Həyətimizdə yasəmən çiçəyi əkmişdim…
Birinci il başına pərvanə olub dolansam da çiçək açmadı… Bir az üzülsəm də yenidən suyunu verib nazını çəkdim. Ikinci il yaz qədəm qoyanda baxdım ki salxımlayıb. Hava azacıq ilınanda salxımlar böyüyüb, gözəlləşdi. Ona baxdıqca içimə sevinc, sevgi ələnirdi… Axşamın yarı qaranlığında sanki onu tək qoya bilməz, yaxınlıqdakı oturacağda saatlarla tamaşasına durardım. Yasəmən ağacı ilə birlikdə mən də böyüyür, pərvazlanıb, çiçək açırdım.
O, zamana kimi ki, torpağlarımıza yağı düşmən yenidən tamah saldı. Və bir gün atəş səsləri kəndimizi başına aldı. Kəndimiz mühasirəyə alındı. Qaça-qaç başladı… Hərə qızıl əşyasını, pul-parasını alıb qaçırdı… Mən silah səsləri altında yasəmən ağacına yaxınlaşdım, hönkürüb ağladım. Köksünə sığındım, gözyaşlarımla çiçəklərini islatdım.

“Səni necə ayırım kökündən, torpağından? sən köksüz məhv olarsan, səni kimə tapşırım, ilk sevdamın şahidi, əhdimə vəfasız necə çıxım, səni necə qoyub gedim” deyib yanıb yaxıldım. Babam əlimdən tutub “biz tez qayıdacayığ” deyə, məni bir an içərisinde böyük bur maşının kuzasına itələdi. Mən babama inanmışdım. Elə bildim bir-neçə günə geri dönəcəyik… Artıq illər keçib o günlərdən…
Arzum, ümidim, sevgimdə o yasəmən ağacının altında qalıb. İlk sevgimə şahid yasəmən ağacını bir gün belə unutmamışam. İlk dəfə sevgimizə şahid o ağacın altında əhdimiz vardı… Toyumuz yasəmən ağacının altında çalınacaqdı.
İndi artıq nə yasəmən ağacı var, nə də ki, bəyənib sevdiyim o, yaraşıqlı oğlan… İndi yəqin ki, o, sevdalı çiçəyi başqalar qoxulayır… O, igid isə Qarabağ savaşında şəhid oldu… Yasəmən çiçəyinə verdiyi sözə dönük çıxdı…Torpağlarımız uğrunda sinəsini sipər etdi…
İndi şəhidlər xiyabanında uyuyur. Tez tez məzarını ziyarət edirəm, qəbri üzərinə bir dəstə yasəmən çiçəyi qoyuram… Ziyarətdən sonra səhərə qədər yuxumdan getmir… Nə qədər gözlərinə baxmaq istəsəm də baxışını gizləyir. İncidiyini, küsdüyünü duyuram. Yəqin yasəməni unutduğumu düşünür… Məni torpağlarımıza dönmədiyim üçün qınayır, əkdiyim yasəmən ağacına sahib çıxmadığım üçün küsüb, inciyir…

Mərziyyə Necefova
Son Yorumlar