Yaradıcılığa 70-illərdən başlamış Əlisəfa Azayev 40-a qədər iri həcimli əsərlərin müəllifidir. Onun yardıcılığının ən qiymətli xüsusiyyətlərindən biri müşahidə qabiliyyətinin daha geniş olması və yaşanan həyat həqiqətlərinə tez və obyektiv dəyər verməsidir, desək, heç də yanılmarıq. Mən bu fikrə təsadüfi gəlməmişəm. Birinci Qarabağ savaşı haqqında araşdırma aparırdım. Qarşıma bir povest çıxdı. Adından elə məzmunu da bəlli idi. Müharibə gedən bir ölkədə yazarın ilk vəzifəsi təbii ki, müharibə mövzusu olmalıydı.
“Əsgər anası” ən çox ağrılı mövzulardandır. Müəllif Azərbaycan qadınını- əsgər anasını elə canlı təqdim edirdi ki, döyüşə oğul yollayan ananın bütün yaşantıları, fəryadı elə real, kiçik detalları belə unutmadan təsvir edirdi.
“Əsərin təsir gücünü artıran cəhətlərindən biri də Əlisəfa Azayev müşahidələrini əsərdə müəllifin simasında deyil, həyatın reallıqlarında görən və yaşayan, müdrük ana obrazı vasitəsi ilə əks etdirməsidir. Müharibənin dəhşətlərini ana hər kəsdən artıq yaşayır. Ana hər kəsdən çox itki verib. Ana torpağını itirib, ana həyatda dayağı olan ərini itirib, o iki qız övladını mərmi partlamasında itirib, ana yalnız öz doğma torpağı üçün itki verməyib. O, eyni zamanda Əfqanistanda da əziz oğlunu itirib”. (M.Nəcəfova, “Əlisəfa Azayevin “Əsgər anası povesti haqqında düşüncələr”, “Müasir Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu”, 2005-ci il, səh 99-104)
Əsərin zamanında çap edilməsi də böyük əhəmiyyətə malik idi. Povestdən sonra bir çox əsərlərdə əsgər anası obrazına rast gəlindi. Doyüşçüdə ilk vətənpərvərlik hissini yaradan anadır. Güllə qarşısına hər oğul gedə bilməz. Vətənə sevginin ilk tumurcuqları ailədə, əsas da ana nəsihətindən pöhrələnir.
Əsər ədəbiyyatşünas və tənqidçilərimizin də diqqətindən yayınmır. Gənc tədqiqatçı Nurlana Məmmədova yazır:
“Əlisəfa Azayevin “Əsgər anası” əsərindəki bəzi epizodlar Vidadi Babanlının “Ana intiqamı” əsəri ilə səsləşir. Vidadi Babanlının “Ana intiqamı” povestində Qumru müəllimənin və Əlisəfa Azayevin “Əsgər anası” əsərində Mələk arvadın timsalında müharibə zamanı oğlunu itirən anaların fəryadı duyulur.” (Nurlana Məmmədova. “Əlisəfa Azayevin yaradıcılığında Qarabağ mövzusu”, “Yeni səs,” yanvar, 2023)
Əlisəfa Azayevin yaradıcılığında Şəhid obrazı da önəmli yer tutur. Hələ 1995 –ci ildə doğulub boya-başa çatdığı Kürdəmirin şəhidlərindən yazmışdı. (Kürdəmir şəhidləri”-1995) Bəlkə də elə şəhid analarının oğulları haqqında söylədikləri, yazarı “Əsgər anası” adlı povesti yazmağa sövq etmişdi. Bu əsərlərdən sonra müəllifin saysız kitabları çap oldu. Əslində bu əsərlərin hər birinin əsas mövzusu vətənpərvərlik, millilik, azadlıq və Azərbaycana olan sonsuz sevgidir.
“General qətiyyəti” (2022) romanı isə müəllifin zəfərdən sonra Azərbaycanın Milli qəhrəmanı Polad Həşımovun qəhrəmanlığından bəhs edən iri həcmli əsərdir. Əsərin proloqu ilə giriş edən müəllif çox qiymətli bir görüşün xatirəsi ilə başlayır. Ulu Öndərin Ali Hərbi Məktəbə gəlişinin bir bayram olması və kursantların Heydər Əliyevin gəlişinə bayram abu-havası yaratmaları diqqətdən qaçmır.Kursantlardanbiri əlində bir dəstə gül Ulu Öndərə yaxınlaşır və bu gülləri çox təhlükəli yerlərdən-dağlardan dərdiyini söyləyir, uçqun təhlükəsi olan yerlərdən bəhs edir. Müəllif bu ilk görüşdə bir gənc kursantın illər sonra general kimi yetişməsində Ulu Öndərin də xeyir-duasını diqqətə çatdırır. Hansı ki, o Ali Məktəbin təməlini uzun illər əvvəl Heydə Əliyev qoymuşdu. Və elə kursantların onun görüşünə beləcə qürur hissi ilə gəlmələri illər əvvəlki Ulu Öndərin bu uzaqgörənliyi ilə əlaqəlidir.
Əsərdə Prezidentin və kursantın dioloqu Azərbaycan xalqının gələcək gözəl günlərinə işarədir;
“Prezident generala xitabən dedi:
— Köhnə protokol qaydaları ömrünü başa vurmaqdadı.
Sonra yenə kursanta üz tutdu:
– Adın nədi?
-Polad.
-Gözəl adın var.Yaxşı oxu…
– Əlbəttə ki…
– Qoy bizim şəklimizi çəksinlər…
Kursant prezidentdən ayrlılan kimi yoldaşlarına qoşuldu. Hədsiz sevinc, fərəh içində idi. Onu hey sorğu-sual etməkdə idilər:
– O sənə nə dedi?
– Gül-çiçək dəstəsini qoxuladı…
– Gülümsəyirdi…”
Əsər on beş fəsildən ibarətdir. Müəllif ilk fəsildə kiçik Poladın dünyaya gəldiyi Qəbələ rayonundan bəhs edir. Təbiətin gözəlliyi, bol-bərəkətli bağları diqqət mərkəzinə gətirməklə kənd yerlərinin saf, istedadlı, təmiz qəlbli insanlarını, ailələrini oxucusuna təqdim edir. Belə ailələrdən biri də Poladın babası Mikayılın ailəsidir. Müəllif Mikayılın simasında Azərbaycan kişisinin obrazını yaradır və Mikayılın ən böyük arzusu adını qoyduğu nəvəsi Poladın hərbiçi olması ilə başlayır. Sonradan Sumqayıt şəhərinə köçən bu ailə evlərindən, kəndlərindən ayrılsalar da ailələrindəki sevgini və vətənpərvərliyi özləri ilə yaşadırlar. Müəllif Poladın xarakterini oxucusuna izlədir. Polad həmyaşıdlarndan təmizliyi və səmimiliyi ilə seçilir, dərslərini əla qiymətlə oxumaqla yanaşı fəal və tərbiyəlidir.
Polad 6-cı sinifdə oxuduğu illər ölkədə vəziyyət gərgin idi. O illərdə babasını itirən Polad onun arzusunu-( Poladın hərbiçi olmaq arzusunu) hər gün xatırlayr anası Səmayənin hüquqşünas olması haqqında istəyini unutdurur, babasının ruhu qarşısında verdiyi sözü tutmaq üçün dərslərini yaxşı oxumaqla yanaşı həm də ictimai işlərdə də fəllıq göstərirdi. Siyasi məsələlər gözündən yayınmırdı. Sumqayıtda törədilən hadisələr onu düşündürür, narahat edirdi. 1988-ci ilin fevral ayında Sumqayıtda törədilən təxiribat xarakterli qırğın onun gözləri qarşısından silinmir, xatirəsində dərin iz buraxmışdı. Əsərdə Xocalı hadisələrindəki faciə və Şuşanın müdafiəsiz qalması vətənpərvər gənc kimi ona çox pis təsir etmişdi. Poladın atası ilə apardığı dioloq onun dolğun və güclü təfəkküründən xəbər verirdi:
-Ata, Mütəllibov niyə belə edir?
-Təcrübəsi, səriştəsi yoxdu da.
– Onda hakimiyyətə gəlməyəydi də.
– Bəyəm özbaşınadı…
-Bəs bu bəylər?! Axı onlar deyirlər ki, hər şeyi edəcəyik.
Daha sonra Heydər Əliyevin hakimiyyətə gəlməməsi də gənci düşündürür, o sualı suala calayırdı:
– Heydər Əliyevə niyə meydan vermirlər?
-Ondan qorxurlar.
-Niyə ki?!.
-Hakimiyyətin əldən çıxmasından.
– Çıxsın da… Bizə təcrübəli lider lazımdır…
– Bunu sən deyirsən də…
Anası Səmayə söhbətə qarışdı:
– Ay bala, bir qədər ehtiyatlı ol. Yoxsa unutmusan, Moskvanın adamları hələ də burada – Sumqayıtdadı…
V fəsil qəhrəmanımızın saf və təmiz məhəbbətinə həsr edilib . Bu fəsildə artıq bir hərbiçi kimi çalışan Poladın Ofelya ilə tanışlığı, qızın incə və zərif görünüşü, təmiz və dürüst xarakteri Poladı get-gedə özünə bağlayırdı. Gənc hərbiçinin şeirə, sözə ehtiyac duyduğu o günlərdə hisslərini sevdiyinə şeirlə etiraf edirdi. Məhz müəllifin də bu əvəzsiz duyğuları şeirlə ifadə etməsi həm obrazın, həm də müəllifin dilindən təsirlidir:
İstəsən qarşında baş əyib yenə,
Gələrəm hüzurunda hamıdan önə.
Dönmərəm bu yoldan lap bəşər dönə,
Mən sevgimi necə bildirim sənə?!
VI fəsildə Poladın Ofelya ilə ailə həyatı qurması və bu ailənin birliyinin Poladın fəaliyyətinin daha da genişlənməsi ilə diqqət çəkir. Gənc ailənin ədəbiyyatdan, tarixdən bir-birlərinə sual vermə səhnələri də onların xarakterlərindən xəbər verir. Ofelya müəllim olmasına baxmayaraq bir hərbiçi yoldaşı kimi Murovu, Ağsunu, Daşkəsəni diyar-diyar dolaşır. Onların həyatı ağır sınaqlardan keçir. Müəllif hərbiçi ailəsinin yaşantılarını, arzu və düşüncələrini böyük ustalıqla əks etdirə bilir. Əsərdə qızları Aybənizin dünyaya gəlməsi ilə bağlı sosial yaşamlarının aşağı olmasını da görürük, hansı ki, Poladın vəzifəsi onun gözəl dolanması üçün yetərli idi. Polad isə əlinə keçən pulu hərbi hissənin çatışmayanlarını alar, kasıb əsgərlərin cibinə evə – məzuniyyətə gedərkən pullar qoyardı. Bunlar hər biri bədii təfəkkürün göstərcisi deyil həyatda yaşanan həqiqətlər idi. Polad əsğərlərinə komandir deyil, böyük qardaş, ata idi. Əsərdə Poladın əsgərlərinin toynda belə bir saatlıq vaxt edib onları təbrik etməyə getməsi böyük qürur hissi ilə bədiiləşir.
Romanda Polad Həşımovun qəhrəmanlığını və hərbi səfərlərini əks etdirən bir çox fəsillər var; “Alınmış yüksəklik”. “Göygöl gözəllikləri”,”Türkiyə səfər”, “Daşkəsən günləri”. “Qabarmış fırtına” və s.
Polad Həşimovun qəhrəmanlığının ən uca göstəricisi isə XII fəsildə yer alır. Bu fəsil “Aprel döyüşləri” adlanır. Polad Həşimovun ən şanlı və şərəfli həyat yolu əslində Aprel döyüşlərindən keçir. Aprel döyüşləri Azərbaycan xalqını qələbəyə aparan ən cəsarətli və mətin addımdır. Müəllif də bu hadisələrin real təsvirini çox uğurla əks etirə bilmişdir. Əvvəlki fəsillərdə də Polad Həşimovun rus dilli generallardan lazım olmayan əmirlər çox alması məlum olsa da ancaq bu hallar daha da çoxalaraq komandiri son günlər çıxılmaz vəziyyətə gətirirdi. Xarakteri ilə örnək olan Polad əsgərləri və zabit yoldaşları tərəfindən hörmət qazanmış, onun dedikləri hərbi bilgi dəfələrlə alqışlanmış, əməlyatlarda onlara uğur gətirmişdi. Poladın bu kəşfiyyata üç səriştəli əsgərlə getməsi və bir zabit yoldaşının qabağa çıxaraq;
“ -Siz burada lazımsınız, cənab polkovnik! İcazə verin bu kəşfiyyata mən gedim.
O, kal bir səslə dilləndi:
- Yox, hər şeyi özüm…Öz gözlərimlə görməliyəm…
- Bu qorxuludu…
- Bilirəm… Başqa əlacım yoxdur…
- Bizə inanmırsınız?
- İnanıram… Sadəcə hər şeyin yerlərdəki necəliyini öz gözlərimlə görmək istəyirəm.”-deməsi Polad Haşımovun böyüklüyüdür.
Bir polkovnikin hər zaman öndə getməsi tək-tək hallarda ola bilər Polad Həşimovun ən böyük qəhrəmanlığı əsgərinin önündə getməsində idi. Yol boyu əsgərləri ilə dərdləşən polkovnikin Beyləqan rayonu, İmişli rayonu haqqında çıxışları Beyləqan rayonunun tarixinə bir ekskurs müəllif fikirlərinin bu qədim tarixə malik olan rayonun keçmişini vərəqləməsi zəngin təcrübəsibəsindən və elmi biliyindən xəbər verir. Müəllif Şəhriyarın sözləri ilə həm qəhrəmanımızın Azərbaycan sevdasını, həm də Beyləqan qəhrəmanlarını yad edir:
Can qurban etməyin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can?!
Atıram başımı ayaqlarına,
Ey məğrur Vətənim, ey Azərbaycan!
Bir qəhrəmanın Vətən sevgisini bundan qiymətli hansı misralarla ifadə etmək olar? Əlbəttə ki, bu misralar Polad Həşimovun vətən sevgisinin izharıdır.
“Aprel döyüşlərində qəhrəmanlıqla Cocuk Mərcanlının azad edilməsi Polad Həşimovun yaralanması ilə əldə edilmişdi. Bunu uzun müddət polkovnk ailəsindən gizli saxlamışdı. Cəbhədə isə rus generalları erməni ordusunun geri çəkilməsinə izn verməmişdilər. Əsərdə real vuruş səhnələri, rus dilli böyüklərin hədələri tam şəkildə əks edilmişdir ki, bu həqiqətlər oxucunu sarsıdır, qəhrəmana olan sevgisini daha da gücləndirir…
Romanda kiçik həcimli hekayələr, dahilərin vətən, torpaq haqqında fikirləri də yer alır ki, bunların bir çoxu Polad Həşimovun gündəliklərindən götürülmüşdür. Hekayələr isə qəhrəmanımızın xarakteri ilə üst-üstə düşür. Məlum döyüşdən sonra Polad Həşimovun Prezdent tərəfindən General rütbəsi alması, bu görüşü ailəlikcə böyük sevinclə qarşılamaları əsərdə rəngli boyalarla işıqlandırılmışdır. Generalın bu sevinci həyat yoldaşı Ofelya xanımla və üç övladı ilə qeyd etməsi bir hərbiçinin kursantlıq dövründən ən ali arzusu kimi qarşılanmış və Ofelyanın simasında bütün hərbiçi yoldaşlarının müqəddəs arzusu kimi etiraf olumuşdur. Əsərdə Polad Həşimovun ailəsi ilə son görüşü əslində onun hadisələri öncədən görməsi təsadüfü bir hal deyildi. Son dəfə paltarlarını oğlanları Davud vəTeymur arasında bölüşdürməsi ona olan təzyiqlərin son nöqtəyə çatmasından xəbər verir, o artıq geri çəkilməyəcəkdi. 14 iyul 2020-ci il cəbhədə qarma- qarışıqlıq, rus dilli xainlərin Bakıdan zəng edən generalın söyüşləri diqqətə çatdırılır. Polad üçün bir yol vardı irəl getmək. Polkovnik İlqar Mirzəyevin həyəcanlı səsi eşidilir:
“Cənab general, biz bir az da ləngisək onların qarşısını ala bilməyəcəyik! Magistral yolu, dəmir yolu xəttini tutacaqlar!..” Geri çəkilməyən generalın hədəfi irəli idi və döyüşdə həlak olan döyüşçülər əbədiyyətə qovuşdular. Polad Həşimovun qəhrəmalığı Azərbaycan xalqını sarsıltdı. Müəllif bu sarsıntını əsgərlərin dilindən “Yaşa, var ol, kəndim” şeirilə onun fiziki yoxluğuna sanki bir ağı kimi oxuyurdular.
“Böyük izdiham” əsərin sonuncu fəslidir. Bu izdiham Ulu Öndərin ölümündən sonra ikinci böyük izdiham kimi əsərdə diqqətə çatdırılır. Daha sonra doğulduğu Qəbələdə, doğma ocağında nənəsi, babası tərəfindən sanki oxşanıb, əzizlənən qəhrəmanımızın əbədi yuxusu, xəyalən pıçıltayışı kövrək ayrılıq səhnəsi yaradır:
– “Ofelya…”
-…
– “Kim ağlayır, ağlasın, sən ağlama…”
-…
– “Sən general xanımısan…”
-…
– Mən istəyirəm ki, mənim övladlarımın anası mətanətli, cəsarətli, ötkəm olsun…”
-…
– “Sən Polad qüdrətini övladlarımızda da tərbiyə edib, yaşatmalısan…”
Bu xəyalı vidalaşma Polad Həşimovun dilindən onun bütün qüdrətini və ləyaqətinin tam şəkildə göstəricisidir. Bu qəhrəmanımızın hər zaman ailəsinə vida sözləri idi. Əsərin sonu da Polad Həşimovun həyat yoldaşına vida və vəsiyyəti ilə bitir:
- “Oğullarımızı Vətənə yararlı əsgər, zabit kimi böyüt… Onların elmli və əxlaqlı olmalarına səy göstər…”
Azərbaycanın bütövlüyü, azadlığı uğrunda şəhid olan Polad Həşimov öz ölümsüzlüyü ilə vətən oğullarına azadlıq cığırlarını açdı. Xalqımızın və dövlətimizin birliyi və bərabərliyi 44 günlük Vətən savaşında əldə etdiyimiz zəfərlə xalqımızı dünyaya təqdim etdi.
Müəllif romanın sonununu böyük bir qürur hissi ilə bitirir.
Doğmaqda olan günəşin al şəfəqləri altında onun gülümsər çöhrəsi, silueti görünür, sanki bizi, babası Mikayıl kişini, atası İsrayılı, anası Səmayəni, həyat yoldaşı Ofelyanı, canından əziz bildiyi övladlarını salamlayırdı… Dilində Aybəniz, Davud, Teymur kəlmələri idi… Bir də Azərbaycan əsgəri, zabiti, Vətən çağrışı, harayı!…
Hələ xalqımızın qələbələri davam edir. Bu mövzuda əsərlərimiz, qəhramanlıq salnaməmiz çox yazılır və yazılacaq.
Mərziyyə Nəcəfova
Filologiya elmləri doktoru
Son Yorumlar