Böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) yaradıcılığı təkcə türk dünyasında deyil, bütövlükdə Yaxın və Orta Şərq çevrəsində, o cümlədən onun hüdudlarından kənarda da sevilən, özünün poetik fikir siqləti, bədii-fəlsəfi düşüncə orijinallığı və heyrətamizliyi ilə oxucu qəlbinə yol tapan bir sənət nümunəsidir.
Məlum həqiqətdir ki, bədii yaradıcılığın (demək olar ki, bütün yaradıcılıq sahələrinin) inkişaf və təkamülündə ənənə və novatorluq iki qoşa qanad kimi iştirak edir. Ənənə zaman-zaman formalaşan tarixi təcrübədən faydalanmaqla sənətkarın bədii zövqünün, özünüifadə imkanlarının bəlli bir səviyyəyə çatmasında mühüm rol oynadığı kimi, novatorluq da onun fərdi poetik dünyasına xas olan səciyyəvi məqamların aşkara çıxaran ən zəruri ədəbi, nəzəri-estetik kateqoriya hesab olunur.
Bu mənada Məhəmməd Füzuli kimi nəhəg söz ustası da daxil olmaqla, bütün klassik sənətkarlar özlərinə qədərki ədəbi təcrübədən, o cümlədən əsrlər boyu təşəkkül tapan qabaqcıl yaradıcılıq ənənələrindən əxz olunan yaradıcılıq məziyyətlərini sözün yaxşı mənasında bir ədəbi irs və varislik prinsipi kimi davam və inkişaf etdirmişlər.
Xaqani Şirvani, Nizami Gəncəvi, Yunus Əmrə, Qazi Bürhanəddin İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Həbibi kimi qələm və poetik düşüncə sahibləri bu mənada Məhəmməd Füzulinin sənət dünyasının mükəmməl şəkil almasında müstəsna rol oynayan əsas simalar hesab olunur.
Klassik poetik ənənələrin davam və inkişaf etdirilməsi ilə yanaşı, bədii mətnə yeni məzmun və ideya-estetik özünəməxsusluq gətirmək də tələb olunur. Əks təqdirdə təqlidi-epiqon şeir labrintindən yaxa qurtarmaq mümkünsüz bir bəlaya çevrilə bilər. Məhəmməd Füzuli bu yolla mükəmməl, bənzərsiz və təkrarsız yaradıcılıq yolu keçən bir sənətkardır.
Dövrün tələb və normaya çevrilən yaradıcılıq ənənələrinə əməl etməklə bərabər, poetik struktura yeni məna və düşüncə çalarları gətirmək də sadə bir məsələ deyil. Ancaq böyük dühalar və sənət sahibləri kimi, Məhəmməd Füzuli bu çətin yaradıcılıq axtarışlarında əsaslı yeniliklərə nail olan qüdrətli qələm sahiblərindən biri kimi ədəbiyyat tarixində iz qoyan, beş əsr öz əsrarəngiz yaradıcılığı ilə əbədi yaşamaq hüququ qazanan nadir sənətkarlardan biri olaraq lirik-rübabi, epik-fəlsəfi şeirin dünya ədəbiyyatında böyük ustadı hesab olunur.
Məhəmməd Füzuli yaradıcılığı özünün ədəbi növ və janr əlvanlığı ilə seçilir. Doğma ana dili ilə yanaşı, ərəb və fars dilində şairin mükəmməl divan yaratmaq təcrübəsi əslində lirik şeirin imkanlarını üç dildə ifadə etmək iqtidarını da kifayət qədər nümayiş etdirirdi.
Ancaq onu da qeyd etmək lazımdır ki, Füzuli irsi və külliyyatı yalnız divan yaradıcılığı ilə də məhdudlaşıb qalmır. Epik növdə qələmə alınan nümunələr, nəsr əsərləri, tərcümələr, etik-fəlsəfi sənət örnəkləri də Füzuli dühasının zənginliyindən və qüdrətindən xəbər verir.
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Məhəmməd Füzulinin poetik dühasına, yaradıcılıq dünyasına maraq elə sənətkarın yaşayıb-yaratdığı dövrdən başlanmış, onun sənət möcüzələri hesab olunan əsərlərini elmi-nəzəri müstəvidə təhlil etmək bu gün də mütəşəkkil şəkildə davam və inkişaf etdirilməkdədir.
Bir məsələni də xatırlatmaq lazımdır ki, Füzulidən bəhs edən müəlliflərin əksəriyyəti onun çox vaxt müəmma, sehr və möcüzə kimi qiymətləndirilən yaradıcılıq dünyasından və məziyyətlərindən bəhs etməyin çətinliyini, əlçatmazlığını həmişə səmimi etiraf etmişlər.
Belə məqamlarda Füzuli sənətini ədəbi dil və linqvo-poetik baxımdan araşdıran tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Samət Əlizadənin bu xüsusda vaxtilə gəldiyi obyektiv bir qənaəti burada xatırlamaq yerinə düşür: “Füzulini şərh etmək!” Bu sözlər çox qəribə səslənir. Axı, bu bir adamın işi deyil. Belə bir işə başlamaq üçün dahi sənətkarın mənimsədiyi elmi-fəlsəfi biliklərə yiyələnməli, klassik Şərq şeirinin sirlərinə, incəliklərinə, metodoloji prinsiplərinə dərindən bələd olmalı və ən başlıcası, yüksək dərəcədə inkişaf etmiş bədii-estetik zövqün olmalıdır
Füzulini şərh etmək! Bu ona bənzəyir ki, kiməsə günəş bağışlamaq istəyirsən, ancaq əliboş gedirsən: hərarəti öz qəlbində qalır, nuru gözlərində…
Füzuli dəryadır!”[1]
Füzuli dəryasına baş vuran, onun dərin mənalı söz incilərini üzə çıxarmağa cəhd və təşəbbüslərin ilk nümayəndələri elə böyük sənətkarın öz müasirləri olan təzkirəçilər müəllifləri idi. Bu baxımdan Lətifinin “Təzkirətüş-şüəra (1546), Sam Mirzənin “Töhfeyi-Sami (1550) təzkirəsindən başlanan, Füzulinin oğlu Fəzlinin müasiri və dostu olan Əhdi Bağdadinin “Gülşəni şüəra” (1563), Türkiyə, İran, Hind və Azərbaycan təzkirəçilərindən Şah İsmayıl Xətainin farspərəst ortancıl oğlu Sam Mirzənin “Töhfeyi-Sami” (1550), alim, şair və rəssam Sadıqbəy Sadiqi Əfşarın “Məcməül-xəvas”a (1598) qədər çoxsaylı mənbələr füzulişünasünaslığın ilk mənbələri hesab oluna bilər.
Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Füzuli irsinin tədqiqi Azərbaycan, Türkiyə, Yaxın və Orta Şərq, o cümlədən Qərbi Avropa kimi geniş hüdudlarda aparılmış, beləliklə, zaman-zaman fizulişünaslıq ayrıca bir elmi istiqamətə çevrilmişdir.
Azərbaycan professional elmi-nəzəri fikrində Məhəmməd Füzuli haqqında fikir söyləyənlərdən biri Mirzə Fətəli Axundzadə olmuşdur. O, tənqidi ruhda qələmə aldığı “Nəzm və nəsr haqqında” məqaləsində indi də mübahisələrə yol açan, müxtəlif istiqamətlərə və mənalara yozula biləcək mülahizələri ilə yadda qalır: “Bəhər surət. türk arasında dəxi bu zamana qədər mütəqqədimindən şair olmayıbdir. Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur; ancaq nazimi-ustaddır. Amma ən əyyami-səyahətimdə səfheyi-Qarabağda Mola Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə onda onda göründü və dəxi Qasım bəy Sarucaluyi-Cavanşirə düçar oldum ki, əlhəq türk dilində onun mənzumatı mənim heyrətimə bais oldu.”[2]
Mirzə Fətəli Axunzadənin bu mülahizələrinin mahiyyətində dayanan mətləbləri ilk dəfə yozum və təfsirini verənlərdən biri Cəfər Cabbarlı olmuş, o Füzulinin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrlə yanaşı, şairin poetik irsinin uzun müddət milli ədəbi düşüncəni öz sehri və tilsimi altında saxladığını, Mirzə Fətəlinin başlıc məqsədinin bu çərçivəni dağıtmaq, dövrün ədəbiyyatının realizm yolu inkişafına yönəltmək idi: “Füzuli öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat verdi. Lakin eyni zamanda onun dühası ağır bir yük kimi Azərbaycan ədəbiyyatının inkişafı üzərinə düşüb, onu öz ağırlığı altında əzməyə başladı. … Füzulinin bir qəzəli yüzlərlə şairlər üçün ilham mənbəyi olur, şairlər öz şeirlərini ona bənzətməyə çalışırdılar. “Füzuliyanə” qəzəllər yazmaq şairlərin idealı olmuşdu. Bənzətmələr, təxmislər yol alıb gedirdi. Ədəbiyyat öz normal yolunu itirmiş, həlqəvi bir gedişlə Füzulinin başına hərlənir, haraya getdiyini özü də bilmirdi. Füzuli elə bir tilsim idi ki, ədəbiyyatımız ondan bir addım belə olsun bayıra çıxmır və uzun illər yeni bir şəklə keçmirdi.”[3]
Bu mülahizələrdə dolayısı da olsa, Mirzə Fətəli Axundzadənin milli ədəbi təcrübənin realizm yoluna doğru istiqamətlənməsi zərurəti üst qatda görünməkdədir.
Mərhum dilçi alim, tənqidçi Kamil Vəliyevin (Kamil Vəli Nərimanoğlunun – R. Ə.) Mirzə Fətəli Axundovun Füzuli yanaşmasına son dərəcə kəskin tənqidi irad və münasibət bildirməsi ilə birmənalı şəkildə razılaşmaq olmur: “Bəzən Mirzə Fətəli tənqidin rəngini daha da tündləşdirir və ciddi səhvə də yol verirdi. Xüsusən onun Məhəmməd Füzuliyə münasibəti düzgün deyil. Azərbaycan dilini möcüzə yaratmaq səviyyəsinə qaldıran qüdrətli könül şairinə “Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur: ancaq nazimi-ustaddır” II c., səh. 203) deməsi böyük şairə subyektiv münasibətdir. Bu sözləri oxuduqca yada Tolstoyun Şekspirə, Çernışevskinin Puşkinə ziddiyyətli, subyektiv baxışları yada düşür.”[4]
Bu mülahizələrin ardınca müəllif Mirzə Fətəlinin ünvanına söylədiyi sərt fikirləri bir qədər yumşaldaraq böyük mütəfəkkirin əsas məqsəd və məramını açıqlamaq yolunu tutaraq yazır: “Mirzə Fətəli bu mübahisəsiz şairi mübahisə meydanına gətirəndə, güman ki, düşüncə tərzini dəyişmək, ehkamı qırmaq, müasir fikri ağıla yeritmək üçün hədəf məhz Füzuluni seçmişdir (Kimi seçməli idi ki?! – R. Ə.) Füzuli şeirində doğulub boy atan azərbaycanlıya yeni həyatın məntiqini aşılamaq üçün belə bir subyektiv addım atmaq lazım gəlirdi. İkinci tərəfdən Füzuliyanə poeziyanı təqlid yolundan çıxmaq, “Füzuli tilsimini” qırmaq üçün, realist ədəbiyyatın yolunu tanıtmaq üçün bu fikir meydana atılmışdır.”[5]
Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında mötəbər fikir söyləyənlərdən biri də məşhur maarifçi-pedaqoq, tənqidçi və ədəbiyyat tarixçisi Firidun bəy Köçərli (1863-1920) olmuşdur.
O, özünün “Azərbaycan ədəbiyyatı tarixi materialları”nda ( ədəbiyyat tarixi istiqamətətində yazılan bu əsər sonralar “Azərbaycan ədəbiyyatı” adı ilə nəşr olunmuşdur – R. Ə.) Füzuliyə həsr olunan “Molla Məhəmməd Bağdadi “Füzuli” təxəllüs” adlı oçerkin başlanğıcında şairin Azərbaycan-türk ədədiyyatının inkişafında müstəsna rolundan bəhs edərkən belə bir qənaətə gəlirdi: “Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərinin zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəaramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.”[6]
Bir qədər əvvəl qeyd olunan bu mülahizələr Məhəmməd Füzulinin yaradıcılına XIX və XX yüzilliyin münasibət və yanaşmasmalıdır. Onu da xüsusi olaraq vürğulamamaq lazımdır ki, Füzuli irsinə belə müxtəlif baxış sərgiləmək əslində zaman-zaman formalşan füzulişünaslığın köklü-köməcli problemlərindəndir. Əsasən burada izah və təhlilinə cəhd göstərilən yaradıcılıq məsələləri bütün dövrlər üçün dəyiməz və prioritet istiqamətlərdən birinə çevrilməsi heç də təsadüfi deyil.
İyirminci yüzilliyin ilk onilliklərində Abdulla Surun, 30-cu illərin ikinci yarısından Həmid Araslının Füzulinin dövri, ədəbi mühiti və yaradıcılığı haqqında silsilə məqalələrlə dövri mətbuat səhifələrində çıxış etmiş, daha saonralar özünün fundamental tədqiqatlarından biri olan “Füzuli”[7], “Böyük Azərbaycan şairi Füzuli” (1958)[8] meydana gəlməsində tədqiq xarakterli yazılar bir problem kimi daha geniş və əhatəli aspektdə araşdırılmışdır.
40-cı illərdə Mir Cəlalın “Füzulinin poetik xüsusiyyətləri” (1940), 50-ci illərin sonlarında Məmməd Cəfərin “Füzuli düşünür” (1959) monoqrafiyaları Fuzuli yaaradıcılığına və sənətkarlıq xüsusiyyətlərinə yeni bir baxış ortaya çıxaran nümunələr hesab oluna bilər.
Füzuli yaradıcılığının sənətkarlıq sirlərinin araşdırılması baxımından Mir Cəlalın adı çəkilən monoqrafiyası özünün nəzəri siqləti və sanbalı ilə seçilən tədqiqat əsəridir. Müəllif monoqrafiyanın nəşr olunduğu ildə həmin mövzunu filologiya elmləri namizədi (indiki filologiya üzrə fəlsəfə doktoru – R. Ə.) alimlik dərəcəsi almaq üçün dissertasiya işi kimi müdafiə etmişdir.[9]
Kitab halında nəşr olunan monoqrafiyanın annotasiyasında onun qarşısına qoyduğu maraq və məqsəd belə açıqlanırdı: “Füzulinin poetik xüsusiyyətləri adlı əsərdə şairin sənətə, şeirə baxışı verilir. Onun bədii dil xüsusiyyətləri, söz ehtiyatı, xalq dilindən necə istifadə etməsi, təsvir və ifadə vasitələrindən ətraflı bəhs olunur. Şairin lirikasında, insan hiss və fikirlərinin dərin və mükəmməl əhatəsi göstərilir.”[10] Mir Cəlalın 1958-ci ildə Məhəmməd Füzulinin vəfatının 400 illiyi münasibətilə Azərbaycan Dövlət Univesitetinin nəşriyyatında işıq üzü görən “Füzulinin sənətkarlığı” kitabı 1940-cı il nəşrindəki hissələr genişləndirilərək oraya yeni fəaillər və bölmələr daxil edilməklə nəşr olunmuşdur. Müqayisə üçün hər iki nəşrin mündəricatına diqqət yetirəndə belə bir xarakterik cəhəti aydın şəkildə görmək mümkündür:
“Füzulinin poetik xüsusiyyətləri” (1940) kitabının mündəricatı: Giriş, I.Şeirə baxışı, II. Lirikası, III. Bədii dili, IV. Peysajları, V. Şeir kulturası, Biblioqrafiya “Füzulinin sənətkarlığı” monoqrafiyasının 1958 və 1994-cü il nəşrlərinin mündəricatı: Nəşriyyatdan, Müəllifdən, Füzuli şeir haqqında, Qəzəllər haqqında, Bədii dil xüsusiyyətləri, Mənzərələr, Şeir mədəniyyəti – texnika, Bədii məntiq, Lirika, Bədii nəsri, “Rind və Zahid”, Nizami və Füzuli, Ölməz məhəbbət dastanı, Füzulidə alleqoriya, Böyük mənəvi müasirimiz.
Müqayisələr təsdiq edir ki, ilk nəşrdən gətirilən bölmələrlə yanaşı, burada tamamilə yenidən işlənilərək monoqrafiyaya daxil edilən hissələr göz qabağındadır. Məhəmməd Füzulinin sənətkar dühasının sərhədlər aşan şöhrətini, yaradıcılıq futuratını professor Mir Cəlal “Müəllifən” adlı bölümdə yüksək səviyyədə dəyərləndirərək vaxtilə yazırdı:“Füzuli sənətinin qüdrətini, miqyasını, məziyyətlərini təhlil və təyin etmək bir nəfərin. Bir elmi məktəbin, hətta bəlkə də bir elmi nəslin işi deyildir. Bu böyük və şərəfli vəzifə ədəbiyyat, sənət. dil, fəlsəfə elmlərinin qarşısında durmaqda və həllini gözləməkdədir.”[11]
Professor Mir Cəlalın Füzuli yaradıcılığını daha geniş və əhatəli aspektdən araşdırmasını bir zərurət kimi ortaya çıxaran fikrləri keçən əsrin 60-70-ci illərdən etibarən mükəmməl şəkildə tədqiq olunmağa başladı. Bu baxımdan filologiya elmləri doktoru Mirzağa Quluzadənin “Füzulinin lirikası” (1965), Fuad Qasımzadənin “Qəm karvanı, yaxud zülmətdə nur” (1968), R. Azadənin doktorluq dissertasiyası kimi müdafiə etdiyi “Azərbaycan epik şeirinin inkişaf yolları” tədqiqatında və onun əsasında hazırlanan eyniadlı monoqrafiyanın (1975) “Azərbaycan epik şeirinin yeni inkişaf mərhələsi” fəsli, Sabir Əliyevin “Füzulinin poetikası” (1986), şair-mütəfəkkirin anadan olmasının 500 illiyi ərəfəsində nəşr olunan nəşrlər sırasında AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın “Mövlanə Məhəmməd Füzuli” (1994), AMEA-nın müxbir üzvü Yaşar Qarayevin Azərbaycan, ingilis, rus və fars dillərindəki “Şərqin dahisi”(1996), mərhum füzulişünas Hamiq Babayevin (1945-1991) vəfatından sonra işıq üzü görən “Füzuli şəminin işığında”(1996), 2000-ci ilin ilk onilliklrində nəşr olunan füzulişünaslıq nümunələri sırasında filologiya elmləri doktoru Ataəmi Mirzəyevin “Füzulinin “Hədiqətüs-süəda” əsəri orta əsrlər tərcümə abidəsi kimi” (2001), “Azərbaycan bədii tərcümə tarixi və Füzuli” (2009), filologiya elmləri doktoru Gülşən Əliyevanın “Füzuli sehri” (2003), filologiya üzrə fəlsəfə doktoru Zəkülla Bayramlının “Füzuli yaradıcılığı və çağdaş ədəbi-nəzəri fikir” (2010) tədqiqat və araşdırmaları, yubiley nəşrləri Füzuli irsinə son iki əsrin elmi marağını kifayət qədər nümayaiş etdirir.
Filologiya elmləri doktoru, professor Gülşən Əliyevanın “Azərbaycan füzulişünaslığı” (2007) monoqrafiyası bütövlükdə dünya şöhrətli sənətkarın həyatı. yetişdiyi mühit, poetik-fəlsəfi irsi, əsərlərinin dil xüsusiyyətləri, etik və nəzəri-estetik görüşləri istiqamətində aparılan tədqiqatlar fərdi baxış nöqteyi-nəzərindən təhlilə cəlb edilən araşdırma kimi mühüm əhəmiyyət kəsb edir.
Böyük şairir-mütəfəkkirin anadan olmasının 530 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması haqqında 25 yanvar 2024-cü il tarixli sərəncamı bu baxəmdan xüsusi əhəmiyyət daşıyır. Sərəncamda şairin milli sərhədləri aşan şöhrəti, əsərlərinin bütün zamanlar üçün öz müasirliyini və aktuallığını qorumaqxüsusiyyəti xüsusi olaraq nəzərə çatdırılır: “Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi misilsiz mənəvi sərvətimizdir.”
Doç.Dr. Ruhengız Aliyeva
Azərbaycan Milli Elmlər Akademiyası, Ədəbiyyat İnstitutu
*****
[1] Əlizadə S. Şah beytlər (Füzuli “Divan”ına şərhlər), Redaktorları İslam Sadıq, Ülfət Kürçaylı, Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1995, Ön söz, s. 8 (3-8), 172 s.
[2] Axundov M. F. Nəzm və nəsr haqqında, Bədii və fəlsəfi əsərləri, Tərtib edəni və müqəddimənin müəllifi Həmid Məmmədzadə, Bakı: “Yazıçı”, 1987, s. 315 (314-315), 368 s.
[3] Cabbarlı C. Mirzə Fətəli Axundov haqqında, Əsərləri, Üç cilddə, III cild, Şeirlər, hekayələr, məqalələr, Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1958, s. 260 (259-265), 288 s.
[4] Vəliyev K. Böyük mütəfəkkir, “Fikrin karvanı” ( Görkəmli Azərbaycan tənqidçi və ədəbiyyatşünasları), Tərtib edəni, redaktoru və ön sözün müəllifi Eçin, Rəyçi akademik Məmməd Cəfər, Bakı: “Yazıçı”, 1984, s. 24 (20-33), 348 s.
[5] Yenə orada, s. 24
[6] Köçərli F. Molla Məhəmməd Bağdadi “Füzuli “Füzuli” təxəllüs, “Azərbaycan ədəbiyyatı”, Transliterasiya və tərtib edəni, müqəddimə, izah və qeydlərin müəllifi: Ruhiyyə Qənbər qızı, Redaktoru: Əziz Mirəhmədov, Bakı: “Elm”, 1978, s. 84 (84-99), 598 s.
[7] Araslı H. “Füzuli”, Bakı: Azərbaycan Sovet Yazıçılar İttifaqının Nəşriyyatı, 1939, 33 s.
[8] Araslı H. “Füzuli”, Bakı: Azərbaycan Sovet Yazıçılar İttifaqının Nəşriyyatı, 1939, 33 s.
[9] Bu barədə bax: Azərbaycan sovet yazıçıları (Ədəbi sorğu kitabı), Müəllif-tərtibçi Teymur Əhmədov, Rəyçi akademik Məmməd Cəfər Cəfərov, Bakı: “Yazıçı”, 1987, s. 410-411, 704 s.
[10] Mir Cəlal, Füzulinin poetik xüsusiyyətləri, Redaktoru H. Araslı, Elmlər Akademiyasının Azərbaycan Filialının Nəşriyyatı, 1940, 96 s.
[11] Mir Cəlal, Füzuli sənətkarlığı, Monoqrafiya II nəşri, Müəllifdən, Redaktoru R. Ş. Əfəndiyeva, Bakı: “Maarif”, 1994, s. 4 (4-5), 252 s.

Son Yorumlar