədəbi mətnin hansı növdə yazılmasından asılı olmayaraq, “keçmişin, tarixin fonunda insan həyatı və cəmiyyətinin təhlilidir. Bizdən öncə yaşamış yazıçı və şairlər öz dövrlərinin səciyyəvi cəhətlərini dərindən əks etdirdikləri üçün onların əsərləri bu gün dövrün tarixi, mənəvi dəyərləri haqqında məlumat vermək baxımından əvəzolunmazdır. Məsələn, “Puşkinin yazdığı hər şey tarixi sənəddir və onun çoxsaylı əsərləri dövrün poetik salnaməsidir“ (Vasili Klyucevski). Yazıçı-publisist, Əməkdr jurnalist Zemfira xanım Məhərrəmlinin əsərləri də yaxın və yaşanan tariximizin ədəbi səlnaməsidir.
1991-ci ildən mətbuatda hərbi mövzuda yazılarla çıxış edən, hər zaman günün reallıqlarını izləyən Zemfira Məhərrəmli, dəfələrlə “qaynar” nöqtələrdə olub, yaşanan tarixə şahidlik edib. Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda vuruşan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları dərc etdirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Z. Məhərrəmli həmçinin, AYB-nin Hərbi vətənpərvərlik bölməsinin üzvüdür. “Döyüşə qızlar gedir” (1997), “Karabağda savaş var” (İstanbul, 1999), “Ötür durna qatarı» (2000),”«Qırx qız dastanı” (2003), “Bir ömürdə üç həyat” (S.Gəncəli ilə birlikdə), ”Jurnalistin yol qeydləri” kimi qələmə alınmış “Ömür bitər, yol bitməz…” (2015), habelə povest, hekayə, mənsur şeirlər və esselərindən seçmələrin toplandığı “Oyuncaq” adlı kitabların, mədəniyyət, elm, təhsil və mənəvi problemlərə dair çoxsaylı publisistik yazıların müəllifidir. Onun “Bədii düşüncədə Qarabağ” adlı əsəri taleyimizə yazılan 30 illik savaşın başlanğıcından Vətən müharibəmizədək olan dövrü əhatə edir. Kitabda, iztirab və kədərimizdən (ağrı ədəbiyyatı), mücadiləmizdən, möhtəşəm Zəfərimizdən söz açılır, qələm adamlarının yaradıcılığında Qarabağ mövzusunun bədii inikası araşdırılır. Biz də yazımızda Zemfira xanımın yaradıcılıq aktına köklənərək yaxın keçmişə ekskursiya edəcəyik. Keçmiş deyincə nə ibtidai dövrdən, nə də Orta əsrlərdən deyil, yaxın keçmişdən, I və II Qarabağ savaşında səngərə çevrilən ədəbiyyatdan, “süngü”yə çevrilən, müqəddəs ada – Qarabağa köklənən qələmdən bəhs edəcəyik. O qələmdən ki, Qarabağdan, qaçqın və köçkünlərimizdən, onlara qarşı olunan erməni vəhşiliklərindən, haqq davamızdan, ordumuzun şücaətindən, Vətən uğrundan canından keçən qəhrəmanlarımızdan yazıb və nə yazıbsa qələbəmizə inamla yazıb.
Şükürlər olsun ki, bu inam həqiqətə çevrildi. Ədəbiyyatımızda qaçqınlıq, köçkünlük, “ağrı” notlarıyla əksini tapan I və II Qarabağ müharibəsi Böyük Zəfərimizlə taclandı. Həsrət yanğımıza çevrilmiş cənnət məkanımız Ali Baş Komandanın “Əziz Şuşam, sən azadsan! Şuşa, sən bizimsən, Şuşa biz qayıtdıq! Şuşa biz səni yenidən dirçəldəcəyik!” nidaları Azərbaycan ədəbiyyatına bir başqa ab-hava gətirdi. “Ədəbiyyatımızın rəngini dəyişdi. Mənə elə gəlir ki, zəfərimizdən sonra yazılan bütün əsərlərin rəngi, torpaq uğrunda can qurban edərək tarix yazan, torpağı vətən yapan şəhidlərimizin al qanı kimi qırmızıya büründü.”
Müharibədən yazmaq o qədər də asan deyil. Yazıçı yazdıqlarını icindən keçirmədən, yaşamadan yaza bilməz. Doğrudur, əzabın xeyri haqqında Dostoyevski ilə razılaşmıram, amma müharibədən yazarkən heç əzab çəkmədən, qəhrəmanlarının psixologiyasını duymadan yazmaq olmaz. Yazıçının yaradıcılıq aktının mahiyyətini anlamaq cəhdi ədəbiyyatşünaslıqdan çox psixologiya elminin sərhədləri daxilindədir. Yaradıcılığın sirrini bədii əsərlərdə kodlanmış informasiyadan öyrənməkdə psixologiya konsepsiya və mülahizələrini irəli sürür. Freyd “Yaradıcı yazıçılar və gündüz yuxuları” əsərində yazıçının yaradıcılıq aktını yuxugörməyə bənzədir. Bu şüuraltı tərəfindən idarə olunan və ciddi şəkildə maskalanmış “gündüz yuxusu”dur. Bu “konsepsiya və mülahizələri” nəzərə almadan qaynar nöqtələrdə olan, yaşanan tarixə şahidlik edən və şüuraltına həkk olunan tarixi hadisələrı əsərlərində inikas etdirən Zemfira xanımın yaradıcılıq aktını anlmaq və incələmək olmaz.
Yaradıcılığı yaxın keçmişimizin inikası olan yazıçının əsərləri iztirab və kədərimizin (ağrı ədəbiyyatı), mücadiləmizin, möhtəşəm Zəfərimizin sözlə yazılmış tarixidir. Bu tarixin içində insanların içindən qılınç kimi keçən 30 illik ağrının, açının, yaşanan faciələrin rəsmi var. Yaradıcılıq təyinatına və təcrübəsinə görə, publisistikaya daha çox bağlı olan Zemfira xanımın əsərlərinin əksəriyyəti sənədli hekayələrdir. Onun hekayələrində konkret insanların həyatınım, tərcümeyi-halının “bədiiləşdirilməsi”, ayrı-ayrı fakt və hadisələrə poetik nəfəs verilməsi isə zamanın sınağından çıxmış bir həqiqətə əsaslanır.”
Müharibədən keçən insanların həyatından yazmaq, “ayrı-ayrı fakt və hadisələrə poetik nəfəs vermək”, bu həyatları içindən keçirmək çox çətindir, əzablıdır. Tarixlə ədəbiyyatın da fərqi də buradan başlayır. “Sənədlər toplusu olan” tarixdə müharibənin başlanma və bitmə tarixləri, ölən və yaralananların sayı və s. konkret fakt və rəqəmləri qeyd olunursa, ədəbiyyatda müharibənin dəhşəti, ağrısı, ölüm, şəhadət, qələbə, zəfər dərin duyğularla əks olunur. Bu baxımdan Zemfira Məhərrəmlinin yazdığı hekayələr ağrıdır, iztirabdır, yanğıdır. “Bakıda doğulub boya-başa çatan insanın ağrını, yanğını bu qədər içdən duyması təkcə onun sevdiyi Qarabağa zaman-zaman gedib-gəlməsi ilə mümkün deyil. Bu, ayrı bir sevgidən doğan ağrıdır, yanğıdır, hissdir, yanaşmadır. Zemfira xanımın Qarabağla bağlı istər hekayələrində, istərsə də publisistik yazılarındakı çırpıntı vətən sevgisindən, vətən ağrısından qaynaqlanır. Bu, vətən üçün döyünən ürəyin çırpıntısıdır.” Yazıçı təxəyülünün gücü ilə yazılan bu hekayələri oxuyan mətnin içindəki fəryadı, ağrını oxucu duyur.
Məlumdur ki, bizim nəsil müharibə sözünü tarix kitablarından oxumuş, müharibə səhnələrini ancaq filimlərdən izləmişdik. Multikultural dəyərləri özündə yaşadan Azərbaycan vətəndaşları olaraq “kimisə öldürmək” sözünü ən qorxunc faciə kimi qəbul etmişdik (müəyyən istisnalar xaric). Zəngin mənəviyyat və humanizmlə böyüyən bir nəslin övladları hərbin sirlərini öyrənmək eşqi ilə hərbi xidmətə gedərkən nə ölmək, nə də öldürmək haqqında düşünmürdü. Məqsəd vətənə olan borcu ödəmək və hərbin sirrlərini öyrənmək idi. Yazıçının bu incə məqama diqqət çəkməsi bütün hekayələrində izlənilir. Müharibə başlayanda həyatın astanasına yenicə qədəm qoyan, “təcrübəsiz gənclər milli yaddaşın daşıyıcıları kimi təqdim olunur.” Milli və dini inancımızda Vətən müqəddəsdir, onun uğrunda ölmək şərəfdir. Vətəni sevmək imandandır. Zemfira xanım təsvir etdiyi gənc qəhrəmanların xarakterindəki vətən sevgisini sübut etməyə çalışmır, daha çox obrazlar vasitəsilə göstərməyə üstünlük verir. Onun “hekayələrin uğurunu və əhəmiyyətini, ilk növbədə, burada axtarmalıyıq.”
Yazıçının elə hekayələr var ki, adlarını oxumaq yetərlidir, içində yazılanlardan xəbərdar olmağa. Elə hekayələr də var ki, “sərlövhələri yaddaşımızla səslənir.” “Qırxqız dastanı” kitabında toplanmış hekayələrin: “Ağ atlı qız”, “Qırxqızın qırx birincisi”, “Rəhilə və Həsən” “Qorxmaz əfsanəsi”, “Ağ atlı qız” və s. Zemfira xanım, ədəbi mətnlərdə “danışmayan tarixi” danışdırır. Yurdun tarixindən, yurd yerlərimizin adlarından danışır, mifik yaddaşımızı təzələyir. Uşaqlıqdan yaddaşımıza həkk olunmuş xilaskar obrazını – “Ağ atlı oğlan”ı xatırladır. Yaddaşımızda belə bir fikir də formalaşıb ki, “Aslanın erkəyi, dişisi olmaz.” Məqsəd Vətənin xilasıdırsa, xilaskar yalnız “Ağ atlı oğlan” deyil, “Ağ atlı qız”larımız da var. Vətən eşqi ilə döyüşə atılan “Ağ atlı qız”larımız qəhrəmanlıqları ilə dastan yazdı. Zemfira xanım “Ağ atlı qız” hekayəsində, belə bir qəhrəmanın, Nərmin Abbasquliyevanın bədii obrazı ilə əbədiləşdirir. Şəhadətə yüksələn “Ağ atlı” xilaskarlarımıza sözdən abidə ucaldır. Bu zaman cinsiyyət ayrımını aradan götürür. Vətənin azadlığı uğruna döyüşən “Ağ atlı oğlan”la “Ağ atlı qız”a eyni müstəvidən yanaşır.
Zərdüşt fəlsəfəsinə görə, dünya bir-birinə zidd və daima mübarizə aparan iki qüvvə – Xeyir və Şər – Tanrının iki başlanğıc enerjisidir. Qarabağda gedən savaş Xeyirlə Şərin savaşı idi. Xeyirin-İşığın təcəssümü olan Ağ atlı qızın -Nərimn Abasquliyevanın da yolu Şərlə döyüşməkdən, haqq uğrunda mübarizədən keçir. “Ağ atlı qız” zülmətə qalib gəlir. Hekayədə, “Ağ atlı qız”ın – Nərminın haqq uğrunda şər qüvvələrlə döyüşün əbədi simvolu diqqəti çəkir.
Xeyirlə Şərin, zülmətlə işığın mübarizəsində nə qədər gənclərimizin arzusu yarımçıq qaldı. Nə qədər sevgi hekayəsi vüsalla tamamlanmadı. Araya əbədi ayrılıqlar düşdü. Zemfira xanım “Son görüş və ayrılıq… Əbədi xatirə” hekayəsində məhz yarımçıq taleləri, ayrılıqları böyük kədərlə hekayəsinə mövzu edir. Hekayənin qəhrəmanları Salehlə Gülərdir. Onların sevgisi ötən illərdə Qarabağda yaşanan və Salehin şəhid olması ilə yarıda qırılan nakam sevgilərin real bədii təsviridir. Bu mövzu yüzlərlə real hekayənin ədəbiyyatda inikasıdır.
Real hekayədən söz düşmüşkən hamımız bu hadisələrin, hekayələrin canlı şahidləriyik. Qaçqın köçlərinin, varı-yoxu əlindən alınıb didərgin salınan insanların yaşadıqları vəhşilikləri, evlərinin əvəzinə sığındıqları çadır – vaqon evlərdə keçən (əslində keçməyən) inztirabların, əzabın… yurd itkisinin ağrıları insanın üzündə cığır salan izlərdən oxunur. Ölüm ayağında Van Qoq söylədiyi kimi, “bu kədər əbədi olaraq davam edəcək” (“La tristesse durera toujours”). Corc Bayron “Kefaloniya günlüyü”ndə yunan inqilabı haqında belə bir qeydi var: Ölülərin yuxusu pozulub-mən uyurmuyam? Tiranlar cahanı əzir – mən susarmıyam? Qaçqın uşağının çadıra sığınması çadırda, vaqonda doğulub, vaqonun altından asılan beşikdə böyüyən qaçqın uşağının əzabı çəkiləsi deyildi. Bu əzab, bu ağrı 30 illik ədəbiyyatımızın içindən keçdi. “Çəkilməz” hadisələrin yaşandığı bir zamana şahidlik etmiş düşüncə, sənət, ədəbiyyat adamları, o cümlədən Zemfira xanım da “susmadı”, yaşanan kədəri, iztirabı, ağrını əsərlərində çox təsirli bir şəkildə dilə gətirdi. Yazdığı hekayələrdə sözlə ağrının, əzabın, savaşın, ekspansiyanın rəsmini çəkdi. Yaşanan tarixi ədəbiyyata daşıdı. Bunu “Qırxqızın qırxbirinci” hekayəsində izləmək mümkündür.
Hekayə dağ adamının aranda yaşamaq əzabından, çadır həyatından başlayır (1948-ci ildəki deportasiyada nə qədər insan iqlim dəyişikliyindən həyatını itirmişdi). Əsasən, dağlıq ərazilərdə yaşayan, dağ havası, bulaq suyu ilə böyüyən insanların aranda yaşaması, bu həyata adaptasiya olması asan məsələ deyildi. Zemfira xanım anlatdığı hekayələrin içində yeri gəldiyində, bir az öncə bəhs etdiyimiz kimi, tariximizin güzgüsü sayılan, xalqın keçmişini, indisi və gələcəyini göstərən yer-yurd adlarımızın yaranmasına da toxunur, izah verir (bizimdir!). Bu baxımdan, Zemfira xanımın “Qırxqızın qırx birincisi” hekayəsində Qırxqız dağı haqqında əfsanəyə müraciət etməsi diqqətədəyərdir. Müəllifin, hekayədə mənəvi dəyərləri canlandırılması uğurludur: “Qədim zamanlarda bu ərazilərə basqınlar olanda ərənlər son nəfəslərinədək vuruşublar. Elin igid qızları da ox atmağı, qılınc oynatmağı bacarıblar. Bir gün qanlı savaşda qarı düşmən başı dəbilqəli xanımların da öz məmləkətinə yiyə çıxdığına heyrətlənmiş, onları əsir götürmək istəmişdi. Pusquya düşdüklərini anlayan qızlar özlərini dərin uçurumlara atmış, öz namus və heysiyyətlərini qorumuşdular. O vaxtdan bu dağa Qırxqız dağı deyirlər.” “Qırxqız” toponimi tarixi yaddaşı özündə yaşadır. Tarixi yaddaşa sədaqətlə eyni hadisəni erməni əsirliyində olan Səma təkrarlayır. Ölmədən öncə anasına məktub yazır: “Bu gecə əvvəlkilərə bənzəmirdi. Səma gözləri yollarda qalan anasına son məktubunu yazırdı: “Əziz anam, köç edirəm. Amma bu, sizin köçməyinizdən fərqlidir. İnanıram ki, siz nə vaxtsa doğma el-obamıza qayıdacaqsınız. Mənimki isə ağır bir yol, əbədiyyət köçüdür. İstəyirəm biləsən ki, sənin qızın qardaşlarının yanına “girov” damğası ilə qayıtmaq istəmədi” (qürur, şərəf, ləyaqət mücəssiməsi). “Çəkilməz” dediyimiz dərdlərdən biri… Səma ölümü düşmən əsirliyindən uca tutan onlarla Azərbaycan qadınından biridir. Müəllifin bunu təsvir etməsi o qədər təsirli və canlıdır ki… Səmanın anasına yazdığı məktubu göz yaşlarsız oxuymaq olmur.
Müharibə deyəndə ilk ağla gələn döyüşmək, ölmək və öldürmək olur. Kişilər müharibə meydanında düyüşür, ya ölür, ya öldürür. Amma “betərin betəri var.” Betərin betəri daha qorxunc, daha əzablıdır. Müharibədən atılan güllələr qadınlardan keçir. Ərləri, övladları, qardaşları həlak olan qadınlar ömürlük əzaba məhkum olur. Əsir düşən qadınları, uşaqları daha məşəqqətli həyat gözləyir. Ölməyi arzu etsə də öldürülmür, uşaqlar şikəst buraxılır və s. Hələ Xocalıda yaşananlar, dağ yollarından qaçmağa çalışanların başına gətirilənlər… Bütün bunlar müəllifin yaradıcılığında təsirli bir şəkildə inikas edir. Məsələn, əsərdə ermənilərin hamilə Səmanı maşından sürüyüb qarnını nişan alması səhnəsi dözülməzdir (vandalizm). Ana bətnində ölən körpənin çığırtısı qulaqlardan silinib getmir. Xocalıda əsir götürülən ananın döşünü kəsib südəmər körpənin ağzına soxaraq səsini kəsmələri… Əsir düşən qadınların başlarına gətirilən müsibətlər… Yadıma o illərdə televiziyada izlədiyim bir epizod düşür. Jurnalist ağsaqqal bir kişiyə sual verir: – Sizin də gəlin əsirlikdədir. Heç cəhd edirsiz qurtarmağa? (ilk başlarda əsirlərin bəziləri dəyişdirilir və ya küllü miqdarda pul qarşılığında alınırdı). Jurnalist yəqin ki, bunu nəzərdə tutub soruşurdu. Üzərindən illər keçsə də ağsaqqalın dediyi sözləri unuda bilmirəm. “Cəhd etmişik, xeyli pul da toplamışdıq alaq. Gəlin azad olanlarla bizə xəbər göndərib ki, məni geri qaytarmağa çalışmayın.” Bu bir fakt düşmənin nə qədər şərəfsiz və qorxunc olduğunun sübutudur.
Unutmaq istəyib, unuda bilmədiyimiz şeylər var. O illərdə mətbuatdan oxuduğum bir hadisəni də unutmaq olmur. Ana gənc qızını ermənilərin əlinə düşməsin deyə, xalçanın içinə büküb divara dayayır. Düşmən çıxıb gedəndən sonra ana xalçanı açanda görür ki, qız çoxdan bu dünya ilə vidalaşıb. Elə şeylər var ki, unudulmur və unudulmamalıdır. Yazılanlar bu missiyaya xidmət edir: “Unutma, unutdurma.”
Bəzən povestə böyük hekayə deyilir. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur. Surətlərin sayı da hekayədəki surətlərin sayından çox olur. Zemfira xanımın elə hekayəsi var ki, onu məzmun və mahiyyət etibarı ilə kiçik povest adlandırmaq olar. Məsələn, “Əbədiyyət nəğməsi.” “Kiçikhəcmli poetik etüdün” qəhrəmanı Qaratel Hacımahmudovadır. Qaratelin obrazı insan şüurunun alt qatında yaşayan yurd, torpaq arxetipi ilə səsləşir. Hələ sağ ikən cəbhədəki rəşadətləri dilə-ağıza düşüb əfsanələşən, son nəfəsinə qədər misilsiz qəhrəmanlıqlar göstərib döyüşən və döyüş meydanında qəhrəmanlıqla həlak olan Qaratelin varlığı və adı torpaq kimi əbədiyyətin simvoluna çevrilir. “Təkcə sözlə yox, əməlinlə, ən odlu yerlərə atılmağınla sübut edirdin ki, Vətəni yalnız sinəsində torpaq məhəbbəti ilə döyünən ürəyi olanlar qoruya bilərlər. Sən bunu öz ölümünlə də təsdiq etdin.” Bu qəhrəmanlar bəlkə də heç zaman pafosla “Vətəni sevirəm”, – deməmişdi. Amma vətəni sevməyin nə olduğunu, bütövlükdə vətənin və sevginin nə olduğunu ölümləriylə hayqırdılar.
Deyirlər ki, “Qəhrəman olmağa meydan gərəkdir!” Müharibə (bir də qismət olmasın!) döyüş meydanı olduğu üçün qəhrəmanlıq meydanıdır. Bu meydanda nə qədər gənclərimiz torpaq uğrunda canından keçərək Şəhidliyə yüksəldi (ruhları şad olsun!). Özləri haqqında dastanlar yazdılar, qəhrəmanlıqları ilə əfsanələşdilər. Yəni müharibə qəhrəmanlıq dastanlarının, əfsanə və nağılların yazıldığı müeydandır. Bu faktı Z.Məhərrəmlinin hekayələrində də izləyirik. “Tovuzun Qədirli kəndində, sadə bir ailədə dünyaya göz açan Rəhilə ilə Qubadlının Tarovlu kəndindən olan Həsənin əfsanəsi (müasir “Leyli və Məcnun” əfsanəsi) ilə yazıçı sənət fövqü yaradıb. Yazıçının bizə təqdim etdiyi əfsanə müharibənin yaratdığı yüzlərlə əfsanədən biridir. Düşmən cəbhəsindən snayper bölük komandiri Həsəni nişan alanda əsgər yoldaşı Qorxmaz sinəsini komandirinə sipər edərək onu qoruyub şəhid olur. “Həsən isə sədaqətli döyüşçü dostunun xatirəsini əbədiləşdirmək üçün o gündən “Qorxmaz” ləqəbini götürdü.”Əslində, əfsanə adlandırdığımız hadisəni həmyerlimiz 20 yaşlı Qafur Məmmədov (1922-1942) faşist ordusu hissələrinin hücumlarını dəf edərkən, sinəsi ilə komandirini qoruyaraq qəhrəmancasına həlak olmuşdur. Eyni qəhrəmanlıq hadisəsi Qarabağ savaşında təkrarlanır.
Həsən Qorxmaz Yuxarı Cibikli kəndi uğrunda döyüşdə ağır mərmi yarasından həlak olur. Bu dəfə Rəhilə özünə Qorxmaz adını ləqəb götürür və başına Həsənin qara şəridini bağlayır və Cibikli kəndi düşmənlərdən azad olunana qədər döyüşür. 23 yaşlı Rəhilə Qorxmaz Qubadlı torpağında qanlı döyüşlərin birində şəhid olaraq (31 iyul 1993-cü il) sevgisinə qovuşur: “Ölümü ilə sevgisinə qovuşan bu iki gəncin bitib-tükənməyən yurd eşqindən, igidliyindən rəvayət söyləyir, əfsanə danışırlar. Nakam məhəbbətin tərcümanı olan Rəhilə və Həsən Qorxmaz əfsanəsini.”
Zemfira xanımın hekayələrindən biri də “Şuşa Gültəkini” adlanır. “Hekayənin qəhrəmanı, ictimaiyyətin daha yaxından tanıdığı, şərəfli ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş, haqqında çoxlu yazılar yazılmış, televiziya və radio verilişləri hazırlanmış Gültəkin Əsgərovadır. Müharibəyə getməzdən əvvəl təcili yardım məntəqəsində həkim işləyən Gültəkinin insanı sifətlərini xəstə-həkim müstəvisində təqdim edir. Gecə çağırışa gələn həkim xəstəyə tibbi yardım göstərir.
“Ertəsi gün səhər tezdən həmin mənzilin qapısı yenidən döyüldü. Dünən gələn həkim idi. O bu dəfə çağırışsız, ürəyinin istəyi, odu ilə gəlmişdi.
– Gecə növbəsini başa vurub evə gedirdim. İstədim biləm xəstəmizin vəziyyəti necədir? – deyə soruşmuşdu.
O qarlı gündə təbib köməyinə ehtiyacı olan xəstə – bu sətirlərin müəllifi, mehriban, qayğıkeş, təmənnasızlığı ən ali məziyyət sanan həkim isə oxuduğunuz sənədli hekayənin qəhrəmanı Gültəkin Əsgərova idi…
Yazıçı əsərin finalında “hekayə içində hekayə” təqdim edir. Qəhrəman Gültəkinin təsəvvürümüzdə olan obrazını bütövləşdirir. Yalnız “Şəhid olduğu yerə “Gültəkin qayası” adı verilən “Gül ömürlü Gültəkini” deyil, sözüylə, qələmiylə döyüşən “Qarabağın Salatını”, Vətən eşqiylə döyünən ürəyindəki sevdanı içində dəfn edən, könül verdiyinə “Qəbirdə qovuşanlar”dan olan talesiz Rəhiləni, barəsində cəsarət və əbədiyyət nəğməsi bəstələnsə də, bu şərqini heç vaxt eşitməyəcək Qarateli, “Son döyüş”ündə şəhid olduğu torpağa qanıyla sədaqət möhürü vuran cəsur qız Sədaqəti, incə bədənində cüssəsindən daha böyük ruh daşıyan və ömrünün iyirmi birinci payızında xəzan yarpağı kimi doğma torpağa düşən Könülü, oğlu ilə çiyin-çiyinə vuruşan, onu əlləriylə torpağa tapşırıb yenidən cəbhədəki odun-alovun içinə qayıdan cəsur Nurcahan ananı, cəbhədə qardaşlarının yarasını saran, qanadlanmış mələktək cövlan edən Nərminəni, könül verdiyi cəsur Həsənin batalyonunda düşmənlə vuruşan və Vətən dərdiylə Tanrı dərgahına qovuşan Rahilə Qorxmazı da bütövləşdirir, sədaqət, dəyanət, cəsarət, ləyaqət simvolu kimi əbədiləşdirir. Əslində, Zemfira xanımın hər bir hekayəsin gələcəkdə yazılacaq romanın səhifələridir.
Ümumiyyətlə, müəllif hekayələrinin əksəriyyətində, içindən müharibə keçən və ya müharibənin içindən keçən qadınlarımızın həyatını bədii sözlə əbədiləşdirir. Bu baxımdan Z. Məhərrəmlinin “Oğul dağı” hekayəsi çox diqqətçəkici və maraqla oxunan əsərlərindən biridir. Müəllif müharibəyə getməzdən əvvəl şəxsi həyatında təlatüm yaşayan Nurcahan Hüseynovanın keçdiyi cəbhə yolunu, yaşadığı müharibə təcrübəsini, müharibədə gördüyü dəhşətləri bədii sözlə ifadə edir. Döyüş meydanında şəhid olmuş doğma oğlu Elxanın cəsədi ilə qarşılaşan ana gördüyü mənzərə önündə dönub qalır. “Elxan başına dəyən ağır zərbədən həlak olmuşdu. Qəlpə başın arxasından keçib gözünü tökmüşdü. İlahi!.. Ana üçün bundan da ağır mənzərə ola bilərdimi? Nurcahan donub qalmış, sanki daşa dönmüşdü. Ürəyinin başı göynəsə də, ağlaya bilmirdi”…
Zemfira xanım Məhərrəmli “Oğul dağı” hekayəsində torpaqları işğal altında olan məmləkətin insanlarının “müharibə ağrılarının epik lövhələrini”, psixoloji ağrılarını, nüharibənin dəhşətlərini göstərir, böyük anlamda “torpağın və anaların sinəsinə çəkilən dağı canlandırıb əyaniləşdirir.”
Ali Baş Komandan İlham Əliyevin xalqına verdiyi ”Əiz Şuşam, sən azadsan”, – müjdəsini Zemfira xanım “Şuşa indi bizimdir” hekayəsində verir: “Ey qəhrəman analar, bacılar! Uğrunda savaşdığınız Qarabağı hələ analarının qucağında, dil açmamış tərk edən, indisə o müqəddəs torpaqlara tanklar üstündə, qələbə marşları oxuyaraq qayıdan və ən hündür qalalara üçrəngli bayrağımızı taxan bu qəhrəman oğullarımız sizin dastanınızdan bəhrələnərək boy atan ərənlərdir.”
Müharibə dəhşətlərindən yazan Zemfira xanım həm də Böyük Zəfərimizdən bəhs edən hekayələr yazdı. Zəfər savaşımızın başladığı ilk gündən vətənin müdafiəsinə qalxan rəşadətli Azərbaycan ordusunun Ali Baş Komandanın ətrafında sıx birləşərək göstərdiyi misilsiz qəhrəmanlığı, torpaq uğrunda əzalarını itirmiş qazilərimizin, Vətən bağrında qırmızı Lalələrə dönən şəhidlərimizin rəşadətini əks etdirdi. Hər zaman real həyat həqiqətlərini anlatmağa çalışan yazıçı, oxucularına həqiqətləri nəql etməyə davam edir. “Beş saniyənin hökmü” adlı hekayəsində Türkiyədə baş vermiş dəhşətli zəlzələnin dağıntıları altında qalan gənc ana ilə körpəsinin kədərli və xoş sonluqla bitən hekayəsini anladır. Z.Məhərrəmlinin müasir nəsrimizdə, publisistikamızda Qarabağ həqiqətlərini əks etdirən əsərləri “heç də faktların sıralanması deyil, Qarabağ ruhunun – Azərbaycançılıq ideyasının nəsrimizdə və publisistikamızda ədəbi hadisəyə çevrilə biləcək nümunələridir.”
Yazıçının yaradıcılığı haqqında ədəbiyyatşünas alimlər və tənqidçilər, akademik Nizami Cəfərov, professorlar Vaqif Yusifli, Rüstəm Kamal, habelə filologiya üzrə fəlsəfə doktorları Məti Osmanoğlu, Azər Turan, yazıçı, şair, tərcüməçi Təranə Məmməd, şair-publisistlər Fərid Hüseyn, Rəfail Tağızadə, Məhəmməd Nərimanoğlu fikir bildirib, düşüncələrini ifadə ediblər.
Professor Vaqif Yusifli yazır: ”Bəzən iddia olunur ki, Qarabağ mövzusuna müraciətdə nəsrimiz poeziyadan və publisistikadan geridə qalır. Bu fikirlə razılaşmaq doğru olmaz. Ancaq təəssüflə qeyd ediləsidir ki, nəsrimizdə – konkret desək, roman janrında Qarabağ həqiqətlərini əks etdirən və müharibə dövrünün, yaşadığımız ağrı-acıların, döyüş-savaş-igidlik-qəhrəmanlıq lövhələrini dolğun əks edirən romanların sayı o qədər də çox deyil. Sabir Əhmədlinin “Axirət sevdası”, Aqil Abbasın “Dolu”, Hüseynbala Mirələmovun “Dağlarda atılan güllə” romanları bu boşluğu nisbətən aradan qaldırır. Son illərdə Vüsal Nurunun “Qaraqaşlı”, S. Aranın “Yerevana gedən yollar” romanları çap olunub, ümid edək ki, Qarabağ həqiqətlərini əks etdirən belə romanlarla tez-tez rastlaşaq…” (Vaqif Yusifli).
Yazımı, professor Vaqif Yusiflinin “Qarabağ həqiqətlərini əks etdirən belə romanlarla tez-tez rastlaşaq”, – sözləri, Zemfira xanımın Qarabağdan, Zəfərimizdən yazdığı romandan yazmaq arzusuyla bitirir, müəllifə yaradıcılıq uğurları arzulayıram!
Lütviyyə Əsgərzadə
filologiya elmləri doktoru
Son Yorumlar