Mustafayev Musatafa Şura oğlu (Mustafa Çəmənli) çağdaş Azərbaycan Ədəbiyyatının tanınmış nümayəndələrindən biridir. XX əsrin 70-ci illərində ədəbiyyata gələn Mustafa Çəmənlinin hekayələri, povest və romanları, sənədli nəsri, eləcə də bədii publisistik əsərləri Azərbaycan ədəbiyyatının dəyərli nümunələri sırasında öz layiqli yerini tutmuşdur.
Mustafayev Musatafa Şura oğlu 10.09.1947-ci ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra istehsalatda müxtəlif peşələrdə çalışmış, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alaraq 1977-ci ildə oranı bitirmişdir. 1978-ci ilin mart ayından başlayaraq yenicə fəaliyyətə başlayan “Yazıçı” nəşriyyatında böyük korekktor, redaktor (1981 – 1982), klassik ədəbiyyat və folklor şöbəsinin müdiri (1983 – 1985), nəsr şöbəsində böyük redaktor (1986 – 1988), daha sonra həmin şöbənin müdiri vəzifəsində işləmişdir (1989 – 1990). Mustafa Çəmənli 1992 – 2005-ci illərdə “Gənclik” nəşryatının baş redaktoru vəzifəsində çalışmışdır. Yazıçı bu illər ərzində günün tələblərinə cavab verən çox sayda kitabların nəşrinə nail olmuşdur. “Hacı Zeynalabdin Tağıyev”, “Ağa Musa Nağıyev” kitabları məhz onun təşəbbüsü ilə yazılaraq nəşr olunmuşdur. Bunla yanaşı Mustafa Çəmənli nəşriyyatın baş redaktoru olaraq xalqımızın öz tarixi şəxsiyyətlərini daha yaxından tanıması üçün Məhəmməd Hüseyn Qüddusinin “Nadir şah” monqrafiyasnı və fransız yazıçı-tarixçisi Jan Gevrin Ağa Məhəmməd şah Qacardan bəhs edən “Xacə şah” əsərini fars dilindən tərcümə etdirərək çap etdirmişdir. 1994-cü ildə uşaq ədəbiyyatının nəşirinə kömək etmək məqsədi ilə Azərbaycan Uşaq Ədəbiyyatı Fondunu təsis etmiş və sədri seçilmişdir. 2006-cı ildən bu günə kimi “Təhsil” nəşriyyatında şöbə müdiri vəzifəsində çalışır.
****
Mustafa Çəmənli lap gənc yaşlarından ədəbiyyata və xalq musiqisinə sonsuz maraq göstərmişdir. Təsadüfi deyildir ki, filologiya elmləri doktoru Nazif Qəhrəmanov yazıçının yaradıcılığından bəhs edən məqaləsini “Ədəbiyyat və musiqi arasında bölünən məhəbbət” adı ilə çap etdirmişdir.
Mustafa Çəmənli doğulduğu Ağdamın Çəmənli kəndini özündə, ruhunda, yaradıcılığında yaşadan yazıçılarımızdandır. İlk baxışda bizə elə gəlir ki, Mustafa Çəmənli müstəqillik illərindən Qarabağ faciəsini yaradıcılığının əsas mövzusu kimi götürüb, ancaq geriyə dönüb müəllifin ilk hekayələr kitabını xatırlayanda əslində Mustafa Çəmənlinin bu günkü mövzularının kökünün o illərə gedib çıxdığının şahidi oluruq. “Mənim dünyamın adamları” (1982) kitabında doğma kəndimiz, şəhərimiz, orada yaşayan zəhmətkeş xalq və onların həyat tərzi, istək və qayğıları, vətənpərvər, vətən sevdalı insanların həyata, cəmiyyətə, təbiətə münasibətləri yazıçının bu ilk hekayələr toplusunda oxucularına aşladığı zərif duyğulardır. Mustafa Çəmənlinin ilk kitabındakı hekayələrdən onun hələ gənc ikən cəsarətli yazıçı olacağı aydın hiss edilir. Müəllifin ilk hekayəsi olan “Ləpirlər”də həyat və onun pozulmaz qanunları, qocalıq-gənclik illlərinin müşahidəsi yazışının uzaqgörənliyindən, yüksək müşahidə qabiliyyətindən xəbər verir. Hekayədəki Qoca obrazı Mustafa Çəmənlinin əsərlərindəki əsas obrazlarının keçmişimizə, mənəvi dəyərlərimizə sadiqliyə, sayğıya, müəllif qayəsinin xalqa olan sonsuz sevgisinin ədəbi nümunələridir. Müəllif hekayələrində ailə saflığından, Azərbaycan ailəsinə münasibətdən, gözəl hisslərdən bəhs edir, oxucusuna əxlaqı saflıq, yüksək mənəvi dəyərlər aşılayır.
Yazıçının ilk hekayələr kitabından bəhs edən filologiya elmlər namizədi Bəylər Məmmədov haqlı olaraq bu qənaətə gəlmişdir ki, “Mənim dünyamın adamları” hekayələr məcmuəsindəki yazılar quruluşu, ifadə tərzi, təsvir vasitəsi ilə seçilir. Çöx vaxt baş vermiş hadisəyə və əhvalatlara, təsvir edilən vəziyyətə müəllifin münasibətindəki ciddiliyi, təmkinliyi, incə yumor, zərf lirizm əvəz edir. Yazıçı ya bu hadisələrin fəal iştiarkçısı kimi çıxış edir, ya da onun adi bir müşahidəçisinə çevirilir. Hekayələrdəki ayrı-ayrı tiplərin zahiri və daxili portreti yığcam, konkret boyalarla verilir ki, bu da hekayələrin bədii tutumunun artmasına, oxunaqlı olmasına kömək edir (Bəylər Məmmədov. “Azərbaycan gəncləri” qəzeti, 5 aprel 1983).
Mustafa Çəmənlinin ikinci kitabı “İtirilmiş səs” (1985) adlanır. Kitaba bir povest və yeddi hekayə daxil edilmişdir. “İtirilmiş səs” M.Çəmənlinin yaradıcılığında lirik-psixoloji üslubun dərinləşdiyini, onun nəsrinin əsas mahiyyətinə çevrildiyini bir daha təsdiq etdi. “Yaddaş” povesti bu mənada 80-ci illlər nəsrinin ən uğurlu ədəbi hadisələrindən sayılmalıdır. Çox maraqlı süjet və kompozisiyaya, dolğun insan xarakterlərinə malik olan povest yazıçının insan mənəviyyatının dərinliklərinə, insan xarakterinin incə psixoloji məqamlarına nə qədər yaxından bələd olduğunu əks etdirir. Bu əsərdəki obrazların hamısı, əsas surətlərdən epizodik surətlərə qədər, hamsı təbii obrazlardır. Oxucu qətiyən şübhə etmir ki, bu əsərin qəhrəmanları real varlığın, real Azərbaycan həyatının doğurduğu təbii insanlardır. Bəlkə də onlardan hansına isə mənfi obraz deyənlər də tapılar. Xaspolad Səlimovu əxlaqsızlıqda, qeyri-insanilikdə təqsirləndirənlər də olar, ancaq unutmaq lazım deyil ki, bu obrazlar konkret tarixi, ictimai şəraitin, konkret münasibətlərin məhsulu və nəticəsidir. Onları konteksdə götürüb təhlil etmək lazımdır. Ömrünün son gecəsində oyanmış yaddaşı bizə imkan verir ki, Səlimovun mənfi obraz kimi təqdim edilməsinə etiraz edək. Əgər bir adam ölüm ayağında həyatını şərəflə, namusla yaşamış anasına həsəd aparır, onun kimi yaşamadığı üçün təəssüflənirsə, etirafları ilə oxucunu sarsıdırsa, ona mənfi obraz demək olarmı? Ömrünün son gecəsində nə vaxtsa qeyri-qanuni əlaqədə olduğu Ülkərin qəbrini ziyarətə getməsi də, Səlimovun xarakterinin ziddiyyətliliyinə, faciəviliyinə dəlalət edir. Gec də olsa dərk edir ki, onun Ülkərə münasibəti saf, ləkəsiz hisslərdən, həqiqi məhəbbətdən başqa bir şey deyilmiş. Təəssüfki o özü də bu acı həqiqəti çox sonralar anlayır, çox sonralar…
Təbii ki, 80-ci illərdə “Yaddaş” povestindən söz açan müəlliflərin yozumları da müxtəlif olmuşdur. İ.Məmmədov və E.Ağağolunun “İtirilmiş səs” adlı məqaləsində oxuyuruq: “Səlimov tezliklə öləcəyini duyur. O, özünün ən kəsəkəs çağlarında belə diriykən can verirdi: dövr diriliyin, canlılığın yeni tələbini irəli sürmüşdü, ancaq Səlimov hələ ölməmişdi. Ölümqabağı özünəetirafların baş verməsi bundandır. Səlimov həyatda təmiz, yəni yeni dövrün canlılıq tələbinə uyğun yaşamamışdır. Vaxtı isə yoxdur, əcəl qapını döyür. Nə etməli? Belə getmək, qara torpağın altına qara vicdan aparmaq ağırdır. Torpağın qaralığı onun üz ağlığıdırsa, vicdanın qaralığı ağrı qaynağıdır. Səlimovu diriykən ölməyə qoymayan da bu ağrılardır. Son nəfəsində əslində o, əcəl ilə yox, həmin ağrılarla çarpışırdı” (“Ədəbiyyat və incəsənət”, 05.12.1986).
Professor Şahin Səfərov isə Səlimov haqqında düşəncəsi belədir: “Əsəri oxuyarkən belə bir qənaətə gəlirik ki, tutduğun bəd əməllər yaşının hansı dövründəsə şüurlu insan kimi səni sıxırsa, əzirsə, yaddaşında həmin illərin közərtisi sönməyibsə, deməli, sən hələ mənən şikəst olmamısan. Bax, Xaspolad da bu ziddiyyətli ömür yolunun yaddaşına hopmuş əzab-əziyyəti ilə dünyasını dəyişir” (“Ədalət” qəzeti, 09.07.2016).
Bu obraz, eləcə də Ülkər obrazı ilə M.Çəmənli 70 illik bir müddətdə obrazları mənfi-müsbət arifmetikası ilə qiymətləndirməyin steriotipini dağıtdı – həqiqi, həyati, canlı insan obrazları ilə Azərbaycan nəsrini zənginləşdirdi. Obrazların, təsvir etdiyi adamların mənəvi aləminə dərindən bələdlik, onların hiss və duyğularını yazıçının özünün yaşaması əsərin ən uğurlu cəhətidir. Ülkər obrazı da öz ziddiyətliliyi, faciəviliyi, haradasa “Beş mərtəbəli evin altıncı mərtəbisi” əsərinin qəhramanı Təhminəni xatırladır. Lakin Təhminədən daha cəsarətli, daha qətiyyətlidir. Əlbəttə, Təhminənin şəhər mühitində, Ülkərin elat arasında yaşaması, tərəkəmə qızı olması onların bir sıra fərqli cəhətlərinin mövcudluğu üçün başlıca amildir. Tarixən də kənd mühitindən həmişə fədakar, qətiyyətli, lazım gəldikdə ölümdən belə qorxmayan faciəvi obrazların çıxaması ədəbiyyatda geniş yayılmışdır. Çünki sivilizasiyanın meydan suladığı şəhərdə əxlaq məsələsi Təhminə üçün hardasa adiləşirsə, Ülkər ərinin müharibədə itikin düşdüyü xəbərini alandan sonra ona xəyanət etdiyinə baxmayaraq, etdiyi bu günahı özünə heç cür bağışlaya bilmir. Əri Fəqanın onunla birgə yaşadığı zaman Səlimovu adam yerinə qoymayan, onun ehtiraslı baxışlarına etina etməyən bu dünya gözəli əri müharibəyə gedəndən sonra dəyişir, tənhalıq, köməksizlik ağlına üstün gəlir. Ərinin bir daha qayıtmayacağını düşünərək, ardınca sürünən Səlimovun qurduğu tora düşür, axı o da insandır – cavan və gözəl gənc qadındır, həm mənəvi, həm də cismani – fizki yaxınlığa ehtiyacı var. Axı o da insan kimi yaşamalıdır, ər qayğısına, ər sevgisinə möhtacdır. İnsanın hiss və duyğularının hərtrəfli ifadəsini verən yazıçı Ülkərin düşdüyü vəziyyəti, ətrafındakıların ona aşkar gizli münasibətləri, faciəvi aqibətini ürək ağrısı ilə təsvir edir. Əlbəttə, Ülkər özü-özünün hərəktlərinə heç də haqq qazandırmır. Bu da obrazın böyüklüyüdür ki, ərlərinin yollunu gözləyən, təmiz, pak kənd qadınlarına deyir ki, mən dözə bilənlərin ayağının tozunu da silməyə hazıram. Neyləyim, dözə bilmədim, istəyirsiniz söyün, döyün, buyam, özümlə bacara bilmədim, tək yaşaya bilmirəm. Quş quşluğuynan tək gəzmir, handakı canlı insan ola. Dözmədim, bacı, dözmədim. (M.Çəmənli. “İtirilmiş səs”. Bakı, “Yazıçı”, 1985, səh. 29).
Povestdə Ülkrərin ölüm səhnəsi ən ürək parçalayan səhnələrdəndir. Yazıçı olduqca real boyalarla bu səhnənin son dərəcə güclü, emosional təsirə malik olmasına nail ola bilmişdir. Ərinin müharibədən sağ-salamat qayıtdığını görən Ülkərin ürəyi gedir. Onun qayıtdığına inana bilmir. Onun görşünə gələnlər çıxıb gedən kimi, həyətə çıxır, onun bütün fəlakətlərinin şahidi olmuş tut ağacından özünü asır. Böyük ümidlə evinə dönən Fəqan uzun həsrətdən sonra həyatda ən çox sevdiyi adamı yenidən itirir və sarsılır. Böyük bir sevgi məhv olur. Kimdir günahkar?! Cavablar müxtəlifdir və istər-istəməz bu pak, ləkəsiz eşqin müqəddəsliyi qarşısında baş əyir, taleyə, zamana, mühribələrə, qəddar insan münasibətlərinə dönə-dönə nifrətlər yağdırırsan.
Yazıçının sənətkarlığı, qeyri-adi bədii duyumu bax belə faciəli həyat səhnələrini bütün reallığı və təbiiliyi, ziddəyyətliliyi ilə əks etdirə bilməsindədir. “Yaddaş” povesti M.Çəmənli yaradıcılığında irəliyə doğru çox ciddi adımdır və belə demək mümkünsə, bir neçə ildən sonra nəşr olunacaq “Xallı gürzə” romanının meydana gəlməsi üçün hazırlıq mərhələsidir.
“Mənim dünyamın adamları” və “İtirilmiş səs” kitablarındakı hekayələr də müasir və tarixi mövzulardadır. “Ləprilər”, “Toy”, “Nişanə”, “Tütək”, “Meşə yeri”, “Səs qərib olmur”, “Dəhliz”,“İstək”, “Bir yaz səhərində”, “Halallıq”, “Borc”, “İtirilmiş səs”, “Qatırçı Muradın nağılı” və s. hekayələrində vəzifəpərəstlik, qorxu, laqeyidlik kimi hisslərin insanı eybəcərləşdirməsi, kiçiltməsi əsas ideya kimi irəli sürülür. Halallıq, sədaqət, vətəndaşlıq isə insan xarakterinin ən müqəddəs keyfiyyətləri kimi təqdim edilir. Təbilik, səmimilik, mifologiyadan, folklordan gələn motivlər adını çəkdiyimiz hekayələrin uzunömürlü olacağına dəlalət edir. Təsadüfi deyildi ki, yazıçının “Halallıq” hekayəsi 80-ci illərdə nağıl kimi dillərdə dolaşırdı.
***

1991-ci ildə yazıçının ən ciddi monumental əsəri olan “Xallı gürzə” romanı çap olunmuşdur. Bu roman müasir Azərbaycan nəsrinin ən uğurlu hadislərindən biri hesab edilə bilər. Müəllifin uzun sürən yaradıcılıq axtarışlarının yekunu olan bu roman hər şeydən əvvəl aktuallığı, günümüzün tələbləri ilə səsləşməsinə görə diqqəti cəlb edir. M.Çəmənli Azərbaycan ictimai-siyasi həyatında baş verən ciddi dəyişikliklərin təsiri altında milli tariximizin konkret bir mərhələsini tarixi roman şəklində ümumiləşdirməyi qarşısına məqsəd qoymuş və sözün tam mənasında müvəffəq olmuşdur.
Azərbaycan ədəbiyyatında tariximizin konkret mərhələlərini – xüsusi ilə Qarabağ xanlığı ilə bağlı hadisələrə bir çöx əsərlərdə rast gəlmək mümkündür. Ə.Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsi, Y.V.Çəmənzəminlinin “İki od arasında” romanı, S.Vurğunun “Vaqif” dramı M.Çəmənlinin “Xallı gürzə” romanınındakı ictimai-siyasi hadislərlə, tarixi obrazlarla bu və ya digər dərəcədə səsləşir. Lakin M.Çəmənli “Xallı gürzə”də Qarabağ tarixinin bu vaxta qədər bədii ədəbiyyatda öz həllini tapmamış bir dövrünü – yaranması və formalaşması dövrünün əks etdirilməsini qarşısına əsas məqsəd qoyumuşdur. Ona qədər bədii əsərlərdə Pənah xanın oğlu İbrahim xanın hakimiyyəti, başqa xanlıqlarla münasibəti daha geniş işiqlandırılmışdır. Özü də Qarabağ xanlığının tarixni öyrənmək baxımından deyil, Qarabağ xanı İbrahim xanın vəziri olmuş görkəmli şair Molla Pənah Vaqifin şəxsiyyəti, dövrü haqqında təsəvvür yaratmaq üçün müəlliflər Qarabağ xanlığından da bəhs etməli olmuşlar. M.Çəmənli isə məhz Qarabağ xanlığının yaranması və formalaşmasının bədii həllini vermiş, bir sıra görkəmli tarixi şəxsiyyətlərin real surətlərini yaratmışdır. “Əsəri oxuduqca bugünkü fəryadlarımızın əks-sədası ilə, keçmiş yaralarımızdan inildəyə-inildəyə Pənah xanın tikdirdiyi qalaları gəzir, xanların birləşmək barədəki sözlərini eşidir, təkəbbürlərindən razılığa gəlməyərək axıtdıqları qardaş qanlarının şahidi oluruq. Əsərdə çağdaş ədəbi dillə tarixi dilimiz, habelə, dialekt və şivələrimiz elə qaynayıb-qarışır, sözlər elə yerində işlənir ki, dünənlə bu gün vahid tarixi proses kimi qavranılır” (Məmməd Novruzov. “Xallı gürzə niyə dirilir?. “Xalq” qəzeti 06.02.1993).
Roman üzrəində işlərkən müəllif bu vaxta qədər lazımınca tədqiq olunmamış, geniş oxucu kütləsinə çatdırılmamış tarixi qaynaqlara söykənmişdir.
Romanın əsas mərkəzi surəti Pənah xandır. Əsərin əvvəlindən sonuna qədər bütün hadislər bu obrazın ətrafında cərəyan edir. Pənah xan uzaqgörən, müdrik, şücaətli sərkərdə, ağıllı bir dövlət xadimdir. Böyük idealar, amallar sahibidir. Öz əzəməti, sambalı etibarı ilə ədəbiyyatımızdakı tarixi obrazlarla bir sırada dayana biləcək təbii insandır.
Xalqın vətənpəvərlik hisslərinin nə qədər güclü olmasını ifadə etmək üçün M.Çəmənli romana bir sıra obrazlar daxil etmişdir. Qara Murtuza bəy, Fəzləli bəy, İbrahim ağa, Mehralı ağa, Lütvəli bəy, eləcə də, sadə xalq içərisindən çıxmış Fəzləli bəy, Elbəyi kimi qəhrəman oğullar, Şahbəyim kimi qadınlar qanlı döyüşlərdən çəkinməyən, düşməni diz çökdürməyincə geri dönməyən fədakar obrazlardır.
XVIII əsr Azərbaycan gerçəkliyinin real təsvirlərini verən yazıçı xanlıqlar arasındakı müharibələrə acı təəssüf hissi ilə yanaşır. Bu daxili ixtialfı, vahid fikirə gəlməməyi Azərbaycan xalqının milli faciəsi hesab edir. Əsərin əsas mərkəzi surəti Pənah xan özü də dəfələrlə bu fikirə gəlir ki, böyük bir ölkə parçalanıb, əgər bir mərkəz olmasa, hamı güclü bir hakimə tabe olmasa, bu məmləkətin sabahı təhlükə qarşısındadır.
“Xallı gürzə” romanında bir də, əslində gözə görünməyən, amma bütün hadisələrin iştiakçısı olan nəhəng bir obraz da var! Zamanın, dövrün, çərxi-fələyin əzəmətli obrazı! Roman bu simvolik obrazın – Xallı gürzənin təsviri ilə başlayır və əsər boyu bu obraz tez-tez xatırlanır. Bəşər tarixi boyunca ən qeyrətli, ən mübariz qəhrəmanlar, ən müdrik, uzaqgörən dövlət rəhbərləri uzun çarpışmalardan, mübarizlərdən sonra nəhayət çərxi-fələyin girdabında boğulmuş, zaman onları günbəgün, saatbasaat öz ölümünə yaxınlaşdırmışdır. Romanda Xallı gürzə obrazının yaradılması olduqca uğurludur. Yazlçı əsərdə sanki süjet daxilində ikinci bir süjet də yerləşdirmişdir. Oxucunun izlədiyi əsas süjet açıq-aydındırsa, ikinci süjet hadisələrin ümumi axarında, tarixi inkişafın ümumi fonunda meydana çıxır. Xallı gürzə surətinin – vaxtın, zamanın, tarixi inkişafın sinvolik obrazının əsərə daxil edilməsi ikinci süjet xəttinin yaranmasına səbəb olmuşdur. Bu sinvolik obraz məhrum professor Nazim Axundovun da diqqətini cəlb etmilşdir. O yazır: “Yeri gəlmişkən, bacarıqla işlənmiş Xallı gürzə alleqorik obraz barədə bir neçə kəlmə danışmaq istərdik. Xallı gürzə Pənah xanı, Qarabağ xanlığını, bəlkə, bütün Azərbaycanımızı əzəl gündən izləyən xəbis, qəddar bir niyyətdir, qara bir tale, iyrənc bir ruh, amansız bir alın yazısıdır. İndi bizim çağdaş Azərbaycan ictimaiyyətini sarsıdan hadisələr fonunda “Xallı gürzə” əsəri ibrətamiz təsir bağışlayır. Roman bizi mənəvi yüksəkliyə, bütövlüyə, haqq işi uğrunda mübarizəyə səsləyir”.
Təsadüfi deyildir ki, “Xallı gürzə” romanından bəhs edən professor Nazim Axundov əsəri “Tarixi yaddaşın bərpası”, tənqidçi Vaqif Yusifli “Qan yaddaşımızı oyadan roman”, yazıçı-filosof Əlisa Nicat “Mustafa Çəmənli “Xallı gürzə” tarixi-vətənpərvərlik romanının nəşri ilə özünü təsdiq etdi. Bu roman ona ümumxalq məhəbbəti qazandırdı”, yazıçı İlqar Fəhmi ““Xallı gürzə” Azərbaycan ədəbiyyatında ən zirvədə duran tarixi romanlar sırasındadır” qənaətinə gəlmişlər.
“Xallı gürzə” romanı həm ideya, mövzu tutumuna görə, həm də bədiilik cəhətdən son 30 ilin nəsr əsərləri sırasında özünəməxsus yer tutan tarixi romanlardandır. “Xallı gürzə” romanının bədii nəsrimizdəki mövqeyini bir neçə sözlə yekunlaşdırmaq istərkən, roman müəllifinin özünün publisistik məqalələrindən birində oxuduğumuz sözlərini xatırladıq: “Yaddaş da yazılmış val kimidir. Dünyanın bütün səsləri bu valda öz əksini tapır. Hər bir görüşdən bu vala iz düşür və nə vaxtsa o səsi təkrar-təkrar eşidirsən”. Bu mənada “Xallı gürzə” romanı milli yaddaşımızın yenidən səslənməsi, Qarabağ tarixinin bədii ədəbiyyatda inikası sahəsində dəyərli tarixi romandır. Dünənimizdən bu günümzə, bu günümzdən sabahımıza yaddaş körpüsü salmaq üçün qələmə alınmış uğurlu tarixi əsərlər silsiləsindədir.
Roman haqqında fikirlərini bölüşən tənqidçi Nərgiz Cabbarlı yazır: “Roman 90-cı ilin əvvəllərində, yəni müstəqillik illlərinin əvvəllərində dərc olunubdur və təbii ki, romanın yazılma səbəbləri arasında zamanın tələbi, zamanın ovqatı məsələsi də vardır. Lakin əsas odur ki, bugünkü tarixi romanlardan fərqli olaraq, bu romanda “erməni” məsəsləsi qaldırılsa da, qabardılsa da, bu, “mətnə müəllif müdaxiləsi” vasitəsilə, birbaşa və şılın-çılpaq yolla edilmir. Müəllif burada yoxdur, görünmür, əvəzində hadisələr və talelər var. Müəllif burda demək istədiklərini birbaşa demir. Əvəzində yaratdığı obrazlar və bundan da artıq yaradılan situasiyalar, hadisələr, proseslər danışır. Onun demək istədiyi əsas fikri yaradır. Erməni fitnəkarlığı da, erməni siyasəti və onun nəticələri də, erməninin iç üzü də hadisələrin gedişatının doğurduğu təsvir edilən və ya yaradılan situasiyanın meydana çıxardığı bir “açılma”dır.”(Nərgiz Cabbarlı.”Azərbaycan” jurnalı, № 11, 2017).
Romanda tarixiliklə müasirliyin birləşməsi günümüz üçün olan ən vacib məsələlərdəndir. Qarabağ hadisələrində unutqanlığımız, humanistliyimiz torpaq itkilərimizə yol açdı. Əsərdə tariximizi gənclərimizə təqdim etməklə müəllif, sanki, torpaq itkilərimizi doğuran səbəbləri də çözələyir, yaşantılarımızı real şəkildə təqdim edir.
Ədəbi ictiamyyət bu tarixi romana biganə qalmamış, 2003-cü ildə Yazıçılar Birliyinin “Yaddaş” Milli Mükafatına layiq görülmüşdür.
Bu gün torpaqlarımız işğaldan azad olub. Bu azadlıq qürurunu yaşamaqda Ali Baş Komandanımız İlham Əliyev cənablarının və Milli ordumuzun cəsarəti və gücü ilə bərabər Azərbaycan ədəbiyyatının da təsiri danılmazdır.
****
Mustafa Çəmənlinin yardıcılığında xüsusi yeri, çəkisi olan əsərlərindən biri, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmova həsr etdiyi “Fred Asif” (1996) sənədli romanıdır. Bu əsərlə müəllif Qarabağ uğrunda canından keçməyə hazır olan qəhrəmanlarımızın bədii obrazını yaratmağı qarşısına məqsəd qoymuşdur. Ədalət naminə deyək ki, M.Çəmənlinin bu sənədli romanı birinci Qarabağ müharibəsindən bəhs edən ilk sənədli nəsr əsəri idi. Təsadüfi deyildir ki, sənədli roman haqqında dövri mətbuatda çoxlu sayda məqalələr dərc edilmişdir. Məqalələrdən birində deyilir: “Yazıçı Mustafa Çəmənlinin yenicə çapdan çıxmış “Fred Asif” sənədli romanını Vətəndən, Vətən oğullarından, konkret olaraq Qarabağ savaşının iştirakçılarından danışır. Burada oxucunun iç dünyasında hıçqırtı və çırpıntı oyadan gözyaşardıcı məqamlar müəllifin göz yaşı və ürək qanından, sanki, ilıq hərarət hopmuş, gah kövrək, gah sərt hayqırtı təsiri bağışlayır. Onlar zərif ürəkləri kövrəldib göynədir, daş ürəklərdən də yan keçəsi deyil (Q.Qaranlı. “Vətən üçün ölə bilsək…” “Panorama” qəzeti, 17.01.1997).
Bu əsərlə müəllif Azərbaycan qəhrəmanlarının obrazlarını yaratmağa bir vəsiqə aldı. “Fired Asif” əsəri ilə müəllif yalnız Milli qəhrəmanımızı deyil, Azərbaycan igidlərinin cəsurluğunu türk dünyasına yaydı. Əsər İranda, Almaniyada, Rusiyada belə soydaşlarımız arasında yayılmışdır. “Fired Asif” romanı işıq üzü görəndə Qarabağ müharibəsi iştirakçıları cəmiyyət arasında hələ o qədərə də tanınmırdı. Buna görə də qəhrəmanlarımızın tanınması, onlar haqqında yazılan ədəbiyyat nümunələrinin kitablara salınması, onların igidliklərindən sənədli filimlərin hazırlanması çox böyük əhəmiyyət kəsb edirdi. Döyüşçülərimizdə ruh yüksəkliyi yaratmaq birinci ədəbiyyatımızın vəzifəsi idi. Asif Məhərrəmovun igidliyi barədə iri həcimli əsərin yazılması zamanında yazıçı üçün çox böyük yaradıcılığ uğuru deməməkdisə, döyüşçülərimiz üçün onların qəhrəmanlıqlarına böyük hörmət və etiram, ruhlarını yüksəldən səbəb idi. Əsər tez bir zamanda Azərbaycandan kənarlarda belə müzakirələrə səbəb olmuşdu. Rusyanın şəhərlərində, qardaş Türkiyədə maraqla qarşılanmış və Fred Asifin cəsurluğu gənclərimiz arasında bir örnək olmuşdur. Təsədüfi deyildir ki, “Fired Asif” romanı nəşr olunduqdan sonra Bakıda küçələrin birinə Asif Məhərrəmovun adı verilmişdir.
Əsərin ən gözəl tərəflərindən biri müəllifin Fred Asifin 30-40 illik həyatının hər anını təsvir edərək, onu oxucusuna sevdirməsində idi. Təsadüfi deyildir ki, yazıçı “Fired Asif” romanını təkmilləşdirərək 2016-cı ildə təkrar nəşr etdirmişdir. Əsərdə real təsvirlər, müharibənin törətdiyi faciələr və bu faciəni yaşayan Fred Asifin Ağdam şəhəri uğrunda döyüşçü yoldaşları ilə birlikdə göstərdiyi şücaətlər bütün tamlığı ilə əhatə olunmuşdur. Mustafa Çəmənli Asifin qəhrəmanlığını şərh etmir, elə təbii əks etdirir ki, burda nəyinki Milli Qəhrəman Asif Məhərrəmovu, eyni zamanda onun silah yoldaşlarını görmək və onların igidliklərinin şahidi olmaq mümkündür. Hələ müharibənin bitmədiyi bir vaxtda belə bir sənədli əsərin yazılması qürurverici olduğu qədər də çətin idi. O hadisələrin inandırıcı olması üçün onlarca döyüşçü ilə söhbət aparmaq, hadisələrin incə bir anını belə qarışıq salmamaq yazıçıdan dəqiqlik, məsuliyyət və dərin müşahidə təlb edirdi. Ona görə ki, Fred Asifin döyüşçü yoldaşlarının çoxu sağ idi və hadisələri, faciələri Fred Asiflə bir yerdə yaşamışdılar. Əsərdə sənədliliklə bədiilik bir-birini tamamlamışdır, qeyri-dəqiqlik olsaydı inciyənlər, etiraz edənlər də tapılardı.

Mustafa Çəmənlinin yazıçı olaraq bir üstünlüyü də orasında idi ki, hər bir epizodu komerton dəqiqliyi ilə təsvir edib, əndazəni hər an gözləmişdir. Romanda eyni bölgədə vuruşan Azərbaycanın bir çox Milli Qəhrəmanının, bəzi döyüşçülərin kimliyi və şücaəti barədə əlavə tanıtmalar verilib ki, bu da əsərin əhatə dairəsini genişləndirdiyi kimi, bədii dəyərini də artırmışdır. Xüsusilə əsərdə Azərbaycanın Milli Qəhrəmanları Şirin Mirzəyevin, Allahverdi Bağırovun, Canpolad Rzayevin isimlərinin keçməsi böyük əhəmiyyət kəsb edir. Əslində müəllif Ağdamın igid oğlunun qəhrəmanlığını önə çəkməklə bütün Azərbaycan xalqının gözləri önündə qiymətli bir abidə ucalda bilmişdi. Ağdamın müdafiəsi üçün onun qəhrəman oğullarını bir araya gətirmək və onların hələ müharibədən öncəki igidliklərindən, mərdliklərindən, ucalıqlarından bəhs etmək məsələsi də vacib şərtlərdən idi. Mustafa Çəmənli bu işin öhdəsindən böyük ustalıqla gələ bilmişdi. Bu sənədli roman haqqında fikir söyləyən tənqidçi və ədəbiyyatşünaslar əsəri Fred Asif haqqında dastan adlandırmışlar. Bu dastanın Azərbaycan ədəbiyyatına başqa qəhrəman obrazlarının gətirilməsində əhəmiyyətli rolu və təsiri olmuşdur. Fred Asif obrazı sonralar ədəbiyyatımıza Mübariz, Şirin Mirzəyev, Allahverdi Bağırov, Raqub Orucov və onlarca Qarabağ müharibəsi qəhrəmanlarının obrazını gətirib və gətirməkdədir. Bir sözlə, “Fred Asif” romanı tanınmış jurnalist Yusif Rzayevin yazdığı kimi: “Yazıçı Mustafa Çəmənlinin Azərbaycanın Milli Qəhrəmanı (Fred Asif) haqqında yazdığı eyni adlı kitab, “atəşkəs” məcmuəsi ilə öləziyən yaddaşımızı, ümidsizləşən ruhumuzu oyadır. Son illərin şəhidlik notu üzərində köklənmiş təbliğatdan fərqli olaraq, bu kitab yaxın keçmişimizin qəhrəmanlıq tarixi olduğunu sübut edən dəyərli bir sənət əsəridir” (Y.Rzayev. “Fred Asif”, “525-ci qəzet” 22.01.1997).
2007-ci ildə M.Çəmənli “Ruhların üsyanı” adlı yeni bir kitab nəşr etdirdi. Bu kitaba müəllifin üç povesti, hekayələri, esseləri, deyimləri və müsahibələri daxil edilmşdir. Kitabdakı üç povestdən biri “Ruhların üsyanı” adlanır. Povest Qurani-Kərimdən götürülmüş çox dəyərli bir fikirlə başlanır: “Bircə ağacda bircə yarpaq belə özbaşına tərpənməz və bir beyindən bircə fikir elə-belə keçməz”. Birinci şəxsin dilindən yazılan “Ruhların üsyanı” povestində də müəllif Qarabağı, onun keçmişini və işğal altındakı acınacaqlı durumunu oxucularına çatdırır. Bu povestdə zamansızlıq var. Müəllif bilərəkdən ənənəvi süjet qurmamışdır. Qələmini, belə demək olarsa, şüuraltı asasossasiyanın ixtiyarına buraxmışdır. Povestin qəhrəmanı Günəşə aldanıb vaxtından əvvəl çiçəkləmiş şaftalı ağacını görəndə: “Görəsən indi Şuşada, Ağdamda aldanıb çiçəkləmiş ağaclar varmı ?” – deyə düşünür. Gah tarixi olaylara baş vurur, Qarabağ xanı İbrahimxəlil xanı anır, onun şücayaətlərini yada salır, gah da Molla Pənah Vaqifi xəyalında canlandırır. “Qul bazarı”na qaynaqçı dalınca gedərkən Atabəylər dövlətinin yaradıcısı Şəmsəddin Eldəniz yadına düşür. Müəllif birinci şəxsin dili ilə tarixə səyahət edir. Şəmsəddinin uşaqlığından, fərasətindən bəhs edir. Sonra çağdaş günümüzə qayıdaraq müasir “Qul bazarı”nda Şəmsəddin adlı qanaqçıya rast gəlir. Düşünür: “Sən bir təsadüfə bax bütün günü Şəmsəddin Eldənizi anmışdım. İndi də bu müasir Şəmsəddin çıxmışdır qarşıma”. Müəllif Atabəylər dövlətini quran Şəmsəddinlə, təhsil görmüş, ali məktəb bitirmiş XXI əsr Şəmsəddinin müqayisəsini oxucusunun ixityarına buraxır. Əsərdə ən təsirli məqamlardan biri də Güllü ilə Mətləbin dioloqdur.
- “Mətləb! Mətləb!!! Nə bərk yatmısan, oyan. Eşitmirsən, Qarabağda ruhlar üsyan eləyiblər!
- Nə eləyiblər deyirsən?
- Üsyan baş verib ey, üsyan…
- Orada kimimiz qalıb , kim eliyəcək üsyanı?
- Bəs demədin ruhlar üsyan eləyiblər. Səni yuxu tutub, baş verənlərdən xəbərin yoxdur. Millət ayağa qalxıb. Uşaqlı-böyüklü hamı Qarabağa üz tutub” (“Ruhların üsyanı”, “Adiloğlu”, 2007, səh. 117).
Bu kitabın işıq üzü görməsindən 13 il keçmiş, 2020-ci ildə 44 günlük Vətən Müharibəsində xalqımızın, o cümlədən yazıçının arzusu gerçəkləşdi. Müqqədəs torpaqlarımız işğaldan azad olundu. Maraqlıdır ki, Mustafa Çəmənlinin Qarabağ mövzusunda yazdığı bütün əsərlərində oxucularına bir gün Qarabağın işğaldan azad olacağına inam aşılanmışdır. Ədəbiyyatın başlıca qayəsi də elə bu olmalıdır, oxucuda ruh düşkünlüyü yaratmamalıdır. Bu mənada Mustafa Çəmənlinin əsərləri örnək sayıla bilər.
Mustafa Çəmənlinin Azərbaycan ədəbiyyatında yaddaqalan və müəllifini də özü ilə bərabər türk dünyasına tanıtdıran əsərlərdən biri də “Mübariz” sənədli povestidir (2010).
“Mübariz” povesti elə bir vaxtda yazıldı ki, xalqın torpaqlarımızın azad ediləcəyinə ümidi azalmışdı. Kitab Prezdent İlham Əliyevin Mübariz İbrahimov haqqında imzaladığı ilk sərəncamla açılır. Təbii ki, dövlət başçısının xalqla birliyi hər zaman möhtəşəm imzalar atmasına səbəb olur və bu da hər kəsə məlumdur ki, İlham Əliyevin də, yazıçının da məramı Azərbaycan torpaqlarının azadlığı və millətimizin birliyidir.
Bu əsər yalnız Mübariz İbrahimovu bizə tanıtdırmadı, bu əsər həm də ümid çırağımız oldu. Müəllif Mübarizin simasında Azərbaycan oğullarının qəhrəmanlıqlarını da yazdı. İgidlərimizin, Vətən üçün canlarını sipər edən qəhrəmanlarımızın hansı ailələrdə doğulub, boya-başa gələ biləcəklərini də povestdə işıqlandırdı. 80-cı illərdən üzü bəri müstəqillik əldə edən bir xalqın düşüncəsində, təfəkküründə, idrakında olan birlik, cəsarət, vətənpərvərlik, qəhrəmanlıq hissi Mübariz İbrahimovun simasında əbədiləşdi. Gənc Mübariz bütün iradəsini, gücünü topluyaraq, “Bəsdir – ermənilərin dərsini vermək vaxtı yetişdi!” – deyə canı bahasına saysız düşməni məhv etdi və bununla Azərbaycan gənclərini ayağa qaldırdı. Müəllifin Mübariz İbrahimovun qəhrəmanlığından əvvəl oxucunu onun ailəsi ilə tanış etməsi də xüsusi əhəməyiyyət kəsb edir. Yazıçının tarixə üz tutması əsərin bədii təsir gücünü artırır, “Ot kökü üstə bitər” ifadəsini xatırlatması, Mübarizin doğulduğu ocaqdan söhbət açması da yerinə düşür. Yazıçı o ocağı təqdim etməklə Azərbaycan xalqının ümumiləşdirilmiş yaşantılarını, bəşəri duğularını, ailə dəyərlərini əks etdirir. Mübariz doğulan evdə illər əvvəl bu ailəyə sığınan İmam övladını düşmənə vermirlər. Ona sığınmış imam övladına təsəlli verən ata deyir: “ Qorxma, bala, vermərəm. Mən türk oğlu türkəm. Allah səni Ağa ocağına pənah gətirib, – dedi və vaxt qaznmaq üçün canamazını götürüb çölə çıxdı. Üzünü qibləyə tutub namaz qılmağa başladı. Az keçmədi yeniyetmə oğlu imam övladının paltarında gəlib şəstlə atasının yanında dayandı. Atanın içindən təsvirəgəlməz bir ağrı keçdi. Boğazına tıxcanan qəhəri zorla udub:
– Qorxmursan ki, oğlum? – deyə soruşdu və əlini onun kürəyinə çəkdi. Oğlan gözlərini qırpmadan atasına baxdı və gülümsədi:
– İmam övladı Allahdan başqa heç kəsdən qorxmaz.
– Elədi. Allah böyükdü və mərhəmətlidi. Səni Allaha tapşırıram.
Oğlan atlıların qabağına düşüb getdi. Ata və anası gözdən itənə qədər dayanıb onun ardınca baxdılar. Ata imanını itirməmək üçün oğlunu itirmişdi…”
Belə bir ocaqda dünyaya gələn Mübarizin valideyinləri isə torpaqlarımız uğrunda, günahsız qız – gəlinlərimizin şərəfi uğrunda, şəhidlərimizin alınmayan qisası uğrunda oğullarını qurban verdilər. Mübariz İbrahimov haqqında yazılmış bu povest haqqında yazıçı-dramaturq Əli Əmirli yazır: “Mübarizin qəhrəmanlıq aksiyası daima toy-bayram əhvalında olan, həyatı şou bilib başını söz-söhbətlər, giley-güzarlar və qeybətlərlə girləyən, maddi olan hər şeyə hərislik göstərən cəmiyyətimizin yaxasından yapışıb silkələdi, mürgüdən diksindirib oyatdı. Hətta heyrətə saldı, açıq səmada qəfil göy gürultusu, ildırım effekti yaratdı, vətənpərvərlik hissi korşalmış, itirdiyi torpaqların ağrısını az qala unutmuş bizlər bu qəhrəmanlığın mahiyyətinə, məzmununa, motivinə dərhal vara bilmədik, amma bu çaşqınlıq çox çəkmədi, onun yerini bir qürur hissi, ümid yeri tutdu, məğlubiyyət acısını dadmış və təssüf ki, günahı özündən başqa hamıda görüb belini əyməyə hazır xalqın qəddi dikəldi. Demə bu torpaq hələ qəhrəmanlar yetirmək iqtidarını, gücünü saxlayırmış. İmam Hüseyn şəhidliyi ilkin mahiyyətini itirməkdə olan islamı dirçəltdiyi kimi, Mübarizin qəhrəman şəhidliyi də bizim özümüzə olan inamımızı geri qaytardı” (Əli Əmirli. “Mübariz” kitabına yazdığı ön sözdən).
“Mübariz” povesti müstəqillik illərimizin qəhrəmanlıq abidəsidir. Mübariz bugünkü qalibiyyətimizin dünənki səbəbi, qalibiyyətimizə yönləndirilən işıqlı yoldur.
“Mübariz” əsəri 2010-cu ildə nəşr olunduqdan sonra müəllifin təşəbbüsü ilə Biləsuvarda 18 sentyabr tarixində kitabın təqdimatı keçirilmiş, “Kaspi” qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsində xüsusi mükafata layiq görülmüşdür. Bundan başqa Musta Çəmənlinin ssenarisi əsasında Azərbaycan Televiziyası “Mübariz” adlı sənədli film çəkmişdir. 2016-cı ildə “Mübariz” povesti təkrar çap edilmişdir.
Təsadüfi deyildir ki, “Mübariz” povesti (əsər rus dilinə də tərcümə edilərək nəşr olunmuşdur) işıq üzü gördükdən sonra orta məktəb dərsliklərinə də salınmışdır.
****
Mustafa Çəmənli 20 ildən sonra yenidən tarixi romana müraciət edərək “Ölüm mələyi” (2012) romanını yazdı.” Ölüm mələyi” romanının sujeti qüdrətli Səfəvi dövlətinin qurucusu I Şah İsmayılın ölümündən sonra səltənətini idarə edən oğlu I Şah Təhmasibin 50 ildən artıq bir dövrünün mühüm hadisələri – xəstə şahın hakimiyyətə gəldiyi gündən, keçdiyi ömür yolu, gördüyü işlərin xəyalında canlanması ilə başlayır. I Şah Təhmasib hakimiyyəti dövründə həyata keçridiyi bir neçə əlamətdar tədbirləri ilə yadda qalır. O, xalqı düz yola çəkmiş, alim və ziyalılara etiramla yanaşmış, ticarətin inkişafına şərait yaratmış, xalqın güzəranını yaxşılaşdırmışdır. Eyni zamanda ölkədəki şərabxanalara son qoydurmuş, fahişəxanaları ləğv etdirmiş, məscidlər tikdirmiş, məktəblər, mədrəsələr açmışdır. Bu kimi işlər görən I Şah Təhmasib özü öz işlərindən məmnun qalmış və xalq tərəfindən ona olan hörmət və sevgi artmışdır. Əsər boyu hökmüdarların əməllərində onların xarakterləri bir rəsm əsərləri kimi gözlərimiz qarşısında canlanır. Romanın əvvəlində I Şah İsmayılın hələ heç vaxt məğlub olmaması, bir-birinin ardınca neçə dövlətlərə sahib olması məlum olur. Hələ Çaldıran döyüşünün başlanmasına altı ay qalmışdır. Çaldıran döyüşündə məğlub olan Şah İsmayılın yaşantıları, bir qəhrəman kimi məğlubiyyəti və onun bu ağır məğlubiyyətdən sonra üzünün gülməməsi, cəmi on il yaşaya bilməsi diqqət çəkir. Yazıçı bu hadisələri romanda canlandırmaqla çox mətləblərə işıq tutur. Adətən tarixi romanlarda müharibələr, döyüş səhnələri üzərində daha çox dayanılsa da “Ölüm mələyi” əsərində müəllif dövrün dinc həyatı, sarayın daxili ziddiyətləri üzərində daha artıq dayanır və oxucusuna saray həyatının bir çox ziddiyyətlərini açıb göstərməyə ehtiyac duyur. Bu ziddiyətlərin başında isə I Şah Təhmasibin ölümündən sonra hakimiyyətə gəlmiş II Şah İsmayıl və onun törətdiyi faciələr və bu faciələrin acı nəticələri durur.

Tarix müəllimi Reyhan Pirimovun roman barədə gəldiyi qənaətlə biz də şərikik. O yazır: “Yazıçı Mustafa Çəmənlinin “Ölüm mələyi” romanı bizi də bir daha düşünməyə vadar etdi. Çünki Mustafa Çəmənli fərqli mövqedə, özəl rəğbət və emosiyalarına qapılmadan tarixi qaynaqlara üz tutmuş, tarixi şəxsiyyət və hadisələrə tarixin öz gözüylə baxmışdır, istər acı olsun, istərsə şirin bu, həqiqətdir, bizim tariximizdir. Axıcı, təbii, anlaşıqlı, dəbdəbədən uzaq bədii dillə yazılmış romanda nə qılınc zərbələri, at kişnərtisi, nə də döyüşçü nərəsi, yaralı fəryadını görürük. Amma dili dilindən, dini dinindən, qanı qanından olan adamların bir-birinə qənim kəsildiyini, taxt uğrunda hər şeydən, hər kəsdən keçməyə hazır olduqlarını sanki onların yanında imiş kimi görür, eşidir, duyuruq. Təkcə Səfəvi şahları deyil, qonşu dövlətlərin hökmdarları da mənbələrin gözüylə bədii şəkildə canlandırılmışdır. Tarixi şəxsiyyətlər, məkanlar və hadisələrin dolğunluqla ifadəsi bəzən tarixi ədəbiyyat və dərsliklərdən daha tez və asan anlaşılır, qavranılır” (“525-ci qəzet”, 19.05.2014).
Ömrünün son gecəsində II Şah İsmayıl “Şərabın və tiryəkin təsiri ilə” ürəyini parçalayan dərdini dostunun qarşısında beləcə söküb tökür: “7138 gün qadınsız, məhəbbətsiz! Qəhqəhə qalasında, daim nəzarətdə… Belə məşəqqətli günləri yaşayanın ürəyində mərhəmət, şəfqət olarmı?.. Halvaçıoğlu, sən bilirsənmi mən kiməm?
-Bu nə sözdü, hökmdar. Əlbəttə, bilirəm. Şah İsmayılın nəvəsi, Şah Təhmasibin qəhrəman oğlu, Səfəvilər xanədanının şəhriyarı… Mürşidi-kamilimiz…
-Saxla, saxla. Deyim mən kiməm?
Yazıq Həsən bəy çaşıb qalmışdı.
-Buyurun, hökmdar.
-Mən Allahın Yer üzündəki Ölüm Mələyiyəm!…”
Bu, sanki elədiyi günahlara haqq qazandıran qırx bir yaşlı Şahın ölümqabağı etirafıdır.
Yazıçının uğurlarından biri də tarixi faktların sənətkar təxəyyülü ilə canlandırılması, tarixi həqiqətə sədaqətli olmasındadır. Mustafa Çəmənlinin özünün də gəldiyi qənaət belədir ki, “tarixi şəxsiyyətlərimiz haqqında yanlış bir ifadə tarixi məlumatı az olan insanlarımızın yaddaşına daha tez köçür və yanlış olaraq nəsildən-nəsilə ötürülür. Heç bir yazıçının öz əsərinin uğurlu alınması naminə tarixi təhrif etməyə haqqı yoxdur! Bədii əsərlərdə də tarixi həqiqətlərə münasibət ciddi olmalıdır”
“Ölüm mələyi” romanın epiloqla bitməsi və yazıçının oxucularına qəhrəmanlarının sonrakı taleyini agah etməsi də önəmli məsələlərdəndir. Fikrimizcə əsər öz bədiiliyinə, obrazlarının bitkinliyinə, tarixi məxəzlərə istinadına görə, illər keçsə də hər zaman müasir səslənəcəkdir. Roman dünənimizi bugünkü gəncliyimizə təqdim etməklə yanaşı, ibrətverici bir xarakterə malikdir. “Ölüm mələyi” yalnız Azərbaycan xalqının deyil, bütöv türk dünyasına, soykökümüzə, keçmişimizə, qədim dövlətçilik ənənəmizə, böyük hökmüdarlarımıza sevgi və hörmətin ifadəsidir.
“Ölüm mələyi” tarixi romanına görə, yazıçı 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” ədəbi mükafatına layiq görülmüşdür.
Mustafa Çəmənli 2014-cü ildə yazdığı “3 yaşlı əsir” povestini əvvəlcə “Azərbayca” jurnalında, daha sonra eyni adlı kitabında çap etdirmişdir. Kitaba müəlifin eyni adlı povesti və hekayələri daxil edilmişdir. Kitabın ilk səhifəsində müəllifin itki haqqında dəyərli fikirlərinin verilməsi əsərin ideyasından az da olsa xəbər verir: “Adam inana bilmirdi ki, dünənə kimi şad-şalayın yaşadığı şəhərini, kəndini, evini, həyətini bircə günün içində itirib qaçqın olar. Qaçqın olmaq, bəlkə də, o qədər dəhşətli hal deyil, dərd zaman-zaman şəhərdə, eyni məhəllələrdə, kəndlərdə qazanılan adət-ənənələrini, dəyərlərini itirmək dərdiydi. Özünü, özünəməxsusluğunu salıb itirmək və bir daha özünə qayıda bilməmək… Ən böyük itki buydu”. Povestin əsas ideyası Azərbaycan xalqının hədsiz dərəcədə humanistliyi məsəsləsidir. Əsər atəşkəs zamanında Qaraqaşlı kəndindinin ən qocaman sakini, 85 yaşlı Qaratel müəllimənin erməni gülləsindən yaralanması səhnəsi, oğlu Şakirin ansından, “Müəllimə, heç bilirsən sənə bu şər vaxtı güllə atan, baldırını yaralayan kimdi?” sualını verməsi ilə başlayır. Müəllif bütün əsər boyu Qaratel müəllimənin oğluna inanmamaq üçün yaşadıqlarını xatırlamaq istəməməsi ilə xalqımızın, xüsusi ilə qadınlarımızın böyük ürəyə sahib olması ilə yadda qalır. Əsərdə Qaratel, şəhid olmuş oğlu Teymur, Teymurun həyat yoldaşı Gültəkin, Qaratelin qardaşı Səfər, Səfərin ailə sözünə baxmayaraq aldığı erməni qızı Anya, 3 yaşlı əsir Sergey, onun anası Siranuş obrazları Azərbaycan xalqının xarakterini, humanist hisslərini yetərincə açır. Teymur döyüş zamanı erməni evlərindən birində ağlayan 3 yaşlı körpəyə rast gəlir. Uşağa acıyır. Onu qucağında komandirinin yanına gətirir. Hər kəs bu hadisəni bir cür qəbul etsə də, komandir də Teymuru dəstəkləyir, uşaqlar və qadınlar bizim düşmənimiz deyil deyir. Biz heç vaxt onlara güllə atmarıq, hətta Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin sözlərini də xatırladır. Fred Asif hər dəfə güllə atanda Allaha dua edərmiş ki, gülləsi qadına və uşaqlara dəyməsin. Əsərin ən təsirli hissəsi Teymurun 3 yaşlı erməni oğlunu hələlik saxlamaq üçün anası Qaratel müəlliməyə və arvadı Gültəkinə gətirməsidir. Bu ailənin aylarla bir erməni uşağına öz övladları kimi baxmaları, Teymurun uşağın anasını axtarması, aylar sonra erməni qadınının bizim tərəfə keçərək əsgərlərdən oğlunu soruşması, Siranuşun oğlunu görüncə Azərbaycan xalqı haqqında fikirləri, ailənin Siranuşu yedirib-içirərək ona yolluq azuqə qoymaları Azərbaycan xalqının “unutqanlığı” ilə bərabər, humanistliyinin bariz nümunəsidir. Bu ailələrin hərəsi bir erməni üçün həyatını dəyişir. İki millət arasında baş vermiş ixtilafdan, ilk toqquşmadan sonra arvadının hadisələrdən rahatsız olduğunu görən Səfər ona övlad verə bilməyən Anyanı götürüb vətənindən didərgin düşərək Rusiyaya üz tutur. Yazıçı Səfər – Anya münasibətlərini təsvir etməklə düşmənçiliyin, erməni düşüncəsinin qarşıq nikahlı ailələrə, onların övladlarına necə bir başağrısı olduğunu incə nüanslarla çatdırmışdır. Müəllif “3 yaşlı əsir” povestində çox böyük mətləblərə toxunur, ailələr arasında paralellər aparır, hadisələrə müdaxilə edir. Humanist xarakteri, insanlığı ilə diqqət çəkən, əsl azərbaycanlı simasını özündə əks etdirən Teymurun Sergeyə və onun anasına (bir ana olduğu üçün ) etdiyi insanı hərəkətlər Azərbaycan xalqının əsas simasıdır. Anaya, qadına, köməksiz körpəyə münasibəti, düşüncəsi, əqidəsi oxucusunu duyğulandırmaqla yanaşı, bəzən də təssüfləndirir. Ona görə ki, atəşkəsə bir gün qalmış Teymur düşmən gülləsindən dünyasını dəyişir. Əslində bu yaşananaları yaddaşından silməyən, ailəsi ilə müqayisədə daha açıqgözlü olan, anasına, “erməni qadınları kimi balalarınıza qəddar olmağı öyrətmədiniz də” söyləyən, həyata daha gözüaçıq baxan Şakir obrazıdır. Şakirin qardaşından və dayısı Səfərdən daha uzaqgörən olması, onun tələbə olarkan evlərində kirayənişin qaldığı bir erməni ailəsinə, daha doğrusu, onu sevən erməni qızına münasibətdən də aydın olur. Özünün də erməni qızına marağı olduğunu duyan Şakir keçmişi xatırlayır. Anasıgilin hələ 1948-ci ildə Dərələyəzdən ermənilərin min bir hiylə və əzabla çıxarılmasını, anasının göz yaşı tökərək danışdıqlarını Şakir, dayısı Səfərdən fərqli olaraq, unutmur. Erməni qızının ona olan sevgisinə baxmayaraq onların evindən köçüb gedir. Şakir obrazı bütün gücü, cəsarəti və unutqan olmaması ilə digər obrazlardan fərqlənir. Və əsərdə zərbə almayan yegan insan da Şakir olur. Buradan da müəllif sanki oxucusuna bir mesaj verir. Demək Azərbaycan xalqının dəyən zərbə hər zaman ermənidən olmuş və bizim humanistliyimiz bizə əzabdan başqa bir şey verməmişdir. Əsərdə hadisələr o qədər real detallara söykənir ki, hətta xırda hadisələrdə belə erməniyə olan hörmət və humanistlik adi halalrdan da belə oxucunu düşündürür. O zamanlar evlərini kirayə verənlərin belə yalnız erməni olmaları məsələsi belə bizim humanistliyimizdən xəbər verir. Öz şəhərimizin gözəl yerlərində bizi erməni qapısında pulumuzu verib kirayənişin qalmağımız insanı düşündürür və təsirləndirir.
Çox da böyük olmayan bu povestə sanki toxunulmayan heç nə yoxdur. Epizodik obraz olan Qafqazın – Şakirin əsgəlik yoldaşının rus Sovet ordusuna olan münasibəti, şovinist rus zabitlərinin ona olan nifrəti də çox düşündürücüdür. Əsərin sonu da çox təsirli və realdır. İllər keçməsinə baxmayaraq hələ də atəşkəsdir. Amma bu atəşkəs sözdədir. Hər gün neçə günahsız insan erməni gülləsindən həlak olur. Şakir atəşkəsdən söhbət düşəndə daha da əsəbləşir. Üzünü anasına tutaraq deyir:
- “Müəllimə, görəsən bu atəşkəsi pozanlar arasında Sergey də var?!”
85 yaşlı bu Azərbaycan ziyalısı ermənilərdən hər gün zərbə alsa da Sergeyin ona güllə atmayacağına inanır. Əsərin sonluğunda biz yenə də Allah adamı olan Azərbaycan qadınını görürük.
-“Vallah, nə deyim. Düzünü Allah bilir” ifadəsi ilə ziyalı Azərbaycan qadının təmiz duyğularını izhar edir.
Musatafa Çəmənlınin “3 yaşlı əsir” povesti bu gün torpaqlarımızın azad edildiyi bir vaxtda yaddaşımıza yazacağımız , əsirlərlə unutmayacağımız bir əsərdir.
Mustafa Çəmənlinin əsərlərinin oxunaqlı olmasında əsas şərtlərdən biri də xalq dilindən , folklor motivlərindən yerli-yerində istaifadə etməsindədir. Mustafa Çəmənli xalqına , onun tarixinə, ədəbiyyatına, musiqisinə, kökünə bağlı olan bir yaradıcıdır. Yazıçı əsərlərində müxtəlif atalar sözlərindən, deyimlərdən və məsəllərdən yerli yerində faydalanaraq əsərlərini daha da oxunaqlı edir. Bir sözlə, folklor nümunələri Mustafa Çəmənli yaradıcılığının məzmun və mənasını daha dərin və güclü edir. Mustafa Çəmənlinin əsərlərinin dili, sənətkarlıq məsələləri haqqında elmi məqalələr yazılır, onun əsərləri vaxtında qiymətləndirilir.
Mustafa Çəmənlinin yaradıcılığı öz zənginliyi, çoxçalarlılığı ilə seçilir. O çox sayda esselərin, portret oçerklərin, bədii publisistik məqalələrin, çoxsaylı radio və televiziya verlişlərinin müəllifidir. Bu istedadlı yazıçını həm də cəsarətlə musiqi tədqiqatçısı, sənətşünas adlandırmaq olar. Təsadüfi deyildir ki, onun xalq artistləri Xan Şuşinskinin, Şövkət Ələkbərovanın, Əbülfət Əliyevin, Yaqub Məmmədovun, Mənsum İbrahimovun, Roza Cəlilovanın həyat və yaradıcılıqlarından bəhs edən “Muğam dünyasının Xanı”, “Oxu, gözəl”, “Nəğməli xatirələr”, “Mənsuriyyə harayı”, “Məcnunun məcnunu”, “Səhnəmizin ağ çiçəyi”, eləcə də “Əhməd Ağdamski”, “Mütəllim Mütəlibov” kitablarını cəsarətlə sənətşünaslıq səviyyəsində yazılmış bioqrafik romanlar hesab etmək olar.
Əlbəttə, kiçik bir oçerkdə Mustafa Çəmənlinin nəşr etdirdiyi bütün kitablarından söz açmaq imkanımız yoxdur. Lakin onun iki kitabını xatırlamadan ötüb keçmək olmaz. Mədəniyyət və Turizm nazirliyinin maddi dəstəyi ilə çap olunmuş bu kitablardan biri – “Leyli və Məcnun” – 100 il səhnədə” (2008) adlanır. Bu kitab yazıçının gərgin zəhmətinin, uzun illərin axtarışlarının bəhrəsidir. Adından da göründüyü kimi, 100 il səhnədən düşməyən ilk milli operamız haqqında sənədli-bəddi ensiklopediyadır. Öz mövzu əhatəsinə görə mədəniyyət tariximizdə ilk təşəbbüsdür. Digər kitab isə “Sənəd hekayələri” (2014) adlanır. Bu kitabda yazıçının tanınmış sənəd adamları haqqında 35 il ərzində yazdığı hekayələr, esselər, portret oçerklər toplanmışdır.
Yeri gəlmişkən xatırladaq ki, Mustafa Çəmənli Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr olunmuş “Arif Babayev – 70”, “Habil Əliyev – 80”, “Əlibaba Məmmədov – 80”, “Canəli Əkbərov – 70”, “Ağaxan Abdullayev – 60” albom-kitabların da mətn müəllifidir.
Əməkdar mədəniyyət işçisi, yazıçı, publisist Mustafa Çəmənli həm də görkəmli naşirdir. Yazıçı çoxsaylı dəyərli kitab və albom-kitablar tərtib edərək çap etdirmişdir. Bunlardan “Söz həmişə diridir”, N.Gəncəvinin “Lirika”sı, X.Natəvanın “Neçin gəlməz”, N.Xəzrinin “Seçilmiş əsərləri”, H.Arifin “Seçilmiş əsərləri”, mərhum naşir B.Axundovdan bəhs edən “Sənsiz səninlə”, S.İ.Nəsimiyə həsr etdiyi “Zərrə mənəm, günəş mənəm” və s. kitab və albom-kitablar onun gırgin zəhmətinin bəhrəsidir.

Mustafa Çəmənlinin 2017-ci ilin 13 oktyabr tarixində Bakıda Rəşid Behbudov adına Dövlət Mahnı Tetrında və 18 noyabr tarixində Ağdam rayonunda 70 illik yubleyi təntənəli şəkildə qeyd edilmiş, haqqında televiziya verlişi çəkilmişdir.
Mustafa Çəmənlinin Milli kitabxananın təşəbbüsü ilə 2017-ci ildə biblioqrafiyası hazırlanıb çap edilmiş, onun yaradıcılığından bəhs edən “Bir kitablıq söz” (2017) məqalələr toplusu işıq üzü görmüşdür.
Kitabda Bəylər Məmmədovun, Vaqif Yusiflinin, Nazim Axundovun, Yavuz Axundlunun, Əli Əmirlinin, Alxan Bayramoğlunun, Kamran Əliyevin, Ziyadxan Əliyevin, Flora Xəlilzadənin və onlarca görkəmli söz adamlarının məqalələri toplanmışdır.
Mustafa Çəmənli istər roman və povestləri ilə, istərsə də bəddi publisistik əsərləri ilə Azərbaycan ədəbiyyatında özünəməxsus bir yer tutur.
Mərziyyə NECEFOVA
Son Yorumlar