Məhəmməd Füzulinin yaradıcılığında  poetik fiqurlar

Açar sözlər: klassik poeziya, lirik növ,divan ədəbiyyatı, qəzəl janrı, mətinlə beyt, poetik təcrübə

Giriş: Uzun əsrlər boyu qəzəl lirik növün geniş yayılmış janrlarından biri kimi ərəb, fars və türkdilli xalqların poetik təcrübəsində lirik növün geniş yayılmış janrlarından biri kimi özünəməxsus yer tutmuşdur. İşlənmə səviyyəsinə görə qəzəl Şərq xalqlarının əbəbi-bədii yaradıcılıgında aparıcı janrlarından hesab olunur. Divan ədəbiyyatı tərtib edilmiş poetik janrlardan ibarətdir.

Şübhəsiz ki, Divan yalnız qəzəllərdən ibarət olmur, onun tərtibi prinsiplərində digər klassik janrlar da genis yer alır ” Divanda əsərlər adətən, bu qayda ilə tərtib  edilir; əvvəl munacat sonra nət, daha sonra isə qəsidələr tərcibəndlər, tərkibəndlər, mürəbbelər, müxəmməslər. müsəddəslər, saqimələr və s. gəlir. Bölmələrin özləri də müəyyən qayda ilə qurulur; məsələn qəzəllər bölməsindəki əsərlər ərəb əlifbasına uyğun olaraq düzülür, yəni bu və ya başqa qəzəl qafiəsinin, yaxud rədifinin hansı həriflə qutarmasından asılı olaraq divanda əlifda sırasına uyğun yer tutur.

Divan əlifbasında qafiyənin rəngarəngliyinə böyük əhəmiyyət verilirdi. Şair məsələn, qəzəllərin qafiə və rədiflərin müxtəlif həriflərlə qutarmasına, yeni əsərdən-əsərə yalnız məzmunca deyil, qafiyələrin son hərifi  etibarı ilə dəyişib yeniləşməsinə  çalışırdı.

Qəzəl onun mənşəyi, bədii strukturu, əsasən Şərq xalqlarının ədəbi təcrübəsində qazanmış olduğu özünəməxsus özəlliklər uzun müddətdirki, elmi-nəzərin fikrin diqqət mərkəzindədir. Qəzəl yaranma və mənşə etibarıilə ərəb ədəbiyyatına aid olub, klassik yazılı  ədəbiyyatın geniş yayılmış yanrlarından biri hesab olunur. Lirik növün aparıcı janrlarından olan qəzəl Yaxın və Orta şərq, Cənubi-Şərqi Asiya, həmçinin Azərbaycan poeziyasında ən çox işləklik qazanan nümünələrindəndir. Əruz vəzninin müxtəlif bəhrələrində yazılır. Qəzəl əsasən 5-12 beytdən ibarət olur. Qəzəlin ilk beyti mətlə,son beyti məqtə adlanır. İki misra beyt adlanır,Mətlənin hər iki misrası həmqafiyə olur. Qalan beytlərin isə sonu mətlə ilə qafiyələnir. Məqtədə şair təxəllüs və ya adını göstərir.

Azərbaycan poeziyasında ilk qəzəl nümunələri ərəb və fars dilində qələmə alınmışdır. Azadə Rüstəmova  və digər tanınmış tədqiqatçılar qeyd edirlərki Azərbaycan ədəbiyyatında  ilk qəzəllər XI əsrdə yaşayıb-yaratmış Qətran Təbrzliyə məxsusddur. XII əsrdə isə Fələki Şirvani, Mücirəddin Beyləqani, İzzəddiən Şirvani, Əbülüla Gəncəli, Xəqani Şirvani və Nİzami Gəncəvi fars dilində misilsiz qəzəl nümünələri yratmışlarş Azərbaycan dilində ilk qəzəlin müəllifi XIII ısrin sonları-XIV əsrin əvvələrində yaşamış Həsənoğlu olmuşdur.

Orta əsr Azərbaycan və müsəlman Şərqində lirik-rübabi şeirin böyük ustadı hesab olunan Məhəmməd Füzulinin poetik irsi uzun əsrlərdir ki, özünün sənət möcüzələri ilə oxucu qəlbinə yol tapır, hər dəfə onun  yaradıcılıq dünyasına baş vuran araşdırıcılarının heyrətinə səbəb olur.

Təbii ki, bir sənətkar kimi Füzuli özünə qədərki ədəbi təcrübədən kifayət qədər faydalanan bir sənətkar idi.  Bu mənada onu ənənəyə tamamilə yad bir qələm və düşüncə sahibi hesab etmək də doğru olmazdı. Ancaq  Füzuli dühasının böyüklüyü və intəhasızlığı ondadır ki, o, ənənənin özünə orijinal məziyyətlər gətirə bilir, necə deyərlər, ona xüsusi  bir yanaşma ilə yeni məzmun və ideya-sənətkarlıq məziyyətləri aşılaya  bilir. Bunu  konkret  bir mövzuya  müraciət nümunəsində yaxından müşahidə etmək olar.

Məlumdur ki, Şərq xalqlarının ədəbiyyatında ərəb əfsanəsi hesab edilən “Leyli və Məcnun” mövzusunda  qələmə alınan çoxsaylı epik nümunələrə rast gəlmək olar. Bu  mövzuların böyük əksəriyyətində əfsanəyə yeni məzmun və mündəricə gətirildiyini iqrar etmək çətindir. Füzulinin qələmə aldığı “Leyli və Məcnun” doğrudan da,  əsil sənət əsəri kimi özünün orijinallığı, bənzərsiz sənətkarlıq məziyyətləri ilə seçilən bir poetik hadisədir. Poemanın  uğurlu təminatını  yalnız  bir vasitə ilə izah etmək çətindir. Şairin yeri gəldikcə, ən müxtəlif bədii vasitə və üsullardan istifadə etməklə  öz yaradıcılıq qayəsinə nail olması  şübhəsizdir.

Füzuli qəzəllərində olduğu kimi, epik əsərdə də  poetik  fiqurlardan və təsvir vasitələrindən yaradıcı şəkildə istifadə etməyə nail olur. Buna nümunə olaraq təbiət təcəssümlərini göstərmək olar. Məcnunun dağ ilə söhbəti əslində onun öz eşqi yolunda  çəkdiyi  cəfaları daha qabarıq və təsirli şəkildə poetik ifadəsinə zəmin yaradır.  Ovçu əlindən xilas etdiyi  ceyranla  bağlı səhnələr də Məcnun daxili-mənəvi  aləmi, iztirab və sarsıntıları ilə üst-üstə düşməsi  ümumi  bir vəhdət yaratdığı göz qabağındadır. Bəzən təbiət təcəssümü  müasir nəzəri ədəbiyyatlarda şəxsləndirmə ilə də əvəzlənir.

Burada mövzunun özünə gətirilən yeniliyi təkcə şairin  öz dövrünün gerçəkliklərini  epik  nümunəyə gətirməsi ilə məhdudlşdırmaq olmaz. Əsərdə  bütün bədii strukturu çevrələyən yenilik həm də  bədiilik və obrazlılığın təminatçısı olan poetik fiqurlardan və təsvir vasitələrindən fəal şəkildə istifadə edilməsindədir.

Bədii təsvir vasitələrindən  istifadə manerasına görə doğrudan da Füzuli yaradıcılığı özünün fərdi keyfiyyətləri ilə seçilir. Nəzəri ədəbiyyatşünaslıqda  bədii təsvir  vasitələri bir poetik fiqur olmaq etibarilə  dilin imkanları ilə müəyyənləşməsi  bu mənada doğru bir yanaşmadır.

Zəif və leksik tərkibi zəngin olmayan dil  bədii təsvirin çeşidli nümunələrindən  yararlanma imkanlarını  heç bir vəchlə nümayiş etdirə bilməz. Bu doğru qənaətdir ki: “Bədii dil – xüsusi və yüksək  ifadə  mədəniyyətidir. Yazıçı ayrıca  bir diqqət və məhəbbətlə sözləri seçib,  bir-birinə  quraşdıraraq dil mədəniyyətinə nail olur. Lakin  dilin gözəlliyi heç də  yalnız söszlərin təşkilindən asılı deyildir. Dil yazıçının dünyagörüşü  ilə,  fikir aləmi ilə  bağlıdır. Fikir aydın olmadığı zaman, dil  də aydın olmaz, fikir   dolaşıq olduğu zaman, dil də  dolaşıq olur. Yazıçının  həyat təcrübəsi nə qədər  geniş, müşahidəsi və fikri nə qədər  sanballı  olursa, onu dili də  o qədər  zəngin və tükənməz olur.

… Bu, dil mədəniyyətinin  bir tərəfidir. Lakin  bundan başqa, bir də söz ustalığı  vardır ki,  buna da  yalnız sözün qiymətini və vəznini  bilən sənətkarlar  nail ola  bilərlər.”

Klassik ədəbiyyat üzrə divan əədəbiyyatı sözlüklərində bədii təsvir vasitələrinin  məcaz  adı altında  və  məcazlardan istifadə edilməklə  yaradılması haqqında irəli sürülən fikirlər bu baxımdan  diqqəti cəlb edir: “ Məcaz ərəb sözüdür,  yeri təcavüz  mənasını daşyır,  həqiqəti ifadə etmir, məcazi mənasını əks etdirir. O mettafora da adlanır. Keçilib gedilən yer  mənasını daşıyır, qeyri-müstəqim  mənada ifadə  işlənməsi  üsulu ilə yaradılaraq , bədii ifadə  deməkdir. İki  hadisə  və əşyanın  qarşı-qarşıya  qoyulması ilə  məcaz yaradılır.

Məcazlar  istiarə, təşbih, məcazi-mürsəl, təriz (etiraz etmə), təşxis (tanınma, fərqləndirmə), kinayə (tənə söz, toxunan söz), intaq  (söyləmə, dilləndirmə) və s.  bədii sənətlərə əsaslanır. Məcazlar  gerçəkliyin ziddinə  olaraq üz-üzə durur, məcazlarda  gerçək  anlam  deyil, bədii fikrin obrazlı ifadələri üstünlük təşkil edir.

Məcazlı təfəkkür, məcazlı düşünmək – məcazlı  bədii dildir, surət və məcazlı deyim ifadəsidir. Həqiqi və gerçək  anlayış və fikrin bədii qayəsi məcazlarla  gizlin və örtülü şəkildə özünü göstərir.”

Məhəmməd Füzulinin  yaradıcılığında hal-hazırda bədii təsvir vasitələri kimi təsnifatı aparılan poetik fiqurların demək olar ki, böyük əksəriyyəti fəal şəkildə iştirak edir. Buna nümunə olaraq simvolları (rəmzləri), alleqoriyanı, epiteti, təşbihləri, metaforaları, metonimiyaları, mübaliğələri və kinayələri göstərmək olar.

Onu da qeyd etmək lazımdır ki, Füzuli yaradıcılığının belə bir elmi-nəzəri müstəvidə tədqiq və araşdırılmasının tarixi keçən əsrin 40-cı illərinə təsadüf edir. Qüdrətli qələm  və istedad sahibi olan şairin yaradıcılığına xas olan sənətkarlıq sirlərinin çözülməsində  bədii təsvir vasitələrinin xüsusi iştirakı var. Belə bir təhlil və yanaşmaların aparılması isə sehr və müəmmalar tülünə bürünmüş bu poetik irsin mövzu və ideyalar aləmi ilə  paralel şəkildə şairin bənzərsiz bədii kəşf və tapıntı səviyyəsində dəyərləndirilməyə tamamilə layiq olan yaradıcılığı haqqında fikir yürütməyə zəngin material verir.

Alleqoriyanın belə bir sıralanmada bir bədii təsvir vasitəsi kimi verilməsi göz qabağındadır. Maraq doğuran bir cəhət də odur ki, Füzulinin  lirikikasında  və  nəsr əsərlərində alleqoriyadan  istifadə edilməsi halları ilə də qarşılaşmaq mümkündür. Ancaq alleqoriyanı bədii təsvir vasitəsindən “çıxararaq” onu az qala epik təhkiyənin və növün  janrınına  çevrilməsi baxımından ciddi  mübahisələrə səbəb olan “Söhbətül-əsmar”da (“Meyvələrin söhbəti”ində – R. Ə. ) daha geniş təqdim edilməsi də ikili yanaşmadan özünəməxsus şəkildə, ustalıqla istifadə edilməsini burada xüsusi qeyd etmək lazımdır. 

Şairin yaradıcılıq irsinin ilk dəfə nəzəri aspektdə araşdırılmasına nümunə kimi Mir Cəlalın “Füzulinin poetik xüsusiyyətləri” adlı monoqrafiyasını göstərmək olar.

Həmin monoqrafiyanın annotasiyasında  şairin poetik irsinin  sənətkarlıq xüsusiyyətləri belə xülasə olunur: “Füzulinin poetik xüsusiyyətləri” adlı əsərdə böyük şairin sənətə, şeirə baxışı verilir. Onun bədii dil xüsusiyyətləri, söz ehtiyatı, xalq dilindən necə istifadə  etməsi, təsvir və  ifadə vasitələrindən ətraflı bəhs olunur. Şairin  lirikasında, insan hiss və fikirlərinin dərin və mükəmməl əhatəsi göstərilir.

Bundan  başqa  avtor (oxu: müəllif – R. Ə.), Füzulinin şeir texnikası,  şeirinin vəzni, qafiyəsi, rədifləri, bölgüləri üzərində artıq dayanır. Füzulinin Azərbaycan şeirini çox yüksək pilləyə qaldırıldığını isbat edir. Bu əsər  böyük şairin sənətkarlıq hünərini  təhlil etmək təşəbbüsünü qarşısına qoyan ilk mühüm addımdır.”

Füzulinin poetik sənətkarlığına əlvan  fikir və düşüncələr toxuyan  bədii təsvir vasitələrindən biri də təşbihlərdir. Təşbihlər məlum olduğu kimi,  məcazın ən geniş yayılmış  növlərindən biridir. Ondan Füzuli yaradıcılığında gen-bol işlədilməsi heç də təsadüfi  hesab olunmamalıdır.  Şair  hal və vəziyyətin ən incə məqamlarını izhar etmək üçün  məcazlardan, xüsusi olaraq təşbihlərdən  bir bədii vasitə kimi  istifadə etməyə daha çox üstünlük verməyə çalışırdı.

Əslində şairin məcazlarla zəngin poetik irsində bənzədilənlə bənzəyənin arasında oxşar  xüsusiyyətləri tapıb üzə çıxarmaq, bədii sözün  imkanlarından maksimum dərəcədə istifadə edilməklə gerçəkləşir. Bu mənada Füzulini  öz dövrünün və özündən sonrakı yaradıcılıq mərhələlərinin şairi kimi gündəmdə saxlayan  məziyyətləri sözə bağlılıqda axtarmaq və dəyərləndirmək  ən  düzgün yanaşma hesab oluna bilər.

Son illərin  araşdırmalarında bədii təsvir vasitələrinin xüsusi növü olan təşbihləri məcazın bir növü olmaqla, poetik fiqur kimi təqdim edilməsi maraq doğuran yanaşma kimi diqqəti cəlb edir,  bu istiqamətdəki mübahisələrə müəyyən dərəcədə aydınlıq gətirməsi ilə yadda qalır. Akademik Teymur Kərimli Füzuli yaradıcılığında  poetik fiqurlar sırasına  təcnisi də daxil etməklə, şairin  bədii təsvir vasitələrindən özünəməxsus şəkildə istifadə etdiyini əyani şəkildə təsdiqləməyə çalışır.  Bu baxımdan onun  ayırma poetik fiqurundan Füzulinin bir vasitə kimi istifadə etməsi ilə bağlı fikirləri diqqəti  cəlb edir: “İndiyə qədər poetikaya dair araşdırmalarda əsasən  bədii  təzad  poetik  fiqurunun məna tutumu daxilində öyrənilən ayırma  poetik fiquru, əslində, bənzətmə  fiqurunun məna antonimi kimi götürülüb  nəzərdən keçirilə bilər. Bu termin ilk dəfə elmi  dövriyyəyə bizim tərəfimizdən daxil edilir. Buna görə də  mümkündür ki,  onun ifadə  etdiyi poetik və semantik tutuma görə mütəxəssislər adını daha  da dəqiqləşdirsinlər. İlk öncə,  biz də,  “bənzətmə sözünə uyğun olaraq, həmin poetik fiquru “fərqlətmə” adı altında  təqdim etmək  istəyirdik. Ancaq “fərq” ərəb sözü, “ayrı” türk sözü olduğundan, son anda üstünlüyü “ayırma” termininə verdik.”

Füzuli yaradıcılığında  təşbihləri  lirik şeir şəkillərindən ibarət  “Divan”ındakı ayrı-ayrı  beytlərdə, o cümlədən bütöv bir qəzəlin nümunəsində və epik irsinin zirvəsi hesab olunan “Leyli və Məcnun” poemasında izləmək mümkündür. Poemadakı mədrəsə təhsilinin təsvirini verən qısa bir nümunə  bu baxımdan səciyyəvidir:

                                      Bir səf qız oturdu, bir səf oğlan
                                      Cəm oldu behiştə huri-qılman.

Şairin poetik irsində, xüsusi olaraq lirik şeirlərindən ibarət olan “Divan”ında  bədii təsvir vasitələrindən gen-bol istifadə olunması da tədqiqatçıların diqqətini cəlb edən mühüm yaradıcılıq məziyyətlərindəndir.

Məsələn, “Ah eylədiyim sərvi-xuramanın üçündür” mətləli qəzəlində bənzədilənlə mənzəyən arasında  yaxınlığın, oxşar cəhətlərin  bir araya gətirilməsi, əlbəttə, şairin  yenilikçi bir yanaşması və poetik hünəri hesab oluna  bilər:

                             Ah eylədiyim sərvi-xuramanın  üçündür,
                             Qan ağladığım qönçeyi-xəndanın üçündür

                             Sərkəştəliyim kakili-mişkinin ucundan,
                             Aşüftəliyim zülfü-pərişanın üçündür.

                             Bimar  tənim nərgisi-məstin ələmindən
                             Xunin cigərim ləli-dürəfşanın üçündür.

Burada bənzədilənlə bənzəyən arasında əlaqələrin bilavasitə ilk baxışda məşuqa məxsus əlamətlər üzərində qurulmasını da zənn etmək olar. Aşiqin  ah etməyinə səbəb olan  boy-buxun gözəlliyinə həsrət qalmağı da burada düşünmək olar. Ancaq qan ağlamağın səbəbləri, ondan dolayı yaranan təəssürat  açılmaqda olan qönçə ilə bağlıdır.

Bu, istər-istəməz adı çəkilməsə də, klassik ədəbiyyatda uzun müddət üşləklik qazanan bülbül  obrazını göz önündə canlandırır. Belə poetik gedişlər, gözəgörünməyən  obrazların  adlarının belə çəkilmədən təsəvvürdə canlandırılması üsulu, əlbəttə, bədii təsvirin imkanlarını genişləndirən qeyri-adi bir cəhd kimi də dəyərləndirilə bilər.

Füzuli irsinin tanınmış tədqiqatçılarından olan professor Sabir Əliyevin qənaətincə: “Zahirən belə düşünmək olar ki,  bu sözləri düzməkdə  elə bir çətinlik yoxdur; sərvi-xuraman, qönçeyi-xəndan, zülfi-pərişan, ləli-dürəfşan və habelə. Lakin şeirə dərindən diqqət  etdikdə və Füzuli üslubu ilə azacıq  tanış olduqda  məlum olur ki, bu “tapdanmış” və “çeynənmiş” ifadə və izafətlər Füzuli qələmində  tamamilə yeni məzmun kəsb edir. Bir çox şairlərdən fərqli olaraq, Füzuli  bəzən yerinə düşməmiş və ya “laxlayan” bu tanış sözləri yerinə salır, bərkidir, onları “kolaritli” bədii havada  öz təbii  fikir axarına  yönəldir, öz “xidmət” sahəsinə qoşur. Bu misralarda  fikirlər sözlərə elə “qablaşdırılıb” – geyindirilmişdir ki,  bunları dəyişmək, əvəzləmək, qurdalamaq  qətiyyən mümkün deyil.”

 Belə nümunələri istənilən qədər gətirmək mümkündür. Bu, bir daha onu təsdiqləyir ki,   qüdrətli qələm sahibləri uzun müddət işlədilən bənzətmələrdə yenilik yaratmaq istedadını nümayiş etdirmək iqtidarında olurlar. Doğru qənaətdir ki, bədii təsvirdə ənənə halına çevrilən anlayışların, poetik obrazların dəfələrlə işlədilməsi o qədər də məqbul sayıla biləcək bir cəhd hesab olunmur. O, bəzən  sənətkarı yenilikdən, yeni yanaşmalardan uzaqlaşdıra da  bilir. Tamamilə fərqli bir mənzərənin də üzərindən sükutla keçmək olmur. Yaradıcılığının ilk dövrlərində Füzuli tilsimindən çıxa bilməyən və birmənalı şəkildə demək olar ki, sənətkarlıq baxımından  qəzəlin yaxşı nümunələrini yaradan Mirzə Ələkbər Sabir  həmin qəzəlin forma əlamətlərini saxlamaqla, lirik məzmun və mündəricəni catirik plana köçürməklə Füzuli ənənələrini  yeni bir yaradıcılıq istiqamətində davam etdirilməsinə nail olur:

                             Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,
                             Qan ağladığım qəhveyi-fincanın üçündür.

                             Bəz  eylədiyim hədyəvü ehsandan ancaq,
                             Ümdə  qərəzim kisəvü həmyanın üçündür.

                             Sərgəştəliyim xərməni-buğdalar ücundan,
                             Aşüftəliyim sərvətü samanın üçündür.

Diqqət yetirilərsə, Füzulidən gətirilən  söz və ifadələrin, izafət birləşmələrin böyük əksəriyyətindən istifadə edilir və ona, belə demək mümkünsə, satirik don geydirilir, sözün leksik məna  çalarları  burada  fərqli bir funksiyanı icra etməyə yönəldilir.

“Pənbeyi-daği-cünun içrə nihandır  bədənim”  mətləli  beytin özündə  bədii təzaddan istifadə edilməklə  yaradılan müqayisə bədii təsvirə və poetik fiqura məxsus əlamətləri özündə  qabarıq şəkildə nümayiş etdirməkdədir:

                             Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
                             Diri  olduqca  libasım budur, ösəm kəfənim.
                         
                             Canı canan diləmiş, verməmək  olmaz, ey dil!
                             Nə niza  eyləyəlim, ol  nə sənindir, nə mənim.                      

                             Daş dələr ahim oxu şəhdi-ləbin şövqindən,                                                            
                             Nola  zənbur evinə  bənzəsə beytül-həzənim.

Professor  Mir Cəlal  bu  qəzəlin  bir  beytində  beş təşbihin  işlənilməsinə  əyani  nümunə kimi: 

                             Bülbülü-qəmzədəyəm, baği-baharım sənsən,
                             Dəhənü-qəddü-rüxün qönçəvi  sərvü səmənim

– beytinə diqqəti cəlb edərək belə bir  qənaətə gəlidi ki: “Bu  beytdə  beş qüvvətli təşbih verilmişdir. Nisbətən “həmcins” olan bu  təşbihlərin yanaçı yazılması ilə yenə  bədii  bir lövhə yaradılmış olur.

Şair  bülbüldür (əslində lirik qəhrəman – R. Ə.)  məşuqə bahar bağıdır. Məşuqənin dodaqları, bağın qönçəsidir, boyu bağın sərvidir, üzü isə bağın yasəmənidir. Bu misrada  əksinə o,  bütün  bənzəyənləri misranın  bir tərəfinə, bənzədilənləri də   o biri tərəfinə yığmışdır.  Yuxarıdakı  bəndə diqqət edək:

                             Dəhənü-qəddü-ruxün,
                             Qönçəvü-sərvü-səmənim.

Bənzətmələrin bütün sistema ilə  verilməsi, ayrı-ayrı elementlərin  mövqeyini təyin etməyə imkan verir.

Bir də burada bənzədilənlə həmcins predmet olduğundan (qönçə, sərv, yasəmən…) yanaşı  verilmələri bədii məntiqə daha uyğun gəlir.”

Şairin  “Divan”ına daxil edilən   elə qəzəl nümunələri var ki, onlar bir bədii struktur kimi əvvəldən axıra kimi  yalnız   təşbihlərdən istifadə yolu ilə qələmə alınıb. Bu baxımdan “Qansı gülşən gülbüni sərvi-xuramanınca var? və “Nalədəndir ney kimi avazeyi-eşqim bülənd” mətləli qəzəllərini nümunə göstərmək olar.

Birinci nümunədə məcazın iki növündən  təşbih və metaforadan  istifadə olunmuş,  poetik müraciət sual şəklində qurulmuşdur:

                             Qansı gülşən  gülbüni  sərvi-xuramanınca var?
                             Qansı gülbün üzrə ğönçə, ləli-xəndanınca var?

                             Qansı gülzar içrə  bir gül açılır hüsnün kimi,
                             Qansı gül bərgi  ləbi-ləli-dürəfşanınca var?

                             Qansı bağın var  bir nəxli, qədin tək barvər,
                             Qansı nəxlin hasili sibi-zənəxdanınca var

Gətirilən nümunələr belə bir qənaətə gəlməyə imkan verir ki, Füzuli yaradıcılığını  misilsiz bir poetik yüksəlişə daşınmasında mövzu və ideyalar aləmindən  asılı olmayraq  bədii təsvir vasitələri və poetik fiqurlar müstəsna  rol oynamışdır.

Həqiqət isə budurki  eşq və gözəllik Fizuli qəzəlində mühüm yer tutur. İlahi gözəllik və ilahi məhəbbət şairidir. Qeyd etdiyim kimi gözəllik və məhəbbətin tərənümü Fizuli şeirində, xüsusulə onun lirik irsinin tutumlu bir hissəsini təşkil edir. Gözəlliyin meyarı Fizuli qəzəllərində ölçüsuzdür.

Ruhəngiz Əliyeva                                                                             
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent

ƏDƏBİYYAT SİYAHISI;

1.Ədəbiyyatşünaslıq terminləri lüğəti. tərtib edəni Əziz Mirəhmədov Bakı maarif. 1978

  1. Azadə Rüstəmova Klassik Azərbaycan poeziyasında qəzəl. Bakı. Elm.1990
  2. Vaqif Yusifli Ədalət qəzeti 2012. 20 oktyabr.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *