(Rəssam Sadıxov Fərhad Sadıxın yaradıcılığı haqqında)
Hər zaman söz dünyası ilə bərabər rənglərin dünyası da marağıma səbəb olub. Fırçanın dili ilə danışmaq, əllərinin istisi ilə ürəyindən keçənləri, təfəkkürünün süzgəcindən keçirdiklərini, daha doğrusu duyğu və düşüncələrini özünəməxsus tərzdə fırçaların dilinə buraxmaq özü bir aləmdi. Və elə onları duymaq özü də bir dünyadı, bir sehirli-sirli aləmdi.
Bu gün təqdim etmək istədiyim o şəxs də Azərbaycanın tanınmış rəssamı və astroloqu dünyada tanınan, öz təfəkürü və düşüncə tərzi ilə seçilən Fərhad Sadıxovdur.
Rəssam 2 dekabr 1973-cü ildə dünyaya gəlib. 6 saylı orta məktəbdə ibtidai təhsilə başlayıb. Fərhad orta məktəb illərindən öz düşüncəsi, davranışı ilə həmyaşıdlarından fərqlənib, rəhglərin ruh dünyasına sığınıb. Uğurları da gənc yaşlarından onu təqib edib. 1997-ci ildə “Birlik” Beynəlxalq Elmi-Tədris Assosiasiyası nəzdində Ali Xüsusi Attestasiya Komisiyasının qərarı ilə Azərbaycan Respublikası ərazisində və xaricdə təcrübə keçmək icazəsi ilə Parapisxoloq və Okkult Elmləri üzrə Mütəxəssis kvalifikasiyası verilmişdir.
Fərhad Sadıxovun sonrakı uğurları sanki bu ideyadan bəhrələnmiş və davam etmişdir. Sadıxov 2006-ci ildən isə Beynəlxalq İncəsənət Fondu yanında Moskva Rəssamlar Assosiasiyasının həqiqi üzvüdür.
Fərhad müəllimin rəssamlıq fəaliyyəti Rəssamlıq Akademiyasının vitse prezidenti, dünya şöhrətli rəssam Tahir Salahovun da diqqətindən yayınmamışdır. Tahir Salahov Fərhad Sadıxovun yaradıcılığındakı fəlsəfi ümumiləşdirmələrin və bədii kəşflərin dərinliyini yüksək şəkildə qiymətləndirmişdir. Tahir müəllim Fərhad Sadıxovun yaradıcılığı haqqında yazır: “Onun sənətinin əsas istiqaməti bütün təzahür müxtəlifliyində mənəviyyat axtarışı idi. Onun əsərlərində islam mədəniyyətinin böyük ənənələri, Azərbaycan miniatürləri və Şərq ornametləri dünyanın bir çox dinlərinin və mədəniyyətlərinin rəmzləri və atributları ilə birləşdirilib. Müəllif öz sənəti ilə iddia edir ki, mövcud olan hər şey bir-biri ilə bağlıdır, hər bir ünsür bütövün bir parçasıdır və dünyanın birliyi onun tərkib hissələri olmadan mümkün deyil. Elmi araşdırmalar və fərziyyələr, kulturoloji tədqiqatlar və okkultizmin sirləri, dünyaya açıqlıq, xeyirxahlığın və hormoniyanın li qüvvələrinə inam və sonsuz fantaziya – hər şey onun yaradıcılığında öz əksini tapıb”.
Fərhad Sadıxov yaradıcılığı Azərbaycandan kənarlarda – Rusiyada, Yaponiyada, Fransada, İsraildə, ABŞ-da sevilir və bir çox şəxsi kolleksiyalarda saxlanılır. Onun yaradıcılığında çox əsərləri diqqət çəkir. Xüsusi ilə “Göy qübbəsi”, “Od Rəbbləri”, “Günəşin nəğmələri”, “Drakonların Sivilizasiyası”, “Naviqatorun uçuşu”, “Sönmüş ulduzların misteriyası”, “Odlar yurdu döyüşçüsü”, “Kundalini – Şakti yoqası” və onlarca əsərində rəssamın mənəvi aləmi, işıqlı təfəkkürünün gücünü görmək olur.
Rəssamın uğurlarından biri də 1998-ci ildə YUNESKO-nun kurasiyasında tarixi abidə olan İçərişəhərin ərazisində rəssamın şəxsi kosmoqrafik miniatur sərgisi keçirilmişdir ki, bu da respublika televiziya və mətbuatında, həmçinin paytaxt sakinlərinin şüurunda geniş rezonans doğurmuşdur.
Onun digər uğurlarından biri isə Azərbaycan Respublikası Turizm və İdman Nazirliyinin nəşr etdiyi rəsmi kotoloqa (Azərbaycan Qızıl Gəncləri, 2003-cü ildə) daxil edilmişdir.
Diqqət çəkən və bənzərsizliyi ilə seçilən bir layihəsi Fərhad Sadıxovun geniş və əhatəli yaradıcılığının daha tam şəkildə açılmasına səbəb olmuşdur. Bu layihə London qalereyasının Bakıdakı filialında baş tutmuşdur. Layihə maraqlı və qeyri-adı bir başlıqla – Odun Ruhu adı altında təqdim edilmişdir. Daha sonar isə “Birlik” Respublika Azərbaycan Xalqlarının Həmrəylik cəmiyyətində müəlliflərin fantastik hekayələrindən ibarət “Özgə vaxtlar” kitabının təqdimatı keçrildi. Təqdimat qrafika rəssamı Fərhad Sadıxovun kosmoqrafik miniatürlərdən ibarət sərgisi ilə müşaiət olundu ki, bu da tədbir iştirakçılarının marağına səbəb oldu. “Odun ruhu” layihəsi öz yeniliyi və bənzərsizliyi ilə diqqət çəkdi.
Fərhad Sadıxovun yaradıcılığında yenilik yarada bilmək istəyi maraq doğurur və bu da yaradıcılığda önəmli cəhətlərdən ən birincisidir. Cəsarət və rəngarənglik rəssamın yaradıcılığının əsas məziyyətlərindəndir desək heç də yanılmarıq. Məhz rəssamın müasir incəsənətdə yeganə tərəfdarı olduğu “Ruhistan” adlı yeni bir istiqaməti inkişaf etdirməyini də bu baxımdan qiymətləndirmək olar. Müəllif “Ruhistan”da müasir nəslin mənəvi axtarışını, ruhun səxavətini və dünyaya təzə enerji axını bəxş etmək istəyini önə çəkir və bununla yeni bir ideyadan yola şıxır.
Rəssam fəaliyyətini Moskvada da davam etdirmiş, orada yaşayarkən da Azərbaycan adını hər zaman uca tutmuşdur. Onun 2014-cü ildə Moskvada, Buddist Şərq Klubu Şanti-də “Mandala Günəş mahnıları” incəsənət lahiyəsinin ilk və unikal sərgisi keçirilmişdir. Burada Azərbaycanın bütün çox rəngli və çox ölçülü mədəniyyətini kosmoqonik dünya görüşündə tətbiqi texnika və videoinstalyasiya sahələrində təqdim etmişdir. Elə həmin ildə də Moskvada ikinci sərgisini təşkil etmişdir.
Böyük bir qürur hissi ilə qeyd edək ki, 2018-ci ildə Fərhad Sadıxov Elm və Din ümumittifaq elm və təhsil jurnalının son səhifəsində çap olmuşdur. O, bu şərəfə layiq ilk Azərbaycanlı rəssam kimi də yadddaşlara həkk olacaq.
Yeri gəlmişkən həmyerlimiz fundamental metafizik -əsərin (Krima-müqəddəs od) layihəsi əbədiyyət yoqasının müəllifidir.
Fərhad müəllim ömrünün ən püxtələşmiş yaradıcılıq dövrünü yaşayır. Uğur və layihələri günü-gündən artır, dərk olunur, sevilir. Dayanmadan çalışan və öz fəaliyyəti ilə gözəlliklərə imza atan, ruh dünyamızı aydınladan rəssam bu yaxınlarda daha bir uğuru ilə rəsmsevərləri heyran etmişdir. Onun əsərləri iyun ayında kataloq halında çap olmuşdur. Kataloq üç dildə – Azərbaycan, rus və ingilis dilində təqdim edilmişdir. Bu ilin sentyabr ayında müəllif üç dildə nəşr edilən bu kataloqun təqdimatını keçirməyi planlaşdırır.
Fərhad Sadıxova yaradıcılığında yeni uğurlar diləyir və Azərbaycanımızı dünyada mükəmməl şəkildə təmsil etdiyi üçün təşəkkürlərimizi bildiririk.
Mərziyyə Nəcəfova
Son Yorumlar