Bütün gözəlliklər vətəndən başlayır! Hürzad xanımın şeirləri ilə bir neçə dəfə mətbuat səhifələrində tanış olmuşam. Elə o şeirləri oxuya-oxuya düşündüm ki, bu şeirlər yalnız müəllim qələmindən süzülüb gələ bilər. Bu şeirlərdə təbiət mənzərələri, vətən həsrəti, torpaq sevgisi, bir sözlə bütöv Azərbaycan var.
AMEA-nın Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi tanınmış tənqidçi, AMEA-nın müxbir üzvü, professor Tehran Əlişanoğlunun moderatorluğu ilə son dövrlərdə nəşr olunmuş kitabların müzakirəsini təşkil edirdi. Belə müzakirələrdən biri də Hürzad Əhmədlinin “İncədən gələn səda” adlı şeir kitabına həsr olunmuşdu. Kitabı sevə-sevə oxuyanlardan biri də mən oldum. Müzakirə çox maraqlı keçdi, alimlərimiz Hürzad xanımın şeirlərinə öz münasibətlərini bildirdi. Tehran Əlişanoğlu “Ədəbiyyat qəzeti” ndə çap etdirdiyi “Kitablar aləmində nələr baş verir” adlı geniş bir məqaləsində bu müzakirədən bəhs etmişdir:
“Hürzad Əhmədli doğma kəndi Kəmərlidə ədəbiyyat və dil dərsləri deyən təvazökar qələm əhlidir. Kitabını qızı Hənifə Səlifova rəfə qoymuşdu, götürüb mütaliəsini etdik. Az qala yarım əsr öncə “müəllimləri Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Nəriman Həsənzadə və tələbə yoldaşları onu şair təbiətli bir qız kimi tanımış”, elə o zamandan dostluq, ülfət, məhəbbət, Vətən sevgisi, doğma kəndi, el-oba, ailə dəyərlərini vəsf edən duyğularını nəzmə çəkir. Və məxsusən düşmənlə üz-üzə səngər həqiqətləri, hünər və qəhrəmanlıq mövzusu, məğlubiyyətlə barışmazlıq, yeri gəldikcə tənqid ruhunda mental yaşamlar müzakirə abhavasını da diktə etdi. Bu, bugün onminlərlə, yüzminlərlə vətənpərvərin qəlbində bəslədiyi aciz-səssiz çağırışlardır, olursa, Hürzad Əhmədli misalı, poetik tərcümanını da tapır… Nədən olmasın?!”
Hürzad xanımın şeirlərini oxuduqca onun kövrək qələmində Qazax elinin şairlik təbini duymaq,insanın könlünü feyziyab edən lirikasında Qazax şairlərinin ruhunu aydınca sezmək olur.
Hürzad Əhmədlinin yeni bir kitabı qarşımızdadır. Kitabın ilk səhifələri kiçik olmasına baxmayaraq bəzi məqamlara hopmuş hekayələrlə açılır. Burada “Borc”, “Qeybət xəstəsi”, “Sən məni yıxdın, bala!”, “O gün gələcək, İsa bəy!”, “Mehdi-Gülnaz dastanı”, “Dağılsın buludlar, açılsın hava” və s. kimi hekayələri kitaba daxil edilmişdir.
“Sən məni yıxdın, bala” hekayəsində dırnaqarası bir professorun yanlışlıqları, layiq olmayan sevdiklərinə “qırmızı diplom” verə bilmək üçün savadlı, ağıllı və cəsarətli Azərbaycan gəncinə etdiyi haqsızlıq və onu sonunda mühakimə edən vicdan hekayənin əsas ideyasıdır. Nəhayət, ədalətsizlik edib halal haqqını vermədiyi gənc oğlanın sayəsində həyata qayıtması ilə hadisənin düyünü açılır. Professorun son sözləri onun əvvəlki yaşantısının cavabı kimi səslənir: Professor oğlanın üzünə baxıb peşiman-peşiman dedi:
“- Necə? Mən sənə yamanlıq etdim, sən mənə yaxşılıq?
– Bəli, professor, həyatın qanunu budur: – “Yaxşılığa yaxşılıq hər kişinin
işidir. Yamanlığa yaxşılıq nər kişinin işidir.”
Professor alçaq səslə bu sözləri dedi:
– “Sən məni yıxdın, bala.” ”
Müəllif Qarabağ məsələsinə, erməni vandalizmi mövzusuna da kitabında xüsusi yer ayırır. Hürzad xanımın “O gün gələcək, İsa bəy!” hekayəsində Qazağın Kəmərli kəndinin meşələrinin rayon ziyalılarının fədakarlıqlarına baxmayaraq o vaxtkı rəhbərlik tərəfindən ermənilərə satılması faktı oxucuya çatdırılır. Hekayədə İsmayıl Şıxlı, Aslan Kəmərli, İsa Bəbirov kimi ziyalıların adları çəkilir və torpaqlarımızın uğrunda yaşanan haqsızlıq, İsa bəy kimi neçə-neçə belə ziyalılarımızın həyatına son qoyulması müəllifdə dərin kədər hissi yaradır. Müəllifin “Oyadın yatmış ərləri” şeirində də bu hadisə xatırlanır:
Bir gün elə xəbər gəldi.
Ah-nalə göyə yüksəldi.
Düşmən aldı meşələri.
Oyadın yatmış ərləri.
Qaytarsın öz yuvasına
“Qara donlu kafərləri”.
İgidlər ayağa durdu.
“Yurd yeri”ndə səngər qurdu.
Əlinə aldı silahı.
Düşmən oldu nişangahı.
Qoruyub öz torpağını
Qana buladı yağını.
Bu torpaqlar, bu obalar
Bu durna gözlü bulaqlar
Sənin deyil, ay erməni,
Aç qulağın, eşit məni.
Gəl eyləmə qəlbimi qan.
Vətən deyir: – mənə oyan!
Səbrimin də kasası var
Aşsa özünsən günahkar.
“Möcüzə” hekayəsində Xocalı faciəsindən bəhs olunur. Hekayədə Əlif Hacıyevin adının keçməsi bu hadisələrdə fəryadlara cavab olmaqla Xocalının səsinin dünyaya gedib çatmasından da bəhs edilir. Hekayənin şeirlə başlamasının özü də xüsusi əhəmiyyət daşıyır. Hekayədə faciə günü yaşanan acı həqiqət diqqətdən yayınmır.
Hürzad Əhmədlinin şeirlərinin də mövzusu haqq-ədalətdən, vətənpərvərlikdən, torpaq sevgisindən yoğrulmuşdur.“Oyan, Azərbaycan!”, “Apar bizi”, “Qoyma elim dağılsın”, “Qarabağ bizimdir, bizim olacaq”, “Yurdum yaman ovxalanıb”, “Cəngi çalanda”, “Şahid və şəhid anası” müəllifin torpaq itgisi mövzusundakı şeirlərində həsrət və yanğı ilə bərabər bir ümid və inam da var. Şair bilir ki, ədalətsiz olan gec-tez məğlub olacaq.
Qarabağ bizimdir, bizim olacaq.
Buna bütün dünya inanmalıdır.
Göyçə, Zəngəzur da bizə qalacaq.
Ordum İrəvanda dayanmalıdır.
Müəllifin ordumuzun qələbəsinə inamı sonsuzdur:
Şəhidlərin ruhu intiqam deyir.
Analar hələ də qara don geyir
Bu qara günlərin ömrü azalıb.
Qələbə gününə lap azca qalıb.
Mənim igidlərim bayraq olacaq.
Düşmən üzərində zəfər çalacaq.
Günahsız dünyadan gedən şəhidlər
Qəbirdə o zaman rahat yatacaq.
Eyni zamanda vətənin müdafiəsi mövzusunda cəsarətli çağırışı da var. Bu baxımdan “Oyan Azərbaycan” şeirində bir çağırış, bir haray var. Koroğlunun, Babəkin qəhrəmanlığını yada salan müəllif Azərbaycan xalqını oyanmağa, mübarizə aparmağa çağırır. Bu savaşda dünyaya bu xalqın nəyə qadir olduğunu anlatmağa çalışır. “Qalx ayağa, Azərbaycan!” şeiri bu baxımdan diqqət çəkir:
Tarixlərdə adın vardır,
Öz şöhrətin, şanın vardır.
Nə oldu bəs, birdən-birə
Qalx ayağa, Azərbaycan!
Bütün ixtişaşlarda, müharibələrdə mənəviyyat faktoru kimi hər zaman şairlərin bu mövzuda yazdığı şeirlərindən döyüşçülərin ruh yüksəkliyini qaldırmaq üçün Vətən marşı, İstiqlal nəğməsi kimi istifadə edilmişdir.
Müəllifin “İncədən gələn səda”,(2016), “O gün gələcək”, ( 2021), “Ruhum yaşayacaq bu sətirlərdə”, (2023), “ O taydan bu taya”(2025) adlı kitabları oxuculara təqdim edilmişdir.( Kitabın redaktoru Professor Rüstəm Kamal, Rəyçilər Professor Salidə Şərifova, Şair, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, ön sözün müəllifi ədəbiyyat institutunun böyük elmi işçisi, yazııçı Mənzər Niyarlı, tərtib edənlər ədəbiyyat institutunun böyük elmi işçisi, doktorant Hənifə Səlifova və Elm və Təhsil Nazirliyinin Xalq Təhsili muzeyində böyük elmi işçi Zöhrə Orucovadır) Qarabağ torpaqlarının azadlığı uğrunda yazdığı şeirlərin hər birində mübarizlik ruhu, inam və vətənpərvirliyin poetik anlamı oxucusunda güclü təsir yaradırdı. Bəlkə də şairlərimizin söz çələngi torpaq azadlığına gedən bir cığır idi. 44 günlük savaşda qazanılan zəfər sonradan vətənpərvərlik mövzumuza daha bir gözəl ruh qatdı. Bu zəfər şeirlərində Hürzad xanımın da öz payı, ərmağanı vardı. Onun şeirlərinə yüksək qiymət verən Mənzər Niyarlı yazır onun əsərlərindəki müharibə mövzusu üzərində dayanır:” Müəllifin bu kitabında (M.N) müharibəyə həsr etdiyi şeirlərə də rast gəlirik. Birinci Qarabağ müharibəsində düşmənlə təkbətək döyüşən və axırda da bir neçə Xocalı sakininin xilası üçün gizləndiyi yerdən çıxıb düşmənə təslim olan milli qəhrəmanımız Natiq Qasımova həsr etdiyi şeir olduqca təsirlidir:
Qürurla dayanıb durur,
Düşmənlərdən hesab sorur,
Xəyalında nələr qurur,
Tutub əlində bayrağı. “
Salidə Şərifova isə Hürzad xanımın şeirlərini təhlil edərkən bu şeirlərin nəzəri baxımından üstünlüklərini diqqətə çatdırır:” Hürzad xanımın şeirlərində Vətən sevgisi, ailə dəyərləri, el-oba təəssübünü vəsf edən duyğuları tərənnüm olunur. Bu şeirlər axıcı və ürəyə yatımlıdır. Şeirləri oxuduqca doğma Azərbaycan torpaqlarının ən ucqar nöqtələrini qarış-qarış gəzirsən. Hürzad xanımın şeirlərini oxuduqca onun qələmində kövrək və həssas qəlbinin çırpıntılarını dymamaq olmir. Onun lirikasındaa şairlər yurdu adlanan Qazağın, Vaqif və Səməəd Vurğunun poeziyasının ruhu aydınca sezilir”.(S. Şərifova)
Hürzad xanımın yaradıcılıq ruhu sönməzdir. Şairə hər yazdığı şeirdə Azərbaycanımızın gözəlliklərini vəsf edir. Böyük ürəkli şairimizə Tanrıdan can sağlığı və yaradıcılıq uğurları diləyir, “qələmin iti, ruhun gözəlliklərilə dolu olsun “-deyirik!
Prof.Dr Merziyye Necefova.
Bilimler Akadimisi, edebiyat institusu
Son Yorumlar